Məhkəmə qərarları › İş №1(051)-28/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-28/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-28/2021 06.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayon məhkəməsinin xx.xx.2021-ci tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,Mingəçevir şəhəri H.Əliyev küçəsi ev 82/1, mənzil 83-də qeydiyyatda olan, Mingəçevir şəhəri Günəşli bağ massivi 3-cü küçədə yerləşən evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf sellafon bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.284 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində satış məqsədi olmadan, saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtariş tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 1-ci küçədə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparilaraq üzərinə şəxsi axtariş keçirilmiş, şəxsi axtarış zamani həmin çəkidə narkotik vasitə -heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 1-ci küçədə piyada gəzən zaman yerdən bir ədəd şəffaf sellafon büküm tapdı. Həmin bükümü açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu gördü. Çünki özü narkotik vasitə olan heroindən istifadə etmişdir. O, içərisində heroin olan sellofonu əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətdi. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivi 1-ci küçədə piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən tapdığı büküm içərisində heroin olan büküm cibindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 oğlu və o Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Günəşli bağ massivi 1-ci küçənin giriş hissəsindən keçən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı onun əynində olan qara rəngli şalvarın qabaq sol cibindən bir ədəd şəffaf sellafona bükülmüş bükümdə içərisində heroinə oxşar kütlə aşkar olundu. Aşkar olunmuş həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə təxminən saat 12:00 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivi 1-ci küçədə yerdən taparaq, saxladığını bildirdi. Şahid2 oğlu da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 25-26-cı vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərindəki qara rəngli şalvarın arxa sol cibindən 1 ədəd nokia markalı mobil telefonu, arxa sağ cibindən 1 ədəd göy rəngli tibbi maskanı və qabaq sol cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxardıb könüllü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, sellofan bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir və özünə məxsusdur istifadə etmək üçün saxlamışdır. Həmin şəffaf sellafon büküm açıldıqda içərisindəki kütlənin narkotik vasitə heroinə bənzər vasitə olması müəyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 12 radələrində Mingəçevir şəhəri Günəşli bağ massivində 1-ci küçədə şəffaf sellofan bükümü tapdığını və açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu aşkar etdiyini və özü istifadə etmək üçün əynindəki qara rəngli şalvarın qabaq sol cibinə qoyub üzərində gəzdirdiyini bildirmişdir. İşin 33-35-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 17/479 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş narkotik maddəyə oxşar kütlə …» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,284 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,234 qram. İşin 80-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 850 saylı xx xxxxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd şəffaf sellafon bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.284 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edərək üzərində satış məqsədi olmadan, saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtariş tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli bağ massivi 1-ci küçədə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparilaraq üzərinə şəxsi axtariş keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə -heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşlari tərəfindən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs oğluna Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə olunmuş Şəki rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 1(075)-25/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İşin 83-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 19-cu vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 56-cı vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,234 qram narkotik vasitə- heroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 9(doqquz) ay müddətinə azadlıqdan məhrum etmə çəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir ) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,234 qram narkotik vasitə- heroin məhv edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar