Məhkəmə qərarları › İş №1(051)-40/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-40/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-40/2025 08.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzası bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 4/2№-li evin 37№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qocayev X3 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq cəzasını çəkdiyi müddətdə islah olunmayaraq 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 115-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,281 qram olan küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini “Vegas” markalı siqaret qutusunun içərisində əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibində saxlayaraq daşımış və 28 iyun 2024-cü il tarixdə Mingəçevir şəhər X4 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nəsimi küçəsində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:55-dən 21:06-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibində saxladığı Vegas” markalı siqaret qutusunun içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 28 iyun tarixində işdən gəldikdən sonra Salahlı kəndindən Məhərrəm adlı şəxs evinə gəlib onu görmək istəmişdir. Görüşdüyü zaman, Məhərrəm adlı şəxs ona demişdir ki 20 manat pulu var, kimdənsə narkotik vasitə almağında ona kömək etsin. Bundan sonra o, Cavid və Məhərrəm birlikdə Mingəçevir kəndinə gedərkən binalarının yaxınlığındakı mağazadan 1 ədəd “Vegas” markalı siqaret almışlar. Hərəsi birini çəkərək getməyə başladılar. Məhlədən çıxarkən əməkdaşlar onları saxladı. Məhərrəm adlı şəxsi tutmadılar, amma onu və Cavidi Polis şöbəsinə apardılar. Ora çatanda Cavidlə onu ayırıb, onu 2-ci mərtəbəyə qaldırdılar və dedilər ki, birazdan çəkiliş olacaq nə desələr, təsdiqləyib üzərinə götür. Otaqda bütün əşyalarını cibindən çıxardı. Siqaret qutusunu açarkən içərisindəki bükümü görüb, soruşdu ki bu nədir. Polis əməkdaşları ona dedilər sakit ol, qoy orada qalsın. Onun əməkdaşla yazışmaları da var. Danışdıqca qardaşına göndərdiyindən onda da bu mesajlar qalır. Hətta həmin sarı rəngli kağızdan həmin əməkdaşın stolun üstünündə də var idi. Məhərrəm adlı şəxsə pul verərək belə bir iş qurublar. Həmin gecə Məhərrəm və Cavidi buraxdılar, amma o qaldı. Ona dedilər ki, soruşsalar, deyərsən ki 2-ci mərtəbəyə qalxmamısan, elə şöbəyə daxil olan kimi növbətçi hissənin qabağında çəkiliş olub. Dedilər narahat olma, əgər azadlığın məhdudlaşdırılması cəzası verilib, elektron nəzarət qolbağı taxılacaqsa da, çıxaracayıq. O, Məhərrəmi tanıyır. Maşın ustası işləyirdi, bir neçə dəfə maşınını təmir etdirmişdir. Beləcə münasibətləri yaranmışdır. Ona hədə-qorxu gəldilər ki, bunun ona aid olmadığını desə, üzərinə biraz da qoyub çəkisini artıracaqlar. Azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək. Razılaşdı və çəkiliş zamanı üzərinə götürdü. Dedikləri ilə bağlı sübutu yoxdur. Ancaq ayağında elektron nəzarət vasitəsi var. Onun siqnalından harada neçə saat olmağı müəyyənləşdirilə bilər. Axşam saat 6-7 radələrində tutulmuşdur. Çəkilişə qədər şöbədə yarım saata yaxın vəkilin gəlməsi üçün gözlədi. Arabir narkotikdən istifadə edir. Tərgitmək istəyir. Çətin olduğundan da onun yerinə içki içir. Yaşıllaşdırma İdarəsində işləyir. Əvvəlki hökm üzrə cəzasını çəkib qurtarıb artıq. Himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid1 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Nəsimi küçəsində tanışı X6 ilə birlikdə hərəkət etdiyini görüb onlara yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Rəşad Həsənov polis şöbəsinə gətirilmişdir. İlkin olaraq X5 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Rəşad Həsənov da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X5 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Rəşad Həsənov da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Vegas” markalı siqaret çıxarıb təqdim etmişdir. Bundan sonra Rəşad Həsənovun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzrəindən təqdim etdiyi əşyalardan başqa heçnə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1ədəd cüzdanı, 1 ədəd Nokia markalı mobil telefonu, 1 ədəd alışqanı, 2 ədəd qəpiyi, sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, sağ arxa cibindən 1 ədəd “Vegas” markalı siqaret qutusunun içərisində gizlətdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibindən aşkar olunmuş 1 ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin şəffaf rəngli, kəskin iyə malik kütlə yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) ədəd sarı rəngli kağız bükümdə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd sarı rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,42 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni Tural adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclası zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQnun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Nəsimi küçəsində tanışı X6 ilə birlikdə hərəkət etdiyini görüb onlara yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Rəşad Həsənov polis şöbəsinə gətirilmişdir. İlkin olaraq X5 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Rəşad Həsənov da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl X5 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Rəşad Həsənov da əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Vegas” markalı siqaret çıxarıb təqdim etmişdir. Bundan sonra Rəşad Həsənovun üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzrəindən təqdim etdiyi əşyalardan başqa heçnə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1ədəd cüzdanı, 1 ədəd Nokia markalı mobil telefonu, 1 ədəd alışqanı, 2 ədəd qəpiyi, sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, sağ arxa cibindən 1 ədəd “Vegas” markalı siqaret qutusunun içərisində gizlətdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibindən aşkar olunmuş 1 ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümə açılıb baxıldıqda bükümdə olan kütlənin şəffaf rəngli, kəskin iyə malik kütlə yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1(bir) ədəd sarı rəngli kağız bükümdə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd sarı rəngli kağız bükümü ilə birlikdə ümumi cəmi çəkisi 0,42 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni Tural adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Mingəçevir şəhər Rayonlararsı Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 1452 №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhər Rayonlararsı Psixo-Nevroloji Dispanserində qetdiyyatda durmur və müraciət etməmişdir. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 2305 №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhər Rayonlararası Narkoloji Dispanser narkoloji qeydiyyatında yoxdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibində “Vegas” markalı siqaret qutusunun içərisində gizlədərək saxladığı 1 (bir) ədəd sellofana bükülmüş sarı rəngli kağız bükümün içərisindən ümumi təmiz çəkisi 0,281 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ arxa cibindəki “Vegas” markalı siqaret qutusunun içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş sarı rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin aşkar edilməsi müəyyən olunmuşdur. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/579 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd sarı rəngli kağız bükümdə, təmiz çəkisi-0,281 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”-na daxildir (İ siyahı). Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1742 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 23 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Məhkəmə kimyəvi ekspertizanın keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram psixotrop maddə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmündün görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 06 fevral 2025-ci il tarixli məktubdan görünür ki, 10 yanvar 2025-ci il tarixə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qocayev X3 şəhər Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qüvvəyə mindiyi tarix xx.xx.2022-ci il olmuşdur. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən (şəkilsiz) görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Aqilə və xx.xx.2015-ci il təvəllüdlü Nəzrin adlı uşaqları vardır. İşdə olan xx.xx.2024-cü il tarixli 7 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində qonşularla daim yaxşı münasibətdə olmuş, taytuşları arasında sayılıb seçilmişdir. Özünü yaxşı aparmışdır. Onun barəsində 7 saylı MİS-ə heç bir şikayət daxil olmayıb. İşdə olan AR ƏN Probasiya Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin enerji ehtiyatının tükənməsi ilə əlaqədar izləmə mümkün olmadığından hərəkət trayektoriyasına dair məlumatların təqdim edilməsi imkan xaricində olduğu qeyd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını (CMnin 59.1.4), yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 71,94 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 08 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,231 qram psixotrop maddə metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar