Məhkəmə qərarları › İş №1(051)-48/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-48/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-48/2024 09.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Zar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhəri, H.Hüseynov küçəsində qeyri-yaşayış sahəsində məskunlaşaraq yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016cı il tarixli, 321 №-li qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın təsdiq edilməsi haqqında qərarının 2.1 və 2.2.4-cü bəndlərinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirildiyi və Yaşıllıqların götürülməsinə “ağac və kol bitkiləri olan sahədə sanitar qırma işlərinin (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparılmasına yol verildiyi halda, həmin qərarın alınması üçün “Qaydaların” 2.4-cü bəndinə əsasən müvafiq ərizə ilə müraciət etmədən və müvafiq qərarın alınmasına nail olmadan, məskunlaşdığı Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən qeyriyaşayış məntəqələrinə aid və meşə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsində, köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 20 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 2 ədəd 360 manat dəyərində, 1 ədəd 23 sm diametrli 200 manat dəyərində, 1 ədəd 26 sm diametrli 250 manat dəyərində, 1 ədəd 32 sm diametrli 300 manat dəyərində, 1 ədəd 33 sm diametrli 350 manat dəyərində və 35 sm diametrli 1 ədədinin dəyəri 350 manat olmaqla 3 ədəd 1050 manat dəyərində qovaq cinsindən, ümumilikdə 9 ədəd dəyəri 2.510 (iki min beş yüz on) manat təşkil edən qovaq cinsindən olan ağacları kök boğazından təqribən 0,5-1 metr hündürlükdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 27 avqust 2023-cü il tarixdə qanunsuz kəsərək, ümumilikdə təbiətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün kimi Mingəçevir şəhərində ailəsi ilə birlikdə məskunlaşmışdır. 1997-ci ildə əri İlqar Bəşirovla ailə həyatı quraraq onun ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən Faiq adında şəxsə məxsus olmuş köhnə koorperativlərdən birində yaşamağa başlamışlar. Hal-hazırda həmin ünvanda o, 2 övladı yaşayırlar. O, kəsdiyi qeyd olunan 9 ədəd qovaq ağacını da həmin ünvanda yaşadıqları müddətdə təxminən 15 il əvvəl özlərinin əkdiyini bildirmişdir. Həmin vaxt orada ağacların sayı çox olmuş və zaman keçdikcə ağaclar çürüyərək aşmışlar. Təxminən 2023-cü ilin yanvar-fevral aylarında yaşadıqları ərazidə güclü külək əsməsi nəticəsində əkdikləri həmin ağaclardan bir neçəsi çürük olduğundan qırılaraq həmin yaşadıqları evin üzərinə düşərək dam örtüyünü zədələmiş, həm də ağacların elektrik xətlərini də qırması nəticəsində 1 baş iribuynuzlu mal-qarası tələf olmuşdur. Buna görə də o, qaynı Uğur Bəşirov ilə birlikdə bir neçə dəfə Mingəçevir şəhərində Ekologiya Xidmətinin inzibati binasına gedərək ağacların qırılması nəticəsində ona maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Həmin vaxt idarədə çalışan şəxslərdən biri əgər ağaclar darvazadan içəridə yerləşirsə, ağacı kəsə biləcəklərini demişdir. Ona görə də ağacların ona çox da maddi ziyan vurmaması üçün ağacları kəsmək qərarına gəlmişdir. Belə ki, yaşadıqları ərazi Mingəçevir şəhəri, Karyer yolu deyə adlandırılan ərazidə yerləşir və həmin əraziyə tez-tez quru və qırılmış vəziyyətdə olan ağacları kəsmək üçün müxtəlif şəxslər gəlmişlər. O, həmin şəxsləri tanımasa da oradan keçən zaman onlardan birinə həyətdə olan ağacları kəsməsini xahiş etmişdir. Belə ki, o, həmin şəxsə ağaclar çürük olduğundan aşmasını, ağaclardan evə yaxın olan 3 ədədini kəsməsini xahiş etmişdir. Həmin vaxt tanımadığı şəxsdən nə qədər pul verəcəyini soruşmuş və həmin şəxs ona 3 ağac üçün nə pul alacağını, ona görə pul lazım olmadığını yalnız ağackəsən avadanlığa lazım olan benzini verməsini istəmişdir. O da həmin şəxslə razılaşmışdır. Təxminən 2023-cü ilin avqust ayının 27-də bazar günü o, hərbi xidmətdə olan oğluna baş çəkmək üçün Gəncə şəhərində yerləşən hərbi hissəyə getmiş və həmin gün evə qayıdan zaman həyətdə olan ümumilikdə 9 ədəd ağacın kəsildiyini görmüşdür. Həmin gün qonşular ona ağac kəsildikdən sonra ekologiya xidmətinin əməkdaşlarının ağacların şəkillərini çəkdiklərini bildirmişlər. Bundan bir neçə gün sonra da ekologiya xidmətinin əməkdaşları gəlib ağacları kəsməsi ilə bağlı olaraq izahatını almışlar. Sonradan isə onların müraciəti əsasında polis əməkdaşları hadisə yerinə gəlmişlər. Verilən suallara cavab olaraq o, Mingəçevir şəhəri, H.Hüseynov küçəsində məskunlaşdıqları sahənin onlara Faiq adlı şəxs tərəfindən verildiyini, həmin əraziyə dair heç bir sənədlərinin olmadığını bildirmişdir. O, məskunlaşdıqları ərazidə olan 9 ədəd qovaq ağacını kəsməyə köməklik etməsini xahiş etdiyi şəxsin təxminən qırx yaşlarında, orta boylu, orta bədən quruluşlu, əynində nimdaş, köhnə paltarlar olan şəxs olduğunu, ağacları kəsməsini xahiş etdiyi şəxsi həmin vaxta qədər görmədiyini və ağaclar kəsildikdən sonra da həmin şəxsi görmədiyini qeyd etmişdir. Belə ki, yaşadıqları yerin yaxınlığında tez-tez balıq tutmaq və ya ağac kəsmək üçün dəmir yolunun üzəri ilə tanımadığı insanlar keçirmiş və o, həmin şəxslərdən birindən ona ağacları kəsməkdə köməklik etməsini xahiş etmişdir. Həmçinin o, məskunlaşdığı ərazidə yerləşən qovaq cinsindən olan ağacları kəsmək üçün müvafiq orqanlara rəsmi qaydada müraciət etmədiyini bildirmişdir. O, xarici əlamətlərini qeyd etdiyi şəxsdən kəsməsini xahiş etdiyi 3 ədəd ağacın digər ağaclara nisbətən böyük ölçülü olmasına və hər hansı təbiət hadisəsi nəticəsində aşaraq evinə, həmçinin mal-qarasına daha çox maddi ziyan vura bilmə ehtimalının olmasına görə həyətdə olan digər ağaclardan fərqləndiklərini qeyd etmişdir. Həmçinin o, əlamətlərini qeyd etdiyi şəxsdən yalnız 3 ədəc ağacı kəsməsini xahiş etdiyi halda həmin şəxsin o, evdə olmadığı həyətdə olan ümumilikdə 9 ədəd qovaq cinsindən olan ağacı kəsməsində marağının nə olmasını dəqiq şəkildə bilmədiyini, lakin qonşuların həmin şəxsin ağacı kəsib getdikdən bir qədər sonra ekologiya xidmətinin işçilərinin əraziyə gələrək ağacların fotoşəkillərini çəkmələrini dediyindən o, ağacları kəsdirdiyi şəxslə ekologiya xidmətinin əməkdaşlarının əlaqələrinin olmasını güman etdiyini bildirmişdir. Hesab edir ki, ağacların kəsilməsində o, təqsirli deyildir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində çalışır. 27 avqust 2023-cü il tarixdə Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi H.Hüseynov küçəsində yaşayan Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs müvəqqəti olaraq məskunlaşdığı torpaq sahəsində qovaq cinsinə aid olan ağacların kəsilməsi barədə idarəyə məlumat daxil olmuşdur. İdarənin 28 avqust 2023-cü il tarixli 392 saylı sərəncamına əsasən həmin ünvana idarənin Ətraf Mühitin mühafizəsinə nəzarət və X2 müdiri vəzifəsini icra edən Nümayəndə1, X6 Nəzarət və X2 məsləhətçi müfəttişi Şahid2, sürücü Şahid1 və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı ağacların Təqsirləndirilən şəxs məskunlaşdığı torpaq sahəsində olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs deyil, dövlət mülkiyyətində olması və həmin ərazidə müvəqqəti olaraq məskunlaşdığı müəyyən olunmuşdur. Baxış keçirilən zaman həmin sahədə 9 ədəd qovaq cinsindən olan ağaclarının kəsilməsi müəyyən olunmuşdur. Belə ki, kəsilmiş 9 ədəd ağacdan 2 ədədinin diametrinin 20 sm, 1 ədədinin diametrinin 23 sm, 1 ədədinin diametrinin 26 sm, 1 ədədinin diametrinin 32 sm, 1 ədədinin diametrinin 33 sm və 3 ədədinin diametrinin 35 sm olması müəyyən edilmişdir. Həmin ağacların kök-boğazından 0,5-1,0 metr hündürlükdən kəsilməsi müəyyən olunmuşdur. Ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar olunduqdan sonra vətəndaş Təqsirləndirilən şəxs ağacların kəsilməsi üçün mövcud qanunvericilikdə müəyyən olunmuş prosedur qaydalar və qanunvericiliyin tələbləri müvafiq olaraq izah olunmuşdur. Qeyd olunanlarla bağlı olaraq 81032 saylı akt tərtib olunmuş, lakin Təqsirləndirilən şəxs tərtib olunmuş akta imza etməkdən imtina etmişdir. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, aralarında hər hansı ədavət və düşmənçilik olmadığını, Təqsirləndirilən şəxs məskunlaşdığı Mingəçevir şəhəri, H. Hüseynov küçəsində yerləşən ərazidə olan qovaq ağaclarının aşması nəticəsində yaşadığı evin dam örtüyünün sıradan çıxması, həmçinin ona məxsus 1 baş mal-qaranın tələf olması nəticəsində ona maddi ziyan dəyməsi haqqında idarəyə rəsmi formada heç bir müraciət etmədiyini, həmçinin Təqsirləndirilən şəxs şifahi müraciəti haqqında da heç bir məlumatı olmadığını bildirmişdir. Odur ki, məhkəmədən yekun qərar qəbul edilərkən ifadəsində göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təxminən 2 ildir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Ətraf mühitin mühafizəsinə nəzarət və X2 məsləhətçi müfəttişi vəzifəsində çalışır. 27 avqust 2023-cü il tarixdə Mingəçevir şəhəri, Sağ Sahil qəsəbəsi H.Hüseynov küçəsində yaşayan Kəlbəcər rayon sakini Təqsirləndirilən şəxs müvəqqəti olaraq məskunlaşdığı torpaq sahəsində qovaq cinsinə aid olan ağacların kəsilməsi barədə idarəyə məlumat daxil olmuşdur. İdarənin 28 avqust 2023-cü il tarixli 392 saylı sərəncamına əsasən həmin ünvana onun, idarənin Ətraf Mühitin mühafizəsinə nəzarət və X2 müdiri vəzifəsini icra edən Nümayəndə1, sürücü Şahid1 və Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı ağacların Təqsirləndirilən şəxs məskunlaşdığı torpaq sahəsində olduğu müəyyən edilmişdir. Qeyd olunan torpaq sahəsinin Təqsirləndirilən şəxs deyil, dövlət mülkiyyətində olması və həmin ərazidə müvəqqəti olaraq məskunlaşdığı müəyyən olunmuşdur. Baxış keçirilən zaman həmin sahədə 9 ədəd qovaq cinsindən olan ağaclarının kəsilməsi müəyyən olunmuşdur. Belə ki, kəsilmiş 9 ədəd ağacdan 2 ədədinin diametrinin 20 sm, 1 ədədinin diametrinin 23 sm, 1 ədədinin diametrinin 26 sm, 1 ədədinin diametrinin 32 sm, 1 ədədinin diametrinin 33 sm və 3 ədədinin diametrinin 35 sm olması müəyyən edilmişdir. Həmin ağacların kökboğazından 0,5-1,0 metr hündürlükdən kəsilməsi müəyyən olunmuşdur. Ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar olunduqdan sonra vətəndaş Təqsirləndirilən şəxs ağacların kəsilməsi üçün mövcud qanunvericilikdə müəyyən olunmuş prosedur qaydalar və qanunvericiliyin tələbləri müvafiq olaraq izah olunmuşdur. Qeyd olunanlarla bağlı olaraq 81032 saylı akt tərtib olunmuş, lakin Təqsirləndirilən şəxs tərtib olunmuş akta imza etməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Nümayəndə1 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində təxminən qırx yaşlarında, orta boylu, orta bədən quruluşlu, əynində nimdaş, köhnə paltarlar olan şəxsdən kəsməsini xahiş etdiyi 3 ədəd ağacın digər ağaclara nisbətən böyük ölçülü olmasına və hər hansı təbiət hadisəsi nəticəsində aşaraq evinə, həmçinin mal-qarasına daha çox maddi ziyan vura bilmə ehtimalının olmasına görə həyətdə olan digər ağaclardan fərqləndiklərini qeyd etməsi, həmçinin əlamətlərini qeyd etdiyi şəxsdən yalnız 3 ədəd ağacı kəsməsini xahiş etdiyi halda həmin şəxsin o, evdə olmadığı haldahəyətdə olan ümumilikdə 9 ədəd qovaq cinsindən olan ağacı kəsməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, mütəxəssis rəyi onun həmin cinayəti törətməsini təsdiq edir. Həmçinin ağacların kəsilməsinə göstəriş təqsirləndirilən şəxs tərəfindən verilmişdir. Bu hal təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi ilə də təsdiq olunur. İfadəsində, həmçinin məskunlaşdığı ərazidə yerləşən qovaq cinsindən olan ağacları kəsmək üçün müvafiq orqanlara rəsmi qaydada müraciət etmədiyini bildirmişdir. Bundan başqa, mütəxəssis rəyində göstərilir ki, Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsinin “X5 X7”ndəki xəritəsinə əsasən Mingəçevir şəhəri, sağ sahil, H.Hüseynov küçəsində yerləşən, Təqsirləndirilən şəxs məskunlaşdığı torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Göründüyü kimi təqsirləndirilən şəxs kənar şəxslərin görməməsindən sui-istifadə edərək, törətdiyi cinayət əməlini etiraf etməməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdmüşdür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, mütəxəssis rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 30 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki. Mingəçevir şəhəri, H.Hüseynov küçəsində Təqsirləndirilən şəxs məskunlaşdığı əraziyə baxış keçirilən zaman həmin ərazidə olan 9 ədəd qovaq cinsindən olan ağaclara məxsus kəsilmiş vəziyyətdə olan qol-budaq hissələri aşkar olunmuşdur. Həmin ağacların kök-boğazından 0,5-1,0 metr hündürlükdən kəsilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan 19 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış keçirilən yer Təqsirləndirilən şəxs məskunlaşdığı Mingəçevir şəhər H.Hüseynov küçəsində yerləşən ərazidir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ərazidə 9 ədəd qovaq cinsindən olan ağac 0,5-1,0 metr hündürlükdən kəsilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti barədə 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məskunlaşdığı ərazidə yerləşən və kəsilmiş vəziyyətdə olan 9 ədəd qovaq ağacının yerləşdiyi yeri, daha sonra isə ifadəsində xarici əlamətlərini qeyd etdiyi, lakin şəxsiyyəti ona məlum olmayan şəxsdən kəsməsini xahiş etdiyi, digər ağaclara nisbətən iri gövdəli olan və baş verə biləcək təbiət hadisələri nəticəsində yaşadığı evə və mal-qarasına daha çox maddi ziyan vura biləcək 3 ədəd ağacın olduğu yeri göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli 9/8513 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli aktdan istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 2 ədəd diametri 20 sm, 1 ədəd diametri 23 sm, 1 ədəd diametri 26 sm, 1 ədəd diametri 32 sm, 1 ədəd diametri 33 sm və 3 ədəd diamteri 35 sm olan qovaq cinsinə məxsus ağacların məhv olunmasına görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2510,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qanunsuz kəsilmiş 9 ədəd qovaq cinsinə məxsus ağacdan diametri 20 sm olan 2 ədədinə 360,0 manat, diametri 23 sm olan 1 ədədinə 200,0 manat, diametri 26 sm olan 1 ədədinə 250,0 manat, diametri 32 sm olan 1 ədədinə 300,0 manat, diametri 33 sm olan 1 ədədinə 350,0 manat və diametri 35 sm olan 3 ədədinə 1050,0 manat, cəmi 2510,0 manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan 11 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məskunlaşdığı Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən ərazidə olan 9 ədəd qovaq cinsindən olan ağacların kəsilmiş hissələri maddi sübut kimi tanınmış, saxlanılması üçün Mingəçevir şəhəri Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinə verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 12 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Hüseynov küçəsində məskunlaşdığı ərazidə qanunsuz olaraq kəsdiyi meşə fonduna daxil olmayan və 9 ədəd qovaq cinsindən olan ağacların kəsilmiş hissələri maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir şəhəri Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinə verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində X5 uçotu işləri aparılmış və həmin məlumatlar əsasında “X5 X7” yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq X5ı uçotu məlumat bazasına yerləşdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq 14 fevral 2024-cü il tarixli, 1(051)-48/2024 nömrəli Qərarda mütəxəssis qarşısında qoyulmuş sualları araşdırmaq məqsədilə, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə naturada baxış keçirilmiş və koordinatları müəyyən edilərək çöl ölçmə işləri aparılmışdır. Mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi “X5 X7”nə əsasən hazırlanmışdır. Elektron məlumat bazasında mövcud olan Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsinin “X5 X7”ndəki xəritəsinə əsasən Mingəçevir şəhəri, sağ sahil, H.Hüseynov küçəsində yerləşən, Təqsirləndirilən şəxs məskunlaşdığı torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid torpaq sahəsində yetişdirilmiş 9 ədəd dəyəri 2.510 (iki min beş yüz on) manat təşkil edən qovaq cinsindən olan ağacları kök boğazından təqribən 0,5-1 metr hündürlükdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 27 avqust 2023-cü il tarixdə qanunsuz kəsərək, təbiətə xeyli miqdarda maddi ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 №-li qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın təsdiq edilməsi haqqında qərarının 2.1 və 2.2.4-cü bəndlərinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirildiyi və Yaşıllıqların götürülməsinə “ağac və kol bitkiləri olan sahədə sanitar qırma işlərinin (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparılmasına yol verildiyi halda, həmin qərarın alınması üçün “Qaydaların” 2.4-cü bəndinə əsasən müvafiq ərizə ilə müraciət etmədən və müvafiq qərarın alınmasına nail olmadan, məskunlaşdığı Mingəçevir şəhəri, H.Hüseynov küçəsində yerləşən qeyri-yaşayış məntəqələrinə aid və meşə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsində, köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 20 sm diametrli 1 ədədinin dəyəri 180 manat olmaqla 2 ədəd 360 manat dəyərində, 1 ədəd 23 sm diametrli 200 manat dəyərində, 1 ədəd 26 sm diametrli 250 manat dəyərində, 1 ədəd 32 sm diametrli 300 manat dəyərində, 1 ədəd 33 sm diametrli 350 manat dəyərində və 35 sm diametrli 1 ədədinin dəyəri 350 manat olmaqla 3 ədəd 1050 manat dəyərində qovaq cinsindən, ümumilikdə 9 ədəd dəyəri 2.510 (iki min beş yüz on) manat təşkil edən qovaq cinsindən olan ağacları kök boğazından təqribən 0,5-1 metr hündürlükdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin vasitəsilə 27 avqust 2023-cü il tarixdə qanunsuz kəsərək, ümumilikdə təbiətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 259.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 259.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Dövlətqaçqınkomunun Mingəçevir şəhər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində X1 şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə təbiətə maddi ziyan vurulması, habelə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlinə görə vurulmuş maddi ziyan ödənilməsə də, bununla bağlı zərərçəkmiş hüquqi şəxs tərəfindən cinayət mühakimə icraaatı zamanı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı saxlanılması üçün Mingəçevir şəhəri Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinə verilmiş, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Hüseynov küçəsində məskunlaşdığı ərazidə qanunsuz olaraq kəsdiyi meşə fonduna daxil olmayan və 9 ədəd qovaq cinsindən olan ağacların kəsilmiş hissələrinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı saxlanılması üçün Mingəçevir şəhəri Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinə verilmiş, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Hüseynov küçəsində məskunlaşdığı ərazidə qanunsuz olaraq kəsdiyi meşə fonduna daxil olmayan və 9 ədəd qovaq cinsindən olan ağacların kəsilmiş hissələrinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar