Məhkəmə qərarları › İş №1(051)-45/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-45/2025

14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-45/2025 14.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə -qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 23:09 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılıb saat 23:11dən 23:44-dək olan müddət ərzində üzəri yoxlanılan və davam edən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(051)-119/2024 nömrəli qərarına əsasən yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin xeyli miqdarda 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın 8,29 qram çəkidə olan hissəsi onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki sellofan bükümün içərisindən, şəffaf rəngli plastik qabın içərisindəki 4,02 qram çəkidə olan hissəsi və göy-ağ rəngli sellofanın torbanın içərisindəki 320 qram çəkidə olan hissəsi onun yaşadığı ünvan 2 ünvanında yerləşən evindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23:09 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və hüquq və vəzifələrini izah etmişlər. Üzərində yoxlama aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə və ya psixotrop maddə, qanunla qadağan edilmiş hər hansı bir əşya olması təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, arxa sağ cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefonu, arxa sol cibindən bir ədəd qatlanan bıçağı, sol yan cibindən 2 ədəd bank kartını, 1 ədəd işıq kartını və açarları təqdim etmişdir. O, şəffaf sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Sonra marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,59 qram olmuşdur. Sonra həmin kütlə və üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qatlanan bıçaq qablaşdırılmış, üzəri imzalanaq götürülmüşdür. Həmçinin üzərindən aşkar olunmuş bir ədəd qara rəngli mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra ona xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Məhkəməsinin binalara, o cümlədən yaşayış yerlərinə digər qapalı tikililərə, qurğulara, torpaq sahələrinə daxil olma və baxış keçirilməsi barədə qərar elan olunmuş yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı yaşadığı fərdi yaşayış evinin yataq otağından güzgülü dolabın sol aşağı rəfindən bir ədəd şəffaf plastik qabın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunan bir ədəd şəffaf rəngli plastik qabın içərisindəki kütlənin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra qonaq otağında divanın alt hissəsindən göy-ağ rəngli sellofan torba aşkar olunmuşdur. Aşkar olunan bir ədəd göy-ağ rəngli sellofan torba açılarkən içərisində olan kütlələrin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra qonaq otağında divanın alt hissəsindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə göyağ rəngli sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin göy-ağ rəngli sellofan torba ilə ümumi çəkisi 330 qram olmuşdur. Daha sonra bir ədəd şəffaf plastik qabın içərisindəki kütlə şəffaf rəngli bükümün üzərinə boşaldılmış və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin bir ədəd şəffaf sellofan büküm ilə birlikdə ümumi çəkisi 4.44 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 7(2) nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol o və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. O, üzərindən aşkar olunan bükümün və yaşadığı fərdi yaşayış evindən aşkar olunan şəffaf rəngli plastik qabın içərisindəki eyni zamanda sellofan torbanın içərisindəki narkotik vasitə «qurudulmuş marixuana» olmasını, həmin narkotik vasitəni təxminən 1-2 ay əvvəl Ağdaş rayonu ərazisindən yerdən tapmasını və öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxlamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onların xidməti avtomobilinə əyləşərək üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və digər əşyalarla birlikdə Mingəçevir ŞPŞ-yə aparılmış və qanunsuz olaraq narkotik vasitə saxladığına görə Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 avqust 2024-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:09 radələrində yaşadığı Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsi, ev 38 ünvanının qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hiiquq izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, arxa sağ cibindən bir ədəd qara rəngli Samsung markalı mobil telefonu, arxa sol cibindən bir ədəd qatlanan bıçağı, sol yan cibindən 2 ədəd bank kartını, 1 ədəd işıq kartını və açarları təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Təqdim edilən bir ədəd şəffaf sellofan büküm açılarkən içərisində olan kütlənin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan büküm ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisinin 8.59 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd qatlanan bıçaq zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd qara rəngli mobil telefon da götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli Mingəçevir şəhər Məhkəməsinin binalara, o cümlədən yaşayış yerlərinə digər qapalı tikililərə, qurğulara, torpaq sahələrinə daxil olma və baxış keçirilməsi barədə qərarı elan olunmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yataq otağından güzgülü dolabın sol aşağı rəfindən bir ədəd şəffaf rəngli plastik qabın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunan bir ədəd şəffaf rəngli plastik qabın içərisindəki kütlənin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Daha sonra qonaq otağında divanın alt hissəsində göy-ağ rəngli sellofan torba aşkar olunmuşdur. Aşkar olunan bir ədəd göy-ağ rəngli sellofan torba açılarkən içərisində olan kütlələrin spesifik iyindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra qonaq otağında divanın alt hissəsindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə göy-ağ rəngli sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin göy-ağ rəngli sellofan torba ilə ümumi çəkisi 330 qram olmuşdur. Daha sonra bir ədəd şəffaf rəngli plastik qabın içərisindəki kütlə şəffaf rəngli bükümün üzərinə boşaldılmış və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin bir ədəd şəffaf sellofan büküm ilə birlikdə ümumi çəkisi 4.44 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in 7(2) nömrəli möhürü ilə möhürlənmiş zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümün və yaşadığı fərdi yaşayış evindən aşkar olunan şəffaf rəngli plastik qabın içərisindəkinin eyni zamanda sellofan torbanın içərisindəkinin narkotik vasitə «qurudulmuş marixuana» olmasını, həmin narkotik vasitəni təxminən 1-2 ay əvvəl Ağdaş rayonu ərazisindən yerdən tapmasını və öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ibtidai araşdırmasını o aparmışdır. Polis əməkdaşları ifadə verərkən təqsirləndirilən şəxsin mənzilində aşkar olunmuş tərəzi ilə bağlı heç bir ifadə verməmişlər. Təhqiqat zamanı aşkar olunmuş tərəzi təqdim edilməmişdir. Evdə axtarış aparılan zaman çəkilişə baxmış, lakin polis əməkdaşının tərəzinin aşkar etməsi məqamı nəzərindən qaçmışdır və bu səbəbdən qiymət verilməmişdir. Tərəzi hazırda harada olması barədə məlumatı yoxdur, bu sualı CAB-nin əməliyyat müvəkkili Şahid1 cavablandıra bilər. Bununla bağlı Şahid1 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində təkrar dindirilərkən ifadəsində göstərdi ki, o, həmişə əməliyyata gedən zaman çəkiliş vaxtı öz tərəzisindən istifadə edir. Həmin əməliyyat zamanı da öz tərəzisindən istifadə etmişdir. Çəkilişə baxmışdır. Elə bir tərəzinin aşkar olunmasını xatırlayır, lakin diqqətsizlik etdiyinə görə həmin tərəzini götürməmiş və təhqiqata təqdim etməmişdir. Hazırda həmin tərəzinin harada qaldığını bilmir. Hesab etmişdir ki, iş üçün əhəmiyyət kəsb etmir. Ona görə də həmin tərəzi onun tərəfindən qablaşdırılmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, yaşayış yerlərinə daxil olma və baxış keçirilməsinə dair 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd bağlı vəziyyətdə olan cib bıçağı, sağ yan cibində olan sellofan bükümün içərisindən 8,59 (səkkiz tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə davam edən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(051)-119/2024 nömrəli qərarına əsasən bir ədəd şəffaf rəngli plastik qabın içərisindəki 4,44 qram çəkidə və göy-ağ rəngli sellofanın torbanın içərisindəki 330 qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan baxış keçirilmənin video görüntülərini özündə əks etdirən video diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli cins şalvarın arxa sol cibindən bir ədəd bağlı vəziyyətdə olan cib bıçağı, sağ yan cibində olan sellofan bükümün içərisindən 8,59 (səkkiz tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(051)-119/2024 nömrəli qərarına əsasən yaşadığı evə baxış keçirilməsinə münasibətdə davam edən əməliyyat tədbirləri zamanı bir ədəd şəffaf rəngli plastik qabın içərisindəki 4,44 qram çəkidə və göy-ağ rəngli sellofan torbanın içərisindəki 330 qram çəkidə narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr onun yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş, lakin yataq otağında güzgü altdığının içərisindən içərisində 4,44 qram çəkidə marixuana olan bir ədəd plastik qabın yanında gümüşü rəngdə elektron tərəzi aşkar edilsə də, digər əşyalarla bərabər lazımi qaydada qablaşdırılıb götürülməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/740 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01( bir ) ədəd sellofan bükümdə, təmiz çəkisi- 8,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik vasitə.....” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01( bir ) ədəd sellofan bükümdə, təmiz çəkisi- 4,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitə.....” yazısı, adlar və imzalar olan 01( bir ) ədəd göyağ sellofan torbanın içərisindəki, təmiz çəkisi- 320.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli, 17/868 nömrəli məhkəmə ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1806 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.2 və 228.4cü maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,06 qram sərf edildikdən sonra qalan qalıq 332,25 qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanca verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(051)-117/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Məhəmməd oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilərək Təqsirləndirilən şəxs Məhəmməd oğlunun üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 12 aprel 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1209/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 3 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilən, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Həsənov X3 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində və yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 23:09 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılıb saat 23:11-dən 23:44-dək olan müddət ərzində üzəri yoxlanılan və davam edən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(051)-119/2024 nömrəli qərarına əsasən yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin xeyli miqdarda 332,31 (üç yüz otuz iki tam yüzdə otuz bir) qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın 8,29 qram çəkidə olan hissəsi onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindəki sellofan bükümün içərisindən, şəffaf rəngli plastik qabın içərisindəki 4,02 qram çəkidə olan hissəsi və göy-ağ rəngli sellofanın torbanın içərisindəki 320 qram çəkidə olan hissəsi onun yaşadığı ünvan 2 ünvanında yerləşən evindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Həsənov X3 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə birləşdirilərək üzərində qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2024-cü il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, yaşayış yerlərinə daxil olma və baxış keçirilməsinə dair 25 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:09-da polis əməkdaşları tərəfindən saxlanıldığına görə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdən tutulmuş hesab edilmişdir. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 4(051)-57/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-76/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 (on beş) gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan qalıq 332,25 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-bioloji ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi isə Dövlət büdcəsinə aid edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalan qalıq 332,25 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə-bioloji ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Məhkəmə ballistik ekspertiza tədqiqatının dəyəri olan 30 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi Dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar