Məhkəmə qərarları › İş №1(051)-36/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-36/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-36/2021 11.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1№-li evin 35№-li mənzilində qeydiyyatda olmaqla, Yevlax rayonu Boşçalı kəndində yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd dəstəyinin uzunluğu 130 mm, orta hissədən eni 32 mm, qalınlığı 19 mm, dəstəyin üzərindəki məhdudlaşdırıcının hər iki tərəfə çıxışı 21 mm, qalınlığı 14 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını ovçuluq peşəsi ilə bağlı olmayaraq əynindəki şalvarın kəmərinə taxaraq üzərində gəzdirmiş və xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsi 7№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin soyuq silah hesab edilən ov bıçağı onun üzərindən aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2019-cu ilin yay aylarında yaşadığı Yevlax rayonu Boşçalı kəndində özünə məxsus torpaq sahəsində 1 ədəd çətənə bitkisi əkmişdir. Həmin bitki yetişdikdən sonra yarpaqlarını yığıb qurutmuş ki, özü istifadə edər. Ötən müddət ərzində qurutduğu narkotik tərkibli bitki yəni nəşədən istifadə etmişdir. Həmin qurutduğu çətənə bitkisinin yarpağından bir qədərini kibrit qutusuna yığıb saxlamışdır. Arada bir həmin narkotik tərkibli maddədən istifadə etmişdir. 2020-ci ilin oktyabr ayında Mingəçevir şəhəri “Mərkəzi Bazar”-ın yaxınlığında yəni Samux küçəsindən keçərkən yerdən bir ədəd bir qədər iri ölçülü bıçaq tapmışdır. Həmin bıçağı da üzərində gəzdirmişdir. Lakin, həmin bıçaqla heç kəsə xəsarət yetirməmiş, eləcə də həmin bıçaqdan kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 7 saylı yaşayış binasının yaxınlığı ilə gəzərkən qeyd etdiyi bıçaq və kibrit qutusunda olan narkotik tərkibli bitki qurudulmuş marixuana da üzərində olmuşdur. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı və üzərində soyuq silah gəzdirməyi barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmiş, o da əynindəki göy rəngli cins şalvarın kəmər yerinin sağ arxa hissəsindən bir ədəd qara rəngli dəstəyi olan bıçağı, şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı, daha sonra üzərində olan əl çantasının içərisindən bir ədəd qara rəngli fanarı, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu, iki ədəd telefon “adaptor”unu, bir ədəd yaşıl rəngli əl hərəkətləri etmək üçün nəzərdə tutulmuş rezini, bir ədəd ayaqqabı təmizləyəni, bir ədəd optik eynəyi, bir qutu “Dirol” saqqızını, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumivətəndaşlıq pasportunu, qiymət atestatını və digər sənədləri təqdim etmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusu açılıb baxıldıqda qutuda olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, ota bənzər kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə aptek tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 3,97 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni 2019-cu ilin yay aylarında özünə məxsus Yevlax rayonu Boşçalı kəndində yerləşən ərazidə 1 ədəd narkotik tərkibli çətənə bitkisi əkib yetişdirdikdən sonra yarpaqlarını yığıb qurudaraq saxladığını və qalan hissəsini isə özü istifadə etmək üçün kibrit qutusuna yığıb üzərində gəzdirdiyini, üzərindən aşkar olunmuş bıçağı isə 2020-ci ilin oktyabr ayının əvvəllərində Mingəçevir şəhəri Samux küçəsindən keçərkən yerdən tapdığını və üzərində gəzdirdiyini bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd bıçaq onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Etdiyi əməldən peşmandır, buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və soyuq silah gəzidrməsi ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 16 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 7 saylı yaşayış binasının yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və soyuq silah gəzdirməsi barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, istifadə etməsi və soyuq silah gəzdirməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarın kəmər yerinin sağ arxa hissəsindən bir ədəd qara rəngli dəstəyi olan bıçağı, şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı, daha sonra üzərində olan əl çantasının içərisindən bir ədəd qara rəngli fanarı, bir ədəd qara rəngli “Samusng” markalı mobil telefonu, iki ədəd telefon “adaptor”-unu, bir ədəd yaşıl rəngli əl hərəkətləri etmək üçün nəzərdə tutulmuş rezini, bir ədəd ayaqqabı təmizləyəni, bir ədəd optik eynəyi, bir qutu “Dirol” saqqızını, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumivətəndaşlıq pasportunu, qiymət atestatını və digər sənədləri çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxarkən ümumi uzunluğu 30 sm, tutacaq hissəsi qara rəngli bıçaq olduğu, göy rəngli cins şalvarın sol arxa cibindən çıxarıb təqdim etdiyi bir ədəd kibrit qutusu digər iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngdə, kəskin iyli narkotik vasitəyə oxşar ota bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilmiş, kibrit qutusu ilə birlikdə ümumi cəmi çəkisi 3,97 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni yaşadığı kənddə yerləşən özünə məxsus torpaq sahəsində əkib becərdiyini, özü istifadə etmək üçün üzərində gəzdirdiyini, aşkar olunmuş bıçağın da özünə məxsus olduğunu və həvəskar olaraq istifadə etmək üçün üzərində gizlədərək saxladığını narkotik vasitənin və bıçağın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə və bir ədəd bıçaq poçt zərfinə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs əməli həmçinin, Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 25-29-cu vərəqlərində olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın kəmər yerinin sağ arxa hissəsindən bir ədəd bıçaq, əynində olan şalvarın arxa sol cibində gizlədərək saxladığı 1(bir) ədəd kibrit qutusunun içərisində ümumi təmiz çəkisi 2,67 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin 45-ci vərəqində olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 17/571 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. İşin 54-cü vərəqində olan Mingəçevir şəhər Ovçular Cəmiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Ovçular Cəmiyyətinin üzvü olmayıb və hazırda da üzvü deyil. İşin 88-94-cü vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında qərardan və 97-ci vərəqində olan məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd dəstəyinin uzunluğu 130 mm, orta hissədən eni 32 mm, qalınlığı 19 mm, dəstəyin üzərindəki məhdudlaşdırıcının hər iki tərəfə çıxışı 21 mm, qalınlığı 14 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını ovçuluq peşəsi ilə bağlı olmayaraq əynindəki şalvarın kəmərinə taxaraq üzərində gəzdirmiş və xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsi 7№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin soyuq silah hesab edilən ov bıçağı onun üzərindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş üzrə tanınmış maddi sübut və iş materialı ilə sübuta yetirilir. Ona görə də o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 80-ci vərəqində olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib peşimançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər polis şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək qeydiyyatda olduğu Mingəçevir şəhəri və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 2,63 qram qurudulmuş marixuana və 01 ədəd ov bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 66,57 (altmış altı manat əlli yedi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək qeydiyyatda olduğu Mingəçevir şəhəri və yaşadığı Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 2,63 qram qurudulmuş marixuana və 01 ədəd ov bıçağı məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 66,57 (altmış altı manat əlli yeddi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar