Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-50/2025 13.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 2-ci siyahısının 115-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni təmiz çəkisi 0,287 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 18 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Təbriz küçəsi 11A saylı binanın qarşısında saxlanılaraq, həmin küçədə yerləşən “Mərasim Zalı”nın yaxınlığında saat 21:16-dan 21:21-dək olan müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşüağ rəngli kağız bükümdə təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 2 ilə yaxın müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024cü il tarixdə saat 14 radələrində Mingəçevir şəhər Qres qəsəbəsində “Qarabağ” kanalının yaxınlığında piyada gəzərkən yerdə şəffaf rəngli sellofan büküm aşkarlayıb həmin bükümü götürüb baxanda, içərisində psixotrop maddə metamfetamin olmasını müəyyən etmişdir. Həmin psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin gün saat 21 radələrində içərisində psixotrop maddə metamfetamin olan sellofan büküm cibində piyada Mingəçevir şəhər Təbriz küçəsi ilə hərəkətdə olarkən polis əməkdaşları onu saxlatmışlar. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. O da etiraz etməmişdir. Saat 21:16-da Təbriz küçəsində videoçəkilişlə üzərində yoxlanış aparılarkən əynindəki şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən həmin sellofan içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, polis şöbəsinin inzibati binasına gətirilmiş, orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. Orada müdafiəçinin də iştirakı ilə təhqiqatçı tərəfindən baxış və götürmə keçirildikdə, o, qablaşdırmanın içərisində psixotrop maddə metamfetamin olmasını və həmin maddəni taparaq əldə etdiyini, Təbriz küçəsində üzərindən aşkar olunaraq qablaşdırılmasını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş həmin kütləni tutulmazdan bir neçə saat əvvəl Qres qəsəbəsində “Qarabağ” kanalının yaxınlığında taparaq əldə etmiş, heç kimdən satın almamış, həmin kütləni özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımış, satış məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-də CAB-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə daxil olmuş məxfi məlumatda Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, Təbriz küçəsi 11A saylı binanın qarşısında saxlamışlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin ərazi, yəni Təqsirləndirilən şəxs saxlandığı yer yaşayış binasının qarşısı olduğundan təxminən 100 metr kənara Təbriz küçəsində yerləşən “Mərasim Zalı”nın yaxınlığına gələrək orada Şahid2 məxsus mobil telefonla onun tərəfindən çəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə yoxlama aparılmışdır. Yoxlama zamanı ilk olaraq üzərində daşınması saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetamin olan kütləni təqdim etmişdir. Həmin kütlə tərəflərindən elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olmasını özü istifadə etmək məqsədilə əldə edərək üzərində saxlayaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılan yoxlama zamanı mobil telefon aşkar olunmuş, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra yoxlama keçirilməsinə dair protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs da həm tərtib olunmuş protokolu həm də qablaşdırılmış zərfi imzalamışdır. Bundan sonra polis şöbəsinin inzibati binasına gəlib raportla prosessual araşdırma aparılması üçün müraciət etmişlər. TB-nin təhqiqatçısı polis kapitanı Elşən Şükürov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına növbədə olan vəkil Müsaqif Hüseyinov müdafiəçi təyin olunaraq təqdim olunmuş, Təqsirləndirilən şəxs onun müdafiəçisi Müsaqif Hüseyinov, polis əməkdaşı Məhəbbət Seydiov və onun iştirakı ilə Elşən Şükürov tərəfindən videoçəkilişlə maddi sübut qablaşdırılmış zərfə baxış və götürmə keçirilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs zərfin içərisində qablaşdırılmış kültənin psixotrop maddə metamfetamin olmasını və özünə məxsus olmasını bildirmişdir. Daha sonra təhqiqatçı Elşən Şükürov tərəfindən tərtib olunmuş baxış və götürmə protokolunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli yoxlama protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə ümumi (kağız bükümlə birlikdə) çəkisi 0,37 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, təhqiqatçı Elşən Şükürov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılaraq götürülmüş içərisində maddi sübut olan zərfə baxış və götürmə keçirilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümün içərisində psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/766 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Metamfetaminə bənzər kütlə. İştirak etdilər:... Şübhəli şəxs : Təqsirləndirilən şəxs /imza/ ..... ”sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,287 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1825 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi 0,287 qram psixotrop maddə metamfetamindən tədqiqat üçün istifadə edildikdən sonra yerdə qalan 0,237 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,287 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni təmiz çəkisi 0,287 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 18 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Təbriz küçəsi 11A saylı binanın qarşısında saxlanılaraq həmin küçədə yerləşən “Mərasim Zalı”nın yaxınlığında saat 21:16-dan 21:21-dək olan müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,287 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 9 saylı Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən, hüquqazidd cəzalanmalı əməldir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən cinayət törətməsi, yalnız əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyəti, konkret-müəyyən insanın fərdi sağlamlığına qəsd edib ziyan vurulmasına səbəb olur. Bu hal isə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırır və həmin cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin əsas insan hüquqlarının tərkib hissəsi olan, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024–cü il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1825 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilmədiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqat üçün istifadə edildikdən sonra yerdə qalan 0,237 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqat üçün istifadə edildikdən sonra yerdə qalan 0,237 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-50/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-50/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver