Məhkəmə qərarları › İş №1(051)-31/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-31/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-31/2022 06.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 09.02.2022 ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 26 yanvar 2016-cı il tarixdən hesablanmaqla 18 dekabr 2006-cı il tarixdə anadan olmuş Dinara adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100.00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyun 2016cı il tarixli, 2(051)-706/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2020-ci il tarixli, 3(051)-193/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatui xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə, icra sənədində göstərilən tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 22.05.2020-ci, 04.06.2020-ci, 27.07.2020-ci, 26.08.2020-ci, 28.09.2020-ci, 26.10.2020-ci, 27.11.2020-ci, 27.12.2020-ci, 28.01.2021-ci, 26.02.2021-ci və 15.03.2021-ci il tarixlərdə məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 19 mart 2021-ci il tarixədək 4535,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2006-cı ilin aprel ayında faktiki nikah münasibətlərinə girərək el adəti ilə toy edib ailə qurmuşlar. Nikahlarını 16.06.2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 18.12.2006-cı il tarixdə Dinara adlı bir uşaqları doğulmuşdur. Ailə qurduqdan sonra onlar mehriban şəraitdə yaşamışlar. Lakin sonra Aygünün valideynləri ondan ev almağı tələb etdikləri üçün münasibətləri pozulmuşdur. Onlar ər-arvad kimi bir yerdə yaşayanda o, kababçı-aşbaz kimi işləməklə aylıq qazancı 500-700 manat arası olmuş və həmin vaxtlar Mingəçevir şəhərində yaşadıqları üçün həmin şəhərdə yerləşən «Səadət» şadlıq sarayında şef poverbaş aşpaz kimi işləmişdir. Aygün ilə xasiyyətləri uyğun gəlmədiyi üçün onun ərizəsinə əsasən 07.06.2016-cı il tarixdə rəsmi boşanmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 07 iyun 2016-ci il tarixli, 2(051)-706/2016 nömrəli qətnaməsi ilə Dinaranın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan 26 yanvar 2016-cı il tarixdən başylayaraq, hər ay həmin uşağa görə 100 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir Şəhər Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Dəfələrlə icra orqanı tərəfindən ona alimentin ödənilməsi barədə xəbərdarlıqlar olmasına baxmayaraq, həmin məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Aygünün ondan heç bir səbəb olmadan və səbəb göstərmədən ayrıldığı, eyni zamanda onun soy adından çıxmadığı üçün onunla prinsip edib aliment borcunu ödəməmişdir. 2016-cı ildən, yəni Aygünlə ayrıldıqdan sonra Mingəçevirdə işlədiyi yerdən işdən çıxmış və yaşayış yerini dəyişərək Bakı şəhərinə köçmüş və hazıradək Bakı şəhəri Yasamal rayonu 52 saylı orta məktəbin yaxınlığında yerləşən həyət evində 60 manat məbləğində kirayə ödəməklə yaşayır. Bakı şəhərinə köçəndən müxtəlif restoranlarda günəmuzd olaraq işləmiş və ayda 500-700 manat arası qazancı olsa da, digər ehtiyaclarını ödədiyinə görə alimenti ödəyə bilməmişdir. Lakin anası öz pensiyasından imkanı olduğu qədər ödəniş etmişdir. Hazırda Bakı şəhərində Dərnəgül ərazisində Göyəzən restoranında kababçı işləməklə aylıq qazancı 1050 manat məbləğindədir. Ona icra məmuru tərəfindən cinayət məsuliyyəti izah olunsa da, o, Aygünə acıqlı olduğu üçün qəsdən aylıq ödənişləri etmirdi. Artıq hesab edir ki, bundan sonra həm aylıq aliment ödənişlərini həm də hazıradək toplanmış aliment borcunu vaxtlı vaxtında ödəyəcəkdir. Bakıda yaşadığına və işlədiyinə görə icra məmurunun çağırışlarına vaxtında gedə bilməmişdir. Bununla belə istintaq müddətində özü tərəfindən 1130 manat, işə məhkəmədə baxılan vaxt isə valideynləri tərəfindən 1450 manat məbləğində aliment borcundan pul ödənilmişdir. Azadlğa çıxarsa, yerdə qalan aliment borcunu ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiyi halların nəzərə alınmasını və ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2006-cı ilin yanvar ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını rəsmi qaydada isə 16.06.2006-cı il tarixdə qeyd etdirmişlər. Onların nikahlarından 2006-cı ildə Dinara adlı 1 uşaqları olmuşdur. Ailə qurduqları ilk iki il mehriban yaşadıqdan sonra xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq onu söyüb təhqir edib döyürdü. 2016-cı ilin əvvəllərindən Təqsirləndirilən şəxs ilə birgə kirayə olaraq yaşadıqları evdən çıxaraq ata evinə qayıtmışdır. Uşağı ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir. Ona görə valideynlərinin maddi yardımı ilə uşağını saxlamışdır. O, Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq, maddi köməklik etməsini bildirməsinə baxmayaraq, sonuncu uşağın saxlanması üçün heç bir yardım etməmişdir. Bundan sonra o, Elnura qarşı məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin 07.06.2016-cı il tarixli, 2(051)- 706/2016 saylı qətnaməsi ilə 18.12.2006-cı il təvəllüdlü Dinaranın yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs 26.11.2016-cı il tarixdən etibarən hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsini qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2020-ci il tarixli, 3(051)- 193/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati qaydada həbs edildikdən sonra bir neçə ay cəmi 400-500 manat məbləğində aliment borcundan ödəmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 19.03.2021-ci tarixə cəmi 4535 manat ödəməmiş borcu qalmışdır. İstintaq müddətində təqsirləndirilən şəxs tərəfindən 1130 manat, işə məhkəmədə baxılan vaxt isə təqsirləndirilən şəxsin anası tərəfindən 1450 manat məbləğində ödəniş edilmişdir. Bununla belə 19.03.2021-ci tarixdən hazırkı vaxta qədər təqsirləndirilən şəxs aylıq aliment ödənişlərini də etməmişdir. Ona görə də o, uşağın saxlanması zamanı maddi cəhətdən çətinlik çəkir. Ona görə də təqsirləndirilən şəxslə razılıq əldə edilməmiş və ondan şikayətçidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmaqla hazırda Bakı şəhərində yaşayır və Bakı şəhəri Binəqədi rayonu X7 küçəsində yerləşən, “Göyəzən” adlı restoranın sahibi olmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibi olduğu restorana kababçı lazım olduğu üçün “Whatsapp” qrupunda elan verdiyinə görə Təqsirləndirilən şəxs həmin elan vasitəsi ilə restorana gəlib onunla görüşmüş və gündə 10 manat əmək haqqı müqbilində razılaşmaqla ona məxsus olan restoranda kababçı kimi fəaliyyət işləmişdir. Razılaşdıqları müddətdən 10-15 gün keçmiş, Təqsirləndirilən şəxs polislər tərəfindən aparılmışdır. Onadan sonra isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. O, Təqsirləndirilən şəxs aliment borcu olduğunu bilməmiş, çünki Təqsirləndirilən şəxs bu barədə ona məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Mingəçevir Şəhər Məhkəməsinin 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 26.01.2016-cı il tarixdən hesablanmaqla 18.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq, onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2020-ci il tarixli, 3(051)-193/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu icra orqanına təqdim etdiyi qəbzlərdən göründüyü kimi indiyədək tələbkara borcundan cəmi 1665 manat ödəniş etmiş və təqdimat verilən günə 4535 manat borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icraya yönəldiyi vaxtdan təqdimat verilən günədək qərəzli olaraq tam icra etməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 iş yeri dəyişdirildiyinə görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə o, məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona görə də məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 26.01.2016-cı il tarixdən başlayaraq, 18.12.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin 18.07.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı icra sənədi 14.07.2016-cı il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 18.07.2016-cı il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 23.01.2018-ci il, 11.05.2020-ci il və 28.01.2021-ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən şəxsən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir Şəhər Məşğulluq Mərkəzinin 02 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2020-ci il tarixdə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Təqsirləndirilən şəxs “X9” MMC-də sosial işçi, ictimai işlər (əmək haqqı 250 manat) işi təklif olunmuş, lakin əmək haqqının onu qane etmədiyini bildirərək, təklif olunan işdən imtina etmişdir. Cinayət işinin materiallarında olan borclunun axtarılması haqqında 14.08.2018-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 01.02.2016-31.03.2021-ci illər ərzində ödədiyi aliment puluna dair cədvəllərdən görünür ki, borclu tərəfindən qeyd edilən illər ərzində ümumilikdə 2865 manat aliment ödənilmiş, 4535 manat məbləğində aliment isə borc olaraq qalmışdır. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Mingəçevir filialının və Azərpoçt MMC-nin mədaxil qəbzlərindən görunür ki, istintaq dövründə Zərərçəkmiş şəxs xeyrinə müxtəlif vaxtlarda cəmi 1130 manat pul ödənmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Polis Şöbəsinin 20.08.2021-ci il tarixli, 158-35995-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir ŞPŞ-nin CAB-da 651114/21 saylı axtarış işi açılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2020-ci il tarixli, 3(051)-193/2020 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 12.03.2018-ci il tarixli 8(051)–68/2018 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan 23.01.2018-ci il tarixdə Mingəçevir şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı mənzildə borcluya məxsus qanunla tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin 02.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və o, tutularaq, Nərimanov RPİ-nin MSY-yə yerləşdirilməklə bu barədə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmış və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin 18.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Nərimanov Rayon Polis Şöbəsinə təhvil verildiyindən, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Həmçinin onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin sübutların qiymətləndirilməsi haqqında 26.11.2021-ci il tarixli 278 saylı qərarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri, protokollar və toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan 18.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Bəkirov X4 Şəhər Məhkəməsinin 07.06.2016-cı il tarixli, 2(051)-706/2016 saylı qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir Şəhər Məhkəməsinin 12.05.2020-ci il tarixli, 3(051)-193/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətə həbs edilməsinə və icra sənədində göstərilən tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona cinayət məsuliyyəti barədə 22.05.2020-ci il, 04.06.2020-ci il, 27.07.2020-ci il, 26.08.2020-ci il, 28.09.2020-ci il, 26.10.2020-ci il, 27.11.2020-ci il, 27.12.2020-ci il, 28.01.2021-ci il, 26.02.2021-ci il və 15.03.2021-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək, həmin məhkəmə aktında nəzərdə tutulmuş pulu tələbkara ödəməyərək, Zərərçəkmiş şəxs 4535 manat məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini və həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, təqsirləndirilən şəxs istintaq müddətində 1130 manat, 28.02.2022-ci il tarixdə isə 1450 manat məbləğində aliment borcunu ödəmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 16 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri ərazisində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 18 oktyabr 2021-ci tarixdə verilmiş “qətimkan tədbiri seçilməsi ” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçimişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09.02.2022–ci il tarixdən hesablanmalıdır. Belə ki, axtarışda olan şəxsin tutulması haqqında 09.02.2022-ci tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.02.2022-ci tarixdə Bakı şəhəri ərazisində tutularaq Mingəçevir ŞPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5–ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti rəsmi qaydada verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar