Məhkəmə qərarları › İş №1(051)-34/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-34/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-34/2023 02.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, M.Maqomayev prospekti ev 75 A-da qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi ev 3/1, mənzil 43-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahısının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram, həmin qanunun İİ siyahısının 67-ci bəndinə əsasən isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə - metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 465 qram narkotik vasitə - qurudulmuş marixuana və qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 0.154 qram psixotrop maddə - metamfetamini özü ilə daşıyıb, yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 43-cü mənzilinə aparmış, 465 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı qeyd olunan mənzildə 1 (bir) ədəd göy rəngli üzərinə «SİLKWAY PLASTİK» yazılmış sellofan torbanın içərisində, 3 (üç) ədəd ağ-qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.040, 0.076 və 0.038 qram olmaqla, ümumi təmiz çəkisi 0.154 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini özünə məxsus boz rəngli şortun sağ arxa cibində saxlamış, 24 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən binanın qarşısında saxlanılıb Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxlayaraq daşıdığı göy rəngli üzərinə «SİLKWAY PLASTİK» sözləri yazılmış sellofan torbada ümumi təmiz çəkisi 465 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 43-cü mənzilinə baxış keçirilərkən ona məxsus, lakin həmin vaxt əynində olmayan boz rəngli şortun sağ arxa cibində saxladığı 3 (üç) ədəd ağ-qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.040, 0.076 və 0.038 qram olmaqla ümumi təmiz çəkisi 0.154 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 24 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən binanın qarşısında dayanan zaman polis əməkdaşları onu polis şöbəsinə apardılar. Üzərinə vəkilin iştirakı ilə baxış keçirildi. Üzərində narkotik vasitə marixuana aşkar olunmamışdı. Baxış zamanı o, polis əməkdaşlarına yaşadığı evdə psixotrop maddə metamfetamin saxladığını bildirdi. Yaşadığı mənzilə baxış keçirilən zaman özünə məxsus boz rəngli şortun sağ arxa cibindən az miqdarda psixotrop maddə metamfetmin akşar edildi. O, psixotrop maddə metamfetmindən istifadə edir, lakin narkotik vasitə qurudulmuş marixuana istifadəçisi deyil. Onun üzərində narkotik vasitə aşkar olunmamışdır. İstintaq zamanı verdiyi ifadəsini isə oxumadan olmadan imza etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdi ki, o, bir neçə müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 4-5 ay əvvəl yaşadığı binanın zirzəmisində olarkən oradan üzərinə «SİLKWAY PLASTİK» yazılmış sellofan torbanı görüb əlinə götürmüş, torbanın içərisinə açıb baxanda orada ovuntu halında kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana olmasını görüb gələcəkdə istifadə etmək üçün aparıb yaşadığı mənzilə qoymuşdur. Ondan sonra Bakı şəhərinə getmiş, tutulmazdan 3-4 gün əvvəl isə Bakı şəhərində olan zaman xatırlamadığı yerdən 4 ədəd psixotrop maddə olan metamfetamin tapmış, istifadəçisi olduğundan həmin maddənin metamfetamin olduğunu anlayıb onu götürmüş və Mingəçevir şəhərinə qayıtmışdır. Mingəçevir şəhərində olarkən 24 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən binanın qarşısında dayanan zaman zirzəmidən tapdığı sellofan torbada olan narkotik vasitə də əlində olmuşdur. Sellofan torbadakı narkotik vasitəni başqa yerdə gizlətmək məqsədilə özü ilə götürmüşdür. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində axtarış aparmaq istədiklərini bildirdikdə o, da etiraz etməmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi və hal şahidlərinin iştirak etməyəcəyi bildirilmişdir. Ona hüquqlarının müdafiəsi üçün Müdafiəçi vəkil təyin edilmişdir. Üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:05 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən açar, sarı rəngdə alışqan, «Leobank»a məxsus hesab kartı, sol yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefon, göy rəngdə alışqan, 1 ədǝd inhalyator və əlindəki sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə nəzərdən keçirildikdə içərisindəkinin tünd yaşıl rəngli spesifk iyə malik narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sonra özünün və digər iştirakçıların yanında aşkar edilmiş kütlə tərəzidə çəkilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğu özü və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra sonra isə yaşadığı evdə də psixotrop maddə metamfetamin saxladığını bildirdiyi üçün məhkəmənin qərarı əsasında saat 00:40 radələrində mənzilə baxış keçirilmişdir. Yaşadığı mənzilə baxış keçirilən zaman özünə məxsus boz rəngli şortun sağ arxa cibindən 3-4 gün əvvəl Bakı şəhərindən tapdığı psixotrop maddə metamfetmin akşar edilərək götürülmüşdür. Həmin kütlələr tərəzidə çəkilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuşdur. Protokolun doğruluğu onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə qurudulmuş mariuxananı tutulmazdan 6 ay əvvəl yaşadığı binanın zirzəmisindən tapmış, məqsədi satış deyil, həmin kütlədən istifadə etmək olmuşdur. Psixotrop maddə metamfetamini isə tutlmazdan 3-4 gün əvvəl Bakı şəhərindən tapmış, onu özü istifadə etmək üçün yaşadığı mənzildə saxlamışdır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər PŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 sentyabr 2022-ci il tarixdə əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil oldu. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında olan zaman görüb ona yaxınlaşaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barəsində polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bağırov X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, istifadə etməsi və satması ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, könüllü təqdim etməsi təklif olundu. Bundan sonra onun, vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən açar, 1 ədəd sarı rəngdə alışqan, «Leobanka» aid 4098 5844 6414 1289 hesab nömrəli kartı, sol yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefon, göy rəngdə alışqan, 1 ədəd inhalyator və əlində içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan göy rəngdə üzərinə «SİLKWAY PLASTİK» yazılmış sellofan torba aşkar edildi. Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında həmin torbanın içrəsinə açıb baxarkən sellofan torbada olan kütlənin tünd yaşıl rəngli, ovuntu halında, kəskin spesifik iyə malik olan narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olundu. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş sellofan torbadakı kütlənin “qurudulmuş marixuana” olduğunu, həmin narkotik vasitəni təxminən 4-5 ay bundan əvvəl yaşadığı binanın zirzəmisində olarkən tapdığını, özü istifadə etmək məqsədilə, yaşadığı mənzildə saxladığını, hazırda başqa yerdə gizlətmək üçün aparmaq istədiyini, bundan başqa 3-4 gün əvvəl Bakı şəhərində olan zaman xatırlamadığı yerdən 4 ədəd pisxotrop maddə olan metamfetamin tapdığını, həmin maddənin istifadəçisi olduğundan onu özü ilə bərabər götürüb Mingəçevir şəhərinə qayıtdığını, gələcəkdə istifadə məqsədi ilə psixotrop maddə metamfetamini isə yaşadığı mənzildə saxladığını etiraf etdi. Bundan sonra Mingəçevir şəhər məhkəməsinin 23 senytabr 2022-ci il tarixli mənzildə axtarış aparılmasına dair qərarla Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına gedilərək orada axtarış aparılmasına başladılar. Axtarış zamanı Həbib Bağrova məxsus boz rəngli şortun sağ arxa cibindən 3 ədəd ağ-qara rəngli kağız bükümün içərisində olan psixotrop maddə metamfetmin akşar edilərək götürüldü. Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında bükümlərin içərisinə açıb baxarkən kağız bükümlərdəki kütlələrin pisxotrop maddə metamfetamin olduğu müəyyən olundu. Aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütlələr elektron tərəzidə çəkilib götürdü. Şahid Mingəçevir şəhər PŞ-nin əməliyyat müvəkkili Şahid2 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 42-43-cü və 47-ci vərəqlərində olan 25 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokollarda göstərilir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən açar, 1 ədəd sarı rəngdə alışqan, «Leobanka» aid 4098 5844 6414 1289 hesab nömrəli kart, sol yan cibindən 1 ədəd Samsung A12 markalı mobil telefon, 1 ədəd göy rəngdə alışqan, 1 ədəd inhalyator və əlində içərisində 470 (dörd yüz yetmiş) qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan göy rəngdə üzərinə «SİLKWAY PLASTİK» yazılmış sellofan torba, yaşadığı ünvan 4 ünvanında axtarış aparılan zaman Təqsirləndirilən şəxs məxsus boz rəngli şortun sağ arxa cibindən 3 ədəd ağ-qara rəngli kağız bükümün içərisində 0.24 (sıfır tam yüzdə iyirmi dörd) qram çəkidə psixotrop maddə metamfetmin aşkar olunması müəyyən olunmuşdur. İşin 55-58-ci vərəqlərində olan kompleks məhkəmə-bioloji ekspertizasının 25 sentyabr 2022ci il tarixli, 17/749 saylı rəyində göstərilir ki, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanını içərisindəki ümumi təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -465 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq -464,95 qram Tədqiqata təqdim olunmuş, üzərinə «Vət. X3 üzərindən aşkar olunmuş» sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız zərfin içərisindəki 03 (üç) ədəd ağ-qara rəngli kağız bükümdə təmiz çəkisi 0,041 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,041 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq -0,021 qram Tədqiqata təqdim olunmuş, üzərinə «Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş» sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd kağız zərfin içərisindəki 03 (üç) ədəd ağqara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.040 qram, 0.076 qram və 0.038 qram, ümumi təmiz çəkisi 0.154 qram olan maddə təmiz çəkisi 0,154 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetaminlərin təmiz çəkisi – 0,154 qram, tədqiqata sərf edildi-0,060 qram (hər ob. 0,02 qram), qalıq -0,094 qram Tədqiqata təqdim olunmuş, üzərində «Vət. X3 üzərindən aşkar olunmuş..» sözləri və imzalar yazılmış zərfin içərisində olan metamfetamin ilə üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş…» sözləri və imzalar yazılmış zərfin içərisində olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İşin 177-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1660 saylı 04 noyabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 465 qram narkotik vasitə qurudulmuş marixuana və qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi ümumi təmiz çəkisi 0.154 qram psixotrop maddə - metamfetamini özü ilə daşıyıb, yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 43-cü mənzilinə aparmış, 465 qram çəkidə narkotik vasitə – qurudulmuş marixuananı qeyd olunan mənzildə 1 (bir) ədəd göy rəngli üzərinə «SİLKWAY PLASTİK» yazılmış sellofan torbanın içərisində, 3 (üç) ədəd ağ-qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.040, 0.076 və 0.038 qram olmaqla, ümumi təmiz çəkisi 0.154 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini özünə məxsus boz rəngli şortun sağ arxa cibində saxlamış, 24 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən binanın qarşısında saxlanılıb Mingəçevir Şəhər Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxlayaraq daşıdığı göy rəngli üzərinə «SİLKWAY PLASTİK» sözləri yazılmış sellofan torbada ümumi təmiz çəkisi 465 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun yaşadığı ünvan 1 ünvanında yerləşən binanın 43-cü mənzilinə baxış keçirilərkən ona məxsus, lakin həmin vaxt əynində olmayan boz rəngli şortun sağ arxa cibində saxladığı 3 (üç) ədəd ağ-qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.040, 0.076 və 0.038 qram olmaqla ümumi təmiz çəkisi 0.154 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə maddi sübut, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə təkzib olunur. özünü müdafiə xarakteri daşıyır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 126-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 464,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,115 qram psixotrop maddə – metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 sentyabr 2022-ci il tarixdən 26 sentyabr 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 3(üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 102,12 (bir yüz iki manat on iki qəpik)manat Təqsirləndirilən şəxs dən alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan Mingəçevir şəhər PŞ-də saxlanılan 464,95 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,115 qram psixotrop maddə – metamfetamin məhv edilsin. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar