Məhkəmə qərarları › İş №1(051)-27/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-27/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-27/2022 24.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Mingəçevir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 70, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan 06.09.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 04.09.2021-ci il tarixdə saat 17 radələrində tanışı Şahid7 təmənnasız olaraq Yevlax şəhərində qanunsuz əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,301 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sol arxa cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış, 04.09.2021-ci il tarixdə 19:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Ala qapı” adlandırılan ərazidə Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-in inzibati binasında saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, milliyətcə rus olsa da, Mingəçevir şəhərində doğulub böyümüş, ona görə də azərbaycan dilində danışır və bu dili tam başa düşür. Lakin üç il məktəbə getdiyindən latın qrafikalı əlifba ilə yazmağı bacarmır. Həmçinin rus dilində bəzi məişət sözlərini bilsə də, ədəbi və hüquqi terminləri anlamır və kril əlifbası ilə yazmağı bacarmır. Ona görə də bütün hüquqi sənədlərin azərbaycan dilində tərtib olunmasını xahiş etmişdir. X8 təxminən 3 ay əvvəl tanımışdır. Şahid7 isə şəhər sakini kimi tanımış, onunla hər hansı yaxın münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə o, Ümidə vatsapda mesaj yazaraq nə iş görməsi haqqında soruşmuş, təxminən 5 dəqiqə sonra Ümid ona zəng edərək harada olduğunu soruşmuş, o, “Şirvangöl” istirahət mərkəzindən çıxdığını və şəhər istiqamətində gəldiyini demişdir. Ümid taksi ilə Şahid7la birlikdə “o tərəfə getdiyini” demişdir. Ümidin dediyi o tərəf ifadəsi isə Yevlax şəhərinə psixotrop maddə olan metamfetamin almaq üçün getməsi demək olmuşdur. Emin və Ümidin psixotrop maddə olan metamfetamindən istifadə etmələri haqqında qabaqcadan məlumatı olmuşdur. Belə ki, o, əvvəllər də Ümidlə birlikdə metamfetamindən istifadə etmişdir. O da həmin psixotrop maddədən istifadə etdiyi üçün, həmin psixotrop maddədən istifadə etmək məqsədilə Ümidə Yevlax rayonu, Xaldan qəsəbəsi ərazisindən onu da götürmələrini demişdir. 20 dəqiqə sonra Ümid və Emin onun əvvəllər də tanıdığı Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə gəlmişlər. Emin avtomobildə qabaq sağ oturacaqda əyləşmiş, Ümid isə arxada Eminin arxasında oturmuş, o da sürücü Şahid5 arxasında əyləşmişdir. Onlar Yevlax şəhərinə daxil olub Kür çayı üzərində yerləşən körpünü də keçdikdən sonra küçədə İlkin avtomobili saxlamışdır. Ümid Emindən pul istəmişdir. Emin də 2 ədəd 20 manatlıq əskinaz və 1 ədəd 10 manatlıq əskinaz olmaqla 50 manat pulu Ümidə vermişdir. Ümid avtomobildən düşərək küçəyə daxil olmuşdur. Təxminən 2 dəqiqədən sonra Ümid qayıdaraq avtomobilə əyləşmişdir. Qayıdan zaman Ümid əlində 1 ədəd sellofan torbanın içıərisində olan psixotrop maddə olan metamfetamini Eminə vermişdir. Emin həmin metafetanimi özündə olan 2 ədəd lampa şüşələrinə istifadə üçün hazırlamışdır. Yolda Emin istifadə üçün metamfetaminin bir hissəsinin olduğu sellofan torbanı ona vermiş və o da metamfetamini cibinə qoymuşdur. Sonra isə Emin həmin şüşələrdən birini ona vermiş, digərini isə özündə saxlamışdır. Yolda gələn zaman o, Ümid və Emin həmin metamfetamindən istifadə etmişlər. Oradan Mingəçevir şəhərinə gələn zaman şəhərin girişində “Ala qapı” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman o, əlində istifadə etdiyi içərisində metamfetamin olan lapma şüşəsini yerə vuraraq sındırmışdır. Digər şüşə isə Emində olmuşdur. Polis şöbəsində X9 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol arxa cibimdən içərisində metamfetamin olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və bükümün ümumi çəkisi 0,64 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin psixotrop maddəni 04.09.2021-ci il tarixdə Yevlax şəhərində özünün aldığını və yolda istifadə etdiklərini bildirmişdir. Lakin həqiqətdə isə həmin metafetanimi Ümid alıb gətirmiş və 50 manat pulu da Ümidə Emin vermişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq məqsədi olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-in CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin girişindəki “Ala qapı” adlandırılan ərazidə marketin qarşısında Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə onların hər birinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vəkillər dəvət olunmuş və vəkillərin iştirak ilə onların hər birinə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərlərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən onların hər birinə izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişlər və baxış keçirilməzdən əvvəl onların hər birinə təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Polis şöbəsinə vəkil X9 və qadın cinsindən olduğundan Mingəçevir ŞPŞ-in Qeydiyyat və X3 inspektoru Şahid4 dəvət olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin şəffaf rəngli bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki göy rəngli şalvarın sol arxa cibindən aşkar olunmuş şəffaf rəngli bükümünün içərisində psixotrop maddə metamfetaminə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddəyə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu bükümün çəkisi 0,64 qram olmuşdur. Həmin psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-in 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd şəffaf rəngli bükümdəki kütlənin “metamfetamin” olduğunu, həmin “metamfetamin”i əvvəlcə Mingəçevir şəhərində “Atabankın” yaxınlığında yerləşən yaşadığı evin yanından 1 gün əvvəl saat 19 radələrində tapdığını desə də, sonradan isə 04.09.2021-ci il tarixdə tanışı Şahid7la birlikdə taksi ilə Yevlax şəhəri ərazisinə getdiyini, orada Eminin ona 50 manat pul verdiyini, bundan sonra həmin metamfetamini Yevlax şəhərində aldığını, həmin metamfetaminin bir hissəsini avtomobildə istifadə etdiklərini, yerdə qalan metamfetaminin bir hissəsinin Şahid7 bir hissəsinin isə özündə qaldığını bildirmişdir. Daha sonra Şahid5 idarə etdiyi Vaz 2107 markalı ** FP *** d.q.n.n avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sağ oturacağından 1 ədəd lampa şüşəsinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid5 həmin şüşənin içərisindəki metamfetaminin Şahid7 tərəfindən istifadə edildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmin şüşəni avtomobilin ayaqaltısının üzərinə qoyduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-in əməkdaşları Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid7 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. X8 təxminən 3-4 ildir ki, tanımışdır. Təqsirləndirilən şəxs Vladimirovanı isə şəhər sakini kimi tanımış, onunla hər hansı yaxın münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə saat 14 radələrində o, Ümidə zəng edərək gəlib yaşadığı ünvandan onu götürüb yeyib-içməyə getmək istədiyini demişdir. Ümid də razılıq verdikdən sonra Ümidin yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün inşa olunmuş qəsəbəyə getmişdir. Ümid gəldikdən sonra məqsədi Səməni restoranına getmək olmuşdur. Yolda Ümidlə psixotrop maddə olan metamfetamin barədə söhbət etmiş və o, həmin metamfetaminin istifadəçisi olduğundan Ümüdlə bu barədə danışan zaman metamfetamini istifadə etmək istəmişdir. Ümidin Yevlax şəhərində metamfetamin satan tanışının olduğunu və ondan metamfetamin almasını bildiyindən Yevlax şəhərinə gedib metamfetamin almalarını demişdir. Taksi sürücüsünə onları “Tekstilni” adlanan yerə aparmasını demişdir, çünki orada əvvəllər də tanıdığı etibarlı taksi sürücüləri olmuşdur. Həmin yerə gedən zaman yolda Ümid telefonla metamfetamin almalı olduğu tanışı ilə danışmış və o, Ümidə 50 manatlıq metamfetamin almasını demişdir. Lakin o, həmin şəxsin kim olmasını bilməmişdir. Həmin yerdə əvvəllər tanıdığı Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər. Şəhərdən çıxan zaman yolda metamfetamini istifadə etmək üçün mağazadan 2 ədəd lampa almışdır. Yolda Ümid tanışı Viktoriyanın da “Şirvangöl” istirahət mərkəzindən şəhər istiqamətində gəldiyini, onlarla Yevlaxa getmək istədiyini demişdir. O, Viktoriyanın gəlməsini istəməmiş, lakin Viktoriya Yevlax rayonu ərazisində avtomobilə əyləşmişdir. Avtomobildə o, qabaq sağ oturacaqda əyləşmiş, onun arxasında Ümid, onun yanında isə Viktoriya əyləşmişdir. Onlar Yevlax şəhərinə daxil oldub Kür çayı üzərində yerləşən körpünü də keçdikdən sonra, Ümidin verdiyi istiqamət ilə İlkin avtomobili sürmüşdür. O, Yevlax şəhərini tanımadığından İlkinin hansı istiqamətdə avtomobili idarə etməsini bilməmişdir. Avtomobil dayandıqdan sonra o, Ümidə 2 ədəd 20 manatlıq əskinaz və 1 ədəd 10 manatlıq əskinaz olmaqla 50 manat pulu vermişdir. Ümid avtomobildən düşərək küçəyə daxil olmuşdur. Onlar Yevlaxa çatanda saat təxminən 17-18 radələri olmuşdur. Təxminən 2 dəqiqədən sonra Ümid qayıdaraq avtomobilə əyləşmişdir. Qayıdan zaman Ümid əlində 1 ədəd sellofan torbanın içərisində olan psixotrop maddə olan metamfetamini ona vermişdir. O, həmin metamfetamini özündə olan 2 ədəd lampa şüşələrində istifadə üçün hazırlamışdır. Yolda istifadə üçün metamfetaminin bir hissəsinin olduğu sellofan torba onda qalmış, metamfetaminin bir hissəsi Viktoriyada qalmışdır. Sonra isə həmin şüşələrdən birini o, istifadə etmiş, digərini Ümid və Viktoriyanın istifadəsi üçün arxaya vermişdir. Oradan Mingəçevir şəhərinə gələn zaman şəhərin girişində “Ala qapı” adlanan yerdə polis əməkdaşları tərəfindən saxlanılmış və saxlanılan zaman o, əlində istifadə etdiyi içərisində metamfetamin olan lampa şüşəsini yerə, oturduğu oturacağın ayaqaltısının üzərinə qoymuşdur. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində metamfetamin olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və bükümün ümumi çəkisi ümümi çəkisi 0,35 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin psixotrop maddəni 04.09.2021-ci il tarixdə Yevlax şəhərində 50 manat pul verdiyini və Viktoriyanın gedib həmin metamfetamin aldığını demişdir. Lakin həqiqətdə isə həmin metafetanimi Ümid alıb gətirmiş və 50 manat pulu da Ümidə o, vermişdir. O, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq məqsədinin olmadığını bildirmişdir. Şahid5un idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan şüşə lampa ona məxsus olmuşdur. Belə ki, o, istifadələri üçün 02 ədəd lampa şüşəsinin içərisində psixotrop maddə metamfetamin hazırlamışdır. Lakin saxlanılarkən əlində olan şüşəni oturduğu oturacağın ayaqaltısının üzərində qoymuşdur. Şahid1 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın ə/m-li vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 04.09.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin girişindəki “Ala qapı” adlandırılan ərazidə marketin qarşısında Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olan zaman yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə onların hər birinin hüquqlarının müdafiəsini təmin etmək məqsədilə vəkilər dəvət olunmuş və vəkillərin iştirak ilə onların hər birinə narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərlərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən onların hər birinə izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Şahid7, Şahid6, Şahid5 və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişlər və baxış keçirilməzdən əvvəl onların hər birinə təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Polis şöbəsinə vəkil X9 və qadın cinsindən olduğundan Mingəçevir ŞPŞ-nin Qeydiyyat və X3 inspektoru Şahid4 dəvət olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən şəffaf sellofan bükümdə içərisində psixotrop maddə metamfetamini könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin şəffaf rəngli bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki göy rəngli şalvarın sol arxa cibindən aşkar olunmuş şəffaf rəngli bükümünün içərisində psixotrop maddə metamfetaminə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddəyə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu bükümün çəkisi 0,64 qram olmuşdur. Həmin psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd şəffaf rəngli bükümdəki kütlənin “metamfetamin” olduğunu, həmin “metamfetamin”i əvvəlcə Mingəçevir şəhərində “Atabankın” yaxınlığında yerləşən yaşadığı evin yanından 1 gün əvvəl saat 19 radələrində tapdığını desə də, sonradan isə 04.09.2021-ci il tarixdə tanışı Şahid7la birlikdə taksi ilə Yevlax şəhəri ərazisinə getdiyini, orada Eminin ona 50 manat pul verdiyini, bundan sonra həmin metamfetamini Yevlax şəhərində aldığını, həmin metamfetaminin bir hissəsini avtomobildə istifadə etdiklərini, yerdə qalan metamfetaminin bir hissəsinin Şahid7 bir hissəsinin isə özündə qaldığını bildirmişdir. Daha sonra Şahid5 idarə etdiyi Vaz 2107 markalı ** FP *** d.q.n.n avtomobilə baxış keçirilmiş və avtomobilin qabaq sağ oturacağından 1 ədəd lampa şüşəsinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şahid5 həmin şüşənin içərisindəki metamfetaminin Şahid7 tərəfindən istifadə edildiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, həmin şüşəni avtomobilin ayaqaltısının üzərinə qoyduğunu bildirmişdir. Şahid5 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X8 və Təqsirləndirilən şəxs şəhər sakini kimi tanımış, onlarla hər hansı yaxın münasibəti olmamışdır. 04.09.2021-ci il tarixdə avtomobil ilə hərəkətdə olarkən “tekstilninin” yanında əvvəlcədən tanıdığı Emin və Ümid adlı şəxslər əl edib avtomobili saxlatmış və onları 20 manata Yevlaxa aparıb apara bilməyəcəyini soruşmuşlar. O da onlarla razılaşmışdır. Emin avtomobildə qabaqda, Ümid isə arxa oturacaqda əyləşmişdir. Bundan sonra onlar yola çıxmış, yolda Ümid Viktoriyaya zəng etmişdir. Onlar Yevlax rayonunda, Xaldan yolunda olarkən Viktoriyanı görmüş və avtomobili saxlamışlar. Həmin an Viktoriya avtomobilə minmişdir. O, Emin və Ümidin ona verdiyi istiqamətə getmiş və Yevlax rayonunun mərkəzində olarkən Emin Ümidə 50 manat pul vermişdir ki, narkotik vasitə alsın. Lakin yolu əsas Ümid tanımışdır. Ümid avtomobildən endikdən bir qədər sonra avtomobilə qayıtmış və əlində olan bükümü Eminə vermişdir. Emin də bükümdən iki ədəd lampa şüşəsinə tökmüşdür. Birini arxaya Viktoriya gilə vermişdir. Digərini isə özü yandırmışdır. O, onlara lazım olmadığını belə etməmələrini demişdir. Onlar da ona narahat olmamalarını demiş və lampada olan narkotiki çəkməyə başlamışlar. Sonra isə o, Mingəçevir şəhərinə gələrkən Ala qapının yanında polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib şəhər polis şöbəsinə gətirmişlər. Daha sonra isə ona təhkim olunmuş vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, lakin avtomobilə baxış zamanı isə Emin və Viktoriyanın istifadə etdiyi lampalar aşkar edilmişdir. Bundan başqa o, Şahid7 və Viktoriyanın üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq polis əməkdaşları tərəfindən götürüldüyünü bilmişdir. Şahid6 məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Şahid7, X2 və Şahid5 əvvəllər tanımamışdır. Belə ki, o, 04.09.2021-ci il tarixdə yaşadığı evdən mağazaya getmək üçün çıxmışdır. Həyətdə tanışı ilə rastlaşmış və o, onun yaşadığı qəsəbəyə yaxın yerləşən Yevlax rayonu, Havarlı kəndinə gedəcəyini demişdir. O da tanışını ötürmək üçün kəndin girəcəyinə kimi piyada getmişdir. Qayıdan zaman isə Havarlı kəndinin girəcəyində ağ rəngli VAZ 2107 markalı avtomobilə əl etmiş və avtomobilin arxa oturacağında əyləşmişdir. Onun qabağında sonradan tanıdığı Emin, yanında Viktoriya oturmuşdur. Avtomobili isə İlkin idarə edirmiş. Onlar təxminən 2 dəqiqəyə Mingəçevir şəhərinin girəcəyinə “Ala qapı” adlanan əraziyə çatmışlar. O, İlkinə 1-2 manat pul verməyi nəzərində tutmuşdur. Onlar həmin əraziyə çatdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmışlar və onları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarına görə Mingəçevir ŞPŞ-nə gətirmişlər. Daha sonra isə onaə hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Lakin həmin vaxt onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı vasitə aşkar olunmamışdır. Şahid7 və Viktoriya Butsikinanın üzərindən isə narkotik vasitə aşkar olunmuşdur. Cinayət işi materiallarında olan 04 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa sol cibindən aşkar edilmiş şəffaf sellofan bükümdə içərisində ümumi çəkisi 0,301 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05.09.2021-ci il tarixli 17/663 saylı rəyinə əsasən: Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şahid7 üzərindən aşkar olunmuş narkotik ....” sözləri yazılmış zərfin içərisindəki, ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 0,283 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik...” sözləri yazılmış zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,301 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 02 ədəd (iki) sellofan bükümlərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 02 (iki) ədəd sellofan bükümlərdə olan metamfetaminlər ilə digər 01 (bir) ədəd zərfdəki başlığına 1 manatlıq pul əskinazından hazırlanmış boruşəkilli bükülü keçirilmiş 01 (bir) ədəd şüşə lampanın içərisində olan metamfetamin tərkiblərinə görə eynidirlər. Ekspertiza qarşısına qoyulmuş “həmin lampada narkotik vasitə istifadə edilmişdir mi?” sualı ekspertin zəruri biliyindən kənara çıxdığından həmin sual cavablandırılmadı. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02.11.2021-ci il tarixli 1324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,301 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,251 qram olan psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-in saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan materialdan digər materialın ayrılması barədə 05.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şahid7 və Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə materialdan hər birinin barəsində icraat ayrılmışdır. Cinayət işi materiallarında olan 27 noyabr 2021-ci il tarixli ittiham aktının surətindən görünür ki, Şahid7 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı 02.12.2021-ci il tarixdə Mingəçevir şəhər Prokuroru tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmişdir. İş materiallarında olan DİN yanında BƏSİİ-in 11.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə qonşular tərəfindən 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan AZ-İV 049956 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 12.11.2017-ci il təvəllüdlü X6 adlı azyaşlı uşağı vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 04.09.2021-ci il tarixdə saat 17 radələrində tanışı Şahid7 təmənnasız olaraq Yevlax şəhərində qanunsuz əldə etdiyi bir ədəd şəffaf sellofan bükümünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,301 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan əynindəki göy rəngli cins şalvarın sol arxa cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış, 04.09.2021-ci il tarixdə 19:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Ala qapı” adlandırılan ərazidə Şahid5 idarə etdiyi VAZ 2107 markalı ** FP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmaqla ilk dəfə törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 1 nəfər az yaşlı uşağın mənafeyi üstün tutulmalı və uşağın hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seşmək və müvəqqəti saxlama yerindən azad etmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-in 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,251 qram olan psixotrop maddə - metamfetamin Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,251 qram olan psixotrop maddə - metamfetamin Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan bir) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar