Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-38/2024 04.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmiş, məhkumluğu olan, Ağdam rayonu Novruzlu ərazi dairəsi, Novruzlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Əsgərov X1 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmasına, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədən islah olunmayaraq 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 427,91 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirmiş, həmin narkotik vasitənin 420 qram olan hissəsini bir ədəd yaşıl rəngli sellofan torbanın içərisində mənzilin yataq otağında olan dəmir çarpayının altında saxlamış, əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananın 7,91 qram hissəsini isə bir ədəd ağ rəngli kağız bükümdə əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlayaraq özü ilə daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Mingəçevir Şəhər Polis X2 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3 saylı binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, həmin tarixdə saat 13:05-dən saat 13:14-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd ağ rəngli kağız bükümünün içərisində təmiz çəkisi 7,91 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən, həmin tarixdə saat 14:30-dan saat 14:40-dək olan müddət ərzində yaşadığı Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3 saylı evin 36 saylı mənzilinə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında baxış keçirilərkən mənzilin yataq otağında olan dəmir çarpayının altından 420 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2023-cü ilin avqust ayında avtobusla Yevlax rayonu, Xaldan kəndi istiqamətindən Mingəçevir şəhəri istiqamətində gələn zaman şəhərin girişi olan “Ala Qapı”adlandırılan yerdə Yevlax rayonu, Havarlı kəndi ilə üzbəüz olan tərəfdə avtobusdan düşmüşdür. Belə ki, avtobusa minməmişdən qabaq sürücü həmin yerə kimi getdiyini, Mingəçevir şəhərinə girməyəcəyini demişdir. Yolun kənarı ilə piyada Mingəçevir şəhərinə tərəf gələn zaman yolun kənarında 01 ədəd yaşıl rəngli sellofan torbanın olmasını görmüş və onu yerdən götürmüşdür. Torbanı açıb baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüş və şəxsi istifadəsi üçün həmin bükümü yaşadığı evə aparıb, hissə-hissə ondan istifadə etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evdə saxladığı torbanın içərisindən şəxsi istifadəsi üçün 1 siqaret tutumu qədər narkotik vasitə olan qurudulmuş marixuana götürmüş və həyətə düşmüşdür. Həmin vaxt Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 3 saylı binanın yaxınlığında şəhər sakini kimi tanıdığı, aralarında normal münasibət olan Şahid5 görmüş və onunla həmin binanın yaxınlığında meydançasının içərisində olan skamyada əyləşmişdir. Lakin o, üzərində narkotik vasitə qurudulmuş marixuana olması haqqında Rəhbər adlı şəxsə məlumat verməmişdir. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və onları polis şöbəsinə dəvət etdilər. Rəhbər və o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsini bildirilmişdir. Şəxsi axtrarış zamanı onun əynindəki göy rəngli şalvarın sağ arxa cibindən 01 (bir) ədəd içərisində narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümümi çəkisi 10,56 qram olmuşdur. Həmin narkotik vasitə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin qərarı əsasında yaşadığı ünvan 4 ünvanında polis əməkdaşları ilə birlikdə baxış keçirilmiş, baxış zamanı mənzilin yataq otağındakı dəmir çarpayının altında saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 ədəd yaşıl rəngli sellofan bükümü təqdim etmişdir. Baxış zamanı aşkar olunan kütlə onun və digər iştirakçıların yanında çəkilmiş və onun çəkisi 435 qram olması müəyyən edilərək aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs növbəti məhkəmə iclasında ifadəsini dəyişdirərək qeyd etdi ki, o tanışı Şahid5 ilə həyətdə oturub söhbət edərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, bu zaman o uzaqlaşmaq istədikdə polis əməkdaşı onu tutaraq yerə yıxmış, arxadan əlini-qolunu birləşdirmişdir. O da qışqırmağa başlamışdır. Ətrafa hay salaraq bildirmişdir ki, onun üzərində heç bir narkotik vasitə yoxdur. Bu zaman polis əməkdaşı ona sən tutulmalısan demişdir. Sonra onu polis şöbəsinə aparmışlar. O, tutulanda üzərində narkotik vasitə olmamışdır. Evinə baxış keçirilməmişdən öncə də polis əməkdaşı ilə birlikdə gedərək evə narkotik vasitəni yerləşdirmiş, daha sonra evə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bəxtiyarla həyətdə oturub söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşmışdır. Bəxtiyar uzaqlaşmaq istədikdə polis onu tutaraq yerə yıxmış, qollarını arxadan birləşdirmişdir. Bəxtiyar yerdə qışqıraraq üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Onun özü də Bəxtiyarın üzərində narkotik vasitənin olmadığını zənn edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-ün polis nəfərləri, polis baş serjantları X4, Şahid3 və Şahid4 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs şəhər sakini Şahid5 ilə birlikdə Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı binanın qarşısında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilmişdir. Onları polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid5 Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Təqdim olunmuş həmin 01 ədəd kağız büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 10,56 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Bundan sonra müdafiəçinin iştirakı ilə Şahid5 üzərinə şəxsi axtarış və götürmə keçirilmiş və Şahid5 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından aşağı miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına axtarış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs mənzilin yataq otağındakı dəmir çarpayının altında saxladığı 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanı çəkən zaman çəkisinin 435 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm prosesdə iştirak edən şəxslərin yanında qablaşdırılmış, möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir Şəhər polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, içərisində olan narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün Yevlax rayonu Havarlı kənd yolunun kənarında tapdığını bildirmişdir, büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 10,56 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür (i.v. 32-33). “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3 saylı binanın 36 saylı mənzilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin yataq otağında olan dəmir çarpayının altında 1 ədəd yaşıl rəngli sellofan bükümdə içərisində ümumi çəkisi 435 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/694 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 7.91 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Vət Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan nzarkotik vasitə...” sözləri, adları və imzalar yazılmış sellofan bağlamanın içərisindəki- 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (i.v.51-53). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 427.76 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.97-98). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1850 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin acılığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (i.v.140-141). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:40-dan tutulmuş hesab edilmişdir (i.v.28). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.88-90). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.91-92). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əsgərov X1 Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 05 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1ci maddəsinə əsasən 02 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmişdir (i.v.103-105). xx.xx.2023-cü il tarixli Dövlətqaçqınkom tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 147). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-97/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respubıikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(001)-479/2022 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki ) il 14 (on dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut - 427.76 qram narkotik vasitə olan –qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş 427.76 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən. Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-38/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-38/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver