Məhkəmə qərarları › İş №1(051)-41/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-41/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-41/2022 26.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 461,18 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı özü ilə daşıyaraq 455 qram olan hissəsini bir ədəd üzərinə “Patron” sözü yazılmış qırmızı-sarımtıl rəngli sellofan torbanın içərisində Mingəçevir şəhəri, Kür küçəsində yerləşən Kür çayının sahilində boş sahədə gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 6,18 qram hissəsini isə bir ədəd “winston” markalı siqaret qutusunun içərisində əynindəki göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq, özü ilə daşımış, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, 28.08.2021-ci il tarixdə, saat 19:15 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketin yaxınlığında saxlanılıb, həmin tarixdə, saat 19:30 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd “Winston” markalı siqaret qutusunun içərisində təmiz çəkisi 6,18 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana onun əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən, həmçinin Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının sahilində boş sahəyə baxış keçirilərkən 455 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana oradan aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 420 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əlindəki göy rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan bükümdə saxlayaraq daşımış, 16.10.2021-ci il tarixdə, saat 16:40 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Sahil küçəsi yaxınlığında saxlanılıb, həmin tarixdə, saat 16:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd əlindəki göy rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan bükümün içərisində təmiz çəkisi 420 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, təxminən 10 gün əvvəl Ağdaş rayonu, Şordəhnə kəndində olan zaman orada çətənə bitkisinin bitdiyini görmüş, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün onu tanımış və onları yığıb qurudaraq öz istifadəsi üçün saxlamaq qərarına gəlmişdir. Bundan sonra o, onları toplamış və qurudaraq şəxsi istifadəsi üçün Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının sahilində gizlətmişdir. O, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba haqqında heç kimə məlumat vermədiyini bildirmişdir. 28.08.2021-ci il tarixdə, saat 19:15 radələrində Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və onun hüquqlarını müdafiə edəcəyini izah etmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O, üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi barədə bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən içərisində qurudulmuş marixuana olan '‘winston” markalı siqaret qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümdə olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və içərisində olan kütlə ilə birlikdə qutunun ümumi çəkisi 10.19 qram olmuşdur. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin siqaret qutusu zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra o, Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının sahilinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış keçirilərkən o, narkotik vasitə olan marixuananı təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra Kür çayının sahilində boş sahəyə gizlətdiyi içərisində narkotik vasitə marixuana olan 1 ədəd sellofan torbanı təqdim etmişdir. Sonra aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və sellofan bükümün ümumi çəkisi 475 qram olmuşdur. Həmin qurudulmuş marixuananı satmaq məqsədi olmadığını bildirmişdir. Bundan başqa o, Kür çayı sahilində meşədə narkotik maddə marixuana bitdiyini görmüş, quruması üçün yaşıl sellofana doldurub, meşədə gizlətmişdir. 16.10.2021-ci il tarixdə, saat 14:00 radələrində o, gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı götürmək üçün evdən göy rəngli sellofan və qara rəngli qış gödəkcəsini götürmüşdür. Təxminən 1 saat sonra o, meşəyə çatmış yaşıl sellofan torbada büküb gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı özü ilə gətirdiyi göy rəngli sellofan torbaya qoymuş üzərinə də qara rəngli qış gödəkcəsini qoymuş və evə gəlmək üçün oradan qayıtmışdır. 16.10.2021-ci il tarixdə, saat 16:30 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində X6 ona dövlət büdcəsi hesabına vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədikləri bildirilmişdir. Həmçinin üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. O isə əlindəki göy rəngli sellofan bükümün içərisində olan yaşıl rəngli sellofan bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir göy rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan büküm açılıb baxıldıqda içərisində olan kütlənin kəskin iyə malik narkotik vasitə marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 455 qram olmuşdur. O, polis əməkdaşlarının sorğusuna cavab olaraq, həmin narkotik vasitə olan qurudulmuş marixuananı 20 gün əvvəl Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən meşədən yığdığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuş və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda Əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 28.08.2021-ci il tarixdə, saat 19:00 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis baş serjantı Şahid3, Mingəçevir ŞPŞ-nin PPXB-nin polis baş serjantı Şahid4 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmış, onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu və onu polis şöbəsinə dəvət etdiklərini bildirmişlər. Bundan sonra Bayramov X2 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Kamil Yunusov dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat olması, həmçinin onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “winston” markalı siqaret qutusunu təqdim etmişdir. Eyni zamanda əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd alışqanı və bir ədəd siqaret dənəsini, sağ yan cibindən isə “nokia” markalı mobil telefonu təqdim etmişdir. Bir ədəd “winston” markalı siqaret qutusunun içərisindən aşkar edilmiş kütlənin Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümün ümumi çəkisi 10.19 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd “winston” markalı siqaret qutusunun içərisində olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 10 gün əvvəl Ağdaş rayonu Şordəhnə kəndində olarkən yığıb qurutduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını, başqa yerdə də həmin narkotik vasitədən gizlətdiyini bildirmişdir. Çayın kənarında boş sahədə gizlədib saxladığı üzərinə “patron” sözü yazılmış müxtəlif rəngli torbanın içərisində narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 475 qram olmuşdur. Bundan başqa 16.10.2021-ci il tarixdə, saat 16:00 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, Sahil küçəsində Təqsirləndirilən şəxs yaxınlaşmış və onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Tubu Hüseynova dəvət olunmuş və vəkilin iştirakı ilə onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindəki qəhvəyi rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 paket arqo markalı siqareti və sol yan cibindən 1 ədəd çəhrayı rəngli alışqanı, əlindəki göy rəngli sellofan torbanın içərisindən 1 ədəd qara rəngli kişi qış gödəkcəsini və yaşıl rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş yaşıl rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş narkotik vasitə - marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin bükümün ümumi çəkisi 445 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs əlindəki göy rəngli sellofan torbanın içərisindən aşkar edilmiş yaşıl rəngli sellofan torbada olan kütlənin qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə saxladığını və həmin narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 20 gün əvvəl Kür çayı kənarında meşədə olarkən yığıb qurutduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 28 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş narkotik vasitə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə “Digital” markalı elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 10.19 qram bir ədəd siqaret qutusu ilə birlikdə içərisində olan narkotik vasitə Samsung markalı videokamera ilə çəkildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq AR DİN 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 28 avqust 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, aşkar olunmuş narkotik vasitə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkildi. Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının kənarında boş sahədə kolun arasından götürülmüş Təqsirləndirilən şəxs məxsus ümumi çəkisi 475 qram üzərinə müxtəlif rəngli torba ilə birlikdə içərisində olan narkotik vasitə videokamera ilə çəkildi. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 29.08.2021-ci il tarixli, 17/639 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi - 6.18 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs göstərdiyi ərazidə aşkar olunmuş....” sözləri yazılmış qırmızı-sarı rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 455 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd siqaret qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan 01 sentyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 461.18 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 461.08 qram olan narkotik vasitə “qurudulmuş marixuana” maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarında olan 16 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş bir ədəd yaşıl rəngli sellofana bükülmüş narkotik vasitəyə oxşar kütlə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə “Konstant” elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 445 qram olan sellofan büküm ilə birlikdə içərisində olan “marixuana”-ya oxşar kütlə Samsung markalı fotoaparatla çəkildi və videogörüntü ilə qeydə alındı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq AR DİN 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə- bioloji ekspertizasının 17.10.2021-ci il tarixli, 17/755 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd yaşıl rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi - 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan 19 oktyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 420 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 419.95 qram olan narkotik vasitə “qurudulmuş marixuana” maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 01.12.2021 -ci il tarixli, 1444 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 06.09.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24.08.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 177.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 07.05.2013-cü il tarixli Qərarının 3cü bəndinə əsasən 20.05.2013-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.07.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 28 avqust 2021-ci il tarixdə 6.18 qram və 455 qram və 16 oktyabr 2021-ci il tarixdə təkrarən 420 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun içərisindəki təmiz çəkisi 6.18 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, qırmızı-sarı rəngli sellofan torbanın içərisindəki 455 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının kənarında boş sahədə kolun arasında gizlədərək saxlamış, 28 avqust 2021-ci il tarixdə, saat 19:15 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsində yerləşən “5+” marketin yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd siqaret qutusunun içərisindəki 6.18 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs ilə aparılan sorğu zamanı əldə edilmiş məlumata əsasən Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının sahilində boş sahəyə baxış keçirilərkən qırmızı-sarı rəngli sellofan torbanın içərisindəki 455 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd yaşıl rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi 420 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 16.10.2021-ci il tarixdə, saat 16:40 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Sahil küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı bir ədəd əlindəki göy rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan bükümün içərisində təmiz çəkisi 420 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün cinayətin törədilməsində təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsin halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 28.08.2021-ci il və 16.10.2021-ci il tarixlərdə satışməqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanunsuz əldə edib 28.08.2021-ci il tarixədək Mingəçevir şəhəri, Kür küçəsində Kür çayının kənarında boş sahədə kolun arasında saxlamaqla törətmiş, ikinci dəfə isə 16.10.2021-ci il tarixdək şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı qanusuz əldə edib saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16.10.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də cinayət işinin materiallarında olan qərardan görünür ki, 18.10.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlamamnın əvvəli 16.10.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30.08.2021–ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 3 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 3 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, cəmi 3 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyəsini zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 881.03 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 420 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 881.03 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 420 (dörd yüz iyirmi) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar