Məhkəmə qərarları › İş №1(051)-26/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-26/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-26/2024 18.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,361 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibində saxlayaraq daşımış və 22 avqust 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 16:20-dən 16:31-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, o tutulan zaman həmin narkotik vasitə və şpris onun üzərində olmamışdır. Lakin, o, narkotik vasitədən istifadə edir. Onu sadəcə uşağı ilə yolda gedən zaman tutublar. Onu tutandan sonra şöəyə gətirdilər orada ona fiziki güc tətbiq etdilər. Dedilər boynuna almasan başqa vasitələrdən istifadə edəcəklər. O da məcbur olub ittihamda qeyd edilən narkotik vasitənin ona aid olduğunu etiraf etməyə məcbur olmuşdur. Bir daha qeyd edir ki, narkotik vasitələr onun üzərindən aşkar edilməyib. Ona dedilər ki, əgər bu ittihamla razılaşmasa daha ağır maddə ilə ittiham ediləcəkdir. Tutulan zaman üstündə heç nə olmamışdır, ittihamda qeyd olunanları təzyiq altında boynuna almışdır. Barəsində çıxmış əvvəlki hökmə əsasən də, onun üzərində olan narkotik vasitə olan metanfetmanin də ona aid olmamışdır. Onu da onun üzərinə qoymuşlar. O, metanfetamini birinci dəfədir ki, görürdü. Heç vaxt metanfetamindən istifadə etməyibdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin A.Məmmədov küçəsi ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki göy rəngli cins şalvarın ciblərindən müxtəlif əşyaları, sağ yan iç cibindən 1 ədəd içərisində narkotik vasitə heroin olan qızılı-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan iç cibindən aşkar olunmuş qızılı-ağ rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,47 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığından keçərkən yerdən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş X7 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında sonradan şahid qismində cəlb edilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat rabitə qrupunun operatoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət edən X11 məhkəmə iclası zamanı verdiyi ifadəsində bildirdi ki, o, Ramin adlı şəxsi tanımır, onu görməmiş və onunla bağlı olan heç bir əməliyyat tədbirində də iştirak etməmişdir. təqsirləndirilənş əxsin onun haqqında dedikləri həqiqəti əks etdirmir. Hesab edir ki, təqsirləndirilən şəxs ona qarşı şər və böhtan atır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibində gizlədərək saxladığı 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,361 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi müəyyən olunmuşdur. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/636 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülüb...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,361 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1701 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM–in 69.3–cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, o, hazırki, cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir şəhər İcra və X2 şəhər Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmış, bugünkü tarixə məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 3 ay 8 günü çəkilmiş, 1 il 8 ay 18 günü çəkilməmiş qalmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X1 Ramin Rüstəm oğlunun və X6 birgə nikahlarından doğulmuşdur. İşdə olan DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 018538 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci qrup əlildir. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Mingəçevir şəhər H.Əliyev prospekti 68/1, mənzil 38-də yaşayır, yaşadığı müddətdə 4 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə götürlümüş 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçrilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,311 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyətə kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 23 avqust 2023-cü il tarixli 17/636 № li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1701 № li rəyləri, 1 ədəd disk və əldə olunmuş maddi sübut sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-129/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri sonuncu hökmdən əvvəl xx.xx.2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-129/2023 saylı, xx.xx.2023-cü il il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs oğlunun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün və əvvəlki hökm üzrə çəkdiyi 3 ay 8 gün azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq 1 ay 19 gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməməli, yaşadığı ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0,311 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-129/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək ona 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün və əvvəlki hökm üzrə çəkdiyi 3 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq 1 ay 19 gün təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0,311 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar