Məhkəmə qərarları › İş №1(051)-27/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-27/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-27/2021 11.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1965-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sürücü işləyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 nömrəli evdə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Şəfa bağ massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən evin həyətyanı sahəsində tikilmiş yarımçıq tikilinin arxa hissəsində Azərbaycan Respublikasının xx xxxx 2005–ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı”ilə əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda yəni, 10 (on) ədəd, hündürlükləri 70 sm-dən 215 sm-dək tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq kultivasiya etdiyi həmin 10 ədəd narkotik tərkibli çətənə bitkiləri onun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. Təxminən 5 il əvvəl yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində küçədən keçərkən kağız bükümdə bitki toxumları tapmış, narkotik vasitələrdən istifadə etdiyi üçün toxumların çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Həmin toxumları yaşadığı evdə gizlədərək saxlamış, 2020-ci ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin arxa hissəsinə həmin toxumları əkmiş, toxumlar cücərdikdən sonra əmələ gələn bitki gövdələrinə qulluq etmiş, yəni, tez-tez bitkiləri suvarıb diblərini belləmiş, əkdiyi toxumlardan 10 ədəd bitki gövdələri əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları qapını döyüb onu bayıra çağırmış, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib becərməyi barədə polis şöbəsində məlumat olduğunu, bununla bağlı evin həyətyanı sahəsinə onun iştirakı ilə baxış keçirmək istədiklərini bildirmiş, o da yaşadığı evin həyətyanı sahəsində çətənə bitkilərini əkdiyini bildirərək yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş, həmçinin yazılı ərizə də vermişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətdə olan yarımçıq tikilinin arxa hissəsində əkdiyi 10 ədəd çətənə bitkiləri aşkar edilmiş, prosesdə iştirak edən aqronom mütəxəssis də bitkilərə baxaraq aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, sonra həmin bitkilər çıxarılaraq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən həmçinin, üzərində şəxsi axtarış, eləcə də evə də baxış keçirilmiş, lakin üzərindən və yaşadığı evdən saxlanılması qanunla qadağa edilmiş hər hansı əşya aşkar edilməmiş, daha sonra polis işçiləri prosses zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünü o da imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaları, Şahid2, Şahid5 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən həyətyanı sahəsi olan evə getmişlər. Evin qapısını döyüb Təqsirləndirilən şəxs bayıra çağırıb onun narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib becərməyi barədə polis şöbəsində məlumat olduğunu bildirib onun öz razılığı ilə üzərinə şəxsi axtarış və yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, eləcə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və o barədə yazılı ərizə də təqdim etmişdir. Eləcə də şəxsi axtarış və baxış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkillə təmin edilmişdir. Ondan sonra Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə müdafiəçinin yanında şəxsi axtarış keçirilmiş, lakin, onun üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Natiq Mehdiyə yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilərək, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib əkməməsi, əgər əkmişdirsə həmin bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuşdur. O da yaşadığı evin həyətyanı sahəsində yarımçıq tikilinin arxa hissəsində narkotik tərkibli bitkilər əkərək həmin bitkiləri əkdiyi yeri göstərmişdir. Bundan sonra prosesdə iştirak edən aqronomun və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən varımtikilinin arxasına baxış keçirilmiş, həmin yarımçıq tikilinin arxa hissəsindən 10 ədəd narkotik tərkibli çətənə bitkilərinin gövdələri aşkar edilmişdir. Prosesdə iştirak edən aqronom həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu və bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs də həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin arxa hissəsində əkdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş bitkilər bir ədəd kisəyə yığılaraq ağzı bağlanmış və Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi və onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı Şahid5 iş yerini dəyişdiyinə görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ona görə də məhkəmə Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sahə rəisi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələri əkib becərən şəxsin narkotik tərkibli bitkiləri əkdiyi əraziyə baxış keçirilməsində onun da iştirak etməyini təklif etmişlər, o da polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhəri Şəfa bağ massivinə getmişdir. Orada məlum olmuş ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkdiyi üçün onun həyətinə baxış keçiriləcəkdir. O da Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi prosesində iştirak etmişdir. Baxış keirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulmuş, əgər əkmişdirsə həmin bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də yaşadığı evin həyətyanı sahəsində yarımçıq tikilinin arxa hissəsində narkotik tərkibli bitkilər əkdiyini bildirərək, həmin bitkiləri əkdiyi yeri göstərmişdir. Bundan sonra onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilinin arxasına baxış keçirilmişdir. Həmin yarımçıq tikilinin arxa hissəsindən 10 ədəd narkotik tərkibli çətənə bitklərinin gövdələri aşkar edilmişdir. O həmin bitkilərə və bitkilərin əkildiyi yerə baxaraq, bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, yəni mütəmadi olaraq dibləri suvarılaraq belləndiyini müəyyən etmişdir. Sual verildikdə, Təqsirləndirilən şəxs də həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü istifadə etmək məqsədi ilə yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin arxa hissəsində əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş bitkilər bir ədəd kisəyə yığılaraq ağzı bağlanmış və Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər, o da imza etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onlar eyni həyətdə yaşayırlar. Həmin həyətyanı sahədə kiçik ölçülü evləri var. Natiq özü Mingəçevir şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində sürücü işləyir. Natiq əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan cəzasını çəkib qurtarmışdır. Uzun müddətdir ki, o işlərlə məşğul olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları yaşadıqları Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən həyətyanı sahəsi olan evə gəlib evin qapısını döyərək qardaşı Təqsirləndirilən şəxs bayıra çağırmış, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib becərməyi barədə polis şöbəsində məlumat olduğunu bildirib onun öz razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi təklif etdilər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə axtarış keçirilməsinə etiraz etməmişdir. Natiq Mehdiyə yaşadıqları evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-əkməməsi soruşulmuş, əgər əkmişdirsə həmin bitkiləri əkdiyi yeri göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də yaşadıqları evin həyətyanı sahəsində yarımçıq tikilinin arxa hissəsində narkotik tərkibli bitkilər əkdiyini bildirərək, həmin bitkiləri əkdiyi yeri göstərmişdir. Həmin yarımçıq tikilinin arxa hissəsindən 10 ədəd narkotik tərkibli çətənə bitklərinin gövdələri aşkar edilmişdir. Natiqin narkotik tərkibli çətənə bitkilərini əkdiyi yer yaşadıqları evin həyətyanı sahəsində yarımçıq tikilmiş evin arxasında qonşu həyətlə hasarın aralığında yerləşən hissədə olduğundan orada hər hansı bitkinin əkilməsindən və həmin bitkilərə qulluq edilməsindən onun və ya ailə üzvlərinin məlumatı olmayıbdır. Çünki həmin hissədə yabanı şəkildə müxtəlif bitkilər bitibdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özü istifadə etmək məqsədi ilə yaşadıqları evin həyətyanı sahəsində yerləşən yarımçıq tikilinin arxa hissəsində əkdiyini bildirmişdir. Bundan sonra evin həyətyanı sahəsindən aşkar olunmuş bitkilər bir ədəd kisəyə yığılaraq ağzı bağlanmış və Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər Təqsirləndirilən şəxs də imza etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan, məhkəməyədək icraat zamanı tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həmin həyətdə yarımçıq tikilmiş tikilinin arxa divar hissəsi ilə qonşu həyət sahəsinin mişar daşından tikilmiş hasarının aralığından 10 (on) ədəd əkilib becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2020ci il tarixli 17/483 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli bitki...” sözləri yazılmış sintetik kisənin içərisindəki 10 (on) ədəd, hündürlükləri 70sm-dən 215sm-dək, ümumi təmiz çəkisi-3kq 860 qram olan bitkilər əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin materiallarında olan aqronom Şahid3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli aqronom rəyindən görünür ki, təqdim olunmuş çətənə 10 (on) ədəd əkilib becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınmaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 1ədəd sintetik kisədə olan 10 (on) ədəd əkilib becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri iş üzrə mühüm əhəmiyyətə malik olduğundan maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli 902 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən evin həyətyanı sahəsində tikilmiş yarımçıq tikilinin arxa hissəsində qanunsuz olaraq əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda yəni, 10 (on) ədəd, hündürlükləri 70sm-dən 215sm-dək tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərini əkib yetişdirərək kultivasiya etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayından yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən evin həyətyanı sahəsində tikilmiş yarımçıq tikilinin arxa hissəsində qanunsuz olaraq əkilib becərilməsi qadağan olunmuş 10 (on) ədəd, hündürlükləri 70sm-dən 215sm-dək tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə bitkilərini əkib, qulluq etməklə yetişdirib qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi” haqqında Azərbaycan Respublikası Qanunun 1.0.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası hesab edilir. Həmin Qanunun 5.2-ci maddəsində isə göstərilir ki, dərman vasitələrinin təcrübəvi nümunələrinin işlənib hazırlanması halları istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin istehsalı və tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası qadağandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanunla qorunan narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, iş yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində özünü nizam-intizamlı aparmış, verilən tapşırıqları vaxtlı vaxtında yerinə yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində tutularaq azadlıqdan məhrum edildiyi müddətin də azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxs qismində tutmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2020–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Məhkəmə hesab dir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutularaq azadlıqdan məhrum edildiyi 03 (üç) gün müddət, 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın məqsədlərinə nail olunması baxımından hesab edir ki, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən götürülmüş, 10(on) ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma və məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatları ilə bağlı məhkəmə məsrəfləri 35,97 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, həmin xərclər Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın Təqsirləndirilən şəxs oğlunun üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs oğlundan götürülmüş, 10(on) ədəd əkilib becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar