Məhkəmə qərarları › İş №1(051)-29/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-29/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-29/2020 02.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağıoğlunun sədrliyi, X2katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, işləməyən, ailəli, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi ev 90, mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində idarə etdiyi VAZ- 21099 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Samux küçəsi ilə Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində 73 km/saat sürətlə hərəkət etdirərkən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü nəqliyyat vasitəsini yaşayış məntəqələrinin daxilində 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda buna əməl etməmiş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib gəldiyi sürətlə hərəkətini davam etdirərək həmin vaxt yolun sol yan kənarından sağ tərəfə keçmək istəyən xx.xx.2011-ci ildə anadan olmuş azyaşlı piyada X4 avtomobilin sol qabaq hissəsi ilə vurmuş və nəticədə ona qapalı kəllə-beyin travması, travmatik beyindaxili qansızma, baş-beyin əziyi, sol 6-cı qabırğanın yerdəyişməyən qapalı sınığı və sol bud sümüyünün qapalı yerdəyişən sınığı əmələ gəlməsinə səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs azyaşlı piyada X1 ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 13:10 radələrində Mingəçevir şəhəri Samux küçəsi ilə Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində hərəkət edirmiş. O, Samux küçəsində yerləşən avtomobil təmiri mərkəzinə gedib maşınını təmir etdirmək istəyirmiş. O, avtomobili təxminən 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. O, S.Vurğun küçəsi ilə Samux küçəsinin kəsişməsindən Samux küçəsinə daxil olmuşdur. O, Samux küçəsində təxminən 70 metr hərəkət etdikdən sonra təxminən 7-8 metr məsafədən yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən azyaşlı piyadanı görmüşdür. O, azyaşlı piyadanı yolun sol tərəfində yerləşən ağacın yanından çıxdığı anda görmüşdür. O, piyadanı görən kimi avtomobili saxlamaq üçün əyləci basmışdır. Azyaşlı piyada yolu sürətlə qaçaraq keçirmiş. O əyləci basdıqdan sonra avtomobil təxminən 5-6 metr məsafə qət etmişdir. O əyləci bassa da avtomobili saxlaya bilməmiş və avtomobilin sol qabaq tərəfi ilə azyaşlı piyadanı vurmuşdur. Piyada zərbənin təsirindən təxminən 1-2 metr aralıya düşmüşdür. O, piyadanı vurduğu yerdə avtomobili saxlamışdır. O dərhal avtomobildən düşüb azyaşlı piyadanı avtomobilin arxa oturacağına uzatmış və azyaşlı piyadanı xəstəxanaya aparmışdır. Bundan başqa o piyadanı vurduqdan sonra dərhal avtomobildən düşmüş, piyadanın vəziyyətinin yaxşı olmadığını görüb piyadanı avtomobilin arxa oturacağına uzadıb xəstəxanaya aparmış, hadisə baş verən vaxt ətrafda heç kim olmadığı və yoldan heç bir maşın keçmədiyi üçün məcbur olub piyadanı özü xəstəxanaya aparmışdır. Piyadanı xəstəxanaya apardıqdan sonra atasına və yaxın qohumlarına zəng vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini, xəstəxanaya gəlib vurduğu piyadanın səhhəti ilə maraqlanmalarını demişdir. Vurduğu piyada azyaşlı olduğuna görə piyadanın valideynləri ilə qarşılaşmağa qorxmuş və xəstəxananın 20 yanvar küçəsinə olan çıxışına gedib orada avtomobilin içərisində gözləməyə başlamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, səmimi peşmançılığını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, X5 onun oğludur. xx.xx.2019-cu il tarixdə oğlu Ayxan saat 13 radələrində Mingəçevir şəhəri Samux küçəsində yolu keçmək istəyərkən, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ayxanı vurmuş, nəticədə oğlu Ayxan ağır xəsarət almışdır. Hadisə barədə məlumat aldıqdan sonra dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında tanımadığı, sonradan adının Ağa olduğunu bildiyi bir nəfər ona yaxınlaşaraq hadisənin oğlu Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildirmişdir. Oğlu Ayxan hazırda müalicə alır və vəziyyəti ağırdır. Buna görə də, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin DYPB-in yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Hadisə ilə əlaqədar bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsindən ona Samux küçəsində bir nəfər piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə məlumat verilmişdir. O dərhal Mingəçevir ŞPŞ-nin DYPB-nin inspektoru polis serjantı Şahid2 ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər. Onlar oraya çatanda hadisə yerində hadisəni törətmiş avtomobil və piyada olmamışdır. Onlar hadisə yerində hadisəni törətmiş avtomobilə məxsus tormoz izlərini və şüşə qırıntılarının olduğunu görmüşlər. Onlar dərhal hadisə yerinin mühafizəsini təmin etmişlər. Daha sonra tərəflərindən hadisənin “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən olunmuşdur. Onlar Təqsirləndirilən şəxs avtomobili ilə birlikdə Mingəçevir şəhər Xəstəxanasının qarşısında tapmışlar. Bundan sonra Təqsirləndirilən şəxs sənədlərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs avtomobilləri idarə etməyə hüquq verən “BC” kateqoriyalı, AC 455898 nömrəli sürücülük vəsiqəsi olduğu müəyyən edilmişdir. Onlar sürücü Təqsirləndirilən şəxs spirtli içki qəbul edib-etməməsini müəyyən etmək məqsədilə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Rayonlarası Narkoloji Dispanserinə aparmış, müayinə zamanı Təqsirləndirilən şəxs spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Daha sonra onlar “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili aparıb cərimə meydançasına yerləşdirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan xx.xx.2019-cu il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri Samux küçəsində yerləşən asfalt yolda Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolu soldan sağa keçmək istəyən azyaşlı piyada X4 vurması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş vermiş, baxış zamanı hadisə yerində hadisəni törətmiş avtomobilin sağ təkərinə məxsus 22,4 metr, sol təkərinə məxsus 27 metr uzunluğunda tormoz izləri, həmçinin avtomobilə məxsus şüşə qırıntıları aşkar edilmişdir. Cinayət işində olan İş üzrə tərtib edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ 21099” markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin qabaq sol farasının zərbənin təsirindən qırılması, həmçinin avtomobilin kapotunun üzərində zərbənin təsirindən 30x25 sm ölçüdə batıq əmələ gəlməsi aşkar olunmuşdur Cinayət işində olan MTE-nın 725 saylı, xx.xx.2020-ci il tarixli rəyində X3 bədənində aşkar olunan xəsarətlər- qapalı kəllə-beyin travması, tarvmatik beyindaxili qansızma, başbeyin əziyi, sol 6-cı qabırğanın yerdəyişməyən qapalı sınığı və sol bud sümüyünün qapalı yerdəyişən sınığı, qərarda göstərilən yəni xx.xx.2019-cu il tarixdə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə xəsarət yetirilərkən həyat üçün təhlükəli olduğundan AĞİR zərər vurmaya adidir. Cinayət işində olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 889 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən,-VAZ 21099 markalı 45BJ559 dövlət qeyydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tədqiq olunan şəraitdə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 440 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi materiallarına əlava edilmiş AC 455898 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi BC kateqoriyalıdır, hadisə baş verən vaxt sürücülük vəsiqəsi qüvvədə olmuşdur, yəni etibarlıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerindən götürülmüş şüşə qırıntıları iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün cərimə meydançasına yerləşdirilmişdir. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə görə, Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində idarə etdiyi VAZ- 21099 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Samux küçəsi ilə Yevlax rayonu, Xaldan qəsəbəsi istiqamətində 73 km/saat sürətlə hərəkət etdirərkən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü nəqliyyat vasitəsini yaşayış məntəqələrinin daxilində 60 km/saat sürətdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda buna əməl etməmiş, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib gəldiyi sürətlə hərəkətini davam etdirərək həmin vaxt yolun sol yan kənarından sağ tərəfə keçmək istəyən xx.xx.2011-ci ildə anadan olmuş azyaşlı piyada X4 avtomobilin sol qabaq hissəsi ilə vurmuş və nəticədə ona qapalı kəllə-beyin travması, travmatik beyindaxili qansızma, baş-beyin əziyi, sol 6-cı qabırğanın yerdəyişməyən qapalı sınığı və sol bud sümüyünün qapalı yerdəyişən sınığı əmələ gəlməsinə səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs azyaşlı piyada X1 ağır zərər vurmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqındaqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Maddi sübut kimi cərimə meydançasında saxlanılan “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalı, hadisə yerindən götürülmüş şüşə qırıntıları isə məhv edilməlidir. İş üzrə 70 manat ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən tutulub dövlətin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut kimi cərimə meydançasında saxlanılan “VAZ 21099” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Maddi sübut kimi cərimə meydançasında saxlanılan, hadisə yerindən götürülmüş şüşə qırıntıları məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə 70 manat məbləğdə ekspertiza xərcləri məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar