Məhkəmə qərarları › İş №1(051)-38/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-38/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-38/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1977–ci il tarixdə Bərdə rayonu, Divanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Divanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, 19 saylı binanın qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun onunla barışıb əvvəlki kimi bir yerdə yaşamaq istəməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxmış və bir ayağını qəsdən onun ayağının üzərinə qoyub sıxaraq ona sağ ayağın 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən, həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2000-ci ildə tanış olub faktiki ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra arvadı Zərərçəkmiş şəxs ilə valideyinlərinə məxsus Bərdə rayonu Divanlı kəndində yaşamışlar. 2015-ci ildə Zərərçəkmiş şəxs və az yaşlı uşaqları ilə birgə qaynanası Mirvari Məhərrəmovanın yaşadığı ünvan 3 mənzil 44 ünvanına köçmüş, elə həmin vaxtdan da orada yaşamağa başlamışlar. Mingəçevir şəhərinə köçdükdən sonra həyat yoldaşı Zərərçəkmiş şəxs şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsində dalandar kimi işə düzəlmiş və bundan sonra sonuncu ilə münasibətləri kəskinləşməyə başlamışdır. Bu səbəbdən 2016-cı ildə nikahları pozulmuş və o, geri Bərdə rayonu Divanlı kəndinə qayıdıb orada yaşamağa başlamışdır. Ara-sıra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs zəng edərək uşaqlarını görmək istədiyini bildirsə də, sonuncunun hər dəfə onunla kobud danışaraq, uşaqlarını ona göstərməyəcəyini bildirdiyindən aralarında tez-tez mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində uşaqlarını görmək üçün Bərdə rayonundan Mingəçevir şəhərinə gəlmiş, şəhər ərazisində olan kafelərdən birində yeyibiçdikdən sonra həmin gün saat 17:30 radələrində əvvəllər yaşadığı binanın qarşısına getmiş, həmin vaxt təsadüfən Zərərçəkmiş şəxs yaxınlıqdakı mağazaya getdiyini görmüşdür. O, Pəriyə yaxınlaşıb qolundan tutaraq bir kənara çəkilib aralarında olan münasibətləri müzakirə etmək istəmiş, lakin sonuncunun onun bu təklifi ilə razılaşmayıb qışqıraraq onun qolundan buraxmasını tələb etdiyindən, aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birilərinə qarşılıqlı nəlayiq ifadələr işlətmiş və o, əsəbləşib Zərərçəkmiş şəxs saçından tutaraq onu yerə yıxmış və qəsdən bir ayağını onun sağ ayağının üzərinə qoyub sıxaraq ona xəsarət yetirmişdir. Bu zaman Zərərçəkmiş şəxs qışqırıq səslərinə anası Mirvari Məhərrəmova və bacısı Günel Nəcəbova oraya gələrək onları ayırmışlar. Növbəti gün, ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Mingəçevir ŞPŞ–yə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evə alış-veriş etmək üçün yaxınlıqdakı mağazaya gedərkən binanın qarşısında təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmış, bu zaman sonuncunun sərxoş vəziyyətdə olduğunu hiss edib öz yolunu dəyişərək başqa yolla getmək istəyən zaman, Nəvai onun qolundan tutub aralarında olan münasibətləri aydınlaşdırmaq üçün onu binanın yan tərəfinə çəkib aparmağa cəhd etsə də, o, etiraz edərək Təqsirləndirilən şəxs qolunu buraxmasını tələb etdiyindən, aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nəvai onun saçından tutaraq onu yerə yıxmış və qəsdən bir ayağını onun sağ ayağının üzərinə qoyub sıxaraq, ona sağ ayağının 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən, sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirmişdir. Yaranmış səs-küyə müdaxilə edən anası Mirvari Məhərrəmova və bacısı Şahid2 onları ayırmışdır. Ondan sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışlar. Həmin gün onun sağ ayağında şiddətli ağrılar olduğundan, Mingəçevir ŞMX-ya getmiş, müayinə zamanı sağ ayağın 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı xəsarətini almasını öyrənmişdir. Daha sonra Mingəçevir ŞPŞ–yə şikayət ərizəsi ilə müraciət etmişdir. O, dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən döyülmüş, hər dəfə də, uşaqlarına görə onu bağışlamışdır. Lakin Nəvai onun humanistliyindən sui-istufadə edərək, ona qarşı daha aqressiv davranmağa başlamışdır. Hazırda o, Təqsirləndirilən şəxs hüquqa zidd hərəkətlərinə qiymət verilməsini istəyir. Ona görə də onunla barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə keçmiş kürəkənidir. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində o,yaşadığı binanın qarşısında qızı Şahid2 ilə dayanıb söhbət etmiş, həmin vaxt digər qızı Zərərçəkmiş şəxs isə yaxınlıqdakı mağazaya alışveriş etmək üçün getmişdir. Təqribən 5-dəqiqə sonra binanın yan hissəsindən qızı Zərərçəkmiş şəxs qışqırıq səslərinin eşidib Gülnar ilə oraya getmiş, həmin vaxt Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs yerə yıxıb döyməsini görmüşlər. Mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən bir ayağını Zərərçəkmiş şəxs sağ ayağının üzərinə qoyub bərkdən sıxaraq ona xəsarət yetirmişdir. O, Şahid2 ilə birgə dərhal yaranmış dava-dalaşa müdaxilə edərək onları ayırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs sakitləşdirərək onu hadisə yerindən uzaqlaşdırmışlar. Daha sonra xəsarət alan Pərini yaşadıqları evə aparmış, həmin gün sonuncunun sağ ayağında şiddətli ağrılar olduğu üçün növbəti gün onu şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı həkim Pərinin sağ ayağın 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı xəsarətini aldığını bildirmişdir. Daha sonra Pəri ilə birgə şəhər polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da şahid X1 ilə eyniməzmunlu ifadə vermiş və onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 Nəvai qızının məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 Nəvai qızı da şahid X1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və X5–Təcrübi və X4 Şəhər Şöbəsinin xx xxxxxx 2020–ci il tarixli 767 saylı “canlı şəxsin ekspertizası barədə” rəyindən görünür ki, Zərərçəkmiş şəxs Elxa qızının bədən səthində aşkar edilmiş xəsarətlər– sağ ayağının 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx xxxxxx 2020–ci il tarixə uyuğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən doldurulmuş xx.xx.2020–ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.2000–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuş, daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2004–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirli bilinərək Ş.M.V 150 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, daha sonra Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2007–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2–ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2007–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4–cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 68.1 və 68.1.1ci maddəsinə istinad edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2010–cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2012–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018–ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 650846/21 nömrəli axtarış işi açılmış və o, xx.xx.2021-ci il tarixdə tutularaq aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 19 saylı binanın qarşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun onunla barışıb əvvəlki kimi bir yerdə yaşamaq istəməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxmış və bir ayağını qəsdən onun ayağının üzərinə qoyub sıxaraq ona sağ ayağın 5-ci daraq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən, həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sonuncunun sağlamlığına az ağır zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəzası təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, həmçinin əməli törətmiş şəxsin şəxsiyyəti ilə bağlı qeyd edir ki, o, Bərdə Rayon Xalq Məhkəməsinin xx.xx.2000–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə təqsirli bilinərək, aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuş, daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2004–cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirli bilinərək Ş.M.V 150 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, daha sonra Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2007–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2–ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2007–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4–cü maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 68.1 və 68.1.1-ci maddəsinə istinad edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2010–cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2012–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Əməli törətmiş şəxs tərəfindən həmin cəzalar çəkilsə də, onun məhkumluğu ödənilsə də, lakin o, ictimai təhlükəli fəaliyyətini davam etdirərək, yeni cinayətlər törətmiş, əvvəlki cəzaların islah təsirinin yetərli olmaması qənaətinə gəlməyə əsas verən real və təhlükəli davranış nümayiş etdirmişdir. Göründüyü kimi əməli törətmiş şəxs dəfələrlə daha ciddi cəzalara məhkum olunmasına, məhkumluq həyatı yaşamasına baxmayaraq, o, islah olunma yolunu tutmamış, əksinə daim zorakı cinayətlər törətməklə qanunla qorunan ictimai münasibətlərə qəsd etmişdir. Bu da onu deməyə əsas verir ki, əməli törətmiş şəxs təhlükəli meyillərin və vərdişlərin təsirindən azad olunmamışdır. Ona görə də onun şəxsiyyətinin ictimai təhlükəliliyi hələ də qalmaqdadır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Bərdə rayon Güloğlular kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə əməli törətmiş şəxsin şəxsiyyətini təhlükəliliyini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, əməli törətmiş şəxs təqsirli hərəkətləri ilə ailədaxili ziddiyyətləri daha da dərinləşdirmiş, keçmiş arvadı ilə münasibətlərinin pozulmasına və kəskin xarakter almasına rəvac vermişdir. Eləcə də, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs qarşı zorakılıq hərəkətləri etməklə, qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Onun keçmiş arvadı ilə birgə nikahdan doğulmuş uşağının olmasını və buna görə də zərərçəkmiş şəxslə faktiki olaraq ayrılsalar da, ailədə münasibətləri qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, qızı Jalənin rifahı üçün birgə fəaliyyət göstərməli olduğu halda, onları etməmiş, əksinə spirtli içki qəbul edərək, sərxoş vəziyyətdə idarə olunmaz vəziyyət yaradaraq, keçmiş arvadına qarşı zorakılıq hərəkətləri etmişdir. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və əməli törətmiş şəxsə az ciddi cəzanın təyin edilməsini istisna edir. Ona görə də məhkəmə törədilmiş cinayətin obyektinin insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olduğunu, nəzərə alır və əməli törətmiş şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin, əməli törətmiş şəxsin şəxsiyyətinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, əməli törətmiş şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018–ci il tarixli qərarı ilə axtarış elan edilərək, tutulduqdan sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. Həmin qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq aidiyyəti üzrə Mingəçevir Şəhər Polis Şöbəsinə təhvil verilmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, əməli törətmiş şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki,”Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti rəsmi qaydada verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar