Məhkəmə qərarları › İş №1(051)-27/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-27/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-27/2025 17.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.2005-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-148/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-69/2024 saylı hökmü ilə CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib CMnin 66.5-ci maddəsinə əsasən 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-326/2024 saylı qərarı ilə CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi və saxladığı 01 ədəd 240031 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-ci ildə istehsal olunmuş, AKS-74 modelli, yivli, odlu silah olan, texniki cəhətdən saz və atəş üçün yararlı Kalaşnikov konstruksiyalı avtomatı, 01 ədəd zavod üsulu ilə xarici dövlətdə, silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı ( AK-74, AKS-74, AKS-74U ) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı 30 (otuz) ədəd ştat patronlar ilə birlikdə əlində saxladığı üzərinə “Nike” sözü yazılmış qara-göy rəngli idman çantasının içərisindəki ağ rəngli sellofan torbanın içərisində gəzdirərkən 01 iyun 2024-cü il tarixdə saat 12:35 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təbriz küçəsində yerləşən çayxanada saxlanılıb, Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 13:10-dan saat 13:24-də olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən, 01 ədəd Kalaşnikov konstruksiyalı, AKS-74 modelli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah, 30 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı 01 ədəd daraq və 30 (otuz) ədəd 5,45x39 mm kalibrli döyüş sursatı hesab edilən və atəş üçün yararlı patronlar onun üzərindən aşkar edilib götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş “Kalaşnikov” konstruksiyalı avtomatik döyüş silahı, döyüş sursatı hesab olunan patronlar və odlu silahın komplekt hissəsi olan sandıqça ona məxsus olmamış, həmin avtomat silahı o tapmamış və onun həmin silahdan xəbəri olmamışdır. Ona azadlığın məhdudlaşdırılması cəzası əvvəlki cinayət işində Mingəçevir Şəhər Məhkəməsi vermiş, ona görə də ayağına qandal Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində vurulmuşdur. Həmin qandal onun ehtiyatsızlığı səbəbindən sınmışdır. Bu barədə polis əməkdaşlarına demiş, onlarla məsləhətləşmiş, polis əməkdaşları isə ona bildirmişlər ki, “qandal nasaz olduğuna görə məhkəmə sənə ağır cəza verə bilər. Bizdə tapılmış avtomat silah var, onu üzərinə götürən şəxs yoxdur. Sən avtomat silahı öz üzərinə götür, onda sənə qandalı sındırdığına görə cəza verməyəcəklər, həm də bu qandala görə cəza ağırdır.” Ona bu sözləri Orxan adlı əməkdaş demişdir. Onlarla razılaşıb onun tərəfindən törədilməyən cinayəti öz üzərinə götürmüşdür. Bunu valideynlərinə də demiş, onlar da bundan sonra bu barədə Azərbaycan Respublikası Baş Prokuroruna və Daxili İşlər Nazirliyinə müraciət edərək kömək istəmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. O, 01 iyun 2024-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlamasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid3, Şahid2 və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:35 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən çayxanada olan zaman görüb ona yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdir. Bundan sonra Abasov X2 ŞPŞ-nə gətirilmiş, polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması ilə əlaqədar, barəsində əməliyyat məlumatı olması, öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı odlu silah və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra saat 13:10-da vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sağ əlində saxladığı “Nike” sözü yazılmış qara-göy rəngli idman çantasının içərisindəki ağ rəngli sellofan torbanın içərisindən bir ədəd Kalaşnikov konstruksiyalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxladığı “Nike” sözü yazılmış qara-göy rəngli idman çantasının içərisindəki ağ rəngli sellofan torbanın içərisindən bir ədəd Kalaşnikov konstruksiyalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq “Samsung” markalı video-kamera ilə videoya çəkilmiş və aşkar olunduğu torbanın içərisinə qoyularaq AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, torbanın üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş odlu silahı tutulmazdan 1 il 6 aydan əvvəl yaşadığı Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yerləşən dəmiryolunun yaxınlığında qamışlıqdan yerdən tapdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində Təqsirləndirilən şəxs və ailəsi ilə qonşuluqda yaşayır. Qonşu kimi münasibətləri normal olmuşdur. Ümüd polis şöbəsinə aparılan gündə səhər saatlarında bir neçə polis əməkdaşı onun yaşadığı ünvana gəlmişdir. Onlar Ümüdə və ailəsinə qandalı sındırmağına görə köməklik edəcəklərini bildirdiklərindən Ümüd onlarla razılaşmış və onların təklif etdiyi silahı öz üzərinə götürmüşdür. Ümüdün qandalı sındırması ilə bağlı heç bir məlumatı olmamışdır. Ümüdün əvvəllər xırda dəmirləri satmasını eşitmiş, oğurluq etməsi ilə bağlı məlumatı olmamışdır. Hadisədən 2 gün sonra Ümüdün ailəsi ilə birlikdə polis şöbəsinə gedən zaman yenə də onlara Ümüdə heç bir problemin olmayacağı, köməklik göstəriləcəyi bildirilmişdir. Xatırladığına görə Ümüd polislərlə birlikdə evin həyətindən çıxarkan onun əlində çanta və ya başqa bir əşya olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində Təqsirləndirilən şəxs və ailəsi ilə qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə səhər təxminən saat 8-9 radələrində Ümüdü 4-5 nəfər şəxsin həyətin qarşısından apardıqlarını görmüşdür. Onların həyətinə daxil olmamışdır. Ümüdün qolunda qandal ilə oradan çıxardıqlarını görmüşdür. Onlar təqribən 20 dəqiqə həmin həyətdə olmuş və danışmışlar. Həyətdə olan danışıqları tam olaraq eşitməmiş, silahla bağlı olmasını təxminən eşitmişdir. Daha sonra Ümüdün anasından bu barədə soruşmuş və ona onların polis əməkdaşı olduqlarını, Ümüdə və ailəsinə qandalı sındırmağına görə köməklik edəcəklərini bildirdiklərindən Ümüdün onlarla razılaşdığını və onların təklif etdiyi silahı öz üzərinə götürdüyünü bildirmişdir. Ümüdün heç vaxt silahla əlaqəsi olmadığını, hərdən dəmir yığaraq satdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində Təqsirləndirilən şəxs və ailəsi ilə qonşuluqda yaşayır. Onlarla çəpər qonşusudur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında 2 maşına gələrək ondan Ümüdin ünvanını soruşmuş və onlara Ümüdün ünvanını göstərmişdir. Daha sonra onlar həyətdə Ümüdə və ailəsinə qandalı sındırmağına görə köməklik edəcəklərini bildirdiklərindən Ümüdün onlarla razılaşdığını və onların təklif etdiyi silahı öz üzərinə götürdüyünü bildirmişdir. Həmin şəxslər qandalı sındırmağın daha ağır cəzası olacağını onlara bildirmişlər. Ümüdün qandalı nə səbəbdən sındırması ilə bağlı məlumatı olmamışdır. Həmin şəxslərin polis əməkdaşı olmasını sonradan bilmişdir. Onları əvvəldən tanımamışdır. Orada olan polis əməkdaşlarında Orxan adlı əməkdaşı tanımışdır. Həmin həyətdə bir qədər olduqdan sonra onu oradan çıxarmışlar. Təxminən 20-25 dəqiqə həyətdə danışıqlar apardıqdan sonra Ümüdü maşınla oradan aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili X3 öz ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah daşıması barədə məlumatı olmamışdır. Həmin şəxs barəsində keçirilən əməliyyataxtarış tədbirlərində onun iştirakı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı video çəkilişdə iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi nəqliyyat vasitəsini qaçırma cinayətindən tanıyır. xx.xx.2024-cü il tarixdə, eləcə də digər vaxtlarda Təqsirləndirilən şəxs ilə nə də onun ailə üzvləri ilə onun qandalı sındırmasını silahla əvəz etmələri barədə danışıqlar aparmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə xx.xx.2024-cü il tarixdə, saat 13:00-dan şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v. 25). 02 iyun 2024-cü il tarixli şübhəli şəxsin azad olunması barədə qərardan görünür ki, X1 Mingəçevir ŞPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs sağ əlində saxladığı “Nike” sözü yazılmış qara-göy rəngli idman çantasının içərisindəki ağ rəngli sellofan torbanın içərisindən bir ədəd Kalaşnikov konstruksiyalı odlu silah və bir ədəd içərisində 30 ədəd patron olan daraq aşkar edilərək götürülmüşdür (i.v. 30-31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/1019 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, bir ədəd polimer bükümün içərisində 01 ədəd metal qundaqlı avtomat silahı, 01 ədəd daraq və 30 ədəd 5,45x39 mm kalibrli patron aşkar edildi. Tədqiqata təqdim edilmiş, 01 ədəd 240031 №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1980-ci ildə istehsal olunmuş, AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir küstar üsulu ilə dəyişikliyə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə xarici dövlətdə, silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı ( AK-74, AKS-74, AKS-74U ) modelli avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı edilir və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur (i.v. 41-47). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilməsi və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v. 56-57). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(051)-40/2024 saylı qərarından görünür ki, təqdimat və vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 79-81). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-7512/2024№-li məktubdan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, 240031 N-li Kalaşnikov konstruksiyalı AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “Güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i.v. 87). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Mingəçevir ŞPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə CM-nin 185.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlığn məhdudlaşdırılması cəzası təyin edilmiş, Mingəçevir ŞPŞ tərəfindən xx.xx.2023cü il tarixdə CM-nin 177.2.1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, xx.xx.2024-cü il tarixdə Mingəçevir ŞPŞ tərəfindən CM-nin 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir (i.v. 88-89). xx.xx.2024-cü il tarixli 1135 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs “emosional davamsız şəxsiyyət pozğunluğu özünü kəsmələrlə, denompensasiya mərhələsində” diaqnozu ilə xx.xx.2022-ci il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserdə qeydiyyatdadır (i.v. 122). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd 240031 №-li, 5,45 mm kalibrli AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və atəş üçün yararlı 30 ədəd ştat patronlardan məhkəmə-ballistik ekspertizasının tədqiqatına 03 ədədi eksperimental atəş üçün sərf edildikdən sonra qalan 27 ədəd patronlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir (i.v. 126-127). xx.xx.2024-cü il tarixli Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş məlumatdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-148/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum xx.xx.2024-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs ENV-ni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozduğu üçün onun izlənilməsi mümkün olmamışdır (i.v. 132). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, № 548 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs həmin xəstəlik əlamətləri kompensasiya (yaxşılaşma) mərhələsində olması səbəbindən o, qeyd olunan cinayəti törədən vaxt, yəni xx.xx.2024-cü il tarixdə öz hərəkətlərinə qiymət vermək, onları dərk etmək və ya onları idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur (i.v. 140-141). xx.xx.2024-cü il tarixli 333 saylı 4 saylı MİS tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs həbs olunduğu günə qədər Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində fərdi evdə yaşayır (i.v. 144). xx.xx.2024-cü il tarixli 334 saylı 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində fərdi yaşayış evində yaşamış Təqsirləndirilən şəxs həbs olunduğu günə kimə yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 145). Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-148/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərində qəti olaraq, 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır (i.v. 147-152). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, iş materiallarına əlavə edilmiş 01 ədəd disk, məhkəmə-ballistik ekspertizasının xx.xx.2024cü il tarixli 24/1019 №li, məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 548 №li rəyi maddi sübut növü kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs odlu silah hesab olunan “Kalaşnikov” konstruksiyalı avtomat, döyüş sursatı olan patronları və odlu silahın komplekt hissəsi olan darağı əldə etdiyi mənbəni müəyyən edilməsi məqsədi ilə əlavə araşdırma aparılması üçün ********* saylı cinayət işindən materialın ayrılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd 240031 №-li, 5,45 mm kalibrli AKS-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq və atəş üçün yararlı 30 ədəd ştat patronlardan məhkəmə-ballistik ekspertizasının tədqiqatına 03 ədədi eksperimental atəş üçün sərf edildikdən sonra qalan 27 ədəd patronlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞnə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 153-159). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(051)-69/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)- 326/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, üzərinə qəti olaraq 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanması qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 228.1. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə –iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzsını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-326/2024 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, 01 ədəd 240031 №li, 5,45 mm kalibrli AKS-74 modelli, yivli, odlu silah olan Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq, 27 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli 1(107)-326/2024 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, ona qəti olaraq, 02 (iki) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, 01 ədəd 240031 №li, 5,45 mm kalibrli AKS-74 modelli, yivli, odlu silah olan Kalaşnikov konstruksiyalı avtomat, 01 ədəd daraq, 27 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar