Məhkəmə qərarları › İş №1(051)-35/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-35/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-35/2025 15.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1966-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağ massivi 5-ci küçə ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə – qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki boz rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Şəfa Bağ massivi 5-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısındakı küçədə saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək, orada həmin tarixdə saat 23:45-dən 23:54-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə məhkum olunmuşdur. Uzun müddət narkotik vasitə istifadəçisi olmuş, lakin son zamanlar istifadə etmir. Polis əməkdaşları saxlanılmamışdan təxminən üç gün əvvəl Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində üzməyə gedən zaman yerdə bir ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusu diqqətini cəlb etmiş, əyilib həmin kibrit qutusunu götürmüş, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş, hal-hazırda istifadəçisi olmasa da, nə olduğunu bilərək, nə vaxtsa istifadə etmək məqsədi ilə marağına səbəb olduğuna görə götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat təxminən 21:50 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısındakı küçə ilə yaşadığı evə doğru hərəkət edən zaman iki mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etmiş, o da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Yanında polis əməkdaşı olduğu üçün üzərində olan narkotik vasitə qurudulmuş marixuananı tullaya bilməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, o təqdim olunmuş vəkillərin siyahısından X1 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçərək bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X4 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Bundan sonra ona üzərində olan əşyaları, eləcə də narkotik vasitə, psixotrop maddə vardırsa onu təqdim etməyi təklif edilmişdir. O, polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağını bildiyi üçün əynində olan boz rəngli şalvarın sol yan cibindən bir qutu "Prima" markalı siqareti, həmin şalvarın sağ yan cibindən bir ədəd bir manatlıq əskinası, bir ədəd kibrit qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Ardınca üzərində şəxsi axtarış aparılmış, üzərindən təqdim etdiyi əşyalardan əlavə əşya, predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi bir ədəd kibrit qutusunu göstərərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 3 gün əvvəl Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində çimməyə gedərkən yerdən tapdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, lakin hal-hazırda istifadə etmədiyini, taparaq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxtsa istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş, bir ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, 8,64 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd bir manatlıq əskinas, bir qutu Prima markalı siqaret maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Bununla belə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəməyə qədər icraat zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək göstərdi ki, işdən evə gələn vaxtı polis əməkdaşları onu saxladılar və PŞ-yə apardılar. PŞ-də üzərinə baxış keçirilən zaman narkotik vasitəsi aşkar etdilər, lakin həmin narkotik vasitə ona aid deyildir. Əvvəllər məhkum olunmuş, həmin dövrlərdə narkotik vasitə istifadə etmişdir. Həmişə heroindən istifadə etmiş, marixuana istifadə etməmişdir. Dörd ilə yaxındır ki, narkotik vasitə istifadə etmir. Həkim müayinəsinə də gedəndə həkimə istifadə etmədiyini bildirdi. ŞPŞ-yə daxil olanda artıq narkotik vasitə onun cibində idi. Tutulan zaman üzərində narkotik vasitəsinin olmaması ilə bağlı heç bir sübut təqdim edə bilmir. Çəkiliş aparılıb, sənədləri imzalamışdır, artıq mübahisəli heç nə yoxdur. Ona heç bir təzyiq göstərilməmişdir. Latın qrafikası ilə oxuya bilir, oxuyub özü imza etmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 iyul 2024-cü il tarixdə etimad doğuran, məlum, qərərsiz mənbədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə Mingəçevir şəhər sakini, əvvəlləri məhkum olunmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul olunmuş və həmin qərar idarə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşı Şahid2 və o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması ilə əlaqədar keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Şəfa Bağlar massivi 5-ci küçədə fərdi yaşayış evinin qarşısında saxlayaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X3 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək təhqiqatçı tərəfindən qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması Təqsirləndirilən şəxs izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra 11 iyul 2024-cü il tarixdə saat 23:45-də onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Ardınca həmin kibrit qutusununun içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 3 gün əvvəl Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində çimməyə gedərkən yerdən tapdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, lakin hal-hazırda istifadə etmədiyini, taparaq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı nə vaxtsa istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi 8.64 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 7(2) nömrəli möhürü ilə möhürlənmiş zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin operatoru Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsi ilə məhkəmə iclası zamanı verdiyi ifadəsi arasında ziddiyyətin olmasını nəzərə alaraq, onun ifadələrini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində ŞPŞ-yə daxil olanda artıq narkotik vasitənin onun cibinə qoyulması və üzərinə baxış keçirilən zaman onun cibindən aşkar edilmiş həmin narkotik vasitənin ona aid olmaması, lakin tutulan zaman üzərində narkotik vasitəsinin olmamasına dair heç bir sübut təqdim edə bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlənin aşkar edilməsi videoçəkiliş zamanı öz əksini tapmışdır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir xüsusat üzrə etiraz bildirməmiş, hətta müdafiəçisi də ondan həmin halların olub-olmamasını soruşmuşdur. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində çəkiliş aparıldığını, sənədləri imzaladığını, artıq mübahisəli heç nəyin olmadığını, ona heç bir təzyiq göstərilmədiyini göstərmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 12 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində ümumi çəkisi 8,64 (səkkiz tam yüzdə altmış dörd) qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Çəkilmiş videogörüntü bir ədəd DVD diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 16/779 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,59 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1571 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 11 iyul 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 5,59 ( beş tam yüzdə əlli doqquz) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalan qalıq 5,57 ( beş tam yüzdə əlli yeddi) qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilərək saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə cəmi 5,59 ( beş tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edilməsi mənbəsinin müəyyən etmək məqsədilə ********* saylı cinayət işindən material ayrılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-55/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Məmmədov X3 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki boz rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində saxlayıb daşıyaraq ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki boz rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Şəfa Bağ massivi 5-ci küçədə yerləşən fərdi yaşayış evinin qarşısındakı küçədə saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək, orada həmin tarixdə saat 23:45-dən 23:54-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 5,59 (beş tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli şalvarın sağ yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Məmmədov X3 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmasına baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2024-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 11 iyul 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə” 13 iyul 2024–cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, 13 iyul 2024–cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan qalıq 5,57 (beş tam yüzdə əlli yeddi) qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 11 iyul 2024-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan qalıq çəkisi 5,57 (beş tam yüzdə əlli yeddi) qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar