Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2024 16.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Əminə Malik qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Bərdə rayonu, Qəhrəman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 475,22 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananın 10,22 qram hissəsini bir ədəd ağ rəngli kağız bükümdə qablaşdıraraq əynindəki boz rəngli şalvarın sol yan cibində, narkotik vasitə qurudulmuş marixuananın 465 qram olan hissəsini isə bir ədəd sellofan bükümdə əlində saxlayaraq özü ilə daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, həmin tarixdə saat 18:55-dən saat 19:10-dək üzərinə şəxsi axtarış keçirilərkən onun əlindəki bir ədəd sellofan bükümün içərisindən təmiz çəkisi 465 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 10,22 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuşdur. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Nemətabad kəndində yaşayan qohumlarına baş çəkmək üçün kəndə getmişdir. Kəndin girişində avtobusdan enmiş və piyada sahənin kənarı ilə gedən zaman yolun kənarında olan 4-5 ədəd narkotik tərkibli çətənə kollarının olmasını görmüşdür. Həmin vaxt ətrafda heç kim olmadığından çətənə bitkisindən yığmış və oradan tapdığı sellofan torbaya qoyub cibinə qoymuş, daha sonra kənddə olan işlərini həll etdikdən sonra Mingəçevir şəhərinə qayıtmışdır. Topladığı çətənə bitkisi yaş vəziyyətdə olduğundan və onları qurutmaq lazım olduğundan onları qurutmaq üçün Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın zirzəmisinə aparmışdır. Həmin kolları gizli bir yerdə quruması üçün sərmiş və yolu düşdükdə həmin yerə gedərək onlara nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində A.Məmmədov küçəsi 7 saylı binanın zirzəmisinə gedərək əldə olunmuş narkotik vasitəni yaşadığı evə apararaq hissə-hissə ondan istifadə etmək üçün üzərində götürmüşdür. Eyni zamanda sellofan torbanın içərisinə yığdığı narkotik vasitədən istifadə etmək üçün bir qədər götürüb kağız bükümün içərisinə qoymuş və sellofan torbanı da özü ilə götürmüşdür. Zirzəmidən çıxdıqdan sonra Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Müdafiəçi ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki sellofan büküm və əynində olan boz rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş sellofan bükümdə və kağız bükümdə olan kütlələr rəngindən və spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanadır. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmişdir. Ondan aşkar olunmuş bir ədəd kağız bükümün çəkisi 14,75 qram, əlindəki sellofan torbada olan bükümün çəkisi isə 485 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq üzərindən aşkar olunmuş sellofan torbanın və kağız bükümün içərisində olan narkotik vasitəni təxminən xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Nemətabad kəndi ərazisində çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin bir ədəd kağız büküm və bir ədəd sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin qurudulmuş marixuanaları satmaq məqsədi olmamışdır. Verilən suallara cavab olaraq o, Ağdaş rayonu, Nemətabad kəndinin ərazisini yaxşı tanımadığından və narkotik vasitəni yığdığı yeri xatırlamadığından həmin yeri göstərə bilməyəcəyini qeyd etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində Mingəçevir ŞPŞ-nin X3 Bölüyünün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü və əlində olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Əvvəlcə təqdim olunmuş həmin bir ədəd kağız büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 14,75 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində olan kütlənin də narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd sellofan büküm də elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 475 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan qurudulmuş marixuananı 13 sentyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Nemətabad kəndi ərazisində olan zaman çətənə bitkisini yığıb Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın zirzəmisində qurutduğunu, qurudulmuş marixuana əldə etdikdən sonra onu yaşadığı Mingəçevir şəhəri, AzQress qəsəbəsi ərazisinə aparıb gizlətmək istədiyini, əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar olunan kütləni əlində olan sellofan bükümün içərisindən şəxsi istifadəsi üçün götürdüyünü, binanın qarşısında isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Məhkəmə, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 və Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməsi barədə 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əlində bir ədəd sellofan torba, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağız büküm, şalvarın sağ yan cibindən bir ədəd “Prima” siqareti aşkar olundu. Həmin sellofan torba və ağ rəngli kağız büküm açıldıqda isə içərisində olan kütlə spesifik iyindən narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə olması məlum oldu. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 26 sentyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 17/716 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olumuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözləri, adlar və imzalar yazılmış bənövşəyi rəngli sellofan torbanın içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi – 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi – 10,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 475,07 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir. 04 oktyabr 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Həsənov X2 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, və 234.1-ci maddəri ilə 1 il 7 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək, CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə qəti olaraq 6 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR ƏN PX-nin 5 saylı Cəzaçəkmə Müəssisəsinin 145 saylı arayışına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Məhkumluqları ödənilmişdir. İşdə olan MKTK-nın 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 375 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənov X2 şəhəri Naxçıvan küçəsi, ev 48/1, mənzil 30-da qeydiyyatdadır. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1-da qeydiyyatdadır. Onun haqqında MKTK-nın 3 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənov X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənov X2 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər həmin maddə məhkum edilməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalı, (CPM- 158.2.1), ibtidai istintaq zamanı 26 sentyabr 2023-cü il tarixdən 28 sentyabr 2023-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 475,07 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-37/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver