Məhkəmə qərarları › İş №1(051)-29/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-29/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-29/2021 30.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 mənzil 48 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan mənbədən əldə edərək daşımış, həmçinin qanunsuz olaraq 01 ədəd ov bıçağını istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 17:05-də Mingəçevir ŞPŞ-in Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən “Mərkəzi poçtun”nın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 18:25 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içindən təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12-13 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman yerdə iki ədəd sellofana bükülmüş büküm görmüş, maraqlı olduğu üçün həmin bükümləri əyilib yerdən götürmüşdür. O, həmin bükümlərdən ağ rəngli sellofan bükümü açdıqda içərsindəkinin psixotrop maddə olan metamfetamin olduğunu, digər sellofan bükümü açdıqda içərisindəkinin narkotik vasitə olan heroin olduğunu anlamışdır. Belə ki, o, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etdiyinə görə bükümlərin içərisində olan narkotik vasitə və psixotrop maddəni quruluşundan, rəngindən tanımışdır. Bükümlərdəki narkotik vasitə və psixtop maddəni daha sonra istifadə etmək məqsədi ilə özünə məxsus pul qabının içinə qoyub əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri, S.Vurğun küçəsindəki “Mərkəzi Poçt”un yaxınlığında olan zaman tapdığı narkotik vasitə olan heroin bükümü və psixotrop maddə olan metamfetamin bükümü əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içində olmuşdur. Bu zaman ona mülki paltarda şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək polis şöbəsinə onu dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində ona hüquqlarını müdafiə etməsi məqsədi ilə dövlət hesabına təyin edilmiş müdafiəçi X4 təqdim edilmişdir. Polis şöbəsində xx.xx.2020-ci il tarixdə saat 18:25-də vəkil X2 iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərinə video çəkiliş aparmaqla baxış keçiriləcəyi halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içindən bir ədəd ağ rəngli sellofan büküm, bir ədəd sellofan büküm və bir ədəd açılıb-qatlanan bıçaq və digər əşyalar polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən açılarkən ağ rəngli sellofan bükümün içindən quruluşundan və görünüşündən psixtrop maddə olan metamfetaminə oxşar kütlə, sellofan büküm açılarakən içindən quruluşundan və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kütlələri o, xx xxxxxx 2020-ci il tarixdə saat 12-13 radələrində Mingəçevir şəhəri, “Güllü bağ” deyilən ərazidə piyada gəzən zaman yerdən taparaq özünə məxsus pul qabının içinə qoyub əynindəki göy rəngli cins şalvarnın arxa sağ yan cibində gizlədərək üzərində saxlamışdır. Həmçinin üzərindən aşkar edilmiş bıçağı da Mingəçevir şəhərində yerləşən bazardakı dükanların birindən tanımadığı şəxsdən 3-4 ay öncə 32 (otuz iki) manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitənin və psixtrop maddənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Müəyyən olunmuşdur ki, bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə içərisində psixotrop maddə hesab olunan metafetaminə oxşar kütlənin ümumi çəkisi 0,18 qram, bir ədəd sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütlənin ümumi çəkisi isə 0,29 qramdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfələşdirilərək möhürlənmiş, həmçinin aşkar edilmiş bıçaqda zərfləşdirilərək möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Baxış zamanı video çəkiliş aparılmış və foto şəkillər çəkilmişdir. Daha sonra polis əməkdaşlar onun yaşadığı Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən 9 saylı evə baxış keçirmək istədiklərini bildirmişdirlər. O, da polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşlarının, vəkilinin, onun, digərlərinin iştirakı ilə öz razılığı ilə yaşadığı Mingəçevir şəhəri Sahil küçəsi 9 nömrəli evə baxış keçirilmiş, lakin oradan hər hansı narkotik vasitə aşkar edilməmişdir. Əməlindən peşmandır. Buna görə də barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Məhyəddin oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtraış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-in əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs oğlunu Mingəçevir şəhəri, “Mərkəzi poçt”un yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs oğlu Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Çingiz Məmmədov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs oğluna narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs oğlu üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs oğlu üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən 01 ədəd pul qabı, bir ədəd açılıb-qatlanan bıçaq, şalvarın sağ yan cibindən 22 ədəd 20 manatlıq və 3 ədəd 10 manatlıq əskinaslar olmaqla 470 manat pul, bənövşəyi rəngli kişi köynəyinin döş cibindən “Vinçester” markalı siqaret qutusu aşkar olunmuşdur. Aşkar olunmuş pul qabının içinə baxış keçirilən zaman pul qabının içərsində olan 01 ədəd 5 dollar pulu, bir ədəd ağ rəngli sellofan büküm və bir ədəd sellon büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs oğlunun və digər iştirakçıların yanında ağ rəngli sellofan büküm açılan zaman içərisində rəngindən, görünüşündən psixotrop maddə “metamfetamin”ə oxşar kütlə olması, digər sellofan büküm açılarkən içərisində rəngindən, görünüşündən narkotik vasitə “heroin”ə oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin 02 ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş və həmçinin kütlələrin elektron tərəzidə çəkiləri ölçülmüşdür. Həmin kütlələrdən psixotrop maddə “metamfetamin”ə oxşar kütlənin ümumi çəkisi 0,18 qram və narkotik vasitə “heroin”ə oxşar kütlənin 0,29 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-in 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu üzərindən aşkar edilib götürülmüş 02 (bir) ədəd bükümlərdəki kütlələrdən ağ rəngli sellofan bükümdə olanının psixotrop maddə “metamfetamin” olduğunu, digər sellofan bükümdəki kütlənin “heroin” olduğunu özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirmişdir.Həmçinin sorğu zamanı üzərindən aşkar edilib götürülmüş 01 ədəd açılıb-qatlanan bıçağı Mingəçevir şəhərindəki bazarların birindən 3-4 ay öncə 32(otuz iki) manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən 9 saylı evə özünün razılığı ilə video çəkilişdən istifadə edilməklə baxış keçirilməyə gedilmişdir. Həmin evə daxil olmamışdan əvvəl, Təqsirləndirilən şəxs könüllü olaraq bildirmişdir ki, onun yaşadığı evə baxış keçirməyimizə heç bir etirazı yoxdur və bu barədə ərizə vermişdir. Bundan sonra video çəkiliş aparmaqla, Təqsirləndirilən şəxs özü və vəkilinin iştirakı ilə onun yaşadığı evə tərəfimizdən baxış keçirilmişdir. Baxış zamanı qanunla saxlanılması qadağan edilmiş əşya və maddə aşkar edilməmişdir. Bütün hərəkətlər fotoçəçəkiliş vasitəsi ilə qeydə alınmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid1 Məhyəddin oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə keçirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən aşkar edilmiş bir ədəd pul qabına baxış keçirilən zaman 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümün içərisində ümumi təmiz çəkisi 0,122 qram olan psixotrop maddə metafetaminə oxşar kütlə, 1 ədəd sellofana bükülmüş bükümün içərisində ümumi təmiz çəkisi 0,203 qram olan narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, eyni zamanda onun əynində olan göy rəngli cins şalvarının arxa sağ yan cibindən bir ədəd açılıb-qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17\485 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi – 0,122 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,203 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2020-ci il tarixli 17\486 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Cinayət işində olan xx.xx.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 929 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işin materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,122 qram olan psixotrop maddə - metamfetamindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,072 qram olan psixotrop maddə - metamfetamin, ilkin xalis çəkisi 0,203 qram olan narkotik vasitə – heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,153 qram olan narkotik vasitə heroin və 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir MKT İstehsalat Birliyindən verilmiş xx.xx.2020-ci il tarixli 575 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Eyyublu Mehin adlı uşağı vardır. Cinayət işin materiallarında olan xx.xx.2020-ci il tarixli DİN-in BƏSSİ-in tələbnamədən və Bakı şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(007)- 135/2017 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasınının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini istintaqa məlum olmayan mənbədən əldə edərək daşımış, həmçinin qanunsuz olaraq 01 ədəd ov bıçağını istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq gəzdirmiş və xx xxxxxx 2020-ci il tarixdə saat 17:05-də Mingəçevir ŞPŞ-in Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən “Mərkəzi poçtun”nın qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 18:25 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının arxa sağ yan cibindəki pul qabının içindən təmiz çəkisi 0,203 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 0,122 qram olan bir ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 01 ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan açılıb-qatlanan, tiyəsində “STAİNLESS STEEL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağının olmasına və törətdiyi cinayət əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymət verir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə yəni, Bakı şəhər, Nizami rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-in 65.2ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-in 234.1 və 228.4-cü maddələrində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətlərdən birinin az ağır, digərinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu yaratdığına və həmin cinayətlərdən biri az ağır, digəri böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə, ona Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, onun şəxsiyyətini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin olunmasını əsaslı və qanuni hesab edir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni, xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 102,54 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,153 qram narkotik vasitə heroin, 0,072 qram psixotrop maddə metafetamin və bir ədəd tiyəsində “STAİNLESS STELL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,153 qram narkotik vasitə heroin, 0,072 qram psixotrop maddə metafetamin və bir ədəd tiyəsində “STAİNLESS STELL U.S.A” sözləri yazılmış soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı məhv edilsin. İş üzrə 102,54 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 168 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar