Məhkəmə qərarları › İş №1(051)-37/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-37/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-37/2025 30.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri M.ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə - qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 6,57 ( altı tam yüzdə əlli yeddi) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki bir ədəd kibrit qutusunun içərisində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Dram Teatr”dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilərək, orada həmin tarixdə saat 19:40-dan 19:48dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 6,57 ( altı tam yüzdə əlli yeddi) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli cins şalvarın sol yan cibindəki bir ədəd kibrit qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan 2 gün əvvəl Mingəçevir şəhəri Su anbarının çimərlik ərazisinə gedən zaman yerdə bir ədəd kibrit qutusu tapmışdır. Kibrit qutusunu açanda icərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün kibrit qutusunu açan zaman onun narkotik vasitə olan qurudulmuş marixuana olmasını asanlıqla anlamış və istifadə etmək üçün həmin kibrit qutusunu üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri Dram Teatr dairəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı oan yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Onun maddi vəziyyətii yaxşı olmadığı üçün ona dövlət büdəcəsi hesabına X2 müdafiəçi təyin edilmiş və ona təqdim edilmişdir. Videoçəkiliş zamanı ona hal şahidlərinin iştirakının məcburi olmamasını izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. O yenə də etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, isə əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütləni könülllü olaraq təqdim etmişdir. Təqdim etdiyii bir ədəd kibrit qutusunun içərisində olan kütlənin spesifik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusunun içərisində olan həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin qurudulmuş marixuananı təxminən tutulmzadan iki gün əvvəl yəni, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Su anbarının çimərlik ərazisinə gedən zaman yerdən tapmasını, özünün istifadə məqsədi ilə saxladığımı bildirmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu müdafiəçi Fərid Əliyevin iştirakı ilə götürülmüşdür. Üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu onun və qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 9.63 (doqquz tam yüzdə altmış üç) qram olması müəyyən edilmişdir. Bütün proseslər kameraya çəkilmişdir. Baxış barədə proptokol tərtib olunmuş, o, vəkil Fərid Əliyev və polis əməkdaşları protokola imza etmişlər. Hazırda əməlindən peşmandır. Evlidir və himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyul 2024-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Dram Teatr dairəsinin yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Quluyev X1 ŞPŞ-nə gətirilmiş, polis şöbəsinə vəkil X2 dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra saat 19:40-da vəkilin və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütləni könülllü olaraq təqdim təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, Həmçinin qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu ilə birlikdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 9.63 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan “qurudulmuş marixuna” olduğunu, həmin “qurudulmuş marixuna”nı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Su anbarının çimərlik ərazisinə gedən zaman yerdən tapmasını, özünün istifadə məqsədi ilə saxlamasını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkiliş tətbiqi ilə şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 19 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində 9,63 qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. İş üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/642 №-li rəyinə əsasən: Tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə” sözləri, adlar, imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,57 (altı tam yüzdə əlli yeddi) qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 6,57 qr., tədqiqata sərf edildi – 0,02 qr., qalıq -6,55 qr. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. İş üzrə xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 15 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, istintaq zamanı 19 iyul 2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 6,57 ( altı tam yüzdə əlli yeddi) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,02 qram sərf edildikdən sonra qalan qalıq 6,55 ( altı tam yüzdə əlli beş) qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 221.2.1, 29,177.2.3, 29,177.2.2, 29, 177.2.1-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası 02 ilə endirilmiş, xx.xx.2016-cı il tarixdə AR Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarı ilə 1.2 bəndinə əsasən əsas cəzadan azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli 5 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Quluyev X1 şəhəri M.Füzuli küçəsi ev 25, mənzil 6 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 5 saylı MİS-ə heç bir şikayət daxil olmayıb. Qonşular arasında daima hörmət qazanmışdır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2292 nömrəli arayışdan görünür ki, Quluyev X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan AZ-İİ seriyalı, 291887 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında 21 dekabr 2018-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində nikah bağlanmış və 584 № ilə qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Mətanət və xx.xx.2020-ci il təvəllüdlü Miran adlı uşaqları vardır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixo-nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1446 saylı arayışdan görünür ki, Quluyev X1 şəhər Rayonlararası Psixo-nevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını (CMnin 59.1.4), həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər müxtəlif maddələrlə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan qalıq 6,55 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar