Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-32/2025 12.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 6,57 qram çəkidə, kustar üsulla hazırlanmış, narkotik vasitə-qurudulmuş marixuananı əynindəki ağ rəngli, kətan şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 11 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılıb, Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 18:50-dən saat 18:58-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 6,57 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki ağ rəngli kətan şalvarın sağ, yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, saat 4-5 radələrində işdən çıxıb evə getmişdir. Yemək yedikdən sonra çayxanaya getmək üçün evdən çıxmışdır. Binanın qarşısında olarkən 3 maşın dayandı. Təxmini 12 nəfər olardılar. O, dedi ki, camaat içərisində çəkilişlə üzərinə axtarış keçirsinlər. Etmədilər, o maşına mindi. Mingəçevir şəhər Polis Şöbəsinə gəlmişdilər. Qoluna qandal taxdıqdan sonra cibinə 1 qutu narkotik vasitə qoymuşdular. O, da məcbur qalıb qəbul etmişdir. O əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur və bir dəfə də məhkumluğu olub. Ancaq hazırda onun üzərində heç bir narkotik vasitə olmadan, belə bir hadisə baş vermişdir. O, narkotik vasitədən arada istifadə etmişdir. Qeyd olunanları nəzərə alıb həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Sabib oğlu məhkəmə ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid1 və o Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı onu saat 18:10 radələrində Mingəçevir şəhəri Y.Muradov küçəsi, 11 nömrəli tam orta məktəbin yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Polis Şöbəsində məlumat olduğunu bildirib onu Polis Şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi, həmçinin Polis Şöbəsinə vəkil X6 dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin, o da ağ rəngli kətan şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra saat 18:50də vəkilin və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Aşkar olunmuş 1 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd kibrit qutusu ilə birlikdə ümumi cəmi çəkisi 9,59 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2024-cü ilin iyun ayının 27-də Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 18 nömrəli tam orta məktəbin yaxınlığında ağacın dibindən tapdığını, üzərində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şaiq oğlu ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 məhkəmə ifadəsində bildirdi ki, Rövşənin tutulduğu gün qəbiristanlıqdan qayıdarkən uzaqdan insanların toplaşdığını görmüşdür. Onların arasında tanışı Rövşəni də görmüş və tanımışdır. Rövşənin qışqıraraq “burada üzərimə baxış keçirin” dediyini eşitmişdir. Lakin polis əməkdaşlarının onun sözlərinə məhəl qoymadan onu zorla ağ rəngli maşına mindirərək apardıqlarını görmüşdür. Rövşəni tutanların polis olduğunu ora toplaşanlardan eşitmişdir. Belə ki, onlar mülki formada olduqlarından polis olduqlarını anlaya bilməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 məhkəmə ifadəsində bildirdi ki, Rövşənin tutulduğu gün qaynanasıgildən qayıdırdı. Belə ki, Rövşəni qaynanasının qonşusu kimi uzun müddətdir, tanıyır. Qaynanasıgildən qayıtdıqda insanların toplaşdığını görmüş, yaxınlıqdakı adamlardan nə baş verdiyini soruşduqda Rövşəni polis əməkdaşlarının apardığını bildirmişdirlər. Ancaq Rövşən onun orada olduğunu görməmiş və o da, Rövşənin polisə qışqıraraq nəsə deməsini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli polisin əzarəti altına vermə qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 27 iyun 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki ağ rəngli kətan şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 9,59 qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/574 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldü...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1501 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyidən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin olunmuş maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,57 (altı tam yüzdə əlli yeddi) qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalan qalıq 6,55 (altı tam, yüzdə əlli beş) qram olan narkotik vasitə-qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş 08 may 2025-ci il tarixli Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs, hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır, barəsində ünvan 3ə barəsində heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 adlı azyaşlı uşaqları vardır. Mingəçevir şəhər 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 322 saylı arayışdan görünür ki, Rüstəmov X1 şəhəri, Z.Həsənova küçəsi, ev 2, mən 32 ünvanında yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələrini iş üçün mühüm əhəmiyyət kəsb edən sübut növü kimi qəbul etmir. Belə ki, həmin şahidlərin təqsirləndirilən şəxslə yoldaşlıq münasibətləri mövcuddur. Eyni zamanda şahidlər tərəfindən verilmiş ifadələrdə hadisə tam və dəqiq təsvir olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini özü etiraf etməsə də, şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşaqlarının olması (CM-59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən hesablanmalı, (CPM- 158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 6,55 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 35,97 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-32/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-32/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver