Məhkəmə qərarları › İş №1(051)-47/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-47/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-47/2025 30.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, Təbriz küçəsi 15/13 saylı evdə qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi üçün 5,00 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,39 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlayaraq daşımış və 21 sentyabr 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 4№-li yaşayış binasının yaxınlığında saxlanılaraq həmin yerdə saat 20:47-dən 20:54-dək olan müddət ərizində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri M.Ə.Sabir küçəsindən keçərkən yerdə 1 ədəd kibrit qutusu yerdə götürmüşdür. Açıb baxdıqda həmin kibrit qutusunun içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Tapdığı kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsi 4№-li yaşayış binasının yaxınlığı ilə piyada hərəkət edərkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə yoxlanış keçirəcəklərini bildirmişlər. O da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə yoxlanış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, arxa cibindən 1 ədəd alışqanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heçnə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd kibrit qutusu digər iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngli, kəskin iyli, otabənzər kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və kibrit qutusu ilə birlikdə ümumi çəkisi 9,45 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri M.Ə.Sabir küçəsindən keçərkən yerdən taparaq üzərində saxlamışdır. Tərəzidə çəkildikdən sonra həmin kibrit qutusu onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə yoxlanış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. özünün ona elan edilmiş ittihamla təqsirli bildiyini, yəni üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu, həmin narkotik vasitəni həqiqətən də xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi ilə piyada hərəkət edərkən yerdən 1 ədəd kibrit qutusunda tapdığını, narkotik vasitələrdən sonuncu dəfə təxminən 3-4 il əvvəl istifadə etdiyini, lakin,hazırda narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini, buna görə də narkomaniya xəstəliyindən əzab çəkmədiyini, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığını, narkotik vasitələrdən hər hansı asılılığının olmadığını, bu səbəbdən də məhkəmə narkoloji ekspertizasının müvafiq rəyi ilə razı olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşları Şahid1, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov küçəsi 4№-li yaşayış binasının yaxınlığı ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə öz razılığı ilə yoxlanış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Yoxlanış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd mobil telefonu, arxa cibindən 1 ədəd alışqanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana gizlətdiyi 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd kibrit qutusu digər iştirakçıların yanında açılarkən içərisində yaşıl rəngli, kəskin iyli, otabənzər kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd kibrit qutusunda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, kibrit qutusu birlikdə ümumi çəkisi 9,45 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri M.Ə.Sabir küçəsindən keçərkən yerdən tapdığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingçevir ŞPŞ-nin əməkdaşı Şahid3 Şahid2 ifadəsində göstərdiyi xususatları öz ifadəsində təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İş üzrə tərtib edilmiş əməliyyat-axtarış tədbilərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilərkən onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 ədəd kibrit qutusunda ümumi çəkisi 6,39 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilmiş, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/777№-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-6,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən maddə kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,02 qram narkotik vasitə kütləsindən sonra yerdə qalan ümumi qalıq çəkiləri 6,37 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Aparılmış tədqiqatın dəyəri 35,97 manatdır. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2014-cü il tarixli, 1(101)-474/2014 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 09 (doqquz) aya endirilmiş, 09 iyul 2018-ci il tarixdə cəzasının sonu ilə əlaqədar olaraq azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Ələsgərov X1 şəhəri, Təbriz küç 15, mənzil 13 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 9 saylı MİS-ə heç bir şikayət daxil olmayıb. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2181 nömrəli arayışdan görünür ki, Ələsgərov X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1451 saylı arayışdan görünür ki, Ələsgərov X1 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər müxtəlif maddələrlə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlıqdan məhrum etmənin 1 (bir) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan qalıq 6,37 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar