Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-43/2024 10.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 01 ədəd kağız bükümdə təmiz çəkisi 5,62 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, əynindəki qara rəngli qış gödəkcənin sol yan cibində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı Mingəçevir şəhər, Koroğlu küçəsi 23 saylı binanın qarşısında saxlanılıb, Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 13:30-dan saat 13:55-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkcənin sol yan cibindən 01 ədəd kağız bükümün içərisində təmiz çəkisi 5,62 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 3-4 gün əvvəl saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi 23 saylı binanın arxasında yerdən 01 ədəd kağız büküm görmüş və həmin bükümü yerdən götürmüşdür. Bükümü açıb baxan zaman içərisində olan bitki mənşəli kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. Çünki özü də narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Narkotik vasitədən bir qədər götürüb istifadə etmiş və qalan narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi 23 saylı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Həmin vaxt şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə də üzərində olmuşdur. Polis şöbəsində X2 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirilmişdir. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcənin sol yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümdə olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanadır. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 01 ədəd kağız bükümün ümümi çəkisi 7,88 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni təxminən 3-4 gün əvvəl saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri. Koroğlu küçəsi 23 saylı binanın arxasında olan zaman 1 ədəd kağız bükümdə tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri. Koroğlu küçəsi 23 saylı binanın qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə vəkil X2 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Əvvəlcə təqdim olunmuş həmin bir ədəd kağız büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 7,88 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə qurudulmuş marixuananı, saxlanılmamışdan 3-4 gün əvvəl saat 13 radələrində yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi 23 saylı binanın arxasında olan zaman tapdığını, şəxsi istifadəsi üçün əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:20-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 21 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməsi barədə 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon və əynindəki qara rəngli qiş gödəkçəsinin sol yan cibindən 01 ədəd kağız bükümü aşkar olundu. Həmin kağız bükümün içərisində olan kütlə spesifik iyindən narkotik vasitə - qurudulmuş marixuanaya bənzər kütlə olması məlum oldu. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 19 oktyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 17/754 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olumuş, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -5.62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 21 noyabr 2023-cü il tarixli 1917 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 5.57 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir. 28 oktyabr 2023-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Əliyev X3 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 və 67.1-ci maddəri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. MKTK-nın 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 648 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X3 şəhəri Koroğlu küçəsi, ev 23, mənzil 27-da qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli, 32 saylı xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri Koroğlu küçəsi, ev 23, mənzil 27-də qeydiyyatdadır. Onun haqqında MKTK-nın 9 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. Göranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(045)-33/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsidnə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-50/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 10 yanvar 2020-cu il tarixdən 12 yanvar 2020-cu il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təyin edilmiş 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 1 (bir) il 5(beş) ay 21 (iyirmi bir) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya hökmlərin məcmuusu qaydasında qismən birləşdirilməklə üzərində qəti olaraq 8 (səkkiz) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən verilmiş xx.xx.2021-ci il tarixli 412 saylı arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs 14 saylı Cəzaçəkmə müəssisəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəza çəkmiş və Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 4 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs oğlu 19 oktyabr 2023-cü il tarixində gün ərzində saat 12:30-dək müxtəlif ərazilərə olmuşdur. Həmin saatdan sonra harada olması ilə bağlı məlumat sorğuya cavab məktubunda öz əksini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsinə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmaması, əvvəllər həmin maddə ilə dəfələrlə məhkum edilməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və həbsdə olması nəzərə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub– olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş sərf olunduqdan sonra qalıq çəkisi 5,57 qram olan narkotik vasitə qurudulmuş heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-43/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-43/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver