Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-40/2023 16.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1992-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Şuşa şəhər Q.B.Zakir küçəsi ev 12-də qeydiyyatda olmaqla Mingəçevir şəhər H.Əliyev prospekti ev 7, mənzil 16-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, ona görə ki, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 avqust 2022-ci il tarixdə saat 02:45 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən ictimai yerdə səs-küy saldığı üçün Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib inzibati qaydada sənədləşdirilərkən üzərinə keçirilən müayinə zamanı əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 21 avqust 2022-ci il tarixdə gecə saat 01:00 radələrində tanışıgildən evlərinə qayıdırdı. “Ağ Çiçəyim” adlanan mağazanın yanında polis əməkdaşları ona yaxınlaşıb, səs-küy saldığını bildirərək polis şöbəsinə gətirdilər. Ancaq o, səs-küy salmamışdır. Polis şöbəsində üstünə baxış keçirdilər, üstündə narkotik vasitə olmamışdır. Ancaq ona balaca bir büküm göstərib dedilər ki, bu büküm sənin cibindən çıxıb, əgər boynuna alsan buraxılacaqsan, evinə gedəcəksən. Həmin vaxt polis şöbəsində ancaq polis işçiləri var idi. O, üstündə narkotik vasitə olmadığını bildirərək etiraz etdi. Etiraz etdiyinə görə polis şöbəsində fiziki təsir göstərərək ona əzab verməyə başladılar. Sonra onu inandırdılar ki, üstündə narkotik vasitə olduğunu boynuna al, səni buraxaq get evinə, bu balaca bükümdür, buna görə sən tutulmayacaqsan. O, ona göstərilən fiziki təsirdən qurtarmaq üçün, həm də polis əməkdaşlarının vədinə inanaraq həmin narkotik vasitənin onun üstündən çıxdığını bildirmişdi. Həqiqətən də, sonra onu evə buraxdılar. O, cərimə də olunmadı. Bundan sonra bir daha inandı ki, bununla da iş qurtardı. Məhkəmədən ona bildiriş gəldikdə həm xəstə olduğuna, həm də qorxduğuna görə məhkəməyə gəlmədiyi üçün tutulduqdan sonra yenə polis şöbəsində ona təsir edilərək narkotik vasitənin üstündən çıxmasını boynuna almasını, tutulmayacağını bildirdilər. O, yenə də inanıb məhkəmənin əvvəlki iclasında narkotik vasitənin onun üstündən çıxdığını bildirmişdir. Lakin o, həmin gün küçədə səs-küy salmamışdır, üstündə narkotik vasitə olmamışdır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində Növbətçi Hissənin məsul növbətçisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 02:45 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid2 və Şahid3 xidmətdə olarkən Mingəçevir şəhər Dres qəsəbəsində Təqsirləndirilən şəxs ictimai qaydanı pozaraq küçədə ünvansız nalayiq söyüşlər söyərək insanları narahat etdiyi üçün onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada tutulub, həmin vaxt növbətçi hissəyə təhvil verilmişdir. Təqsirləndirilən şəxs şöbənin saxlanma yerinə təhvil verilməsi üçün üzərinə axtarış və əşyaların yoxlanması keçirildi. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümün içərisində narkotik vasitə heroin var. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə həmin kütləni udmasından, yaxud dağıtmasından ehtiyyat edərək bükümü ona qaytarmadı. Sonra prosessual araşdırma aparılması üçün raportla müraciət etdi. Daha sonra növbədə olan təhqiqatçı polis mayoru X4 Həsənlini şübhəli şəxs qismində tutulmasını və dövlət hesabına müdafiəçi ilə təmin olunmasını təmin etdi. Bundan sonra təhqiqatçı Anar Qədimov tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Çingiz Məmmədovun, özünün və digər polis əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə baxış və götürmə keçirildi. Videoçəkilişlə keçirilən baxış və götürmə zamanı o, Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi içərisində narkotik vasitə olmasına dair şübhələr olan 1 ədəd kağız bükümü təqdim etdi və bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən şalvarının sağ yan cibindən aşkar edildi. Təqsirləndirilən şəxs də bildirdi ki, həmin büküm ona məxsusdur, içərisində narkotik vasitə heroin vardır, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər Avtovağzalının yaxınlığında taparaq əldə etmişdir. Sonra bükümün içərisində olan kütlə elektron tərəzidə çəkilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş polis əməkdaşıları X1 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşin 06-cı vərəqində olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA 001737 №li xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər PŞ-nin məsul növbətçisi tərəfindən tərtib edilmiş protokolda göstərilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xətanın törətdilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmeti aşkar etmək məqsədilə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ cibində 01 ədəd qara kağız bükümdə narkotikə oxşar kütlə və günəbaxan tumları aşkar edilərək götürüldü. Lakin protokolda axtarış aparılması saat, gün, ay, il göstərilməmiş, hal şahidləri protokolu imzalamamışlar. Hal şahidlərinin iştirakı təmin olunmamışdır. İşin 07-ci vərəqində olan MN11266509 №li xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun ksero-surətində göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəhərin Naxçıvan küçəsində ünvansız küçə söyüşləri söymüş, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş məhkəmənin Təqsirləndirilən şəxs barəsində 21 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş materialın məhkəməyə göndərilməsi barədə məktubuna cavab olaraq Mingəçevir şəhər PŞ-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmamışdır. İşin 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs İXM-nin 510-cu maddəsinin tələbini pozduğuna görə polis şöbəsinə gətirildiyi üçün üzərinə baxış zamanı bir ədəd ağ rəngli içərisində narkotik vasitəyə oxşar kütlə aşkar olunduğu üçün bu barədə raportla müraciət etdiyini dedi və bükümü göstərdi. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxsda baxış zamanı Şahid1 təqdim etdiyi bir ədəd ağ rəngli bükümün ona məxsus olduğunu, içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2022-ci il tarixdə şəhər ərazisində yerləşən avtovağzaldan tapdığını, şəxsi istifadəsi üçün üzərində daşıdığını, heç kimə satmadığını, heç kimdən almadığını, polis əməkdaşları onu polis şöbəsinə gətirən zaman növbətçi hissəsinin qarşısında üzərinə baxış zamanı aşkar edildiyini bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkildi. Narkotik vadsitəyə oxşar kütlənin çəkisinin 0.35 qram olması müəyyən edildi. İşin 32-34-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2022-ci il tarixli 17/673 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,191 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,191 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,141 qram. İşin 94-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 1814 saylı 01 dekabr 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxsə istinad olunan ittihamın qanuniliyini və əsaslılığını həm ibtidai istintaq orqanı tərəfindən əldə olunmuş, həm də məhkəmə istintaqında müəyyən edilən sübutlarla əlaqəli şəkildə təhlil edib araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 və 125.2.1-ci maddələrinə əsasən insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda, həmçinin, CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə, yəni üstündə narkotik vasitə saxlamaqla təqsirləndirilir. İttihama əsasən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaqda vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır ki, lakin bu əsaslar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmadı. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs küçədə səs-küy saldığı üçün 21 avqust 2022-ci il tarixdə gecə saatlarında (özünün ifadəsinə görə saat 01:00, işdə olan sənədlərə görə isə saat 02:40 radələrində) polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 86-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli AZA 001737 №li şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokol tərtib edilmişdir. Protokolda şəxsi axtarışın aparıldığı vaxt göstərilməmişdir. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokolda göstərilir ki, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 1 ədəd qara kağı bükümdə narkotik vasitəyə oxşar kütlə və günəbaxan tumları aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində isə küçədə səs-küy salmadığını, polis şöbəsində üzərinə baxış keçirilərkən onun üstündə içərisində narkotik vasitə olan büküm aşkar olunmadığını, əvvəl verdiyi ifadəni polis əməkdaşlarının fiziki təsiri nəticəsində verdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsinin tələbinə görə: 69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. 69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. 69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. 69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. 69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual edilə bilərlər. İnzibati Xətalar Məcəlləsinin 92.2-ci maddəsinin tələbinə görə şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 92.6-cı maddəsinin tələbinə görə protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan əşyaların sahibi və hal şahidləri tərəfindən imzalanır. Ancaq şəxsi axtarış protokolundan göründüyü kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qanunvericiliyin tələbləri pozularaq hal şahidlərinin iştirakı təmin olunmamışdır və ya videoçəkiliş aparılmamışdır. İttiham elan olunması üçün əsas olan maddi sübutun əldə edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilməməsi, həmin sübutun çəkisinə, onun həqiqiliyinə, mötəbərliliyinə şübhə yaradır. Bundan əlavə iş materiallarına görə təqsirləndirilən şəxs Həsənli X3 Xətalar Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə polis şöbəsinə gətirilmişdir. Lakin müəyyən edildi ki, Təqsirləndirilən şəxs İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati materialın məhkəməyə göndərilməsi barədə Mingəçevir şəhər polis şöbəsinə məhkəmə tərəfindən məktub göndərilmiş, polis şöbəsinin cavab məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmamışdır Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ittihamın sübut olunması üçün şübhələr vardır və həmin şübhələri hər hansı sübutla aradan qaldırmaq mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsində qeyd edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə zalından azad edilməlidir. İş üzrə məhkəmə-kimyəvi ekspertizası xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut olan 0,141 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə zalından azad edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizası xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olan 0,141 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-40/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-40/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver