Məhkəmə qərarları › İş №1(051)-28/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-28/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-28/2023 31.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə: növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd qızılı-ağ rəngli kağıza bükülmüş bükümünün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki göy rəngli şalvarın sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi 74 saylı binanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş, ŞPŞ-nin inzibati binasında saat 21:30 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, təmiz çəkisi 0,533 qram olan çəkidə narkotik vasitə heroin əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçidir. 09 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı binanın yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə gətirmişlər. O, şəhər polis şöbəsinin inzibati binasına daxil olan zaman üzərinə şəxsi axtarış keçirilməsi üçün oraya vəkil çağırılmışdır. Bundan sonra ona vəkil Rafiq Yusifovun hüquqlarını müdafiə edəcəyi bildirilmiş və təqdim edilmişdir. Video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O da buna etiraz etməmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümü aşkar edilərək götürülmüşdür. Onun üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümün içərisinə baxış keçirən zaman narkotik vasitəyə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitəni 3 gün əvvəl Bakı şəhərində internet vasitəsilə tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşından pul vermədən aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə onun və vəkil X5 iştirakı ilə elektron tərəzidə çəkilmiş, bükümün içərisində olan narkotik vasitənin ümumi çəkisinin 0.80 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmişlər, polis əməkdaşları, o və müdafiəçisi Rafiq Yusifov həmin protokolu imzalamışlar. Sonra isə həmin büküm boş zərfə qoyularaq qablaşdırılmış, daha sonra 76 nömrəli möhürlə möhürlənmiş və onlar həmin zərfin üzərini imzalamışlar. O, İran İslam Respublikası vətəndaşı ilə telefon vasitəsilə əlaqə saxlamış, onunla görüşməmişdir. Həmin şəxs narkotik vasitəni Bakı şəhərində Naringi park deyilən yerə qoymuş, o da gedib oradan götürmüşdür. Həmin şəxs onunla xarici nömrə ilə əlaqə saxlamış, o, nömrənin telefonunda qeydiyyata düşüb-düşmədiyini bilməmişdir. O həmin narkotik vasitəni pul vermədən əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir zorakılığa və ya işgəncəyə məruz qalmamışdır. Belə ki, o, polis əməkdaşları tərəfindən yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, 74 saylı binanın yaxınlığında saxlanılarkən üzərində narkotik vasitə olan heroin olduğundan qaçmaq istəmiş, lakin qaçan zaman yıxılmış, həmçinin polis əməkdaşları yaxınlaşaraq onu saxlayan zaman onlara qarşı müqavimət göstərmək istəmiş, lakin saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Mingəçevir ŞPŞ-də növbətçi hissənin qarşısında üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar olunmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Bununla belə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəməyədək icraat zamanı və xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, 2022-ci ilin avqust ayının 08-də axşam 17-18 radələrində yaşadığı Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən binanın arxa hissəsində olan zaman Bakı şəhərindən Anar adlı qonağı öz maşını ilə gəlmişdir. Onun maşını ilə dənizə getmişlər. Dənizdən qayıdan zaman şəhər stadionunda futbol oyunu olduğu üçün orada adam çox olmuşdur. Şəhər stadionu yaşadığı binanın arxasında yerləşdiyi üçün bu zaman polis əməkdaşlarının maşınlarını görmüş və düşünmüşdür ki, stadionda olan oyunla bağlı asayişi qorumaq məqsədilə polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları o, Elton və Anar olan maşının öndən və arxadan yolunu kəsib saxladaraq, onları maşından çıxarıb, ayrı-ayrı maşınlara mindirib polis şöbəsinə aparmış və şöbənin inzibati binasının arxa qapısından onları döyərək 3-cü mərtəbəyə qaldırmışlar. Orada da onları döymüşlər və o, çıxdıqdan sonra döyülməyini sübut etmək üçün şəkillərini çəkmiş və videoçəkiliş edib diskə köçürmüşdür. Onu döyən 5- 6 nəfər adlarını bilmədiyi əməliyyatçılar olmuşdur. Döyülən zaman bir neçə dəfə hüşunu itirmiş, hətta ayağı çıxmışdır. Bundan sonra sınıqçı gətirib çıxığı düzəltmişlər. Axşam saat 10-11 radələrində əməliyyatçılar ona bildirmişlər ki, çəkiliş olan zaman heroinin onun olmasını etiraf etməlidir. O da yenidən döyülməmək üçün əməliyyatçılar dediyini vəkilin iştirakı ilə videoçəkiliş zamanı söyləmişdir. Mingəçevir şəhər Prokurorluğunda şikayətçi olub-olmamağı soruşulanda o, yenidən döyülməkdən qorxduğu üçün şikayətçi olmadığını bildirmişdir. Tutulmamışdan 7-10 gün əvvəl Bakı şəhərində olmuş, lakin İran vətəndaşından heç bir narkotik vasitə almamışdır. O, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, Mingəçevir ŞPŞ-nin əməliyyat-rabitə qrupunun opereatoru Şahid3 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edib saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən dairənin yaxınlığında olarkən, ona yaxınlaşıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirilib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs ona yaxınlaşan zaman qaçmağa başlamış və qaçarkən yıxılmışdır. Bundan sonra ona yaxınlaşdıqda, yenidən müqavimət göstərmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində ona hüquqlarının müdafiəsini təmin etmək məqsədilə Mingəçevir şəhər vəkil Bürosunun növbədə olan vəkili X8 təqdim edilmiş və vəkilin iştirakı ilə onun narkotik vasitə əldə edib saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən ona izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda, hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə və bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü olaraq təqdim etsin. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən qızılı-ağ rəngli kağıza bükülmüş bükümdə içərisində narkotik vasitə heroini könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin kağız büküm X3 və digər iştirakçıların yanında açılarkən onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş qızılı-ağ rəngli bükümün içərisində narkotik vasitə heroinə oxşar olan kütlə olması müəyyən edilmişdir. Həmin bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə oxşar kütlənin olduğu bükümün çəkisi 0,80 qram olmuşdur. Həmin narkotik vasitə heroinə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd qızılı-ağ rəngli bükümdəki kütlənin “heroin” olduğunu, həmin “heroini”i təxminən 3 gün əvvəl internetdə tanış olduğu İran vətəndaşından Bakı şəhərində əldə etdiyini və həmin narkotik vasitə heroini şəxsi istifadəsi məqsədilə götürüb üzərində daşıyaraq saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Mingəçevir ŞPŞ-nin ƏRQ-nin operatoru, polis baş serjantı Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında müdafi tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla uzun müddətdir dostluq edir, aralarında düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2022-ci il tarixdə Mingəçevirdən olan, hazırda isə Bakı şəhərində yaşayan tanışları Anar adlı şəxs ona zəng edərək Mingəçevirə gəldiyini və görüşmək istədiyini bildirmişdir. Anar və Rəhimlə görüşmüşlər və Anarın maşını ilə stadion tərəfə gələn zaman qabaqdan iki polis maşını gəlmiş və qarşılarında dayanmışdır. Polis əməkdaşları maşından düşüb onların maşının qapılarını açmış və qollarını qandallayıb maşınlarına mindirərək polis şöbəsinə aparmışlar. Anarla onu bir, Rəhimi isə ayrı gətirmişlər və 3-cü mərtəbəyə qaldırmışlar. Orada üzərlərinə baxış keçirilmiş və heç bir narkotik vasitəsi aşkar edilməmişdir. Onu orada döymüşlər və əməliyyatçı Orxan adlı şəxs siqaret qutusunun cığarasına bükülü vəziyyətdə olan narkotik vasitəni şalvarının cibinə qoyaraq ondan çıxacağını bildirmişdir. Həmin narkotik vasitəni cibinə qoyduqdan sonra çəkiliş aparmaq üçün aşağı düşürmüşlər, o da məcbur olub əməliyyatçı dediyini təsdiq etmişdir. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, həmçinin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclası zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə heroinin üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən adlarını bilmədiyi 5-6 nəfər polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və üzərindən heroin aşkar edilməsini etiraf etməsini ondan tələb etdiyini, bununla da o, pis rəftara məruz qaldığını bildirmişdir. Bununla bağlı təqsirləndirilən şəxs Mingəçevir şəhər Prokurorluğuna müraciət etmişdir. Lakin Mingəçevir şəhər Prokurorluğunda izahatı alınanan zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşan zaman üzərində narkotik vasitə olduğundan və məsuliyyətə cəlb edilmək istəmədiyindən qaçdığını və bu zaman da büdrəyərək yıxılıb xəsarət aldığını, həmçinin polis əməkdaşlarına müqavimət göstərdiyi üçün ona qarşı fiziki zor tətbiq edilərək polis şöbəsinə aparıldığını bildirmişdir. Ona görə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla 124/C-22 saylı material üzrə AR CM-nin 309-cu maddəsi ilə cinayət işinin başlanılması AR CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin qızılı-ağ rəngli kağız bükümdə heroin çıxdığı videoçəkiliş zamanı öz əksini tapmışdır. Həmin vaxt müdafiəçi bir neçə dəfə ondan israrla, həmin narkotik vasitənin özünə məxsus olub olmamasını, həmçinin döyülüb döyülməməsini soruşmuşdur. Bütün hallarda təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu və tutularkən yıxıldığını demişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması, həmçinin narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun həmin ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şahid X4 məhkəmə iclası zamanı verdiyi ifadəni də inandırıcı hesab etmir. Belə ki, şahid məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onları döydüyünü qeyd edərək üzərlərində narkotik vasitə olmadığını bildirmişdir. Halbuki, şahid həmin ifadəni təqsirləndirilən şəxslə yaxın dost olduğu üçün ona kömək etmək məqsədilə vermişdir. Belə ki, şahid yalnız formal mülahizələrlə polis əməkdaşları tərəfindən onlara təzyiq göstərildiyini bildirməklə kifayətlənmişdir. Lakin bununla bağlı hər hansı inandırıcı dəlillərə istinad etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin şahidlə təqsirləndirilən şəxs arasında yaxın dostluq əlaqəsi olduğundan və o, ictimai qınaqdan çəkindiyi üçün məhkəmə istintaqında belə ifadə vermişdir. Ona görə də məhkəmə şahid X4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini dostluq və tanışlıq münasibətinin təsiri altında verilmiş ifadə kimi qiymətləndirərək inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli şalvarın sağ yan cibində gizlədərək saxladığı bir ədəd qızılıağ rəngli kağız bükümünün içərisində çəkisi 0,80 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 17/625 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,533 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1684 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,483 qram narkotik vasitə olan - heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.2 və 315-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs ərizəsi əsasında toplanmış 124/C-22 saylı material üzrə AR CM-nin 309-cu maddəsi ilə cinayət işinin başlanılması AR CPM-in 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə hesab edilən “heroin”i əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbələrdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,533 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər 12 saylı MİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mingəçevir şəhər 12 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mİngəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş müəyyən hissəsi ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 0,483 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 0,483 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ**********4153005270 saylı hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar