Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-48/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir,ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2019cu il tarixdən 23 may 2020-ci il tarixədək olan müddət ərzində əmək müqaviləsi üzrə işlədiyi Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən “xxxx” MMC-nin filialı olan“Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsində müştərilərin yanacaq doldurmaq üçün verdiyi pulları baş mühasib Şahid1 ilə dəyişərkən və baş mühasib Şahid1la birlikdə YDM-də yanacaq satışından əldə olunan pulları sayarkən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə “xxxx” MMC-yə məxsus 6850 (altı min səkkiz yüz əlli) manat məbləğdə pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs “xxxx” MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 2019-cu ilin may ayında 2020-ci ilin may ayının 21-ə kimi «xxxx» MMC-nin nəzdində fəaliyyət göstərən «Qres Oil» yanacaq doldurma məntəqəsində operator işləmişdir. Operator kimi onun işi YDM-ə gələn müştərilərə yanacaq satmaq və satışdan əldə olunan pulları Cəmiyyətin baş mühasibi Şahid1 vermək idi. Mühasib Şahid1 xahişi ilə o və digər operatorlar hərdənbir kassada olan pulların sayılmasında və dəstələnməsində mühasibə kömək edirdilər. 21 may 2020-ci il tarixdə axşam pulların sayılıb-dəstələnməsinə kömək etmək üçün mühasib Şahid1 xidmət otağına getmişdir. Həmin gün də o, pula ehtiyacı olduğu üçün Şahid1 borc pul istəmiş, lakin ona borc pul verilməmişdir. Pulların sayılması zamanı Şahid1 əvvəl ona saymaq üçün qəpikləri verdi. Qəpikləri saydıqdan sonra Şahid1 ona dəstələməyi və saymağı üçün 100 manatlıq əskinazları verdi. O, həmin 100 manatlıq əskinazları dəstələyən zaman pulların içərisindən 2 ədəd 100 manatlıq əskinazları stolun altına atdı. Sonra həmin 2 ədəd əskinazları ayaqqabısının içərisinə salaraq gizlətdi. Ona verilmiş 100 manatlıq əskinazları dəstələyib qurtardıqdan sonra pulları Şahid1 verib otaqdan çıxdı. Otaqdan çıxdıqdan sonra öz işinin icrası üçün getdi. Gecə saat 03:00-də onun istirahət vaxtı başladığı üçün istirahət otağına keçdi. Otaqda ayaqqabısının içərisində gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları çıxardaraq özünə məxsus mobil telefonu qoyduğu qabın, telefonun arxa qapağının içərisində gizlətdi. Bundan, təxminən, bir neçə dəqiqə sonra mühasib Şahid1 Cəmiyyətin direktoru Zərərçəkmiş şəxsla birlikdə onun yatdığı otağa gəldilər. Digər operator yoldaşı Şahid2 da otağa gəldi. Direktor və mühasib onlara ciblərindəki pulları yoxlayacaqlarını bildirdilər. Ondan və Şahid2 üzərlərində şəxsi pulları olub-olmadıqlarını soruşdular. Maqsud bildirdi ki, üzərində 9 manat şəxsi pulu var, o isə üzərində şəxsi pulu olmadığını bildirdi. Onların üzərində olan yanacaq satışından əldə olunan pulları saydıqdan sonra həmin pulların sayğacla uyğun gəldiyini müəyyən etdilər. Sonra onun yatdığı yeri, çantasını, ciblərini axtardılar, lakin hər hansı məbləğdə pul aşkar olunmadı. Sonra ona bildirdilər ki, əlində olan mobil telefonun arxa qapağını açsın. O, əvvəl tərəddüd etsə də, telefonun arxa qapağını açdı. Telefonun arxa qapağında gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları aşkar edib götürdülər. Onlar həmin puldan əlavə nə qədər pul oğurladığını soruşdular, o da bildirdi ki, bundan əlavə heç vaxt pul oğurlamamışdır. Sonradan ona bildirdilər ki, kassada 6850 manat pul əskik gəlmişdir, həmin pulların hamısını sən oğurlamısan və ödəməlisən. O, etiraf etdi ki, ancaq bir dəfə pulu sayanda 200 manatı oğurlamışdır. Bundan əlavə o, müştərinin verdiyi pulları xırdalamaq üçün mühasib Şahid1 xahiş etmiş Şahid1 isə pulları xırdalayan zaman ona 1- 2 dəfə 10-20 manatlıq artıq pul qaytarmışdır. Lakin bu pulları mühasibə qaytarmamış və ya bu barədə heç kimə heç nə deməmişdir. Onun YDM-dən götürdüyü pullar cəmi oğurladığı pullarla birlikdə 300-400 manat olardı. Lakin ona inanmayaraq kassada əskik gələn 6820 manat pulu o, oğurladığını bildirərək, həmin pulları ödəməyi tələb etdilər. O, həmin pulu oğurlamadığını bildirərək etiraz etdikdə bildirdikdə ona hədə-qorxu gələrək gah onu öldürəcəklərini, gah da cinayət məsuliyyətinə cəlb olunması üçün polisə verəcəklərini bildirdilər. O, hərbidə işə düzəlmək arzusunda olduğuna və cinayət məsliyyətinə cəlb olunmasından ehtiyat edərək və bu səbəbdən hərbiyə işə düzəlməməsindən qorxaraq həmin puldan gücü çatana qədər qaytaracağını bildirdi. Onun atası yoxdur. Yaxın qohumlarının köməkliyi ilə, eləcə də mobil telefonunu və evlərindəki televizoru sataraq cəmi 2930 manat pul ödədi. Vətən müharibəsi başlanması ilə əlaqədar 29 sentyabr 2020-ci ildə cəbhəyə getdi. 31 dekabr 2020-ci ilə kimi cəbhədə olmuşdur.Cəhbhədən qayıtdıqdan sonra ona məlum oldu ki, barəsində cinayət işi başlanılmışdır. Barəsində cinayət işi başlandığına görə də pulun qalanını ödəmədi. «xxxx» MMC-nin kasssında əskik gələn 6850 manat onun tərəfindən oğurlanmamışdır. Qeyd etdiyi kimi cəmi 200 manat pul oğurlamışdır. Bundan əlavə 1-2 dəfə pul xırdalayan zaman mühasib ona 10 və 20 manat atrtıq vermiş, lakin o, həmin pulları geri qaytarmamışdır. Qanunsuz olaraq əldə etdiyii pullar oğurladığı 200 manatla birlikdə cəmi 300-400 manat olar. Qeyd etdiyi qanunsuz olaraq əldə etdiyi cəmi 400 manata qədər pula görə əməlindən peşimandır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsin nümayəndəsinə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayından etibarən ona məxsus yanacaqdoldurma məntəqəsində operator kimi çalışmışdır. Təqsirləndirilən şəxs operator kimi vəzifəsi işdə olduğu 12 saat müddətində yanacaqdoldurma məntəqəsinə gələn avtomobillərə yanacaq doldurma və növbəti gün üçün işə gələn yoldaşına sayğacda olan gündəlik alış barədə məlumat vermək və satışdan əldə etdiyi pulu mühasibə vermək olmuşdur. Bunun müqabilində ona 250 manat aylıq maaş verirdilər. Yanacaqdoldurma məntəqəsinin baş mühasibi Qüdrət Şirinov pulları hesablayan zaman Ramiz də ona kömək edirdi və o, özü buna dəfələrlə şahid olmuşdur. Qüdrət yanacağa və daşımaya pul verən zaman müəyyən qədər azalmanın olduğunu hiss etdiyini deyirdi, lakin sonra hesablamalarda səhvlərə yol verdiyini düşündüğünü bildirirdi. 21 may 2020-ci il tarixdə Qüdrət ona zəng edərək, Ramizdən şübhələndiyini, ona görə yanacaqdoldurma məntəqəsində olmağını dedi. O da yanacaqdoldurulma məntəqəsinə gəldi. Həmin gün növbədə olan Ramiz saat 00:03-da istirahət vaxtı olduğu üçün istirahət otağına getdikdən sonra o, Qüdrətlə birgə növbədə olan digər operator Maqsudun yanına getdilər və onunla bir də yanacaq doldurma aparatlarının sayğaclarını yoxladıqdan sonra Ramizin yanına getdi. İstirahət otağında Ramizə və Maqsuda üzərlərində pul olub-olmamasını soruşdu və Ramiz üzərində pul olmadığını dedi. O, Ramizin əlində telefonu bərk-bərk saxladığını gördükdən sonra şübhələndi və telefonunu istədi və aldıqdan sonra telefonun arxasında olan qabına baxdı və orada 200 manat pul olduğunu gördükdən sonra əvəlki pulların da Ramiz tərəfindən oğurlandığına əmin oldular. Ramiz pul xırdalayn zaman Qüdrətdən artıq pul aldığını və oğurladığı pulların hamısını qaytaracağını dedi. Qüdrət Ramiz işə girdikdən sonra son 7-8 ay ərzində kassada olan bütün əksiklikləri hesabladı və Ramizin yanacaqdoldurma məntəqəsindən ümumilikdə 6850(altı min səkkiz yüz əlli) manat oğurladığını müəyyən etdi. Bundan sonra Ramiz oğurladığı 6850 manatın 2930 manatını müxtəlif vaxtlarda hissə-hissə qaytardı və qalan 3920 manatı isə geri qaytarmadı. Ramiz pulu qaytarmadığına görə Mingəçevir şəhər prokurorluğuna bu barədə məlumat verdilər. Təqsirləndirilən şəxs qanun daxilində cəza verilməsini xahiş etmişdir. Şahid Şahid1 Əsgər oğlu məhkəmə iclasında ifadəsində bildirdi ki, o, 2016-cı ildən «xxxx» MMC-nin baş mübasibi vəzifəsində işləyir, vəzifəsi hər ayın sonu MMC-yə daxil olan yanacaqdoldurma məntəqələrinin mühasibatını aparmaqdır. «xxxx» MMC-ə üç yanacaqdoldurma məntəqəsi daxildir ki, onlardan biri də Mingəçevir şəhərində yerləşən «Qres Oil» yanacaqdoldurma məntəqəsidir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında yanacaqdoldurma məntəqəsinə operator kimi işə götürmüşlər. Belə ki, o, əvvəl digər bir şirkətdə icraçı direktor kimi işləyən zaman Ramiz onun işçisi olmuşdu və yenidən onu işə götürməyini xahiş etdikdə onu işə götürdülər. İşlədiyi müddət ərzində Ramiz onun etimadını qazanmışdı. Ona görə də kassada olan pulu hesablayarkən Ramiz dəfələrlə ona kömək etmişdir. 2020-ci ilin mart ayının sonralarında pulları hesablayarkən təxminən 3250 manat pulun, 2020-ci ilin aprel ayında isə kassada pulları hesablayarkən 1680 manat pulun əksik olduğunu gördü. Yanacaq alışı üçün banka pul ödəyən zaman bir neçə dəfə əksiklər olmuşdu. 21 may 2020-ci il tarixdə Ramiz axsam saat 23:00 radələrində yenidən pulların hesablanmasında ona kömək etdi. Həmin vaxt o, Ramizin pulu hesablayan zaman ordan pul oğurlamasını hiss etdi. Ramiz pulu sayıb getdikdən sonra o, müdirləri Araz İsmayılova zəng etdi və onun iş yerinə gəlməsini dedi. Araz gəldikdən sonra digər operator Maqsudla birgə istirahət otağına getdilər. Ramizə və Maqsuda üzərlərində pul olub olmadığını soruşdular. Ramiz üzərində pul olmadığını dedi, lakin əlində telefonu bərk saxladığından Araz ondan şübhələndi və telefonu verməsini istədi. Telefonun arxa qabını açan zaman orada 200 manat pul olduğunu gördülər. Bundan sonra Ramiz məcbur olub həmin pulu oğurladığını etiraf etdi. Həmçinin Ramiz müxtəlif vaxtlarda pul hesablayarkən, eləcə də pul xırdaladan zaman pul oğurladığını bildirdi. Hesablama zaman Ramizin yanacaqdoldurma məntəqəsindən ümumilikdə 6850 manat pul oğurladığını müəyyən etdi. Ramiz 6850 manat pulun 2930 manatını ödədi və 3920 manatını isə ödəməmişdir. Şahid2 Həmid oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2011-ci ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayından yanacaqdoldurma məntəqəsində operator işinə qəbul edilmişdir. Onlar bir növbədə işləyirdilər. Operator kimi onların vəzifəsi işdə olduqları 12 saat müddətində yanacaqdoldurma məntəqəsinə gələn avtomobillərə yanacaq doldurmaq, satışdan əldə edilmiş pulları mühasib Şahid1 verməkdir. Yanacaqdoldurma məntəqəsinin operatorları bəzən kassada yığılmış pulların sayılmasında mühasib Şahid1 kömək edirdilər. O da, eləcə də onunla növbədə olan Təqsirləndirilən şəxs də bir neçə dəfə pulların sayılmasında Şahid1 kömək etmişlər. 21 may 2020-ci ildə o və Ramiz növbədə olmuşlar. Həmin gün ax.şam növbəsində olan zaman saat 23:00 radələrində Ramiz kömək etmək məqsədilə Şahid1 yanına getdi. Sonra Ramiz istirahət etmək üçün istirahət otağına getmişdir. Bir az sonra yanacaqdoldurma məntəqəsinin müdiri Zərərçəkmiş şəxs və mübasib Qüdrət Şirinov onun yanına gəldilər, ondan Ramizin harada olduöunu soruşdular, o da Ramizin istirahət otağında olduğunu bildirdi. Sonra onlar birlikdə Ramizin yanına getdilər. Şahid1 və Zərərçəkmiş şəxs onlardan üzərlərində şəxsi pulları olub-olmadığını soruşdular. O, 9 manat pulu olduğunu, Ramiz isə pulu olmadığını bildirdilər. Üstlərinə axtarış apardılar, heç nə aşkar olunmadı. Lakin Ramizin mobil telefonunun arxa qapağında 2 ədəd 100 manatlıq aşkar edildi. Bu vaxta qədər Ramizin hər hansı bir oğurluq etməsi barədə heç eşitməmişdir. Sonra Ramiz işdən çıxarıldı, onun yanacaqdoldurma məntəqəsinə pul qaytarıb-qaytarmamasından məlumatı olmamışdır. Şahid Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2016-cı ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs isə 2019-cu ilin may ayından yanacaqdoldurma məntəqəsində operator işinə qəbul edilmişdir. Təqsirləndirilən şəxs Şahid2 növbə yoldaşı olmuşdur, o isə Azər Bayramovla növbə yoldaşıdır. Yanacaqdoldurma məntəqəsininn operatorları adətən pulların sayılmasında mühasib Qüdrət Şirinova kömək edirdilər. O, Təqsirləndirilən şəxslə növbəni bir-birlərinə təhvil verirdilər. Növbə ərzində bəzən müştərilərə verdikləri pulun qalığını artıq qaytaranda və müştərilərin çox olması ilə əlaqədar müştəridən pulun alınması yaddan çıxması səbəbindən növbələri təhvil verən zaman bəzən pulun əskik gəlməsi müəyyən edilirdi. Ramizlə növbəni dəyişən zaman ayrı-ayrı vaxtlarda pul əskik gəldiyindən ondan pul alıb əksikliyi ödəyir, növbəti gün həmin pulu ona qaytarırdı. Eləcə də əksinə, bəzən də o, Ramizdən pul alıb əksikliyi ödəyir, növbəti gün pulu Ramizə qaytarırdı. Ramizin yanacaqdoldurma məntəqəsindən pul oğurlaması barədə əvvəl hər hansı bir məlumatı olmamış və ya bu barədə heç nə eşirməmişdir. Şahid Byramov Azər Mahmudəli oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsində göstərilir ki, 2014-cü ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanıyırdı. İşlədikləri müddətdə münasibətləri normal olmuşdur. O da daxil olmaqla yanacaqdoldurma məntəqəsinin operatorları mühasibə pulun sayılmasınad kömək edirdilər. Ramizin pulların hesablanmasına kömək edən zaman pul oğurlamasından məlumatı olmamışdır. Bu barədə 2020-ci ilin may ayının 22-də işə gələn zaman Şahid1 Ramizin 7000 manata yaxın pul oğurlanmasını dedikdən sonra məlumatı olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad olunan ittihamın qanuniliyini və əsaslılığını həm ibtidai istintaq orqanı tərəfindən əldə olunması, həm də məhkəmə istintaqında müəyyən edilən sübutlarla əlaqəli şəkildə təhlil edib araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarında göstərilir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə, yəni 6850 manat oğurlamaqla xeyli miqdarda oğurluq etməkdə, özgənin əmlakını gizli olaraq talamaqda təqsirləndirilir. İttihama əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin,şahid kimi ifadə vermiş baş mühasib Şahid1 Əşrəf oğlunun ifadələri, 21 may 2020-cim il tarixdə kassadakı pulların sayılmasında mühasib Şahid1 kömək edən zaman 2 ədəd 100 manatlıq əskinazları oğurlanmasının aşkar olunması, bu vaxta qədər kassadan əskik gələn pulların cəmi 6820 manat olması müəyyən edilməsi və həmin puldan Təqsirləndirilən şəxs 2930 manat ödəməsi ilə əsaslandırılmışdır ki, lakin bu əsaslar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində ilkin olaraq şəhər prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi izahatında, şəhər polis şöbəsində araşdırma zamanı verdiyi izahatında və istintaq zamanı verdiyi ifadəsində, üzləşdirmə istintaq hərəkətləri zamanı ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 6850 manat pulu oğurlamadığını, yalnız 21 may 2020-ci il tarixdə 200 manat pul oğurladığını, müştərilərin verdikləri pulu xırdaladan zaman isə mühasib bir-iki dəfə ona 10 və 20 manat artıq pul qaytarıldığını, bunlar da nəzərə alınmaqla cəmi 300- 400 manat pul oğurladığını bildirmişdir. Həmçinin, bildirmişdir ki, ondan tələb olunan 6850 manatdan 2930 manatı ona görə ödəmişdir ki, müdiriyyət, mühasib onu polisə verməklə, cinayət işi başlatmaqla hədələyirdi. O da barəsində cinayət işi başlanmasından ehtiyat edərək pulu ödəməyə məcbur oldu. Cunki hərbidə işə düzəlmək istəyirdi. Ödədiyi pulun cox hissəsini isə dayısı və digər qohumlarının verdikləri pulla ödəmiş, evdə olan televizoru və özünəməxsus mobil telefonu satmışdır. Sonra Vətən müharibəsinə getdiyi üçün pulun qalan hissəsini ödəməmişdir. Hərbi xidmətdən qayıdandan sonra məlum olmuşdur ki, o, Vətən müharibəsində olduğu zaman barəsində cinayət işi başlanılmışdır. Artıq barəsində cinayət işi başlandığına görə pulu ödəmədi. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs hərbi bilətinin surətindən və ŞHXÇDX-dən verilmiş arayışdan görünür ki, o, 30.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 31.12.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin, cinayət işinə əlavə edilmiş, “Cinayət işiiniun başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaqı aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 13.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Natiq oğlunun əməlində CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə kifayət qədər dəlillər olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü ilə maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılmasından ötrü aidiyyəti üzrə Mingəçevir şəhər PS-nin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. Mingəçevir şəhər PS-nin İB müstəntiqi isə 15.10.2020-ci il tarixli qərarla cinayət işini icraatına qəbul etmişdir. Bundan əlavə iş üzrə «xxxx» MMC-nin yanacaq-doldurma məntəqəsində 6850 manat əskik pulun yaranması yalnız MMC-nin mühasibinin ifadəsi ilə əsaslandırılır. Qeyd olunan əksikliyi olmasını sübut edən mühasibatlıq sənədləri və ya digər sənəd yoxdur. Mühasib isə qeyd olunan əksikliyin mart, aprel və may aylarında yarandığı, mart ayında kassadakı pulları hesablayarkən 3250 manat, aprel ayında isə 1680 manat pulun əskik gəlməsini, may ayında isə cəmi 6850 manat pulu əskik gəlməsini müəyyən etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən müddət ərzində Təqsirləndirilən şəxs pulları saymaqda mühasibə kömək edən zaman 6850 manat məbləğində pulu oğurlaması, ələ keçirməsi mümkün deyil. Bundan əlavə, həqiqətən də, əvvəlki aylarda yanacaqdoldurma məntəqəsinin kassasında əksiklik yaranmış olsaydı əksikliyin necə əmələ gəlməsi araşdırılar və heç olmasa kamera görüntülərinə baxılardı. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdə pulun sayılmasında mühasibə kömək edərkən birinci dəfə oğurluq etmiş, məhz həmin vaxt da özünü şübhəli aparması mühasibi şübhələndirmiş və buna görə də müdiriyyət tərəfindən araşdırma aparılmışdır. Məhkəmə, həmçinin, hesab edir ki, 21.05.2020-ci il tarixdə mühasibə pulları saymaqda kömək edən zaman 200 manat pulu ələ keçirməsi, öz deməsinə görə əvvəlki vaxtlarda müştərilərin verdikləri pulları xırdaladan zaman mühasibin ona 10-20 manat artıq pul qaytarması, onun əksik gələn 6850 manat pulun hamsını ələ keçirməsinə dəlalət etmir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, yanacaqdoldurma məntəqəsində Təqsirləndirilən şəxs başqa onunla eyni növbədə bir işçi , digər növbədə isə iki işçi işləmişdir. İstintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrindən isə görünür ki, onlar da kassadakı pulların sayılmasında və dəstələnməsində mühasibə kömək edirdilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalıdır. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsindən 21.05.2020-ci ildə 200 manat pul oğurlamışdır. Özünün deməsinə görə də müştərilərin verdikləri pulları xırladan zaman mühasib ona bir iki dəfə 10-20 manat artıq pul qaytarmışdır. Ümumilkidə o, qanunsuz olaraq 300-400 manat pul ələ keçirmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci hissəsində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 177-ci maddəinin Qeyd hissəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs 6850 manat pulu oğurlanması sübut olunmadı. Onun 21.05.2020-ci il tarixdə 200 manat pulu oğurlaması müəyyən edildi. Öz deməsinə görə də bir – iki dəfə pul xırladan zaman mühasib ona 10-20 manat artıq pul qaytarmışdır ki, oğurlanmış olduğu 200 manatla birlikdə, cəmi 300-400 manat pulu qanunsuz ələ keçirmişdir. Qeyd edilən məbləğ isə qanunda müəyyən edilmiş həddə olmadığına görə məhkəmə hesab edir ki, onun əməli CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaratmır. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut,mülki iddia, ekspertiza xərci yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 90 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-48/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-48/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver