Məhkəmə qərarları › İş №1(051)-29/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-29/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-29/2025 09.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Günəşli bağ massivi nömrəsiz evdə yaşayan, barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(051)-140/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci siyahısının 111-ci bəndinə əsasən narkotik vasitə metadonun xeyli miqdarının aşağı həddi 0,02 qram, həmin siyahının 83-cü bəndinə əsasən narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda təsiredici maddəsinin çəkisi 0,04 qram olan 01 (bir) ədəd “F/M40” narkotik vasitə metadon tərkibli həbi və satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,242 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 may 2024-cü il tarixdə saat 16:55 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Xətai küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:35-dən 17:54-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol arxa cibindəki pul kisəsinin içərisindən 01 (bir) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,04 qram olan 1 ədəd “F/ M40” metadon həbi və ümumi təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, onun üzərində narkotik vasitə metadon tərkibli həb olmuşdur, lakin üzərində nakrotik vasitə heroin olmamışdır. Ona görə də metadon həbinə dair elan edilmiş ittihamla özünü təqsirli bilsə də, narkotik vasitə heroin ona məxsus olmadığı üçün həmin xüsusat üzrə özünü təqsirli bilməmişdir. Əvvəllər də narkotik vasitə istifadə etmiş, təxminən iyirmi gün əvvəl metadon tərkibli 3 ədəd həb tapmışdır. Həmin həbləri üzərində saxlayaraq həmin həblərdən istifadə edərək narkotik vasitə asılılığından qurtarmaq istəmişdir. Həmin həblərdən iki ədədini müxtəlif tarixlərdə istifadə etmişdir. 1 ədədi isə unudaraq pul kisəsinin içərisində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Mingəçevir şəhər Xətai küçəsinin H.Əliyev küçəsi ilə kəsişməsinin yaxınlığında olarkən polis əməkdaşları onu saxlatmışlar. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən ona dövlət hesabına müdafiəçi təyin olunaraq Tubu Hüseynova təqdim edilmişdir. O, müdafiəçiyə və digər iştirakçılara etirazı olmamasını bildirmiş, daha sonra üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, üzərində saxladığı bir ədəd qatlanıb açılan bıçağı, həmçinin pul kisəsinin içərisində saxladığı narkotik tərkibli metadon aşkar olunmuşdur. Bundan başqa yarımçıq istifadə etdiyi pentalqin preparatını da aşkar edərək götürmüşlər. Daha sonra həmin həblər, və bıçaq qablaşdırılaraq götürülmüşdür. Həmin qablaşdırmanı və tərtib edilmiş şəxsi axtarış və götürmə protokolunu imzalamışdır. Həmin metadon tərkibli həbi dəniz yolu adlanan ərazidə təsadüfən taparaq əldə etmiş, özü istifadə etmək məqsədilə üzərində saxlamış, satış məqsədi olmamışdır. Fəhlə işləri ilə məşğul olur və buna görə də daimi bıçaq lazım olduğu üçün üzərində buna görə daim bıçaq saxlayır. Üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitə heroin ona məxsus deyil, hansı şəraitdə və kim tərəfindən onun üzərinə qoyulmasından məlumatı yoxdur. Lakin dəqiq xatırlayır ki, üzərində narkotik vasitə heroin olmamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində üç nəfər azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində polis kiçik leytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə daxil olmuş məxfi məlumatda Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək üzərində saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhər Ş.İ.Xətai küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah olunaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Ruslan Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təyin olunaraq növbədə olan vəkil X3 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra ŞPŞ-nin inzibati binasında Növbətçi Hissənin qarşısında üzərinə onun müdaifəçisi və polis əməkdaşı Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilmiş və üzərindən xeyli miqdarda narkotik vasitə metadon və xeyli miqdarda narkotik vasitə heroin, 1 ədəd nakrotik vasitə istifadə etmək üçün turba və falqalar, 1 ədəd açılıb-qatlanan bıçaq aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nakrotik vasitə metadon olmasını və taparaq əldə etməsini, satış məqsədi olmadan üzərində saxlayaraq daşımasını, lakin narkotik vasitə heroin ona məxsus olmamasını bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə metadon və narkotik vasitə heroin elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs özü və müdafiəçisi habelə onunla yanaşı digər polis əməkdaşı tərəfindən zərf və şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib edilmiş protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər və onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitə heroinin ona məxsus olmaması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində olan pul kisəsinin içərisində saxladığı narkotik tərkibli metadon və bükümün içərisində isə yarımçıq istifadə etdiyi pentalqin preparatı olmuşdur. Bükümün içərisində olan narkotik vasitə heroinin ona məxsus olmadığını, hansı şəraitdə və kim tərəfindən onun üzərinə qoyulmasından məlumatı olmadığını, lakin üzərində narkotik vasitə heroin olmadığını dəqiq xatırladığını bildirmişdir. Bununla belə məhkəmə istintaqında təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən aparılmış video çəkilişə baxış keçirilən zamanı müəyyən olundu ki, onun üzərindən ümumi təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməsi öz əksini tapmışdır. Eyni zamanda ekspert rəyində də həmin bükümün içərisndə olan maddənin narkotik vasitə heroin olması öz təsdiqini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitə heroinin ona məxsus olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki göy rəngli cins şalvarının sol arxa cibindəki pul kisəsinin içərisindən 01 (bir) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,04 qram olan “F/ M40” metadon həbi və ümumi təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, narkotik vasitə heroin çəkmək üçün xüsusi hazırlanmış bir ədəd turba, narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş falqalar və bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol arxa cibindəki pul kisəsinin içərisindən 01 (bir) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,04 qram olan “F/ M40” metadon həbi və ümumi təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulmuş turba, 1 ədəd açılıb-qatlanan bıçaq aşkar edilərək qablaşdırılaraq götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2472 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №76” dairəvi möhür əksi və “ ... Təqsirləndirilən şəxs-imza .... dörd -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli həb metadon tərkibli dərman preparatıdır və həbin təsiriedici maddəsinin ümumi miqdarı -0,04 qramdır, (hər bir həbin təsir edici maddəsinin miqdarı - 0,04 qram olmaqla); 01 (bir ) ədəd bükümdəki təmiz çəkisi- 0,242 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/427 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metadondan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanımaq haqqında 03 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təsiredici maddəsinin çəkisi 0,04 qram olan metadon tərkibli F/ M40 həbdən ½ hissə tədqiqat üçün sərf edildikdən sonra qalıq ½ hissə həb və 0,242 qram narkotik vasitə heroindən 0,050 qram tədqiqat üçün istifadə edildikdən sonra qalıq 0,192 qram narkotik vasitə heroin və narkotik vasitə heroin çəkmək üçün xüsusi hazırlanmış bir ədəd turba və falqalar iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.2 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təsiredici maddəsinin çəkisi 0,04 qram olan metadon tərkibli F/ M40 həbdən ½ hissə tədqiqat üçün sərf edildikdən sonra qalıq ½ hissə həb və 0,242 qram narkotik vasitə heroindən 0.050 qram tədqiqat üçün istifadə edildikdən sonra qalıq 0,192 qram narkotik vasitə heroin və narkotik vasitə heroin çəkmək üçün xüsusi hazırlanmış bir ədəd turba və falqalar iş üzrə maddi sübut qismində tanınaraq saxlanca verilməsi haqqında qəbul edilmiş qərar nəzərə alınması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda təsiredici maddəsinin çəkisi 0,04 qram olan 01 (bir) ədəd “F/M40” narkotik vasitə metadon tərkibli həbi və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,242 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda təsiredici maddəsinin çəkisi 0,04 qram olan 01 (bir) ədəd “F/M40” narkotik vasitə metadon tərkibli həbi və satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,242 qram olan xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 may 2024-cü il tarixdə saat 16:55 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Xətai küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 17:35-dən 17:54-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol arxa cibindəki pul kisəsinin içərisindən 01 (bir) ədəd ümumi təsiredici maddəsinin çəkisi 0,04 qram olan 1 ədəd “F/ M40” metadon həbi və ümumi təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş Almaz, xx.xx.2017-ci il tarixdə doğulmuş İnci və xx.xx.2023-cü il tarixdə doğulmuş Əli adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Yevlax şəhər İHB-nın Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-140/2024 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ərazisində tutularaq Mingəçevir Şəhər polis Şöbəsinə gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Hazırki hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 (iki) ay 15 (on beş) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 (iki) ay 15 (on beş) gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 5 ay müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhəri, Günəşli bağ massivi nömrəsiz evdə yerləşən yaşayış yerini saat 23:00–dan 06:00– dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq ½ hissə həb və qalıq 0,192 qram narkotik vasitə heroin və narkotik vasitə heroin çəkmək üçün xüsusi hazırlanmış bir ədəd turba və falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatlarının dəyəri olan 92 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi isə Dövlət büdcəsinə aid edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda, şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 13 (on üç) gün müddət, cəmi 2 (iki) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 5 ay müddət, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhəri, Günəşli bağ massivi nömrəsiz evdə yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq ½ hissə həb və qalıq 0,192 qram narkotik vasitə heroin və narkotik vasitə heroin çəkmək üçün xüsusi hazırlanmış bir ədəd turba və falqalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri olan 92 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar