Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-34/2021 30.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş,azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci və 228.4cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasan qəti olaraq 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 03.09.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 10 №-li evin 20 №-li mənzilinə gətirib hissələrə bölərək 9 ədəd siqaretin gümüşü rəngli kağızlarına qablaşdırıb bükümlər halında mənzilin yataq otağında xalçanın altında, həmin narkotik vasitə olan heroindən məhlul halına gətirərək 1 ədəd 1 ml-lik şprisə doldurub sağ ayağındakı corabın içərisində satış məqsədi ilə gizlədərək saxlamış, onunla bir evdə yaşayan qardaşı arvadı Şahid3 məlumatı əsasında 01 sentyabr 2020-ci il tarixdə saat 20:05-də Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən Mingəçevir şəhəri 20 Yanvar küçəsində saxlanılaraq Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd 1 ml-lik şprisdə olan 0.012 qram narkotik vasitə heroin sağ ayağındakı corabın içərisindən, həmin gün saat 20:55-də yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 №- li evin 20 №-li mənzilinə keçirilən baxış zamanı 9 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0.049 qram, 0.065 qram, 0.082 qram, 0.036 qram, 0.085 qram, 0.066 qram, 0. 080 qram, 0.086 qram və 0.123 qram ümumi təmiz çəkisi 0.672 qram narkotik vasitə olan heroin, 1 ədəd “Rosai” markalı elektron tərəzi və 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olan “Qədiroğlu market” yazısı yazılmış plastik kartı yataq otağından aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında məhkəməyədək icraat zamanıverdiyi ifadəsindən qismən imtina edərək Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir. 2020-ci ilin avqust ayının ortalarında günorta saatlarında Mingəçevir şəhəri, Q.Nəbi küçəsindən keçərkən yerdə kağız büküm görüb, həmin bükümü götürüb açıb baxdıqda içərisindəkinin narkotik vasitə heroin olduğunu tanımışdır. 01 sentyabr 2020-ci il tarixdə axşam saatlarında narkotik vasitə heroindən istifadə etmək üçün “şpris”-ə doldurub kağıza bükərək sağ ayağındakı corabın boğazında gizlətmişdir. Saat təqribən 21 radələrində yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 saylı yaşayış binasının yaxınlığında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu bildirirərək onu polis şöbəsinə dəvət etmiş, o da buna etiraz etməmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən sağ ayağındakı corabın boğaz hissəsindən kağıza bükülmüş iki ədəd şpris aşkar edilmişdir. Şprislərə baxılarkən birinin içərisi boş olduğu digərinin içərisində isə məhlul olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, həmin şprisdə olan məhlulun narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərinə axtarış keçirilməsi barədə tərtib edilmiş protokolu o da proses iştirakçıları kimi imzalamışdır. Daha sonra polis əməkdaşları onun yaşadığı mənzilə onun iştirakı olmadan getmişlər. Polis əməkdaşları onun mənzilidən qayıtdıqdan sonra ona sözlə təzyiqlər göstərərək ondan mənzilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə almışlar. Daha sonra mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı xalçanın altından 9 ədəd siqaretin gümüşü bükümləri, l ədəd elektron tərəzi və “Qədiroğlu" mağazalar şəbəkəsinə məxsus alış-veriş kartı aşkar edilmişdir. O, baxış zamanı polis əməkdaşlarının təzyiqlərindən qorxaraq, həmin bükümlərin və tərəzinin ona məxsus olmasını demiş, lakin mənzildən aşkar edilmiş 9 ədəd siqaretin gümüşü bükümlər və l ədəd elektron tərəzi ona məxsus olmamışdır. Həmin bükümlər və tərəzi o, polis şöbəsində olan vaxt polis əməkdaşları tərəfindən onun yaşadığı otağa qoyulmuşdur. Bu halı onun qardaşı qızı Aysel də təsdiq etmişdir. Çünki Ayselin bildirdiyinə görə o, polis şöbəsində olan vaxt Şahid1 adlı əməliyyatçı onun yaşadığı evə gəlmiş və onun yatdığı otağa daxil olub çıxmışdır. Hesab edir ki, həmin narkotik vasitəni də Şahid1 onun yaşadığı otağa yerləşdirmiş, sonra da axtarış nəticəsində guya tapmışdır. “Qədiroğlu" mağazalar şəbəkəsinə məxsus alış-veriş kartı ona məxsus olmuşdur. O həmin kartdan alış-veriş zamanı istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək məqsədilə daşımış, lakin mənzildən aşkar olunanlar ona aid deyildir və onun narkotik vasitə satmaq niyyəti olmamışdır. Eləcə də, o, hazırkı vaxta qədər heç kəsə narkotik vasitə satmamışdır. Bu barədə bir nəfər də olsun şahid yoxdur. Üzərindən aşkar edilmiş narkotik vasitə isə şəxsi istehlak miqdarından az olduğuna və özü istifadə etdiyinə görə cinayət məsuliyyəti yaratmır. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 01.09.2020-ci il tarixdə DİN-in 102 xidmətindən Mingəçevir ŞPŞ-nin növbətçi hissəsinə Şahid3 qayını Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 saylı yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmiş, o da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan olunmuş əşya olduğu halda çıxarıb könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da sağ ayağındakı corabın içərisindən ağ rəngli kağız bükümdə 2 ədəd şprisi çıxarıb təqdim etmişdir. Həmin şprislərə baxarkən birinin içərisi boş olduğu, digərinin içərisində isə məhlul olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şprisin içərisindəki məhlul narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 saylı evin 20 saylı mənzilinə baxış keçirilməsi təklif olunmuş, o da yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Mənzilə baxış keçirilərkən, Təqsirləndirilən şəxs yataq otağındakı xalçanın alt hissəsindən 9 ədəd siqaretin gümüşü kağız bükümü, otaqdakı masanın üzərindən 1 ədəd "Qədiroğlu" marketə məxsus plastik alış-veriş kartı, 1 ədəd "Rosai" markalı elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş 9 ədəd siqaretin gümüşü kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisindəkinin qəhvəyi rəngdə, kəskin iyli, kristallik maddə narkotik vasitəyə oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 9 ədəd gümüşü rəngli kağız bükümündə olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, siqaretin gümüşü kağız bükümləri ilə birlikdə ayrı-ayrılıqda çəkiləri 0.13 qram, 0.16 qram, 0.10 qram, 4 0.13 qram, 0.13 qram, 0.15 qram, 0.21 qram, 0.17 qram, 0.14 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 2020-ci ilin avqust ayının ortalarında Mingəçevir şəhəri, Q.Nəbi küçəsindən keçərkən 1 ədəd kağız bükümündə yerdən tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün yaşadığı mənzilə gətirib mənzildə gizlətdiyini və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə, 1 ədəd elektron tərəzi və 1 ədəd "Qədiroğlu" marketə məxsus plastik alış veriş kartı poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürləndi. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin Mingəçevir CAB-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1998-ci ildə X8 ilə rəsmi nigaha daxil olub evlənmişdir. Təqsirləndirilən şəxs onun qayınıdır. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb edilmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə eyni mənzildə yaşayır, lakin sonuncu mənzilin bir otağından tək istifadə edir. Onun istifadə etdiyi yataq otağına heç kəs daxil olmur. Zülfüqar təqribən 1 ilə yaxındır narkotik vasitələrdən aktiv şəkildə istifadə edir. Son günlər isə mütəmadi olaraq narkotik vasitədən istifadə etməyə başlamış, Zülfüqarın hərəkətlərində qeyri adilik hiss etmişdir. Belə ki, son dövrlər Zülfüqar narkotik vasitələrdən istifadə edib yaşadıqları mənzilə gəldiyi üçün aralarında mübahisələr yaranmışdır. O, əvvəllər Zülfüqarın yalnız narkotik vasitələrin istifadəçisi olduğunu zənn etsə də, son dövrlər yaşadıqları mənzilə Zülfüqarın yanına müxtəlif şəxslər gəlib getməyə başlamışdır. O ilkin olaraq həmin şəxslərin Zülfüqarın dostları olduğunu zənn etmiş, sonradan ona Zülfüqarın həmin şəxslərə narkotik vasitə verdiyi məlum olmuşdur. Sonuncu dəfə 01.09.2020-ci il tarixdə Zülfüqar narkotik vasitənin təsiri altında yaşadıqları mənzilə gəldiyi üçün aralarında mübahisə yaranmış, o, əsəbləşib bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Belə ki, onun eyni mənzildə 2 azyaşlı övladı yaşadığından, o, Zülfüqarın narkotik vasitələrdən istifadə etdikdən sonra narkotik maddənin təsiri altında xoşagəlməz hadisələr törədəcəyindən ehtiyyatlanaraq bu barədə məlumat vermişdir. Belə ki, Zülfüqarın yanına gəlib-gedən, tanımadığı şəxslərin də narkotik maddə alüdəçiləri olduğunu, bir neçəsinin, hətta həbs olunduğunu bildikdən sonra, daha da narahat olmuşdur. O səbəbdən də o, Zülfüqara bu yoldan əl çəkməyi dəfələrlə bildirmiş, lakin Zülfüqar hər dəfə söz versə də, yenə də əməlindən əl çəkməmiş və hərəkətlərini davam etdirmişdir. Ona görə də o, əri və qaynı ilə məsləhətləşdikdən sonra polisə məlumat vermək qərarına gəlmişdir. Ondan sonra Zülfüqarın küçədən tutulub polisə aparıldığını eşitmişdir. Bir az keçdikdən sonra isə Zülfüqar polislərlə birlikdə yaşadıqları evə gəlmişdir. Həmin vaxt əri və uşaqları da evdə olmuşdur. Polis əməkdaşları Zülfüqarın istifadəsində olan otaqda axtarış aparmışdır. O, Zülfüqarın yaşadığı otağa heç vaxt daxil olmamışdır. Həmin vaxt Polis əməkdaşları Zülfüqarın yaşadığı otaqdan bəzi qadağan olunmuş narkotik maddələr və tərəzi aşkar etmişlər. Axtarış aparılan zaman və ondan sonra onların yaşadıqları evdə polisin Zülfüqara təzyiq və təsir etdiyini görməmişdir. Zülfüqar polis əməkdaşları ilə getdikdən sonra, onun qızı Aysel əmisinə çox bağlı olduğundan, ağlamış və onun tutulmasından mütəssir olmuşdur. Çünki ondan əvvəl onun qardaşı Rizvan Kərimov da narkotik vasitə alüdəçisi olduğuna və daima Zülfüqarla birlikdə istifadə etdiklərinə, həmçinin anasının evindəki əşyaları oğurlayıb satdığına görə o öz qardaşının da barəsində polisə məlumat vermişdir. O səbəbdən də Aysel onun hərəkətlərinə etiraz etmişdir. Lakin o, Ayselə həm Zülfüqarın, həm də Rizvanın düz yola qayıtmaları üçün şikayət etdiyini başa salmışdır. Məhkəmə istintaqında qanuni nümayəndəsi X3 iştirakı ilə əlavə şahid qismində dindirilmiş 24.04.2005-ci il tarixdə doğulmuş X18 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi daima onlarla bir mənzildə yaşamışdır. Ona görə də o, əmisini çox istəyir. 01.09.2020-ci il tarixdə anası əmisinin barəsində DİN-in 102 xidmətinə məlumat verdikdən sonra polis əməkdaşları anasının ərizəsini almış və əmisi Zülfüqarı aparmışlar. Ondan sonra o və bacısı evdə olmuşdur. Lakin polsilər getdikdən sonra bir nəfər mülki geyimli şəxs qapını döymüşdür. O da qapını açmış, həmin şəxs polis olduğunu demiş və əmisinin otağına baxmaq istədiyini demişdir. O da etiraz etməmişdir. Həmin mülki geyimli şəxs əmisinin yaşadığı otağın qapısını açmış və içəri daxil olmuş və tez bir vaxtda çıxmışdır. Onun içəridə olması bir neçə saniyə çəkmişdir. Sanki, qapını açıb içəri baxması qədər bir vaxt olmuşdur. Çünki həmin vaxt o da qapının qarşısında dayanmışdır. Sonra həmin mülki geyimli şəxs getmişdir. O, həmin şəxsi nə əmisini aparan, nə də sonradan baxışa gələn polislər arasında görməmişdir. Ona heç kim təzyiq göstərməmiş, nə də heç kim onu bu sözləri deməyə məcbur etməmişdir. Onun özü könüllü ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 01.09.2020-ci il tarixli baxış və götürmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı o, sağ ayağına geyindiyi corabın içərisindən ağ rəngli salfetkaya bükülmüş bükümdə iki ədəd, birinin içərisi boş digərinin içərisində isə narkotik vasitəyə oxşar maye kütlə olan şprisi təqdim etmişdir. Cinayət işinin materiallarında olan 01.09.2020-ci il tarixli baxış və götürmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 №-li evin 20№-li mənzilinin yataq otağındakı xalçanın altından 9 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində ümumi çəkisi 0.672 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, l ədəd "Rosai" markalı elektron tərəzi, 1 ədəd üzərində "Qədiroğlu market” yazısı olan plastik kart aşkar edilib götürülmüşdür. Cinayət işinin materiallarında olan 01.09.2020-ci tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsi prosessini özündə əks etdirən DVD disklərə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, DVD diskədə əks olunmuş video görüntülərdə, Təqsirləndirilən şəxs sağ ayağındakı corabın içərisindən 2 ədəd birinin içərisində məhlul digərinin içərisi boş olan şprislər, yaşadığı mənzildə xalçanın altından 9 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində ümumi cəmi çəkisi 0.672 qram olan narkotik vasitə heroin, 1 ədəd elektron tərəzi, 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olmuş üzərinə "Qədiroğlu market” yazısı yazılmış plastik kart aşkar edilib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həmin 2 ədəd şprisin, 1 ədəd elektron tərəzinin, 9 ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində ümumi cəmi çəkisi 0.672 qram olan narkotik vasitə heroinin, 1 ədəd "Qədiroğlu market” yazısı yazılmış plastik kartın ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan 01.09.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 02.09.2020-ci il tarixli 17/528 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... 1 ədəd şpris sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədədi 1 ml-lik şprisdə 0,3 ml həcmdə olan tünd sarımtıl-qəhvəyi rəngli məhlul kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0.012 qramdır. Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitələr....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0.065 qram, 0.082 qram. 0.036 qram, 0.085 qram, 0.066 qram, 0.080 qram, 0.086 qram və 0,123 qram, ümumi təmiz çəkisi 0,672 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfin içərisindəki 01 (bir) ədəd üzərində "Qədiroğlu market” yazısı yazılan plastik kartın üzərində olan maddə hissəcikləri-heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təqdim olunmuş heroinlərlə və heroin məhlulu ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şprisdəki heroin məhlulu və 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan 04 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0.1 ml və 0.180 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0.2 ml və 0.492 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, 1 (bir) ədəd "Rosai" markalı elektron tərəzi, 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olmuş üzərinə "Qədiroğlu market” yazısı yazılmış plastik kart iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan 11.10.2020-ci il tarixli protokoldan görünür ki. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə daxil olan və çıxan zənglər eləcə də sms-lər əsasında X6 istifadəsində olmuş ***-***-**-**. ***-***-**-**, ***-***-**-**. X11 istifadəsində olmuş 050- 574-68-53. ***-***-**-**. X1 istifadəsində olmuş 070-267-46- 46. X9 istifadəsində olmuş 051-88-19, X2 istifadəsində olmuş mobil telefon nömrələri arasında mütəmadi olaraq telefon əlaqəsi olmuşdur. Cinayət işinin materiallarında olan 04.09.2020-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 03.11.2020-ci il tarixli 946 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.10.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 23.04.2012-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-cü maddəsinə əsasan 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan 07.10.2020-ci il tarixli tələbnamədən görünür ki, o, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-cü maddəsinə əsasan 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, habelə əlavə şahid qismində dindirilmiş X7 ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə-heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 01.09.2020-ci il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən, onun üzərindən 1 ədəd şpris çıxmışdır. Həmin şprisin bir ədədi boş, digərinin içərisində isə özü istifadə etmək üçün heroin məhlulu olmuş, lakin onun razılığı ilə mənzilə baxış keçirilərkən, mənzilin yataq otağındakı jurnal stolunun üzərindən aşkar edilmiş “Qədiroğlu" mağazalar şəbəkəsinə məxsus alış-veriş kartı istisna olmaqla, l ədəd elektron tərəzi və xalçanın altından aşkar edilmiş 9 ədəd siqaretin gümüşü bükümləri ona məxsus olmamışdır. Həmin əşyaları polis əməkdaşları onu Polis Şöbəsinə apardıqdan sonra evə getmiş və onun yaşadığı otağa qoymuşdur. Ondan sonar isə ona sözlə təzyiqlər edərək, həmin əşyaların ona məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Həmin halın olmasını yetkinlik yaşına çatmayan qardaşı qızı Aysel Məmmədova da təsdiq etmişdir. Təqsirləndirilən şəxsin istinad etdiyi həmin dəlillər, həm şahid ifadələri, həm də məhkəmə bioloji ekspertizasının rəyi ilə təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclası zamanı corabın içərisindən ağ rəngli salfetkaya bükülmüş bükümdə iki ədəd, birinin içərisi boş digərinin içərisində isə narkotik vasitəyə oxşar maye kütlə olan şprisin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının rəyində isə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şprisdəki heroin məhlulu və 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Göründüyü kimi təqsirləndirilən şəxsin özünün etiraf etdiyi 01 (bir) ədəd şprisdəki heroin məhlulu və 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə olan heroinlər eyni tərkibli olmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükümlərdə olan heroinlərin və 1 ədəd tərəzinin ona məxsus olmaması ilə bağlı istinad etdiyi dəlillər əsassızdır. Məhkəmə, təqsirləndirilən şəxsin sözlə təzyiqlərə məruz qalması ilə bağlı qeyd edir ki, yaşadığı evə baxış keçirilən zaman təqsirləndirilən şəxsin vəkili və evdə yaşayan qohumları iştirak etmişdir. Həmin vaxt ona hər hansı bir təzyiqin göstərilməsi və yaxud pis rəftara məruz qalması inandırıcı deyildir. Çünki baxış zamanı təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün saxladığını bidirmiş, lakin 1 ədəd tərəzinin isə hansı məqsədlə saxladığını izah edə bilməmişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən sözlə təzyiqlərə məruz qalması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin əlavə şahid qismində dindirilmişX7 məhkəmə iclası zamanı ifadəsində, bir nəfər mülki geyimli şəxsin polislər getdikdən sonar onların yaşadığı evə gəlməsi və əmisinin otağına baxıb çıxması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, şahid Aysel Məmmədovanın ifadəsində göstərdiyi hallar digər Şahid3 ifadəsi ilə təkzib olunmuş, həmçinin şahid göstərdiyi mülki geyimli şəxsin kimliyi barədə ətraflı məlumat verə bilməmişdir. Ona görə də həmin şəxsin polis əməkdaşı və yaxud başqa şəxs olmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, məhkəmə iclasında müəyyən olundu ki, şahid Aysel Məmmədova əmisi Təqsirləndirilən şəxsla qohumluq əlaqəsində olduğuna görə emosional bağlılığı olmuşdur. Ona görə də yetkinlik yaşına çatmayan şahid həmin emosional bağlılığın təsiri altında, yəni öz əmisinə kömək etmək məqsədi ilə ifadə vermişdir. Ona görə də məhkəmə əlavə şahid qismində dindirilmişX7 ifadəsini qohumluq münasibətinin təsiri altında verilmiş ifadə kimi inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə heroindən məhlul halına gətirərək 1 ədəd 1 ml-lik şprisə doldurub sağ ayağındakı corabın içərisində gizlədərək saxlamış, 9 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0.049 qram, 0.065 qram. 0,082 qram, 0.036 qram. 0,085 qram. 0.066 qram. 0. 080 qram. 0.086 qram və 0.123 qram ümumi təmiz çəkisi 0.672 qram narkotik vasitə olan heroin, 1 ədəd "Rosai” markalı elektron tərəzi və 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olan "Qədiroğlu market” yazısı yazılmış plastik kartı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 10 №-li evin 20 №-li mənzilində gizlətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayının ortalarında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd kağız bükümdə olan narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 №-li evin 20 №-li mənzilinə gətirib hissələrə bölərək 9 ədəd siqaretin gümüşü rəngli kağızların qablaşdırıb bükümlər halında mənzilin yataq otağındakı xalçanın altında, həmin narkotik vasitə olan heroindən məhlul halına gətirərək 1 ədəd 1 ml-lik şprisə doldurub sağ ayağındakı corabın içərisində satış məqsədi ilə gizlədərək saxlamış. Şahid3 məlumatı əsasında 01 sentyabr 2020-ci il tarixdə saat 20:05-də Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri 20 Yanvar küçəsində saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilmiş X12 Saxlama Yerində üzərinə keçirilən şəxsi axtarış zamanı 1 ədəd 1 ml-lik şprisdə olan 0.012 qram narkotik vasitə heroin sağ ayağındakı corabın içərisindən, həmin gün saat 20:55-də yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 10 №- li evin 20 №-li mənzilinə keçirilən baxış zamanı 9 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri 0.049 qram, 0.065 qram. 0.082 qram. 0.036 qram, 0.085 qram. 0.066 qram. 0. 080 qram. 0.086 qram və 0.123 qram ümumi təmiz çəkisi 0.672 qram narkotik vasitə olan heroin, 1 ədəd “Rosai” markalı elektron tərəzi və 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olan “Qədiroğlu market” yazısı yazılmış plastik kartı yataq otağından aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.2–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011–ci il tarixli Qərarının 9–cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə olan heroini özündə saxladığı tərəzi ilə çəkib 9 ədəd gümüşü rəngli kağız bükümlərə bölməklə və bir ədəd 1 ml-lik şprisə məhlul halında doldurmaqla satmaq niyyətində olmuşdur. Ona görə də ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədardır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil İstismar Kontoruna heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 20.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 23 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasan 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edilir, ona görə də onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq,, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 01 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə Mingəçevir şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 03.09.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 01 sentyabr 2020–ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə nail olunması istiqamətində zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, ümumi qalıq çəkisi 0.2 ml və 0.492 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd "Rosai" markalı elektron tərəzi, 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olmuş üzərinə "Qədiroğlu market” yazısı yazılmış plastik kart dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X10 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 sentyabr 2020–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, ümumi qalıq çəkisi 0.2 ml və 0.492 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin, həmçinin 1 (bir) ədəd "Rosai" markalı elektron tərəzi və 1 ədəd üzərində narkotik vasitə heroin hissəcikləri olmuş üzərinə "Qədiroğlu market” yazısı yazılmış plastik kart dəyəri olmadığına görə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-34/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-34/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver