Məhkəmə qərarları › İş №1(051)-48/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-48/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-48/2023 05.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən "Yaşıl Məkan" adlanan kafedə birlikdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs təklifi ilə həmin gün saat 20 radələrində sonuncunun ünvan 2 ünvanına getmişlər. Ertəsi gün tanışının toy məclisinə geyinmək üçün Zərərçəkmiş şəxs ona geyinib yoxlaması üçün təklif etdiyi, bir otaqlı mənzilin paltar dolabında saxladığı kişi kostyumlarını göstərib, özü evə qonaq gələn Şahid1 ilə mətbəx otağına keçdikdən sonra o, Zərərçəkmiş şəxs mətbəxə keçməsindən istifadə edib, sonuncuya məxsus kostyumları əynində yoxlayarkən, kostyumlardan birinin cibində 100 manatlıq əskinazlardan ibarət, həmin an üçün məbləğini bilmədiyi pul vəsaitinin olduğunu təsadüfən görüb, Zərərçəkmiş şəxs mətbəxdə Şahid1 ilə vaxt keçirməsindən istifadə edib, kostyumunun cibində saxladığı, Zərərçəkmiş şəxs məxsus 6100 (altı min bir yüz) manat məbləğdə pul vəsaitini gizli yolla talamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin pul vəsaitini kostyumun cibindən götürüb, mənzildən daha asan çıxarmaq üçün hamam otağına aparıb, orada vannanın altında müvəqqəti gizlətmiş, lakin Zərərçəkmiş şəxs mətbəxdən otağa qayıdıb, pul lazım olduğu üçün 6100 (altı min bir yüz) manat pulu saxladığı kostyumunun cibinə baxaraq, orada pulun olmadığını aşkar edib, oğurlandığını anladıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyinə və bununla bağlı Mingəçevir şəhər polis şöbəsinin əməliyyatistintaq qrupunun mənzilə gəldiklərinə görə o, ünvan 2 ünvanından Zərərçəkmiş şəxs məxsus 6100 (altı min bir yüz) manat məbləğdə pul vəsaitini, ona xeyli miqdarda ziyan vurmaqla bilavasitə oğurluq etməyə yönəlmiş cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq gizli yolla talamağa, yəni Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. Hərdən görüşüb yemək yemişlər, lakin gediş-gəlişləri olmamışdır. Zərərçəkmiş şəxs yaşca ondan böyük olsa da, aralarında normal münasibətləri olmuş, bir neçə dəfə birlikdə klublara getmişlər. Hər dəfə oturub yemək yeyəndə pulunu Fikrət vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Fikrətlə görüşmüş və birlikdə kafeyə getmişlər. Orada söhbət edərkən, o, bir gün sonra dostunun toyu olacağı üçün Zərərçəkmiş şəxs geyinmək məqsədi ilə kostyum istəmişdir. Fikrət isə evdə çoxlu kostyumları olmasını bildirərək ona kostyum verməsi üçün evinə getməyi təklif etmişdir. Birlikdə saat təxminən 20 radələrində Fikrətin yaşadığı evə getmişlər. Evdə zal otağında Fikrət kostyumları dolabdan çıxarmış və əyninə geyinib yoxlaması üçün ona vermişdir. O da kostyumları bir-bir geyinib əynində yoxlamışdır. Həmin vaxt Fikrət ondan tək yaşadığı üçün evi təmizləməyə qadın varsa mənzilə çağırmasını xahiş etmiş, o da Ruxsarə adlı qadına zəng edərək Fikrətin evinə gəlməsini Ruxsarəyə bildirmişdir. Ruxsarə də razılaşmış və həmin evə gəlmişdir. Ruxsarə, Fikrət və o, otaqda olan zaman Fikrət kostyumların cibinə baxanda pulun olmamasını və oğurlanmasını bildirmişdir. Bundan sonra o və Ruxsarə puldan xəbərsiz olduqlarını bildirmişlər. Daha sonra o, həqiqətən puldan xəbərsiz olduğunu təsdiq etmək üçün DİN-niıı 102 xidmətinə zəng edərək oğurluq barədə və pul sahibinin ondan şübhə etdiyi barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışdılar. Sonra isə onu Fikrətin evinə gətirmişlər və evə baxış keçirilərkən pul hamam otağında vannanın altından tapılmışdır. Onlar polis şöbəsinə aparıldıqdan sonra ayrı otaqlarda saxlanılmışlar. Polis əməkdaşları olan Orxan və Cahangir pulun yerini deməsi üçün ona hədə qorxu gəlmişlər, o da puldan xəbərsiz olduğunu bildirmişdir. Bundan sonra 3 nəfər polis əməkdaşı ilə Fikrətin evinə gəlmişlər. Qapını polis əməkdaşları açarla açdıqdan sonra ona evi axtarmasını bildirmişlər. O evi axtaran zaman pulu hamam otağında olan əlyuyanın altından kulyonkanın içində tapmışdır. Polis şöbəsinə qayıtdıqda artıq pul tapıldığı üçün onun günahkar olmadığını və 1 gecə polis şöbəsində qalacağını ona bildirmişlər. Fikrətin evində pul tapıldıqdan sonra çəkiliş aparılmışdır. Polis şöbəsində ona, həmçinin bildirilmişdir ki, söhbəti bağlamaq üçün borcu olduğunu və şeytana aldandığını bildirsin. O, etiraz etsə də, lakin kamera qarşısında həmin sözləri deməsinə onu məcbur etmişlər. Çəkiliş aparmaq üçün pulu yenidən yerinə qoymuşlar. Evə baxış keçirildikdən sonra izahat vermişdir. Polis əməkdaşları ilə birlikdə evə baxış keçirməyə gəldikdə, artıq evin axtarıldığını görmüşdür. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Bununla belə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 29, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır. Münasibətləri normal olmuşdur. Hərdən görüşüb yemək yemişlər. Gediş-gəlişləri yoxdur. Onun xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək verdiyi məlumatla tanışdır. Zərərçəkmiş şəxs yaşca ondan böyük olsa da aralarında normal münasibətləri olmuşdur. Bir neçə dəfə birlikdə klublara getmişlər. Orada tanıdığı yüngül həyat tərzi keçirən qızlar Fikrətin normal maddi vəziyyəti olmasını ona demişlər. Özünün maddi vəziyyəti isə yaxşı olmadığı üçün hər dəfə oturub yemək yeyəndə pulunu Fikrət vermişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o Fikrətlə görüşmüş və birlikdə kafeyə getmişlər. Yeyib içdikdə Fikrət ondan Şəbnəm adlı qızı çağırmasını onlarla birlikdə oturmasını təşkil etməsini xahiş etmişdir. O, da xahişi yerinə yetirəcəyini desə də lakin Şəbnəmə zəng etməmişdir. Orada söhbət edərkən Fikrət evdə çoxlu kostyumları olmasını bildirmiş, o, da bir gün sonra dostunun toyu olduğu üçün Fikrətdən geyinmək məqsədilə kostyum istəmişdir. Fikrət ona kostyum vermək məqsədilə evinə getməyi təklif etmişdir. Birlikdə saat təxminən 20 radələrində Fikrətin yaşadığı evə getmişlər. Evdə zal otağında Fikrət kostyumları dolabdan çıxardıb və əynində yoxlaması üçün ona vermişdir. O da kostyumları bir-bir geyinib əynində yoxlamışdır. Həmin vaxt Fikrət ondan pul müqabilində görüşən qadın varsa, mənzilə çağırmasını xahiş etmiş, o da Ruxsarə adlı qadına zəng elədərək 30 manat müqabilində cinsi əlaqədə olmaq istəyən şəxs olmasını və evinə gəlməsini Ruxsarəyə bildirmişdir. Ruxsarə də razılaşmış və həmin evə gəlmişdir. Ruxsarə gəlib evə çatanda 20 manat pulu Fikrət ona vermiş 10 manat pulu isə özü verməklə və 30 manat pulu Ruxsarəyə vermişdir. Ruxsarə ilə Fikrət mətbəx otağında söhbət etdikləri vaxt o, zal otağında əynində yoxladığı kostyumun döş cibində pul olmasını aşkar etmiş və sarı rəngli kağıza bükülmüş içərisində 100 manatlıqlar olan bükümü görüb, lakin saya bilmədən həmin pulu daha sonra gedərkən özü ilə aparmaq məqsədilə bükümü aparıb hamam otağında vannanın altında gizlətmişdir. Həmin pulla bank kreditini bağlamağı nəzərdə tutmuşdur. Lakin zal otağında olarkən Fikrət Ruxsarə ilə razılaşmamış və geri qayıtmışdır. Kostyumun cibinə baxanda pul olmamasını aşkarlamış və pulu oğurlanmasını bildirmişdir. Bundan sonra ondan və Ruxsarədən soruşanda puldan xəbərsiz olduqlarını bildirmişlər. Bundan sonra Fikrət DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və baxış keçirilərkən o pulu götürməsini və hamamda gizləməsini etiraf etmişdir. Daha sonra vannanın altından çıxardıb təqdim etmişdir. Sayılarkən ona pulun məbləğinin 6100 manat olması məlum olmuşdur, daha əvvəllər hər hansı oğurluqda iştirakı olmamışdır. Fikrətin evində pul olmasından, yaxud geyinmədiyi kostyumun cibində saxlamasından məlumatı olmamışdır. Fikrət ona kostyum verməyi xeyli vaxtdır söz vermişdir. xx.xx.2022-ci il tarixdə dostunun toyu olduğu üçün xx.xx.2022-ci il tarixdə günorta saatlarında Fikrətlə görüşəndə kostyumu verməsini dedikdə kostyumu götürmək məqsədilə Fikrətin evinə getmişdir. Pulu təsadüfən aşkar etdikdə oğurlamaq qərarına gəlmiş və məqsədi bank kreditini bağlamaq olmuşdur. Lakin Fikrət oğurluğu aşkar etdiyi və DİN-nin 102 xidmətinə zəng etdiyi üçün pulu evdən çıxarıb apara bilməmişdir. Ruxsarəni pulu aşkarlamazdan əvvəl çağırmış, o, yüngül həyat tərzi keçirən qadındır ona görə də hər hansı oğurluqla bağlı onunla sövdələşməmiş, həmin gün də Ruxsarə pulun onun tərəfindən götürülməsindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər hərbi qulluqçu olmuş və hazırda təqaüdə çıxmışdır. Aylıq 500 manat təqaüd alır və tək yaşayır. Yaşadığı mənzil yataq otağı, mətbəx, hamam-tualet otağı və balkondan ibarət olmaqla, bir otaqlı mənzildir. Geyim əşyalarını yataq otağında paltar dolabında saxlayır. 1-ci Qarabağ müharibəsində xəsarət alması ilə əlaqədar 2-ci qrup müharibə əlili olduğu üçün 2022-ci ilin avqust ayında 6600 manat məbləğində pul dövlət tərəfindən müharibə əlillərinə verilən sosial təminat olaraq ona verilmişdir. Həmin pulu yaşadığı mənzildə paltar dolabında geyinmədiyi kostyumun cibində saxlamışdır. Pulun həmin günədək təxminən 500 manat hissəsini xərcləmişdir. 6100 manat məbləğində pul isə qalmışdır. Təqsirləndirilən şəxs ilə təxminən 6-7 ay müddət olar ki, tanışdırlar. Aralarında dərin dostluq münasibəti olmasa da, lakin hərdənbir görüşərək yeyib-içmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə "Yaşıl Məkan” adlanan kafedə əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Daha sonra saat təxminən 20 radələrində kafedən durmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs sabah dostunun toy mərasimi olduğunu və həmin toyda iştirak etmək üçün kostyuma ehtiyacı olduğunu ona bildirmişdir. O isə yaşadığı evdə səliqəli vəziyyətdə olan geyinmədiyi bir neçə ədəd kostyumunun olduğunu Orxana bildirmişdir. Həmin kostyumlardan ona bəyəndiyini verə biləcəyini demişdir. Bundan sonra onlar birlikdə yaşadığı evə getmişlər. Evdə olarkən paltar dolabında olan kostyumları çıxardıb çarpayının üzərinə düzmüşdür. Lakin kostyumun cibində pul olduğunu unutmuşdur. Daha sonra söhbət zamanı Orxandan evi təmizləmək üçün qadın çağırmasını xahiş etmiş, Orxan da tanıdığı bir qadını pul müqabilində evi təmizləməyə çağırmışdır. Orxan kostyumları geyinib yoxladıqdan bir qədər sonra adını sonradan bildiyi Ruxsarə adlı qadın da evə gəlmişdir. Həmin vaxt Ruxsarə adlı qadın 30 manat müqabilində evi təmizləyəcəyini bildirmişdir. Lakin o, həmin qadınla söhbət etmək üçün mənzilin mətbəx otağına keçmişdir. Orada söhbət edərkən Orxan kostyumlar olan otaqda tək qalmışdır. Daha sonra Orxan gəlib 10 manat pulu özü qoyub və 20 manat pulu da o, verməklə Orxan cəmi 30 manat pulu Ruxsarəyə vermişdir. Bundan sonra Orxan kostyumlar olan otağa geri qayıtmışdır. Ruxsarə ilə bir qədər söhbət edərkən Orxan otağa geri qayıtmışdır. Həmin vaxt üstündə xərclik pulu qalmadığı üçün əlavə 100 manat pul götürmək məqsədilə pul saxladığı kostyumun cibinə əl atanda pulun olmadığını görmüşdür. Bundan sonra həm Ruxsarə, həm də Orxanın yanında bildirmişdir ki, kostyumun cibində 6100 manat pul olmuş, lakin oğurlanmışdır. Ruxsarə bu söhbəti eşidib 30 manat pulu da qaytarıb çıxıb getmişdir. Orxan isə həmin vaxt heç bir söz deməmişdir. O, Orxandan bəlkə pulu onun götürməsini soruşmuş, lakin Orxan puldan heç bir məlumatı olmamasını bildirmişdir. Bundan sonra Orxan DİN 102 xidmətinə zəng etməsini demiş və o da zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Daha sonra birlikdə hamam otağına keçmişlər və hamam otağında vannanın alt hissəsindən 6100 manat pulu Təqsirləndirilən şəxs götürüb təqdim etmişdir. Sonradan yadına düşmüşdür ki, evdən çıxarkən hamamda olduğu zaman pul əynindəki kostyumun cibində olmuş, qayıdanda götürüb kostyumun cibinə qoyması üçün cibindən çıxarıb əl yuyanın altına qoymuş, lakin pulu ora qoyması yadından çıxmışdır. İbtidai istintaq zamanı işin məhkəməyə göndərilməməsini və günahkar özünün olduğunu bildirmişdir. Onun deməsinə baxmayaraq, polislər cinayət işini məhkəməyə göndərmişlər. Onun hazırda da Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Pulu özü oraya qoymuş, ona görə də təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Bununla belə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək özü məlumat vermişdir. Əvvəllər hərbi qulluqçu olub və hazırda təqaüdə çıxmışdır. Aylıq 500 manat təqaüd alır. Tək yaşayır. Yaşadığı mənzil bir otaqlıdır, belə ki, yataq otağı, mətbəx, hamam-tualet otağı və balkondan ibarətdir. Geyim əşyalarını yataq otağında paltar dolabında saxlayır. 1-ci Qarabağ müharibəsində xəsarət almış və 2-ci qrup müharibə əlili olduğu üçün 2022-ci ilin avqust ayında 6600 manat dövlət tərəfindən müharibə əlillərinə verilən sosial təminat olaraq ona verilmişdir. Həmin pulu yaşadığı mənzildə paltar dolabında geyinmədiyi kostyumun cibində saxlamışdır. Puldan həmin günədək təxminən 500 manat hissəsini xərcləmişdir. 6100 manat pul isə qalmışdır. Təqsirləndirilən şəxs ilə təxminən 6-7 ay müddətdir ki, tanışdır, aralarında dərin dostluq münasibəti olmasa da lakin hərdən yeyib-içmək məclislərində görüşərək yeyib-içmişlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs ilə birlikdə "Yaşıl Məkan” adlanan kafedə əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Daha sonra saat təxminən 20 radələrində kafedən durmuşlar. Söhbət zamanı Təqsirləndirilən şəxs bildirib ki, sabah dostunun toy mərasimi vardır, həmin toyda iştirak etmək üçün kostyuma ehtiyacı vardır. O, isə Orxana bildirmişdir ki, yaşadığı evdə geyinmədiyi səliqəli vəziyyətdə bir neçə ədəd kostyumu vardır. Həmin kostyumlardan ona bəyəndiyini verə biləcəyini vəd etmişdir. Bundan sonra onlar birlikdə onun yaşadığı evə getmişlər. Evdə olarkən paltar dolabında olan kostyumları çıxardıb çarpayının üzərinə düzmüşdür. Lakin kostyumun cibində pul olduğunu unutmuşdur. Daha sonra söhbət zamanı Orxandan cinsi əlaqədə olmaq üçün qadın çağırmasını xahiş etmiş və Orxan da tanıdığı pul müqabilində cinsi əlaqədə olan qadın olmasını və onu çağıracağını bildirmişdir. Bir qədər sonra Orxan kostyumları geyinib yoxladıqdan sonra adını sonradan bildiyi Ruxsarə adlı qadın da evə gəlmişdir. Həmin vaxt Ruxsarə 30 manat müqabilində cinsi əlaqədə olacağını bildirmişdir. Lakin o, həmin qadınla söhbət etmək üçün mənzilin mətbəx otağına keçmişdir. Orada söhbət edərkən Orxan kostyumlar olan otaqda tək qalmışdır. Daha sonra Orxan gəlib 10 manat pul özü qoyub və 20 manat pulu da o, verməklə Orxan cəmi 30 manat pulu Ruxsarəyə vermişdir. Bundan sonra Orxan geri kostyumlar olan otağa qayıtmışdır. Ruxsarə ilə bir qədər söhbət etsə də, lakin onu bəyənmədiyi üçün cinsi əlaqədə olmaq fikrindən daşınmış və geri qayıtmışdır. Həmin vaxt üstündə xərclik pulu qalmamış, buna görə də əlavə 100 manat pul götürmək məqsədilə pul saxladığı kostyumun cibinə əl atanda pulun olmamasını aşkar etmişdir. Bundan sonra həm Ruxsarə, həm də Orxanın yanında bildirib ki, kostyumun cibində 6100 manat pul olub lakin oğurlanmışdır. Ruxsarə bu söhbəti eşidib 30 manat pulu da qaytarıb çıxıb getmişdir. Həmin vaxt Orxan isə heç bir söz deməmişdir. O, Orxandan bəlkə pulu onun götürüdüyünü soruşmuş, lakin Orxan puldan heç bir məlumatı olmamasını bildirmişdir. Bundan sonra DİN 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmişlər. Həmin vaxt baxış keçirilərkən Təqsirləndirilən şəxs gözləmədiyi halda pulu kostyumun cibindən özü götürməsini və mənzilin hamam otağında gizlətməsini etiraf etmişdir. Daha sonra birlikdə hamam otağına keçmişlər və hamam otağında vannanın alt hissəsindən Təqsirləndirilən şəxs 6100 manat pulu saxladığı yerdən götürüb təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Mingəçevir ŞPŞ-nin xidməti ərazisində qeyri-aşkar şəraitdə baş vermiş oğurluq və digər mülkiyyət əleyhinə olan cinayətlər barədə məlumat daxil olduqda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi, isti izlərlə aşkar olunması və maddi sübutların əldə edilməsi məqsədilə dərhal hadisə yerində o da işirak etmişdir. 07 noyabr 2022-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq olması barədə DİN-nin 102 xidmətinə müraciəti daxil olmuş və əməliyyat istintaq qrupunun üzvü ilə yanaşı o da hadisə yerinə getmişdir. N.Nərimanov prospekti, ev 38, mənzil 108 ünvanda olarkən ev sahibi Zərərçəkmiş şəxs, onun evində qonaq olan Təqsirləndirilən şəxs və Şahid1 orada olmuşlar. Şahid1 baş vermiş oğurluqla bağlı hər hansı məlumatı olmadığını bildirmişdir. Polis əməkdaşlarının nəzarəti ilə polis şöbəsinə getmək istədiyini bildirmişdir. Şahid1 polis şöbəsinə getdikdən sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə müstəntiq tərəfindən videoçəkılişlə hadisə yerinə baxış keçirilərkən Zərərçəkmiş şəxs bildirmişdir ki, 6100 manat pul həmin gün yaşadığı evdə dolabda olan geyinmədiyi pencəyin cibində olmuş, Təqsirləndirilən şəxs və Şahid1 də evində olarkən pencəkləri geyinib yoxlaması üçün Orxana təqdim etmişdir. Ruxsarə ilə mətbəx otağında söhbət edib qayıdanda pul lazım olub pencəyin cibinə baxanda 6100 manat pulunun oğurlanmasını aşkar etmiş və buna görə də DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baxış zamanı mənzildə qonaq olan Təqsirləndirilən şəxs hadisə barədə sual verilərkən o, özü etiraf edərək pencəkləri geyinib yoxlayarkən təsadüfən cibində pul aşkar etdiyini bildirmiş, pulun məbləğini saymadan bükülü olduğu sarı rəngli kağızla birlikdə büküm halında oğurlayaraq aparmaq məqsədi ilə Fikrət və Ruxsarə zal otağında olmadığı müddətdə mənzilin hamam otağında vannanın alt hissəsində gizlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs hamam otağına keçərək pulu gizlətdiyi yerdən götürüb təqdim etmiş və pul sayılarkən 61 ədəd 100 manatlıq olmaqla 6100 manat olması məlum olmuşdur. Həmçinin Orxan bildirmişdir ki, qeyd edilən oğurluqdan Ruxsarənin məlumatı olmamış, Fikrət pulun oğurlanmasını aşkar edərək DİN-nin 102 xidmətinə məlumat verdiyi üçün əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da digər Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Fikrət Yusibovu tanımamış, lakin onun qohumu kimi bildiyi Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. Orxan qızı Türkanın yaxın dostu olduğu üçün Orxanı tanımışdır. xx.xx.2022-ci il tarixdə axşamçağı öz evində olarkən Orxan ona zəng edərək tək yaşayan əmisinin olduğunu bildirmiş və pul müqabilində onu evi təmizləməyə çağırmışdır. Bir müddət sonra o Orxan deyən həmin evə gəlmişdir. Həmin vaxt o, 30 manat müqabilində evi təmizləyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla söhbət etmək üçün mənzilin mətbəx otağına keçmişdir. Orada söhbət edərkən Orxan kostyumlar olan otaqda tək qalmışdır. Daha sonra Orxan gəlib 10 manat pulu özü qoyub və 20 manat pul da o verməklə Orxan cəmi 30 manat pulu ona vermişdir. Bundan sonra Orxan kostyumlar olan otağa geri qayıtmışdır. O, Fikrətlə bir qədər söhbət edərkən Orxan otağa geri qayıtmışdır. Daha sonra Zərərçəkmiş şəxs pul götürmək məqsədi ilə başqa otağa keçmişdir. Bir qədər sonra qayıdaraq onun və Orxanın yanında bildirmişdir ki, kostyumun cibində 6100 manat pul olmuş, lakin oğurlanmışdır. O, bu söhbəti eşidib 30 manat pulu da qaytarmış və məsələnin aydınlaşdırılması üçün 102 xidmətinə şikayət etmələrini tələb etmişdir. Bununla belə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Fikrət Yusibovun evindən oğurluq olması ilə bağlı baş vermiş hadisədən xəbərdardır. Belə ki, əvvəllər Fikrət Yusibovu tanımamış, lakin onun qohumu kimi bildiyi Təqsirləndirilən şəxsm bir neçə ildir tanıyır. Orxan qızı Türkanın yaxın dostu olduğu üçün Orxanı tanımışdır. xx.xx.2022-ci il tarixdə axşamçağı öz evində olarkən, Orxan ona zəng edərək tək yaşayan əmisinin olduğunu və qadınla görüşmək istədiyini bildirərək, onu dəvət etmişdir. O, əvvəllər pul müqabilində heç kimlə görüşməmiş, yəni cinsi əlaqədə olmamış, lakin Orxanın zəngindən sonra düşünüb ki, bəlkə həmin şəxsin ondan xoşu gələr gələcəkdə ər-arvad münasibətində yaşayarlar. Bu məqsədlə həmin şəxslə tanış olmaq məqsədilə onun yaşadığı evə getmişdir. Evə girəndə görmüşdür ki, Orxan ilə yanında başqa bir nəfər kişi var və adını daha sonradan bilib ki, həmin şəxsin adı Fikrətdir. Həmin vaxt Fikrət ilə Orxan arasında söhbət edərkən eşidib ki, Fikrət Orxana kostyum təqdim edərək bəyəndiyini verəcəyini demişdir. Daha sonra görmüşdür ki, Fikrət spirtli içki içir və ona da təklif etmişdir. O, isə razılaşmamışdır. Daha sonra Fikrət ilə mətbəxdə ikisinin arasında baş tutan söhbət zamanı onların cinsi əlaqədə olmaq barədə razılaşmaları baş tutmamış və almış olduğu 30 manat pulu mətbəxdə Orxana qaytarmışdır. Daha sonra o, hazırlaşıb getmək istədikdə, Fikrət zal otağında bildirmişdir ki, kostyumun cibindən 6100 manat pul oğurlanmışdır. O, isə həmin vaxt dayanıb və xahiş edib ki, evdən getməmiş onun üstünü paltarlarını və çantasını yoxlasınlar. Lakin onu heç kim yoxlamadıqda o da gözləmiş, polis əməkdaşları gəldikdən sonra polis şöbəsnə getmişdir. Fikrətin evində pul olmasından və pulun necə oğurlanmasından hər hansı məlumatı olmamışdır. O, Orxanın Fikrətdən oğurluq edəcəyindən məlumatı olmamışdır, Orxan ondan həmin məzmunlu hər hansı köməklik xahiş etməmişdir. Ümumiyyətlə oğurluq barədə məlumatsız olmuş və Fikrət ilə mətbəx otağında söhbət edərkən Orxanın kostyumdan pul götürməsini bilməmişdir. Orxana oğurluqda hər hansı köməklik etməmiş, yaxııd ona şərait yaratmamışdır. Orxan zəng edərək Fikrətin evinə onu çağırarkən Fikrətin pulu olubolmaması barədə ona heç bir söz deməmişdir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində onun və Ruxsarənin puldan xəbərsiz olduqları, həqiqətən xəbərsiz olduğunu təsdiq etmək üçün DİN-niın 102 xidmətinə zəng edərək oğurluq barədə və pul sahibinin ondan şübhə etdiyi barədə məlumat verməsi, bundan sonra polis əməkdaşları ilə birlikdə Fikrətin evinə gələrək evə baxış keçirilərkən pulun hamam otağında vannanın altından tapıldığını bildirməsi, həmçinin polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlindiyi üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəni video çəkiliş zamanı etiraf etməsi ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, cinayət işi materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən görünür ki, Rüxsarə ilə Fikrət mətbəx otağında söhbət etdikləri vaxt o, zal otağında əyninə geyinərək yoxladığı kostyumun döş cibində pul olmasını aşkar etmiş və sarı rəngli kağıza bükülmüş içərisində 100 manatlıqlar olan bükümü görüb daha sonra gedərkən özü ilə aparmaq məqsədilə bükümü aparıb hamam otağında vannanın altında gizlətdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı isə heç bir mötəbər mənbədən əldə edilmiş sübuta əsaslanmadan həmin oğurluq hadisəsinin onun tərəfindən edilmədiyini bildirmişdir. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin oğurluğa cəld etməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə, həmçinin Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, həmin zərərçəkmiş şəxsin ifadəsi təqsirləndirilən şəxsin təqsirli olmasını təsdiq edən həlledici sübut olduğu üçün onun digər sübutlarla məcmu halında qiymətləndirilməsi ittihamın qanuni həll edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Belə ki, məhkəməyədək icraat zamanı DİN 102 xidmətinə zəng edərək oğurluq olması barədə məlumat verməsini, daha sonra polis əməkdaşlarının gəlməsini, həmin vaxt baxış keçirilərkən Təqsirləndirilən şəxs gözləmədiyi halda pulu kostyumun cibindən özü götürməsini və mənzilin hamam otağında gizlətməsini etiraf etdiyini, birlikdə hamam otağına keçmələrini və hamam otağında vannanın alt hissəsindən 6100 manat pulu Təqsirləndirilən şəxs saxladığı yerdən götürüb təqdim etdiyini bildirsə də, lakin məhkəmə istintaqı zamanı isə hamamda olduğu zaman pulun kostyumun cibində olduğu yadına düşdüyünü və qayıdanda götürüb kostyumun cibinə qoyması üçün cibindən çıxarıb əl yuyanın altına qoyması və pulu qoyduğu yerin yadından çıxdığını bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs dəymiş ziyanı ödənildiyinə görə həmin ifadəni təqsirləndirilən şəxsə kömək etmək məqsədilə vermişdir. Belə ki, zərərçəkmiş şəxs dəymiş ziyanı ödənildiyinə görə və təqsirləndirilən şəxslə arasında dostluq əlaqəsi olduğundan, həmçinin o, ictimai qınaqdan çəkindiyi üçün məhkəmə istintaqında fərqli ifadə vermişdir. Ona görə də məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri dostluq və tanışlıq münasibətinin təsiri altında verildiyindən inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini daha inandırıcı sayaraq sübut növü kimi qəbul edir və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alır. Məhkəmə, həmçinin Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında olan ziddiyyəti, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclası zamanı verdiyi ifadələr arasında olan ziddiyyət yalnız xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evinə hansı məqsədlə getdiyi ilə bağlı hissədədir. Belə ki, Şahid1 məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxslə tanış olub gələcəkdə ər-arvad münasibətində yaşamaq məqsədi ilə onun evinə getdiyini bildirsə də, lakin məhkəmə iclası zamanı tanışı Orxanın ona zəng edərək tək yaşayan əmisinin olduğunu və pul müqabilində onu evi təmizləməyə çağırdığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən ziddiyyət hazırkı cinayət işinin mahiyyətinə aid olmamaqla, AR CM-nin 243.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını özündə ehtiva edir. Bununla belə cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində AR CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şahid1 ifadələri arasında olan ziddiyyət əhəmiyyət kəsb etmədiyindən məhkəmə həmin qeyd edilənləri ittihamın qanuni həll edilməsi zamanı nəzərə almır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş CD diskdən görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı mənzilin zal otağında yerləşən paltar dolabında kostyumun cibində saxlanılan 6100 manat pul Təqsirləndirilən şəxs tərəfindən tamah məqsədi ilə gizlin talanaraq gedərkən özü ilə aparması üçün hamam otağında vannanın altında gizlədilmiş, Zərərçəkmiş şəxs pulun oğurlanmasını aşkar edərək 102 xidmətinə məlumat verdiyi üçün o, əməlini başa çatdıra bilməmiş və keçirilmiş baxış zamanı 6100 manat pul vannanın alt hissəsindən aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2022-ci il tarixli 946 saylı protokoldan görünür ki, X2 yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2022-ci il tarixli 948 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş 6100 manat məbləğində pul iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınmaqla ona qaytarılmışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut olan 6100 manat məbləğində pulu məhkəməyədək saxlanması üçün təhvil almışdır. Cinayət işinin materiallarında olan sübutlarln qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 əməlində AR CM-nin 32.5, 29,177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.3 və 17.2.5-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs əməlində AR CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını bilavasitə oğurluq etməyə yönəlmiş cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq gizli yolla talamağa, yəni oğurluq etməyə cəhd etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində tanışı Zərərçəkmiş şəxs ilə Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən "Yaşıl Məkan" adlanan kafedə birlikdə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Zərərçəkmiş şəxs təklifi ilə həmin gün saat 20 radələrində sonuncunun ünvan 2 ünvanına getmişlər. Ertəsi gün tanışının toy məclisinə geyinmək üçün Zərərçəkmiş şəxs ona geyinib yoxlaması üçün təklif etdiyi, bir otaqlı mənzilin paltar dolabında saxladığı kişi kostyumlarını göstərib, özü evə qonaq gələn Şahid1 ilə mətbəx otağına keçdikdən sonra o, Zərərçəkmiş şəxs mətbəxə keçməsindən istifadə edib, sonuncuya məxsus kostyumları əynində yoxlayarkən, kostyumlardan birinin cibində 100 manatlıq əskinazlardan ibarət, həmin an üçün məbləğini bilmədiyi pul vəsaitinin olduğunu təsadüfən görüb, Zərərçəkmiş şəxs mətbəxdə Şahid1 ilə vaxt keçirməsindən istifadə edib, kostyumunun cibində saxladığı, Zərərçəkmiş şəxs məxsus 6100 (altı min bir yüz) manat məbləğdə pul vəsaitini gizli yolla talamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin pul vəsaitini kostyumun cibindən götürüb, mənzildən daha asan çıxarmaq üçün hamam otağına aparıb, orada vannanın altında müvəqqəti gizlətmiş, lakin Zərərçəkmiş şəxs mətbəxdən otağa qayıdıb, pul lazım olduğu üçün 6100 (altı min bir yüz) manat pulu saxladığı kostyumunun cibinə baxaraq, orada pulun olmadığını aşkar edib, oğurlandığını anladıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyinə və bununla bağlı Mingəçevir şəhər polis şöbəsinin əməliyyatistintaq qrupunun mənzilə gəldiklərinə görə o, ünvan 2 ünvanından Zərərçəkmiş şəxs məxsus 6100 (altı min bir yüz) manat məbləğdə pul vəsaitini, ona xeyli miqdarda ziyan vurmaqla bilavasitə oğurluq etməyə yönəlmiş cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq gizli yolla talamağa, yəni Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 29,177.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 29,177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamağa cəld etməkdə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ilk dəfə az ağır cinayət törətməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarında olan 03 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində 03 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022–ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022–ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Migəçevir şəhəri, N.ünvan 4 ünvanda yerləşən mənzilin hamam otağından götürülmüş 61 ədəd 100 manatlıq əskinazlardan ibarət olan 6100 manat məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.4–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Migəçevir şəhəri, N.ünvan 4 ünvanda yerləşən mənzilin hamam otağından götürülmüş 61 ədəd 100 manatlıq əskinazlardan ibarət olan 6100 (altı min yüz) manat məbləğində pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar