Məhkəmə qərarları › İş №1(051)-32/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-32/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-32/2024 31.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 23 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Mingəçevir şəhər N.Nərimanov prospekti ev 44, mənzil 24-də qeydiyyatda olmaqla Mingəçevir şəhər Günəşli bağ massivi 9-cu küçə nömrəsiz evdə yaşayan, barəsində xx.xx.2023-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2023-cü il tarixli qərarla ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 06 (altı) ay 23 (iyirmi üç) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunduqdan və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdıqdan sonra məhkumluğu ödənilmədən və ya qanunla müəyyən edilməmiş qaydada üzərindən götürülmədən islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,334 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 21 avqust 2023-cü il tarixdə saat 16:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 53 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 17:20 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,334 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, onu Mingəçevir şəhərinin kolxoz bazarında tutublar və buna baxmayaraq o ittihamla razılaşıb. Onu tutduqdan sonra polis şöbəsinə gətirmişlər. Sonra ona təqsiri qəbul etməzsə, daha ağır maddə ilə ittiham olunması ilə bağlı hədə-qorxu gəlmişlər. O, polis şöbəsində ifadəsini təzyiq altında vermişdir. Onu təhdid etdikdən sonra razılaşmışdır. Tutulduğu zaman üzərində heç nə olmamışdır. Kolxoz bazarında polis əməkdaşları onu tutan zaman arxa cibinə narkotik vasitə yerləşdiriblər. Doğrudur çəkiliş zamanı hər şeyi etiraf edib, ancaq onu təhdid ediblər. Ümumiyyətcə narkotik vasitələrdən istifadə edib, lakin tutulan vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. O, bir daha qeyd edir ki, tutulan zaman onun üstündə heç nə olmamış və Mingəçevir şəhəri H.Əliyev prospekti 53 saylı binanın yaxınlığında deyil, kolxoz bazarında olan zaman tutublar. O, bir daha qeyd edir ki, onun təqsiri yoxdur. Qeyd olunanları təzyiq altında boynuna alıbdır. Ona görə də qərar qəbul edilərkən onun barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin tarixdə narkotik vasitə əldə edərək üzərində gəzdirməsinə dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Sənayə Parkı”nın yaxınlığında küçədə piyada gedərkən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı barədə barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması izah olunaraq polis şöbəsinə dəvət edilmişdir. Bundan sonra Əhmədov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Şahin İmanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X8 dəvət olunub və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında təhqiqatçı tərəfindən vəkil X3 da iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunub ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd qızılıağ rəngli kağız bükümü çıxardaraq təqdim edib içərisində narkotik vasitə heroin olmasını bildirirək təqdim etmişdir. Həmin bükümün içərisində olan kütləyə baxıldıqda narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan narkotik vasitə heroini həmin gün taparaq əldə etdiyini, satış məqsədi olmadan özü istifadə məqsədilə saxlayaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin onun özünün, müdafiəçisi Tubu Hüseynovanın iştirakları ilə elektron tərəzi vasitəsilə çəkilib zərfə qoyularaq qablaşdırılmış imzalarla təsdiq edilmiş və möhürlənmişdir. Tərtib olunmuş şəxsi axtarış və götürmə protokolunu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, X6 ifadəsində bildirdi ki, o, Mübarizi iyirmi ildir bazarda işləyəndən tanıyır. Mübarizin anası bazarda işləyir və yeyinti məhsulları satır, Mübariz də onlara kömək edir. Onlar ailəliklə orada işləyir. O, özü də bazarda göy-göyərti satır. Tarixini dəqiq xatırlamasa da onlar bazarda işləyən vaxt günorta vaxtlarında üç nəfər Mübarizin qoluna girərək onu apardılar. Amma onların kim olduğunu bilməmişdir. Onlar polis formasında olmamışlar və Mübarizi bir taksiyə otuzduraraq aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, X11 ifadəsində bildirdi ki, o, Mübarizi tanıyır. Onlar bazarda işləyirlər. Tarixini dəqiq xatırlamasa da bir dəfə bazarda olan zaman üç nəfər mülki geyimli şəxsin Mübarizin qoluna girərək onu apardıqlarını görmüşdür. Amma hara getdiklərini və kimin apardığını bilməmişdir. Həmin vaxt bu barədə Mübarizin bacısına məlumat vermişdir. Başqa heçnə bilmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş, X4 ifadəsində bildirdi ki, Mübariz onun qardaşıdır. Qardaşı onunla bir yerdə bazarda işləyir. Polislər Mübarizi saxladıqları gün Mübariz ondan pensiya kartını alaraq pulu çıxarmağa getmişdir. Sonra qardaşı oğlu gəlib ona Mübarizi polislərin apardıqlarını demişdir. Polislər Mübarizi apararkən onlara “əlinizi cibimə atmayın” kimi ifadə işlətmişdir. Ondan sonra nə baş verdiyini bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs dostunun əmisidir. Tarixini xatırlamadığı gün bazarda olarkən Mübarizin bir neçə mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılıb aparıldığını görmüş, həmin vaxt Mübarizin üstündə narkotik olmamış, saxlanılan zaman polislərdən biri onun cibinə nəsə qoyarkən görmüş, polislər Mübarizi avtomobilə əyləşdirib apardıqdan sonra nə baş verdiyini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə aşkar edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:40 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 23 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-73/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. 21 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd qızılıağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,334 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/632 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitə” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,334 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 13 iyul 2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 1173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən də görünür ki, Əhmədov X2 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1 və 69.3-cü maddələrinə əsasən 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə 06 (altı) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilməmiş qaydada üzərindən götürülməmiş şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 3 X16 X5 Şəhər Qəbul Şöbəsinin təqdim etdiyi arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən 3-cü qrup əlilliyə görə müddətsiz sosial müavinət alır və aylıq müavinətin məbləği 150 (yüz əlli) manatdır. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata 0,050 qram hissəsi sərf edildikdən sonra qalıq qalan 0,284 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2023-cü il tarixli protokola uyğun olmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs üzərində olmuş ***-***-**-** mobil nömrəsinin xx.xx.2023-cü il tarixdən saat 00:00-dan xx.xx.2023-cü il tarixədək saat 00:00-a qədər hansı ərazilərdə olması barədə anten dairəsi məlumatlarının Mingəçevir şəhər Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilərək "xxxx" MMC-nə göndərilmişdir. "xxxx" MMC tərəfindən Mingəçevir şəhər Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qeyd edilən ********* saylı nömrənin qərarda göstərilən müddətdə "xxxx" şəbəkəsində istifadəsinin aşkarlanmadığı göstərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı ilə bağlı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Əhmədov X2 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olmaması və ağırlaşdıran hal kimi cinayətlərin residivinin olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaqda tutulduğu vaxtdan, yəni 21 avqust 2023-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını çəkdiyi müddətdə narkoloji kabinetdə qeydiyyatda alınmalı, iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş 0,284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 69,10 (altmış doqquz manat on qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,284 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar