Məhkəmə qərarları › İş №1(051)-38/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-38/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-38/2023 31.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafiəçisi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Lənkəran şəhəri, Liman qəsəbəsində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli. işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı orta məktəbin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan qızla danışıb, söhbət etdiyi vaxt onlardan bir qədər kənarda tanışları ilə dayanan, xx.xx.2007-ci il tarixdə doğulmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs onun qızla deyib gülməsinin ətrafda istintaqa məlum olmayan bir neçə orta yaşlı qadının narazılığına səbəb olmasını düşünərək, həmin qızın getməsini gözləmiş, qız getdikdən sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, yaşadıqları küçədə qızla arasında olan danışıq tərzinin ətrafdakıların narazılığına səbəb olduğunu, əks cinsin nümayəndəsi ilə bir qədər əvvəlki davranış tərzinin özündən böyüklərə qarşı hörmətsizlik kimi qəbul olunduğunu dedikdə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona etdiyi bu iradları şəxsiyyətinə sataşma kimi qəbul etmiş, nəticədə Zərərçəkmiş şəxsla onun arasında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə zərbə endirib, sonuncuya küt alətin təsirindən əmələ gəlməyə xarakterik, sağ gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sağ almacıq sümüyünün və orbitanın qəlpəli sınığının əmələ gəlməsi ilə nəticələnən, yetirilən anda həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs ilk dəfə xx.xx.2022-ci il tarixdə görmüşdür. 2021-ci ilin yay aylarınadək Mingəçevir şəhəri C.Əliyev küçəsində babasıgilin evində yaşamışlar. Təxminən 1 ildir ki, o, anası Qanuni nümayəndə1 ilə birlikdə Bakı şəhərində kirayədə yaşayırlar, arabir Mingəçevir şəhərinə, babası X1 yaşadığı evə qonaq gəlirlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə babasını görmək və 1 gün qalıb qayıtmaq üçün saat 13 radələrində ünvan 3 ünvanına gəlmişdir. Həmin günü təxminən saat 17 radələrində o, hava almaq və keçmiş tanışları ilə görüşmək üçün həyətə düşmüşdür. Bir qədər keçəndən sonra o, babasının yaşadığı evin yaxınlığındakı 8 saylı orta məktəbin həyətinə keçəndə, orada qonşuluqda yaşayan keçmiş tanışı Aysellə rastlaşmış və onlar məktəbin həyətindəki oturacaqlardan birində oturub öz aralarında söhbət etmişlər. Bir qədər söhbət etdikdən sonra Aysel sağollaşıb getmişdir. Aysel adlı şəxs ondan aralaşıb getdikdən sonra adı ona sonradan məlum olan Elgün adlı şəxs ona yaxınlaşaraq, "burda camaatın anası bacısı var sən niyə qızla oturursan belə səhv hərəkət edirsən" deyib ona irad bildirəndə, o da Elgünə heç bir səhv hərəkət etmədiyini demiş, çünki həmin vaxt o, Aysel adlı qızla sakit tərzdə normal qaydada söhbət etmişlər. Orada heç bir yaşlı, orta yaşlı və yaxud gənc qadın olmamış, nə də onlara heç kim söhbət etdiklərinə görə irad bildirməmişdir. Eləcə də, onlar o heç bir əxlaqa zidd hərəkət etməmiş, nə də kənarda olan şəxslərin narahatçılığına səbəb olan uca səslə danışmamışdır. Ona görə də o, Elgünün ona irad bildirməsini özünə qarşı qərəzli hərəkət və sataşma kimi qəbul etmişdir. Ona baxmayaraq, Elgün ona “sən burda səhv edə bilməzsən" deyib onu daha da qıcıqlandırmışdır. Sonra isə onunla üzbəüz dayanaraq “vura bilirsənsə, vur məni, gör ardı necə gələcək” deyəndə, o, qorxutmaq məqsədi ilə belində olan kiçik ölçülü bıçağı bağlı vəziyyətdə belindən çıxarmış, sonra isə şalvarının yan cibinə qoymuşdur. Həmin vaxt o, bıçağı açmamış və ya ətrafdakı şəxslərə nümayiş etdirməmişdir. Bu zaman kənarda dayanmış Elgünün adlarını bilmədiyi 2 nəfər dostu onlara yaxınlaşmışlar. Bundan başqa həmin vaxt üzdən tanıdığı təxminən 7 nəfər həmyaşıdları da təsadüfən oradan keçərkən, Elgünlə mübahisə etdiklərini görüb onlara yaxınlaşaraq, onlardan mübahisə etməmələrini, mehribançılıq etmələrini xahiş etmişlər. Bu zaman Elgün ona "sən nəsə çəkmisən, hallısan" deyəndə, o da Elgünün bu sözündən əsəbləşmiş və Elgünün sifəti nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən Elgün yerə yıxılmışdır, o da yıxılmış vəziyyətdə Elgünün sinəsinə 2 dəfə təpiklə vurmuş, lakin Elgünün tanımadığı 2 nəfər tanışları və orada olan üzdən tanıdığı şəxslər onları aralaşdırmışlar. Sonra o, oradan uzaqlaşıb babasıgilin yaşadığı ünvana, xx.xx.2022-ci il tarixdə isə yaşadığı Bakı şəhərinə getmişdir. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı nə o, Elgünün ünvanına, nə də Elgün onun ünvanına nalayiq sözlər işlətməmiş və həmin zamanı səs-küy yaranmamışdır. Aralarında olan mübahisəni Elgünün yanında olan 2 nəfər dostu və onlara yaxınlaşan digər şəxslər görmüş, həmin vaxt Zərərçəkmiş şəxs ona hər hansı xəsarət yetirməmiş, o da Zərərçəkmiş şəxs bıçaqla hədələməmişdir. Mübahisə zamanı ondan başqa heç kəs Elgünü vurmamışdır. Hadisə zamanı üzərində olan bıçağı sonradan xatırlamadığı yerdə atmışdır. Hadisədən sonra o, zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhərində yerləşən 128 saylı Ağdam rayon orta məktəbin 10-cu sinifində təhsil alır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində şəkər tozu və çay almaq üçün Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı məktəbin qarşısındakı mağazaya gedərkən, məktəbin yaxınlığında dostları Ramil və Emillə rastlaşmış, birlikdə söhbət edərək yollarına davam etmişlər. 8 saylı orta məktəbin yaxınlığına çatarkən, əvvəllər tanımadığı, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin bir qızla oturub söhbət etdiklərini görmüşdür. Yaxınlıqda isə orta yaşlı qadınlar oturub söhbət etmişlər. Onlar həmin yerə yaxınlaşarkən, yaxınlıqda əyləşmiş orta yaşlı qadınlardan birinin Elmin və onun birlikdə əyləşib söhbət edən qızın ünvanına "bu tərbiyəsizlərə bax heç kimi saymırlar" dediyini eşitmişdir. O, Ramil və Emildən ayrılıb yaxınlıqdakı mağazaya daxil olub bayıra çıxdıqdan sonra Elminlə birlikdə əyləşmiş qızın oradan aralaşıb getmiş, Elmin isə orada tək əyləşmişdir. O, Elminin tək olduğunu görüb Elminə yaxınlaşaraq "sən niyə belə edirsən ki, xala sənə tərbiyəsiz deyir" ifadəsini işlədərək orta yaşlı qadınların yaxınlığında qızla birlikdə əyləşib söhbət etməsini Elminə irad tutmuşdur. Bu zaman Elmin də ona “sən kimsənki mənə irad bildirirsən" demiş və bu zəmində aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra Elmin ona təkbətək dalaşmağı təklif etmiş, o da Elminlə razılaşaraq Elminlə birlikdə bir qədər kənara çəkilərkən yaxınlıqdan keçən təxminən 7 nəfər onunla həmyaşıd olan oğlanlar və dostları Emil və Ramildə onlara yaxınlaşmışlar. Onlara yaxınlaşan tanımadığı 7 nəfərdən biri onlara "lazım deyil dalaşmayın mehribançılıq edin" deyəndə Elmin belindən bıçaq çıxarmış, sonra isə bıçağı belinə qoymuşdur. Həmin zaman o, Elminə dalaşmaq niyyətinin olmadığını demək istəyəndə, Elmin qəflətən yumruqla onun sifətinin sağ nahiyyəsinə bir dəfə zərbə ilə vurmuş, zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış Elmin isə yerə uzanıqlı vəziyyətdə onun sifətinə və başına 2 dəfə təpiklə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılarkən cibində saxladığı "Redmi 10" markalı mobil telefon da cibindən yerə düşmüş, Elmin isə təpiklə telefonun ekranından vuraraq telefonun ekranını sındırmışdır. Bu zaman ətrafda olan şəxslər, eləcə də onun dostları Emil və Ramil Elmini ondan aralaşdırmışlar. Sonra Elmin çıxıb getmiş, o da ayağa qalxıb özünü toparladıqdan sonra dostu Emil onu yaşadığı evə aparmışdır. Lakin, evə gedəndə atası Xançoban onun xəsarət aldığını görüb nə baş verdiyini soruşanda o da yıxılıb ehtiyyatsızlığından xəsarət aldığını bildirmişdir. Lakin, 2 gün ərzində gözündə ağrılar olduğunu görüb hadisənin reallığı barədə atasına məlumat vermişdir. Elmin bıçaqla nümayişkaranə şəkildə hər hansı hərəkət etməmiş, eləcə də bıçaqla onu vurmaqla hədələməmiş və ya bıçaqla ona hər hansı xəsarət yetirməmişdir. Həmçinin təqsirləndirilən şəxsə “sən hallısan” deməmişdir. Bununla belə o, Elmini bağışlamış və hazırda onlar arasında heç bir anlaşılmazlıq və ədavət yoxdur. Hadisədən sonra təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınmasını və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərdi ki, o, 1999-cu ildə X2 ilə rəsmi nigaha daxil olaraq ailə qurmuşlar. Birgə nigahdan 2 övladları var. Zərərçəkmiş şəxs onun kiçik uşağıdır. Təqsirləndirilən şəxs və ya ailə üzvlərini tanımır, aralarında hər hansı ədavət və ya düşmənçilik olmayıbdır. 10 avqust 2022-ci il tarixdə axşam saatlarında yaşadıqları ünvana qayıdanda uşağı Elgünün sifət nahiyyəsində xəsarət olduğunu görüb nə baş verdiyini soruşmuş, lakin Elgün ilkin olaraq ona yıxılaraq xəsarət aldığını bildirmişdir. Lakin sonrakı günlər Elgünün sifət nahiyyəsində ağrılar yaranmış bu səbəbdən də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Xəstəxanada Elgünün aldığı xəsarətin ciddiliyi məlum olduqdan sonra Elgün ona xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı məktəbin yaxınlığında Elmin adlı şəxslə dalaşdığını və Elminin ona yumruqla vuraraq xəsarət yetirdiyini, həmçinin yerə yıxıldıqdan sonra telefonununu da təpikləyib ekranını sındırdığını bildirmişdir. Həmçinin Elgünün müalicəsinə təxminən 3978 manat məbləğdə pul xərcləmiş. '‘Remi 10" model mobil telefonu isə 2022-ci ilin iyun ayında 450 manata almışdır.İşə məhkəmədə baxılan vaxt təqsirləndirilən şəxsi valideyni ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur. Təqsirləndirilən şəxs isə onlarla qonşu binada yaşamış, sonralar Elmingil Bakı şəhərinə köçmüşlər. Lakin, Elminin babasıgil qonşuluqda yaşadıqları üçün tez-tez Mingəçevir şəhərinə qonaq gəlirlər. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı C.Əliyev küçəsində dostu Ramillə görüşüb birlikdə gəzərək söhbət etmişlər. Təxminən saat 19 radələrində Ramillə birlikdə Qres qəsəbəsindəki 8 saylı orta məktəbin yaxınlığından keçərkən digər dostları Elgünlə rastlaşmışlar. Birlikdə söhbət edib sonra ayrılmışlar. O, 8 saylı orta məktəbin yaxınlığından keçərkən, Elminin bir qızla oturub söhbət etdiyini və həmin vaxt orada yerdə oturan tanımadığı qadının olduğunu görməmişdir. Dostu Elgün onlardan aralaşıb Elminə yaxınlaşmış, o isə Ramillə kənarda dayanmışlar. Elminlə Elgünün arasında söz mübahisəsi yarandığını görüb aralaşdırmaq məqsədi ilə onlara yaxınlaşanda, təxminən 7 nəfər həmyaşıdları təsadüfən yaxınlıqdan keçən oğlanlar da Elgün və Elminə yaxınlaşaraq həmin oğlanlardan birinin Elmin və Elgünə "lazım deyil dalaşmayın mehribançılıq edin" deyəndə Elmin belindən bıçaq çıxarmış, sonra isə bıçağı belinə qoymuşdur. Bu zaman dostu Elgün də dalaşmaq niyyəti olmadığını demək istəyəndə, Elmin Elgünün gözünə yumruqla bir dəfə vurmuş, zərbənin təsirindən Elgün müvazinətini itirərək yerə yıxılmış, Elgün yerə uzanıqlı vəziyyətdə olanda Elmin Elgünün sifətinə və başına 2 dəfə təpiklə vurmuşdur. Həmçinin Elgün zərbənin təsirindən müvazinətini itirib yerə yıxılarkən cibindəki "Redmi 10" markalı mobil telefon da yerə düşmüşdür. Elminin mobil telefonun ekranını sıdırdığını görməmişdir. Elminin Elgünü vurub yerə yıxdığını görən o, Ramil və digər şəxslər onları ayırmışlar. Sonra Elmin onlardan ayrılıb getmiş, Elgün də ayağa qalxıb özünü toparladıqdan sonra o, Elgünü yaşadığı evə ötürmüşdür. Həmin mübahisə təxminən 10 dəqiqə davam etmiş və bu zaman Elgün və ya Elminin bir-birilərinin ünvanına nalayiq söyüşlər söyməmişlər, mübahisəni o, dostu Ramil və tanımadığı 6-7 nəfər şəxslər görmüşdür. Həmin vaxt Elgün Elminə hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs cibindən bıçaq çıxarsa da həmin bıçağı nümayiş etdirməmiş və heç kəsi hədələməmiş və ya xəsarət yetirməmişdir. Elmindən başqa Elgünü heç kəs vurmamışdır. Mübahisədən qabaq Elmin və Aysel adlı şəxsin səsküylə danışıb gülmüşdüyünü eşitməmiş, nə də onların bir-birinə qarşı hər hansı əxlaqsız hərəkətlər etdiyini görməmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 da ifadəsində digər Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2022-ci il tarixli 554 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ gözətrafı nahiyyənin qançırı, dərialtı hematoması. sağ almacıq sümüyünün və orbitinin qəlpəli sınığı, küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərərvuran xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan Mobil MMC-in xx.xx.2022-ci il tarixli 240 saylı rəyindən görünür ki, 450 manata alınmış, 02 ay istifadə edilmiş, Redmi 10 markalı mobil telefonun 2022-ci ilin avqust ayına orta bazar satış qiyməti istifadə edilmə müddəti nəzərə alınmaqla 300 manat dəyərindədir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 186.1, 221.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibi, AR İXM-nin 232-1-ci maddəsi ilə isə inzibati icraatın başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması və onun əməlində cinayət tərkibinin olması, tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaq orqanın mövqeyi ilə ona görə razılaşmır ki, hazırkı işin faktiki hallarına görə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə əsassız irad bildirməsi olmuşdur. Belə ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı orta məktəbin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan qızla ucadan danışıb, gülərək söhbət etdiyi vaxt onlardan bir qədər kənarda tanışları ilə dayanan, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qızla yüksək səs tonu ilə deyib gülməsinin ətrafda olan şəxsiyyətləri istintaqa məlum olmayan bir neçə orta yaşlı qadının narazılığına səbəb olmasını düşünərək, həmin qızın getməsini gözləmiş, qız getdikdən sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə yaxınlaşaraq, yaşadıqları küçədə qızla arasında olan danışıq tərzinin ətrafdakıların narazılığına səbəb olduğunu, əks cinsin nümayəndəsi ilə bir qədər əvvəlki davranış tərzinin özündən böyüklərə qarşı hörmətsizlik kimi qəbul olunduğunu deyib, bununla bağlı təqsirləndirilən şəxsə irad bildirdikdə, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış və yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə zərbə endirib, sonuncuya küt alətin təsirindən əmələ gəlməyə xarakterik, olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Göründüyü kimi münaqişə şəxsi münasibətlər zəminində baş verməsə də, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin qızla yüksək səs tonu ilə deyib gülməsinin ətrafda olan bir neçə orta yaşlı qadının narazılığına səbəb olmasına istinad etmiş, lakin həmin qadınların şəxsiyyəti istintaq orqanı tərəfindən nə araşdırılmamış, nə də həmin şəxslər şahid qismində dindirilməmişdir. Zərərçəkmiş şəxsin bununla bağlı bildirdikləri isə heç bir mötəbər mənbədən əldə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Halbuki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın həmin hissəsi ilə özünü təqsirli bilməmişdir. Belə ki, zərərçəkmiş şəxsin yanında olan şahidlər də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Aysel adlı qızla ucadan danışdığını eşitmədiklərini və onların nalayiq hərəkətlər etdiklərini görmədiklərini bildirmişlər. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətləri zərərçəkmiş şəxsin onun ünvanına söylədiyi haqsız iradlara görə yalnız zərərəçəkmiş şəxsə qarşı yönəlmişdir. Təqsirləndirilən şəxsdə qabaqcadan, yəni hadisədən əvvəl zərərçəkmiş şəxsə qarşı hər hansı bir xuliqanlıq niyyəti formalaşmamış, yalnız zərərçəkmiş şəxsin ona əsassız olaraq irad bildirməsindən sonra yaranmış mübahisə zəminində şəxsi qisasçılıq və ədavət hissi yaranmışdır. Həmin an təqsirləndirilən şəxs yaranmış qisasçılıq və ədavət hissinin təsiri altında yalnız zərərçəkmiş şəxsə az ağır xəsarət yetirmək qərarına gəlmişdir. Buna səbəb isə zərərçəkmiş şəxsin ona əsasız irad bildirməsi olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin Aysel adlı qızla söhbət edərkən, özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif edilməsi əsassızdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Belə olan halda təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, “X7 Məhkəmə Təçrübəsi Haqqında” Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 5-ci bəndində xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurama cinayətlərindən fərqləndirilmişdir. Həmin bənddə göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurama cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanı kobud surətdə pozmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, Azərbayçan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyindən irəli gələn tövsiyyəsini nəzərə alaraq hesab edir ki, xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurama cinayətlərinin törətməmişdən əvvəl təqsirkar şəxsdə xuliqanlıq niyyəti formalaşmalı, yəni xuliqanlıq hərəkət kimi deyil, konret cinayətin motivi kimi, yəni törədilmiş cinayətin subyektiv cəhətinin zəruri tərkib əlaməti kimi özünü biruzə verməlidir. Xuliqanlıq cinayətlərinin törədilməsi zamanı təqsirkarın təhlükəli davranışı nəticəsində törədilmiş cinayətlərə görə onun əməli xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi deyil, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi xuliqanlıq cinayətləri qərəzli hərəkətlərin davam etdirilməsi nəticəsində törədildiyi halda, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurama cinayətləri isə konkret olaraq qabaqcadan formalaşmış xuliqanlıq motivi ilə törədilir. Həmin Qərarın 3-cü bəndində izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda formalaşmış hüquqi mövqelərə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və sonrakı dalaşma zamanı Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirməsi, CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 8 saylı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ona etdiyi iradları şəxsiyyətinə sataşma kimi kimi qəbul etmiş, nəticədə Zərərçəkmiş şəxsla onun arasında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə zərbə endirib, sonuncuya küt alətin təsirindən əmələ gəlməyə xarakterik olan qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1–ci maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxsin CM-in 127.1-ci maddəsi ilə təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilsə də, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə yazılmış, həmçinin qanuni nümayəndəsi tərəfindən imzalanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs əməli nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxsin anası tərəfindən ödənilmiş, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını və mülki iddiadan imtina etdiyini bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi xx.xx.2023cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhəri İnteqrasiya təlimli İnternat tipli gimnaziya tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı müəsissədə özünü bacarıqlı, qabiliyyətli, əməksevər və məktəbin ictimai işlərində də fəal iştirak edən şagird kimi tanıtmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, onların özləri və qanuni nümayəndələri tərəfindən imzalanmış ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs isə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarını, cinayət prosesi tərəflərinin barışmasını əsas tutaraq, yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinin və onun barəsində olan cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla cinayət işi üzrə işin icraata xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Ona görə də məhkəmə, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs təqqsirləndirilən şəxs həsənov Elmi nicat oğluna qarşı maddi ziyana görə 3978,98 manat, mənəvi zərər görə 2000 manat, cəmi 5978,98 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia təqsirləndirilən şəxsə münasibətdə mülki iddiaçının iddiadan imtina etməsi əsası ilə xitam edilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş mülki iddiaçıya cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dəymiş ziyan mülki cavabdeh olan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyinə görə mülki iddiaçı iddiadan imtina etmişdir. Lakin mülki iddiaçının tələbdən imtinasının prosessual qaydaları Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə mülki iddiaçının tələbdən imtinasına münasibətdə mülki prosessual qanunvericiliyin normalarını cinayət mühakimə icraatının prinsiplərinə zidd olmayan hissədə tətbiq edilməsini qanuni və əsaslı hesab edir . Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Belə olan halda məhkəmə, mülki iddiaçının tələbdən imtina etməsi barədə ərizəsini və iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 52.5-ci maddəsinin tələbləri baxımından araşdıraraq hesab edir ki, mülki iddiaçının öz tələbindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur, başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən mülki iddiaçının mülki iddia tələbindən imtina etməsini qəbul edərək mülki iddia üzrə də icraata xitam verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsaəsn işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.1-ci maddəsi nə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Ona görə də hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs təqqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 3978,98 manat, mənəvi zərər görə 2000 manat, cəmi 5978,98 manat məbləğində mülki iddiası üzrə işin icraatına xitam verilməlidir. Məhkəmə, həmçinin mülki iddiaçıya izah edir ki, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında hazırki qərar qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmədə yenidən mülki iddia verilməsi istisna edirlir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 3978,98 manat, mənəvi zərərə görə 2000 manat, cəmi 5978,98 manat məbləğində ziyan tələbinə dair mülki iddiası üzrə işin icraatına xitam verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs izah edlisin ki, hazırki qərar qüvvədə olduğu müddətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmədə yenidən mülki iddia verilməsi istisna edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar