Məhkəmə qərarları › İş №1(051)-33/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-33/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-33/2024 29.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1991-ci ildə Rusiya Federasiyası, Novqorod şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.246 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “köhnə poçt” deyilən ərazinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 10:23-dən saat 10:30-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitəheroin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər də narkotik vasitə olan heroindən istifadə etmişdir.xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində Mingəçevir şəhəri, H.Əliyev küçəsi, keçmiş mərkəzi poçt idarəsinin yaxınlığında piyada keçən zaman yerdən 01 ədəd ağ rəngli kağız büküm olduğunu görüb götürmüşdür. Həmin bükümü açıb içərisinə baxanda narkotik vasitə olan heroin olmasını anlamışdır. Həmin narkotik vasitəni sonra gələcəkdə istifadə etmək məqsədi ilə əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir. Anası işə gedənə qədər yaşadığı Mingəçevir şəhəri, H.Əliyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən “ucuzlaşdırma” cərgəsində gəzmişdir. Həmin günü saat 10 radələrində anası işə getdikdən sonra yaşadıqları binanın arxasından binanın qarşısına evə gedib əynindəki qara rəngli şalvarın sol yan cibində gizlətmiş olduğu narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb onun barəsində Mingəçevir şəhər polis şöbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində onun üzərinə baxış keçirilmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Daha sonra həmin 01 ədəd ağ rəngli kağız bükümə baxış keçirilmiş və baxış zamanı kütlənin rəngindən və spesifik iyindən narkotik vasitə-heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və heroinə oxşar kütlənin ümumi çəkisi 0.42 qram olmuşdur. Daha sonra həmin kütlə onun və digərlarinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Həmin narkotik vasitəni saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuş, heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsində CAB-in baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 10 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Ruşanov X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təhməzov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirilmiş və onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə heroinə oxşar kütlə olması aşkar olunmuşdur. Aşkar edilən kağız bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi 0.42 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır, zərfin üzəri AR DİN- in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır . Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və ƏRQ-nun operatoru Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir bükümü təqdim etmiş, içərisində olan narkotik vasitəni şəxsi istifadəsi üçün Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «köhnə poçt» adlanan ərazidə tapdığını bildirmişdir. İçərisində narkotik vasitə-heroinə bənzər kütlə olan həmin büküm tərəzidə çəkildikdə cəmi çəkisinin 0.42 qram olması müəyyən edilmiş və daha sonra qablaşdırılaraq götürülmüşdür (i.v. 28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/621 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0.246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir (i.v.37). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, №1874 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.116). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0.196 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.82-83). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən diskin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.118-122). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10:15-dən tutulmuş hesab edilmişdir (i.v.19). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.60-61). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.62-63). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təhməzov X2 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilərək CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2021-ci ildə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 03 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (i.v.108-109). xx.xx.2023-ü il tarixli 1300 nömrəli arayışa əsasən Təhməzov X2 Psixo-Nevroloji Dispanserdə “Nevrosteniya” diaqnozu ilə psixiatrik müşahidəyə götürülməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 1274 saylı Mingəçevir Şəhər rayonlararası Nakroloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən həmin dispanserdə opioidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu, asılılıq pozuntusu diaqnozu ilə qeydiyyata alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-33/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə– psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 26 nömrəli rəyə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş və halhazırda da onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdən-xx.xx.2024-cü il tarixədək Mərkəzi stasionar şöbəsində müayinə və müşahidə olunması göstərilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 99-cu maddəsinə əsasən cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin stasionar şöbəsində saxlandığı 9 gün müddət, cəmi 11 (on bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – 0.196 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin stasionar şöbəsində saxlandığı 9 gün müddət, cəmi 11 (on bir) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş maddi sübut tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.196 qram olan narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71.94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar