Məhkəmə qərarları › İş №1(051)-38/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-38/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-38/2025 29.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə Samux rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 iyun 2024-cü il tarixdə təxminən səhər saat 06:30 radələrində Yevlax rayonu Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olmuş, daha sonra yaşayış sahəsi hesab olunan evə qapıdan daxil olaraq evin qonaq otağında olan 01 ədəd 200 (iki yüz) manat dəyərində olan təhlükəsizlik üçün quraşdırılmış videokameranın aparatını və həmin otaqda masanın üzərinə qoyulmuş 01 ədəd qara rəngli, ekran ölçüsü 107 sm olan, 250 (iki yüz əlli) manat dəyərində olan “LG” markalı plazma televizoru gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 450 (dörd yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 83-cü bəndinə əsasən narkotik vasitə olan heroinin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 0,869 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri “Tekstilni kombinatının” yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 21:05-dən saat 21:11-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, Naidənin qızı Könül Səmədovanı tanıyır. Belə ki, Könüllə əvvəllər dostu Fariz adlı şəxs arasında münasibət olduğundan o, Farizin vasitəsilə Könülü tanımışdır. Fariz onunla birlikdə bir neçə dəfə Könülü yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evə düşürərkən Könülün evini görmüşdür. Həmçinin həmin ərəfələrdə onun 300 manat borcu olduğundan, lakin borcu qaytarmağa pulu olmadığına görə borcu qaytarmaq üçün oğurluq etmək qərarına gəlmişdir. Oğurluğu isə Könülün yaşadığı evdən etməyi planlaşdırmışdır. Könülün həmin vaxt Bakı şəhərində olduğunu, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evində isə anasının yaşadığını öyrənmişdir. Bundan başqa Könülün anasının isə hər gün səhər tezdən Mingəçevir şəhərində yerləşən bazara getdiyini öyrənmişdir. Həmin kəndə getmək üçün avtomobil lazım olduğuna görə tanışı Şahid4 xahiş edərək onun idarəsində olan “VAZ-21099” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini götürmüşdür. 01 iyun 2024-cü il tarixdə səhər saat 05:30 radələrində idarə etdiyi “VAZ 21099” markalı avtomobillə Tanrıqulular kəndinə getmişdir. Avtomobilin tanmmaması üçün dövlət qeydiyyat nişanlarını çıxartmış, sonra Könülgilin yaşadığı küçədə avtomobili bir qədər evdən kənarda saxlayıb anasının evdən çıxıb bazara getməsini gözləmişdir. 01 iyun 2024-cü il tarixdə saat təxminən 06:30 radələrində o, “VAZ- 2106” markalı avtomobilin Könülün anasını evdən götürdüyünü görmüşdür. Həmin avtomobil yanından keçəndən sonra evə daxil olmaq üçün idarə etdiyi avtomobili evin hasarının yanında saxlamışdır. Evin mişar daşlarından istifadə edilməklə hörülmüş hasarının hündürlüyü təxminən 2 metr olmuş və o, hasarın üstünə çıxıb hasarı aşmaqla həyətə daxil ölmüşdür. Daha sonra evin qapısını açmaq istəyəndə qapının açıq vəziyyətdə olduğunu görmüş və qapıdan keçib içəri daxil olduqda dəhlizin sol tərəfində yerləşən plastik qapıdan evin geniş ölçüdə olan qonaq otağına daxil olanda həmin otaqda təhlükəsizlik üçün quraşdırılmış videokamera olduğunu görmüşdür. Görüntülərin məhv edilməsi üçün dərhal videokameranı və videokameranın aparatını söküb çıxarmışdır. Daha sonra həmin otaqda 01 ədəd kiçik ölçülü taxta materiallı masanın üzərində olan 01 ədəd “LG” markalı plazma televizoru götürmüşdür. Həmin vaxtı həyəcanlı olduğundan və qorxduğu üçün 1 ədəd “LG” markalı plazma televizoru və 01 ədəd videokameranın aparatını dərhal götürüb evi tərk etmişdir. Həyətə düşdükdən sonra oğurladığı 1 ədəd “LG” markalı plazma televizoru və 01 ədəd videokameranın aparatını hasarın üstünə qoymuş və yenidən hasarın üstünə çıxaraq həyətdən bayıra çıxmışdır. Sonra oğurladığı əşyaları hasarın üzərindən götürərək kəndə gəldiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21099” markalı avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. Sonra avtomobilin sükanı arxasına əyləşib kənddən çıxmış və Mingəçevir şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt sökdüyü videokameranın otaqda qaldığını, videokamera üzərində barmaq izimin qaldığını güman edib geri qayıtmaq istəmişdir. Lakin qorxduğundan yola davam etmişdir. Oğurladığı 1 ədəd “LG" markalı televizoru və videokameranın aparatını satıb borclarını qaytarmaq üçün əvvəlcə yaşadığı evə gətirmiş və əşyaların oğurluq olması barədə heç kimə məlumat verməmişdir. Əldə etdiyi kameranın aparatını Mingəçevir şəhəri, Mərkəzi Bazarın yaxınlığında tanımadığı şəxsə xatırladığı qədəri ilə 50 manat müqabilində satmışdır. Televizoru isə yaşadığı evdə saxlamışdır. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra, müvəqqəti saxlama yerindən azad olunduqda törətdiyi cinayət əməlindən peşman olaraq oğurladığı televizoru polis şöbəsinin inzibati binasına gətirərək müstəntiqə təhvil vermişdir. Bundan başqa o, bildirmişdir ki, o, 234.1-ci maddə ilə özünü təqsirli bilmir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, “Tekstilni kombinatının” yaxınlığından avtomobillə keçən zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. İstintaqda ona təzyiq olunmuşdur. İşdən xəbəri olmayan avtomobilin sahibini istintaqa cəlb etmək istədiklərindən onun məsuliyyətə cəlb edilməməsi üçün məcburiyyət qarşısında qalaraq ona verilən təqsiri boynuna götürmüşdür. Odur ki, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, təhlükəsizlik üçün evinə videomüşahidə kamerası çəkdirmişdir. Hər gün səhər saat 06:30 radələrində Mingəçevir şəhər Bazarına süd məhsulları aparıb sataraq dolanışığını təmin etmişdir. O, bazara alver etməyə gedərkən nəvəsi Vüqar evdə tək qalmışdır. Sonuncu dəfə 01 iyun 2024-cü il tarixdə sata 06:30 radələrində taksi fəaliyyəti ilə məşğul olan Vahid adlı şəxslə Mingəçevir şəhər bazarına getmişdir. Nəvəsi Vüqar isə həmin vaxtı evdə yatmışdır. Evdən çıxarkən evin qapısını açıq qoymuş, yəni açarla bağlamamışdır. Təxminən saat 10 radələrində Bakı şəhərində yaşayan qızı Səmədova Könül mobil telefonla zəng edərək, nəvəsi Vüqarın ona zəng edərək evdən oğurluq olmasını bildirdiyini, buna görə də təcili olaraq evə getməsini xahiş etmişdir. Yaşadığı evin giriş qapısından içəri girdikdə sol tərəfdə geniş zal yerləşir. Həmin zalda kiçik ölçülü stolun üzərində olan 1 ədəd “LG” markalı televizorun, videomüşahidə kamerasının aparatının oğurlandığını aşkar etmişdir. Daha sonra evindən oğurluq olmasını dəqiq aşkar etdiyi üçün şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək müayinəni təşkil etmişlər və hadisə yerindən əl- barmaq izləri götürmüşlər. Verilən suallara cavab olaraq o, baş vermiş oğurluq hadisəsi zamanı ona məxsus evdən təxminən 5 il əvvəl 1200 manata aldığı 1 ədəd “LG” markalı televizor və 200 manata aldığı təhlükəsizlik kamerasının aparatının oğurlanmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Mingəçevir ŞPŞ-nin X4 operatoru, polis baş serjantı Şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən köhnə “Tekstilni kombinatının” yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd “Kent” markalı siqaret qutusuna baxış keçirilən zaman qutunun içərisindən 1 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Aşkar olunmuş həmin 1 ədəd bükümə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxış keçirilərəkən həmin 1 ədəd ağ rəngli kağız bükümdə olan kütlənin narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin kağız bükümlə birlikdə ümumi çəkisi 1,05 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx.xx.2024cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “Lalə” aptekinin qarşısında olan ağacın dibindən taparaq əldə etdiyini, həmin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını, lakin sonra polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, o, VAZ 21099 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəllər atası Elbrus Hacıyevə məxsus olmuşdur. Atası insult keçindiyindən avtomobili idarə edə bilməmiş və xx.xx.2024-cü cü il tarixdə avtomobili onun adma qeydiyyatdan keçirmişdir. O, idman müəllimi kimi çalışdığından həmin avtomobili taksi fəaliyyəti ilə məşğul olan şəxslərə icarəyə verməyə başlamışdır. Şahid4 əvvəllər tanımamışdır. Əziz onun avtomobili icarə verməsi barədə məlumat alaraq ondan avtomobili icarəyə verməsini istəmişdir. O, Əzizlə avtomobili gündəlik 10 manatdan icarəyə vermək barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə özünə məxsus avtomobili Əzizə icarəyə vermiş və həmin tarixdə Əzizin adma xx.xx.2024-cü il tarixədək olan müddətdə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Təxminən 2 ay ərzində Əziz avtomobili icarə əsasında taksi kimi işlətmiş və sonradan avtomobilin gündəlik icarə haqqını verə bilmədiyindən avtomobili ona qaytarmışdır. Həmin avtomobil təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində Mingəçevir şəhəri, H.Əliyev prospektində Mərkəzi Poçtun yaxınlığında baş vermiş yol- nəqliyyat hadisəsi zamanı zədələnmiş və hazırda Mingəçevir şəhəri, Sağ Sahildə yerləşən cərimə meydançasında saxlanılır. Verilən suallara cavab olaraq o, istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində onun mülkiyyətində olan avtomobili tanışı Şahid4 götürməsi və xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, Əzizin ona məxsus avtomobili həmin şəxsə verməsi barədə heç bir məlumatı olmadığını, avtomobilini gündəliyi 10 manata olmaqla Əzizə icarəyə verdiyini, Zərərçəkmiş şəxsm da tanımadığını və Elmirin həmin şəxsə məxsus evdən oğurluq etməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 da, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərdikləri xüsusatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə, onun ifadəsini ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, özü taksi sürücüsü kimi çalışır və müxtəlif şəxslərdən gündəlik icarəyə götürdüyü avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olur. VAZ 21099 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhər sakini olan Şahid5 icarəyə götürmüşdür. Belə ki, o, Sadiqlə gündəlik 10 manat icarə haqqı vermək müqabilində razılaşmışdır. Ona görə də xx.xx.2024-cü il tarixdə Sadiq mülkiyyətində olan həmin avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. Həmin etibarnamənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmalı olmuş, lakin o, gündəlik razılaşdığı icarə haqqını verə bilmədiyindən təxminən 2 aydan sonra avtomobili Sadiqə geri qaytarmışdır. Təxminən 2024-cü ilin may ayında tanışı Elmirlə axşam saatlarında görüşən zaman Elmir səhəri gün erkən saatlarında şəxsi işlərinin olduğunu, həmin işləri həll etmək üçün Mingəçevir şəhərinin yaxınlığında Yevlax rayonu ərazisində yerləşən kəndlərdən birinə gedəcəyini demişdir. Həmin saatlarda isə o, işləmədiyindən Elmirə nə üçün və hansı kəndə getməsini tam şəkildə soruşmamış və işlərini həll etdikdən sonra avtomobili ona təhvil verməsini, təxminən səhər saat 09 radələrində taksi fəaliyyəti ilə məşğul olacağını demişdir. Elmir də onunla razılaşdığından avtomobili Elmirə vermişdir. Təxminən elə səhər saat 09 radələrində Elmir gətirib avtomobili ona vermişdir. Avtomobili verən zaman avtomobildə heç nə olmamış və o, bu hadisədən sonra Elmiri görməmişdir. Verilən suallara cavab olaraq o, istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində VAZ 21099 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili ondan götürərək xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsini bildirməsi ilə bağlı olaraq qeyd olunan avtomobili Elmirə şəxsi işlərini həll etməsi üçün istədiyindən verdiyini, Elmirin Yevlax rayonu Tanrıqulular kəndində Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi barədə heç bir məlumatı olmadığını və Elmirin həmin evdən hansı əşyaları oğurlaması barədə də heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Yevlax rayon Polis şöbəsində CAB-nm ə/m-li vəzifəsində, polis mayoru rütbəsində xidmət etmiş, hal-hazırda təqaüddədir. xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs Yevlax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslərin onun yaşadığı fərdi yaşayış evinə evin hasarından daxil olaraq evdən 1 ədəd “LG” markalı plazma televizor və təhlükəsizlik kamerasının aparatının oğurlanması baıədə bildirmişdir. Daxil olmuş məumat əsasında ona təhkim olunmuş xidməti ərazidə, yəni Yevlax rayonu Tanrıqulular kəndində yerləşən Saidə Səmədovaya məxsus fərdi yaşayış evinə baxışın keçirilməsində iştirak etmiş və evə baxış zamanı oradan təhqiqat üçün yararlı əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür. Həmçinin daxil olmuş məlumat əsasında oğurluq hadisəsini törədə biləcək şəxs və ya şəxslərin müəyyən edilməsi üçün onun tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Bunun nəticəsində xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evindən oğurluq edən şəxsin xx.xx.1993cü ildə Mingəçevir şəhərində anadan olmuş, Mingəçevir şəhəri, V.Hüseynov küçəsi ev 2/45, mənzil 18-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onun tərəfindən saxlanılaraq Yevlax RPŞ-nin inzibati binasına gətirilmiş və barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə rayon polis şöbəsinin istintaq bölməsinə təhvil verilmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid6 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Yevlax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid6 şahid Yevlax RPŞ-nin sabiq CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:50 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti aitına vermə” qətimkan tədbiri seçilmiş və o saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs kimi tanınma haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, X2 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işinin digər cinayət işinə birləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Əməlin tövsif edilməsi barədə 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 01 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə xitam verilərək barəsində xx.xx.2024-cü il tarixdə Yevlax rayon Məhkəməsinin qərarı ilə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin nəzərə alınması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs və ya şxəslər daxil olaraq evin qonaq otağında masanın üzərində olan 1 ədəd qara rəngli, 107 sm ekran ölçülü “LG” markalı televizoru və 1 ədəd təhlükəsizlik kamerasının aparatını oğurlamışlar. Hadisə yerinə baxış zamanı tədqiqat üçün yararalı olan əl-barmaq izləri aşkar olunaraq aidiyyəti məlumat bazalarında yoxlanılması üçün götürülmüşdür. xx.xx.2024-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu, Tanrıqulular kəndinə gəldiyi istiqaməti, həmin kənddə yerləşən Zərərçəkmiş şəxs qızma məxsus fərdi yaşayış evinə evi əhatələyən mişar daşları və metal materialdan olan hasarın birləşdiyi yerdən fərdi yaşayış evinin həyətinə daxil olduğu yeri, daha sonra fərdi yaşayış evinə və onun qonaq otağına daxil olduğu yerləri və sonda isə qonaq otağından 1 ədəd “LG” markalı televizor və 1 ədəd təhlükəsizlik kamerasının aparatını oğurladığı yerləri göstərməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə törətdiyi oğurluq əməlindən peşman olaraq Zərərçəkmiş şəxs məxsus Yevlax rayonu, Tanrıqulular kəndindən oğurladığı 1 ədəd qara rəngli, saz vəziyyətdə olan 107 sm dioqanallı “LG” markalı televizoru təqdim etmiş və həmin televizora baxış keçirilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5086 N°-li rəyinə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd qara rəngli, ekran ölçüsü 107 sm olan “LG” markalı plazma televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 250 (iki yüz əlli) manat müəyyən edilir. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-11/2-8167/2024 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində yaşayan Zərərçəkmiş şəxs qızma məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq götürülmüş əl izləri DİN-nin KTİ-in ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı izlərdən 02 ədədi (d/x Yevlax RPŞ və Mingəçevir ŞPŞ-dən şübhəli şəxs qismində daxil olan) xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs (qonaq otağı giriş plastik qapı üzərindən) sağ əlinin adsız və çəçələ barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindəki “Kent” markalı siqaret qutusundan 1 ədəd ağ rəngli kağız bükümdə içərisində 1,05 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli 3-16-16-2-17/672 Nç-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində uVət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitəyə bənzər kütlə...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,869 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024cü il tarixli 1367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınmaya təqdim edilmiş 3 ədəd televizoru nəzərdən keçirərək televizorların içərisindən 2-ci yerdə qoyulmuş televizoru göstərərək həmin televizorun qara rəngli olmasını, üzərində olan etiketlərin hələ də televizorun üzərində olmasını və ona məxsus televizorun dioqanalının digərlərindən böyük, yəni 107 sm olmasını deyərək özünə məxsus televizoru tanıdığını və həmin televizorun xx.xx.2024-cü il tarixdə ona məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən evindən oğurlandığını bildirmişdir. xx.xx.2024 cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,819 qram olan narkotik vasitə-heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. xx.xx.2024-cü il tarixli əşyanın maddi sübut qismində tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd “LG” markalı plazma televizoru iş üzrə maddi sübut kimi tanınmışdır. Maddi sübut olan 01 ədəd “LG” markalı plazma televizoru məhkəmə qərarınadək saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,869 qram olan narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılması üçün ********* nömrəli cinayət işindən material ayrılmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd qara rəngli ekran ölçüsü 107 sm olan, “LG” markalı plazma televizor maddi sübut kimi tanınaraq mülkiyyətçi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. xx.xx.2024cü il tarixli protokolla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertizadan sonra 0,819 qram çəkidə olan narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Mingəçevir şəhər xx.xx.2024-cü il tarixdə 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə qonşularından 5 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsində qismən (ittihamda qeyd olunan AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə) etirafedici ifadəsi, CM-in 234.1 maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini özü tam etiraf etməsə də mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin (ittihamda qeyd olunan AR CM-nin 177.2.3-cü maddəsinə münasibətdə), şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona ittiham üzrə elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməməsi barədə ifadəsinə tənqidi yanaşır, müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsini cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddələrin sanksiyası ilə nəzərdə tutulmuş həddə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsi CM-nin 59.1.14cü maddəsinə əsasən, təqsirini qismən etiraf etməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin hər birinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, AR CM-nin 66.2–ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlandığı cəmi 3 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2025ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və xx.xx.2024-cü il tarixdə Samux rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 1 ədəd “LG” markalı plazma televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,819 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 121,94 (yüz iyirmi bir manat, doxsan dörd qəpik) ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən X6 təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxlandığı cəmi 3 ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın 1 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. xx.xx.2024-cü il tarixdə Samux rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “LG” markalı plazma televizorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş qalıq təmiz çəkisi 0,819 qram olan narkotik vasitə heroin qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 121,94 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar