Məhkəmə qərarları › İş №1(051)-41/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-41/2024

29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-41/2024 29.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Mahmudov X1 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 01 (bir) ay 24 (iyirmi dörd) gün vaxtından əvvəl şərti azad edilməsinə, məhkumluğu ödənilməməsinə və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 468.27 (dörd yüz altmış səkkiz tam yüzdə iyirmi yeddi) qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 8.27 (səkkiz tam yüzdə iyirmi yeddi) qramını əynindəki göy rəngli gödəkçənin sol yan cibindəki kağız bükümdə, qalan 460 (dörd yüz altmış) qramını isə üzərindəki göy rəngli sellofan torbanın içərisində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospekti 6 ünvanında yerləşən binanın qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2023-cü il tarixdə saat 19:30-dan 19:45-dək olan müddət ərzində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən həmin 8.27 (səkkiz tam yüzdə iyirmi yeddi) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli gödəkçənin sol yan cibindəki kağız bükümün, qalan 460 (dörd yüz altmış) qram çəkidə narkotik vasitə qurudulmuş marixuana isə üzərindəki göy rəngli sellofan torbanın içrəsindən aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. 2023-cü ilin iyun ayında Mingəçevir şəhərində «Mingəçevir kəndi» deyilən ərazidə «Kür çayı»n sol sahili ilə piyada gəzən zaman həmin ərazidə yabanı halda bitmiş çətənə bitkilərinə rast gəlmişdir. Ətrafı müşahidə edərək heç kimin olmadığın əmin olduqdan sonra bitkilərə yaxınlaşmışdır. İstifadəçisi olduğundan onların çətənə bitkiləri olmasını anlamışdır. Bundan sonra həmin bitkilərin yarpaqlarından sellofan torbaya yığaraq evinə gətirmiş və həmin narkotik vasitə olan marixuananı Mingəçevir şəhəri N.Nərimanov prospekti 6 saylı binanın zirzəmisində qurudaraq şəxsi istifadəsi üçün saxlamağa başlamışdır. xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitənin yerini dəyişmək üçün götürüb Mingəçevir şəhəri N.Nərimanov prospekti 6 ünvanında yerləşən binanı tərk edərək hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Mingəçevir şəhəri N.Nərimanov prospekti 6 saylı binanın qarşısında hərəkətdə olarkən mülki paltarda olan şəxslər yaxınlaşıb saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir Şəhər PŞ-nə gəlmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis Şöbəsində onun üzərinə baxış keçirildi. Baxış keçirilərkən sağ əlindəki göy rəngli sellefonun və əynindəki göy rəngli gödəkçənin sol yan cibindən isə 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümün içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 480,20 (dörd yüz səksən tam yüzdə iyirmi) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNin Mingəçevir Şəhər Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 28 sentyabr 2023-cü il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2 və Şahid3lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mahmudov X1 şəhəri N.Nərimanov prospekti 6 saylı binanın qarşısında piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da sağ əlində 1 ədəd göy rəngli sellofan torbada və əynindəki göy rəngli gödəkçənin sol yan cibindən isə 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin ağ rəngli kağız bükümə açılıb baxıldıqda kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Həmin kütlənin ümumi çəkisi 480,20 (dörd yüz səksən tam yüzdə iyirmi) qram olmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı Şahid3 dəvət olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş və müəyyən edilmişdir ki, şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdə olan videogörüntüdən görünür ki, təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla bağlı etirazının olubolmaması soruşulmuş, təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və ya predmetin olubolmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman təqsirləndirilən şəxs sağ əlində saxladığı göy rəngli sellofan torbada və əynindəki göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, torbanın və bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni Mingəçevir şəhərində «Mingəçevir kəndi» deyilən ərazidə «Kür çayı»n sol sahilində meşəlik ərazidə yerdən tapdığını bildirmişdir. Həmin torba və büküm qablaşdırılmışdır ( i.v. 29-31). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/725 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisindəki təmiz çəkisi -460.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdimata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi -8,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər (i.v.37-40). xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 468.12 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmişdir (i.v.134). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 1854 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioidlərdən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 118). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:25-dən tutulmuş hesab edilmişdir (i.v.10). Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(051)-84/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v.70-72). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mahmudov X1 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 66.5-ci maddəsinə əsasən 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir (i.v.90-92). xx.xx.2023-cü il tarixli 8 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v. 119) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 468.27 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal CM-nin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən, ağırlaşdıran hallar, Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalı, cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir Şəhər PŞ–də məsul saxlanca verilmiş 468.12 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar