Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-39/2022 02.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, işsiz, Mingəçevir şəhəri, N.Nərimanov prospekti, ev 36, mənzil 6da qeydiyyatda olmaqla, Günəşli bağ massivi 9-cu küçədə fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 avqust 2021-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən binanın blokuna daxil olub blokun birinci mərtəbəsində açıq vəziyyətdə saxlanılmış, həmin binanın 6 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 nəvəsi X5 almış olduğu 01 ədəd göy rəngli, “Stels” markalı, sadə velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 150 manat (yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarda Zərərçəkmiş şəxs2 kənd təsərrüfatı məhsullarını satmaq üçün istifadə etdiyi piştaxtanın üzərinə qoyduğu 01 ədəd, qızılı rəngli, “Samsung” markalı J7 model, aksesuarsız mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 135 manat (yüz otuz beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 16.08.2021-ci il tarixdə Mingəçevir şəhəri Şəhidlər Xiyabanının yaxınlığında 9 mərtəbəli binaların qarşısında saat 14-15 radələrində piyada hərəkətdə olarkən 20 yanvar küçəsində 22 saylı binanın blokunda velosiped olduğunu görmüşdür. O, həmin binanın birinci blokuna daxil olmuş və blokun girişində heç bir yerə bağlanmamış açıq vəziyyətdə olan velosipedi maddi vəziyyəti yaxşı olmadığından oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra velosipedi oğurlayıb aparmışdır. Həmin velosipedi sürərək “Azərkabel” zavodunun yaxınlığına gedib mağazadan siqaret alarkən özünə məxsus velosipedi satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin mağazanın yaxınlığında yerləşən gözəllik salonun sahibinin əri həmin velosipedi ondan almaq istədiyini bildirmişdir. Velosipedi alan zaman ondan şəxsiyyət vəsiqəsini istəmiş, o isə vəsiqəsinin üzərində olmadığını, velosipedin yanında şəklini çəkməsini istəmişdir. Həmin şəxs də onun velosipedin yanında olan vəziyyətdə şəklini çəkdikdən sonra o, 60 manat məbləğində pulu götürüb həmin ərazidən çıxıb getmişdir. Həmçinin velosipedi satarkən velosipedin özünə məxsus olduğunu bildirmişdir. Velosipedin oğurluq olması haqqında həmin şəxsə məlumat verməmişdir. Bundan başqa 19.08.2021-ci il tarixdə təxminən saat 15 radələrində Mingəçevir şəhərində Orxan bazarında piyada hərəkətdə olarkən, bazarda satış üçün məhsulların yığılması məqsədilə nəzərdə tutulmuş piştaxtanın üzərində 1 ədəd Samsung markalı J7 modelli mobil telefonun olmasını görmüş və maddi vəziyyəti yaxşı olmadığından həmin telefonu oğurlayaraq satmaq qərarına gəlmişdir. Telefonu oğurladıqdan sonra həmin telefonu Orxan bazarının yaxınlığında yerləşən H.Əliyev prospekti 62 saylı binanın aşağısında olan telefon mağazasındakı şəxsə 30 manata satmışdır. Satdığı telefonun kimə məxsus olmasını isə bilməmişdir. Həmin telefonu satan zaman telefonu alan şəxsə telefonu oğurluq yolu ilə əldə etməsi haqqında məlumat verməmişdir. Hazırda əməlindən peşmandır. Cinayəti ehtiyac üzündən törətmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmiş və onlarla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, nəvəsi X8 “Mingəçevir kəndi” adlandırılan ərazidə Günəş küçəsində yaşadığından onların yaşadıqları ünvana gələn zaman yol uzaq olduğu üçün velosipeddən istifadə etmiş və həmin “Stels” markalı, ağ-göy rəngli, 28 ölçülü, çarxsız velosipedi təxminən 1 il əvvəl 240 manata o, almışdır. 16.08.2021-ci il tarixdə saat 13-14 radələrində nəvəsi yenə də onların yaşadıqları ünvan 1 binanın 1-ci blokunda velosipedi saxlayıb uşaqlarla binanın qarşısında oynamışdır. Nəvəsi hər dəfə velosipedlə onun yanına gələn zaman velosipedi açıq vəziyyətdə heç bir maneəyə bağlamadan blokda saxlamışdır. Hüseyn məhəllədə oynayan zaman birdən ağlayaraq mənzilə gəlmiş və velosipedinin oğurlanmasını bildirmişdir. O da Hüseynin velosipedinin qoyduğu yerdə olub-olmamasını yoxlamaq üçün onun velosipedi saxladığı yerə baxmış, bir qədər də velosipedi axtarıb tapmadıqdan sonra velosipedin oğurlanması barədə ərizə ilə polisə müraciət etmişdir. Qeyd olunan velosipedin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və velosipedin dəyərinin 150 manat olması haqqında məlumat verilmişdir. Onun qeyd olunan ekspertiza tərəfindən verilmiş rəylə bağlı heç bir etirazı olmamışdır, həmin rəylə razılaşmışdır. Hadisədən sonra velosiped qaytarılmış, bununla da ona dəyən ziyan tam şəkildə aradan qalxmışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarının yaxınlığında kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. 19.08.2021-ci il tarixdə təxminən saat 14 radələrində yenə işlədiyi yerdə olan zaman üzərinə kənd təsərrüfatı məhsulları yığdığı piştaxtanın üzərinə istifadəsində olan “Samsung J7” markalı mobil telefonu qoymuşdur. Həmin vaxt o, müştərilərə kənd təsərrüfatı məhsulları satdığından başı qarışıq olmuşdur. Bir qədər sonra o, telefonu qoyduğu piştaxtanın üzərinə baxanda 1 il əvvəl 300 manata aldığı “Samsung J7” markalı mobil telefonun qoyduğu yerdə olmadığını görmüşdür. O, həmin mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını güman etdiyindən, 24.08.2021-ci il tarixdə Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edib ona məxsus mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması barədə müraciət etmişdir. Daha sonra ona polis əməkdaşları məlumat vermişlər ki, həmin mobil telefon Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Sonra isə polis şöbəsinə dəvət edilərək Təqsirləndirilən şəxs ondan oğurlayaraq satdığı həmin mobil telefonun həqiqətən ona məxsus olub-olmadığını soruşmuşlar. O isə telefonu görən kimi onun rəngindən və digər xüsusiyyətlərindən, həqiqətən də ona məxsus olmasını müəyyən etmişdir. Qeyd olunan mobil telefonun dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və mobil telefonun dəyərinin 135 manat olması haqqında ona məlumat verilmişdir. Onun qeyd olunan ekspertiza tərəfindən verilmiş rəylə bağlı heç bir etirazı olmamış, həmin rəylə razılaşmışdır. Hadisədən sonra oğurlanmış mobil telefon qaytarılmış, bununla da ona dəyən ziyan tam şəkildə aradan qalxmışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, özünün idarə etməsi üçün tanış bir neçə şəxsə bir qədər ucuz qiymətə velosiped olsa, almaq istədiyini bildirmişdir. 16.08.2021-ci il tarixdə yaşadığı, H.Əliyev prospekti 70 saylı binanın yaxılığında olan zaman binanın yanında mağaza işlədən qonşusu İlkin ona yanındakı şəxsin velosiped satdığını, onun alıbalmayacağını soruşmuşdur. Həmin vaxt İlkinin yanında bir nəfər tanımadığı şəxs də olmuşdur. O da onlara doğru gəlmiş, sonradan adının Allahverdi olduğunu bildiyi həmin şəxs yanında olan 28 ölçülü, göy-ağ rəngli, “Stels” markalı velosipedi 80 manata satdığını demişdir. İlkin velosipeddən yaxşı anladığı üçün velosipedi bir qədər sürmüş, daha sonra İlkin velosipedin “topu”nun xarab olduğunu, onu düzəltdirməsini, ondan sonra velosipedi 80 manata alacaqlarını bildirmişdir. Allahverdi isə velosipedin “topu”nu düzəltdirə bilməyəcəyini dedikdən sonra, onlar “topun” dəyərini çıxdıqdan sonra 60 manat müqabilində razılaşmışlar. Həmçinin velosipedi alan zaman o, Allahverdidən velosipedin oğurluq olub-olmamasını soruşmuş, Allahverdi velosipedin oğurluq olmadığını demişdir. Bundan sonra o, Allahverdidən şəxsiyyət vəsiqəsinin surətini tələb etmiş, Allahverdi şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və velosipedin özünə məxsus olduğunu bildirdikdən sonra o, Allahverdinin velosipedin yanında olan vəziyyətdə şəklini çəkib, özünə məxsus Alcatel markalı telefonda saxlamışdır. Hadisədən bir müddət keçdikdən sonra o, yenə də yaşadığı binanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və həmin vaxt Allahverdi də onların yanında olmuşdur. O da velosipedi həqiqətən də Allahverdidən aldığını, velosipedin oğurluq olması haqqında məlumatı olmadığını, Allahverdinin velosipedin özünə məxsus olduğunu bildirməsini demiş və həmin velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə ünvanladığı ərizədə ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmədən cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqında iştirak etməməsinin səbəblərini üzürlü sayır və onun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Şahid4 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 6- 7 ildir Mingəçevir şəhəri, H.Əliyev prospekti 62 saylı binanın 1-ci mərtəbəsində yerləşən “Rüfət Studio” adlanan telefon mağazasını icarə əsasında işlədir. O, həmin mağazada həm mobil telefonların təmiri ilə məşğul olur, həm də ikinci əl mobil telefonların satışını həyata keçirir. İkinci əl telefonları sahiblərindən alan zaman onlardan şəxsiyyət vəsiqələrini tələb edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 19.08.2021-ci il tarixdə o, telefon mağazasında olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs telefon mağazasına yaxınlaşaraq ehtiyacı olduğundan, özünə məxsus “Samsung J7” markalı mobil telefonunu 50 manata satmaq istədiyini bildirmişdir. O, Allahverdi ilə danışıqlar apardıqdan sonra qiyməti 40 manata endirmiş, daha sonra telefonu alıb yoxladıqdan sonra, telefonun bəzi detallarının nasaz olduğunu, ekranına ləkə düşdüyünü, nömrə yerinin işləmədiyini gördükdən sonra Allahverdiyə həmin telefonu ehtiyat hissələrindən istifadə etmək üçün 30 manata ala biləcəyini demişdir. Allahverdi də onunla razılaşmış, o, telefonu almaq üçün Allahverdidən şəxsiyyət vəsiqəsini tələb etsə də, o, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını və sabah gətirə biləcəyini demişdir. O da Allahverdi ilə razılaşmışdır. Allahverdi telefonun içərisində olan mobil telefon nömrəsini götürmüş və telefonda olan şəxsi məlumatları silməsini istəmiş, o da mobil telefonun içərisində olan “sim kartı” çıxarıb Allahverdiyə verdikdən sonra elə onun yanında telefonda olan şəxsi məlumatları silmişdir. O, Allahverdiyə 30 manat pul verdikdən sonra çıxıb getmiş və o da həmin “Samsung J7” markalı mobil telefonu ehtiyat hissə kimi istifadə etmək məqsədilə dükanda siyirmənin içərisinə qoymuşdur. Hadisədən bir müddət keçdikdən sonra o, yenə də işlədiyi telefon mağazasında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və həmin vaxt Allahverdi də onların yanında olmuşdur. O da həmin “Samsung J7” markalı mobil telefonun həqiqətən də Allahverdidən aldığını, mobil telefonun oğurluq olması haqqında məlumatının olmadığını bildirmiş və həmin “Samsung J7” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər X7 şəhər Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3 ünvanında yaşayan Qasımova X4 ŞPŞ-nə ərizə ilə müraciət edərək 16.08.2021ci il tarixdə yaşadıqları Mingəçevir şəhəri 20 Yanvar küçəsi 22 saylı binanın blokundan 1 ədəd 200 manat dəyərində “Stels” markalı 28 ölçülü velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Həmçinin 24.08.2021-ci il tarixdə ünvan 5 ünvanında yaşayan Rzayeva X6 ŞPŞ-nə ərizə ilə müraciət edərək təxminən 300 manat dəyərində olan 1 ədəd “Samsung J7” markalı mobil telefonun bazarda işlədiyi yerdə piştaxtanın üzərindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Qeyd olunan oğurluq hadisələrini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluq hadisəsinin Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şəhər ərazisində hərəkətdə olarkən saxlanılaraq aidiyyəti üzrə Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs oğurluq hadisələrini törətdikdən sonra satdığı zərərçəkmiş şəxslərə aid əşyalar da müəyyən edilərək aidiyyəti üzrə zərərçəkmiş şəxslərə qaytarılması təmin edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, 16.08.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 22 saylı binanın blokunda açıq vəziyyətdə saxlanılmış “Stels” markalı, 28 ölçülü, göy rəngli velosiped oğurlanmışdır. Cinayət işinin materiallarında olan 24.08.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 işlədiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən bazarda kənd təsərrüfatı məhsullarını satdığı piştaxtanın üzərindən ona məxsus “Samsung J7” markalı mobil telefon oğurlanmışdır. Cinayət işinin materiallarında olan 24 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğurlayaraq Mingəçevir şəhəri, H.Əliyev prospektində 62 saylı binanın aşağısında “Rüfət Studio” telefon mağazasında satıcı Şahid4 satmış olduğu “Samsung J7” markalı mobil telefon və Təqsirləndirilən şəxs həmin telefonu satması ilə bağlı görüntüləri əks etdirən video görüntüyə baxış keçirilərək Şahid4 götürülmüşdür. Cinayət işinin materiallarında olan 24 avqust 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid3 satmış olduğu “Stels” markalı 28 ölçülü velosiped və velosipedi satarkən Şahid3 çəkdiyi velosipedlə birlikdə Təqsirləndirilən şəxs fotoşəkili Mingəçevir ŞPŞ-də baxış keçirilərək Şahid3 götürülmüşdür. Cinayət işinin materiallarında olan 31.08.2021-ci il tarixli diskə baxış protokolundan görünür ki, Həmidov X1 Çiçək Qulu qızına məxsus “Samsung J7” markalı mobil telefonu telefon mağazasına satdıqdan sonra bunun müqabilində satıcı Şahid4 30 manat pul əldə etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.12.2021-ci il tarixli 9/8446 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd göy rəngli, 28 ölçülü, sadə velosipedin və 1 ədəd qızılı rəngli, “Samsung” markalı, J7 model, aksesuarsız mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiymətlərinin müvafiq olaraq 150 manat və 135 manat olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 13.09.2021-ci il tarixli qərardan görünür ki, Şahid4 götürülmüş 1 ədəd “Samsung J7” markalı mobil telefon və Şahid3 götürülmüş 1 ədəd “Stels” markalı velosiped maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 16.12.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 ədəd “Samsung J7” markalı mobil telefon və 1 ədəd “Stels” markalı velosiped iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün mülkiyyətçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 avqust 2021-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanda yerləşən binanın blokuna daxil olub blokun birinci mərtəbəsində açıq vəziyyətdə saxlanılmış, həmin binanın 6 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs1 nəvəsi X5 almış olduğu 01 ədəd göy rəngli, “Stels” markalı, sadə velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 150 manat (yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazarda Zərərçəkmiş şəxs2 kənd təsərrüfatı məhsullarını satmaq üçün istifadə etdiyi piştaxtanın üzərinə qoyduğu 01 ədəd, qızılı rəngli, “Samsung” markalı J7 model, aksesuarsız mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 135 manat (yüz otuz beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan 09.09.2021-ci il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Qasımova Xavər Maxsud qızı və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş, hazırda zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01.12.2021–ci il tarixdə tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 03.12.2021–ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesabı ilə 06 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Təqsirləndirilən şəxs götürülmüş , 1 ədəd “Samsung J 7” markalı mobil telefon və 1 ədəd “Stels” markalı velosiped maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılaraq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin İş üzrə maddi sübut olub, Təqsirləndirilən şəxs götürülmüş , 1 ədəd “Samsung J 7” markalı mobil telefon və 1 ədəd “Stels” markalı velosiped maddi sübut kimi tanınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-39/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-39/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver