Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-48/2025 13.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Mingəçevir şəhər H.Əliyev prospekti ev 82/1, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1-ci siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə - heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni təmiz çəkisi 0,187 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 28 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Toxuculuq fabrikinin yaxınlığında saxlanılaraq həmin yerdə saat 20:28-dən 20:37-dək olan müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki qara rəngli şalvarının sol yan cibindən kağız bükümdə təmiz çəkisi 0,187 qram olan yəni xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər də narkotik vasitə olan heroindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhəri köhnə uşaq xəstəxanasının yaxınlığında piyada hərəkət edən zaman yerdən birlikdə olan 2 ədəd büküm tapmışdır. Həmin bükümləri açıb baxarkən içərisindəki olan kütlələrin narkotik vasitə olan marixuana və heroin olduğunu aşkar edib özü istifadə məqsədilə əynindəki qara rəngli şalvarın yan cibinə qoymuşdur. Marixuanadan və heroindən münasib vaxtda istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 20:26 radələrində Mingəçevir şəhəri Toxuculuq fabrikinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkilişlə üzərinə yoxlama keçiriləcəyi təklif olunmuşdur. Videoçəkilişlə üzərinə keçirilən yoxlama zamanı narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Həmin vaxt üstündə narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd büküm onun və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, həmin kütlələr boş zərfdə qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bütün proseslər kameraya çəkilmiş, yoxlama barədə protokol tərtib olunmuş o və polis əməkdaşları protokola imza etmişlər. Üzərindən aşkar olunmuş kütlələri xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhəri köhnə uşaq xəstəxanası ilə piyada hərəkət edən zaman yerdən birlikdə olan 2 ədəd büküm halında taparaq əldə etmişdir. Marixuana və heroini satış məqsədi olmadan özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir. 28 sentyabr 2024-cü il tarixdə məxfi əməkdaşdan daxil olmuş əməliyyat məlumatında Mingəçevir şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluğu olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə edərək üzərində saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın NMQ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 və şöbənin İTB-nin polis ictimai dəstək nəfəri Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Toxuculuq” fabrikinin yaxınlığında saxlamışlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində yoxlama aparacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədikdə onun üzərinə yoxlama keçirilmişdir. Yoxlama zamanı ilk olaraq üzərində daşınması, saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibində salfetkaya bükülmüş halda iki ədəd kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümlərə baxış zamanı birinin içərisində narkotik vasitə heroin digərinin içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümlərin içərisində olan narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroini taparaq əldə etdiyini özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılaraq götürülmüşdür. Onun üzərində başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra yoxlama keçirilməsinə dair protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs da həm tərtib olunmuş protokolu həm də qablaşdırılmış zərfi imzalamışdır. Bundan sonra polis şöbəsinin inzibati binasına gəlib raportla prosessual araşdırma aparılması üçün müraciət etmişlər. TB-nin təhqiqatçısı polis kapitanı Elgün Abbasov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına növbədə olan müdafiəçi təyin olunaraq təqdim olunmuşdur. Təqsirləndirilən şəxs, müdafiəçinin iştirakı ilə Şahid2 tərəfindən çəkiliş aparılmaqla Elgün Abbasov tərəfindən maddi sübut qablaşdırılmış zərfə baxış və götürmə keçirilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisində qablaşdırılmış kütlələrin narkotik vasitə heroin və narkotik vasitə qurudulmuş marixuana olmasını və özünə məxsus olmasını bildirmişdir. Daha sonra təhqiqatçı Elgün Abbasov tərəfindən tərtib olunmuş baxış və götürmə protokolu imzalar ilə təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nm NMQ-nin əməliyyat müvəkkili vəzifəsində və polis kapitanı xüsusi rütbəsində xidmət edən Şahid2 və şöbənin İTB-nin polisə ictimai dəstək nəfəri vəzifəsində işləyən Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədə bükümdə ümumi çəkisi 0,34 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (i.v. 49- 51). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 17/793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0.27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,187 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v.37-39). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, №1824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.104). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,137 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.97). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı olan görüntüləri özündə əks etdirən diskin sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.106-111). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:15-dən tutulmuş hesab edilmişdir (i.v.24). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v.72-73). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.74-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Yusifova X1 şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.2.1 və 70-ci maddələri ilə təqsirli bilinərək 01 il islah işləri 15 faiz olmaqla, 06 ay şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1, 69.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2017-ci il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.82-83). xx.xx.2024-cü il tarixli 1420 nömrəli arayışa əsasən Yusifova X1 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. xx.xx.2024-cü il tarixli, 2258 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həmin dispanserə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 463 №li MİS-in komendantı tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur(i.v. 103) Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət;... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – 0,137 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-da məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,137 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 107,91 (bir yüz yeddi manat doxsan bir qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-48/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-48/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver