Məhkəmə qərarları › İş №1(051)-53/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-53/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-53/2025 20.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Kəlbəcər rayonu, Zar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Naxçıvan küçəsində nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci maddələrinə əsasən torpaq sahəsi üzərində hüquqlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının, bələdiyyənin qərarları və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyindən, həmin hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və həmin reyestrdən çıxarışla rəsmiləşdirildikdən sonra yarandığı halda qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməyərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ əldə etmədən Mingəçevir şəhəri, Naxçıvan küçəsində «Azenco» zavodunun yaxınlığında yerləşən Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan 0,2339 ha ölçüdə yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin ətrafını 2008-ci ildən başlayaraq hazırkı dövrədək olan müddət ərzində beton və dəmir dirəklərə bərkidilmiş məftil hasarla hasarlama yolu ilə özbaşına tutub, müxtəlif meyvə ağacları əkərək becərmiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələblərini pozaraq, yəni tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməyərək tikinti obyektinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş plan bölmələrini təqdim etmədən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmayan həmin torpaq sahəsində 2008-ci ildən başlayaraq mişar daşından uzunluğu 10 metr, eni 4 metr (80m2) ölçüdə və uzunluğu 12 metr, eni 10 metr (120m2) ölçüdə yaşayış evləri, uzunluğu 6 metr, eni 4 metr (24m2) ölçüdə, habelə uzunluğu 4 metr, eni 3 metr (12m2) ölçüdə yardımçı tikililər inşa etməyə davam edərək qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan ümumilikdə 236 m2 bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 188.1 və 188.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 1992-ci ildən Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisində müvvəqqəti məskunlaşıb yaşamışlar. Qeyd etdiyi ünvanda yaşadıqları dövrdə hazırda yaşadığı yəni, ev tikdiyi Naxçıvan küçəsində yerləşən ərazi qamışlıq ərazi olmuşdur. O, həmin ərazinin qamışlıq hissəsini qurudub səliqəyə salaraq orada meyvə ağacları, tərəvəz əkib gündəlik tələbatı üçün istifadə etmişdir. Həmin zamanlarda əkin əkdikləri ərazidə dəmir qatar vaqonu olmuşdur. Həmin vaqondan da istifadə etmişdir. 2008-ci ildə ailə qurmuşdur. Həmin zaman valideynləri ilə yaşamaqda çətinlik çəkdiyi üçün arvadı ilə birlikdə torpaq sahəsində olan vaqona köçərək yaşamağa başlamışlar. 2008-ci ildə yaşamağa başladığı gündən əvvəllər tərəvəz əkdiyi ərazinin ətrafını məftillə hasarlayıb bünövrə tökərək özü üçün yaşayış evi tikməyə başlamışdır. Həmin vaxtdan da başlayaraq torpaq sahəsində müxtəlif meyvə ağacları əkməyə başlamışdır. Evi tikməkdə çətinlik çəkdiyi üçün ilkin olaraq həmin torpaq sahəsində 1 otaqlı tikili tikmişdir. Eyni zamanda həmin ərazi də toyuq saxlamaq üçün də kiçik ölçülü hin də tikmişdir. Bundan sonra yavaş-yavaş bünövrəsini atdığı evi tikməyə başlamışdır. Həmin evi tikdiyi müddət ərizində də bütün aidiyyəti orqanlara ona yaşayış evi verilməsi üçün müraciət etmişdir. Lakin, hər dəfə də aidiyyəti qurumlar ona tikintini davam etdirməyini ona bildirmişlər. O da buna görə tikintini davam etdirmişdir. Lakin, hər dəfə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Bələdiyyəsinin nümayəndələri onun ev tikməyinə mane olaraq işi dayandırmışlar. Sonuncu dəfə 2024-cü ilin oktyabr ayının ortalarında evin dam örtüyünü vurarkən Mingəçevir Şəhər İcra Hakimiyyəti və Bələdiyyənin nümayəndələri hadisə yerinə gəlmişlər. Həmin zaman Nəriman adlı şəxs ona evi tikə bilməyəcəyini bildirmiş, o da hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra ona tikintini davam etdirməyi bildirmişlər. Buna görə də tikintini davam etdirmişdir. Həmçinin o, ifadəsində həmin torpaq sahəsində tərəvəz əkdiyini, 2008ci ildən isə ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin torpaq sahəsinə köçərək oradakı torpaq sahəsinin ətrafını məftillə hasarlayıb yaşadığını, həmin vaxtdan da başlayaraq torpaq sahəsində ev 1 otaq və quş hinləri tikdiyini, dəfələrlə də həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün müraciət etsə də ona rədd cavabı verildiyini, eləcə də ona dəfələrlə müxtəlif qurumlar həmin torpaq sahəsində tikinti işlərini davam etdirməyini bildirdiklərini, həmin torpaq sahəsinə və ya tikintiyə dair hər hansı sənədi olmadığını bildirmişdir. Həmçinin ifadəsində torpaq sahəsində olan yaşayış evlərini 2008-ci ildən, yardımçı tikililərdən birini 2008-ci ildə, digərini isə 2016-cı ildə tikdiyini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Mingəçevir Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Mingəçevir Bələdiyyəsində şöbə müdiri vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatının aidiyyəti əməkdaşları ilə birlikdə şəhər ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində monitorinq keçirilərkən Mingəçevir şəhəri Naxçıvan küçəsində Təqsirləndirilən şəxs zəbt etdiyi 0,1 ha dan artıq torpaq sahəsində tikinti işləri aparması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanusuz olaraq hasarlayaraq zəbt etdiyi ərazidə uzunluğu 10 metr, eni 8 metr hündürlüyü 4 metr (80m2) ölçüdə yaşayış evi, uzunluğu 12 metr, eni 10 metr, hündürlüyü 2,4 metr (120m2) ölçüdə yaşayış evi, uzunluğu 6 metr eni 4 metr hündürlüyü 3.5 metr (24m2) ölçüdə və eni 3 metr uzunluğu 4 metr (12m2) ölçüdə yardımçı tikililər tikilmişdir. Sahəsi 80m2 olan tikili pəncərə başınadək mişar daşı və beton sütunlardan hörülmüş, sahəsi 120m2 tikili tikilib başa çatdırılmış, sahəsi 24m2 olan və sahəsi 3x4 metr ölçüdə 12m2 olan yardımçı tikili də tikilib başa çatdırılmışdır. Təqsirləndirilən şəxs həmin ərazidə müxtəlif meyvə ağaclarını da əkib becərmişdir. Hazırki günədək də həmin tikililərdə tikinti işləri davam etdirilir. Hər dəfə Təqsirləndirilən şəxs əməllərinin qanusuz olması barədə məlumat versələr də Təqsirləndirilən şəxs edilən xəbərdarlıqlara məhəl qoymadan işlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində xidmət edir. Mingəçevir şəhəri Naxçıvan küçəsi xidməti ərazisində yerləşir. Kəlbəcər rayon Zar kənd sakini Süleymanov X2 “Azenco” zavodunun yaxınlığında yerləşən Mingəçevir Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə öz başına qoyduğu dəmir vaqonda yaşamışdır. Lakin sonradan o, həmin vaqonun yaxınlığında yerləşən təxminən 0,1 ha-dan artıq torpaq sahəsinin kənarlarını dəmir və beton dirəklərə bərkidilmiş məftil torla hasarlamış və hasarladığı ərazidə tikinti işləri yəni, ev və yardımçı tikili tikməyə başlamışdır. Dəfərlərlə həmin ərazidə olub Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etməsi və qanunsuz olaraq tikinti işləri aparması barədə xəbərdarlıq edib Təqsirləndirilən şəxs tərəfindən törədilən hərəkətlərin qanunla müəyyən edilən məsuliyyətə səbəb olmasını bildirsələr də Təqsirləndirilən şəxs hər dəfə onların dediklərinə əhəmiyyət verməmişdir. xx.xx.2024-cü il tarixdə aidiyyəti əməkdaşlarla birlikdə şəhər ərazisində şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının aşkar edilməsi və qarşısının alınması istiqamətində monitorinq keçirilərkən Mingəçevir şəhəri Naxçıvan küçəsində Təqsirləndirilən şəxs zəbt etdiyi 0,1 ha-dan artıq torpaq sahəsində tikinti işləri aparması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanusuz olaraq hasarlayaraq zəbt etdiyi ərazidə uzunluğu 10 metr, eni 8 metr hündürlüyü 4 metr (80m2) ölçüdə, uzunluğu 12 metr, eni 10 metr, hündürlüyü 2,4 metr (120m2) ölçüdə yaşayış evləri, uzunluğu 6 metr eni 4 metr hündürlüyü 3,5 metr (24m2) ölçüdə və eni 3 metr uzunluğu 4 metr (12m2) ölçüdə yardımçı tikillər tikilmişdir. Sahəsi 80 m2 olan tikili pəncərə başınadək mişar daşı və beton sütunlardan hörülmüş, sahəsi 12 m2 olan tikili tikilib başa çatdırılmış, sahəsi 24 m2 olan tikili tikilib başa çatdırılmış, sahəsi 3x4 metr ölçüdə 12 m2 olan yardımçı tikili də tikilib başa çatdırılmışdır. Hazırki günədək də həmin tikililərdə tikinti işləri davam etdirilir. Təqsirləndirilən şəxs tutduğu torpaq sahəsində müxtəlif meyvə ağaclarını da əkib becərmişdir. Hər dəfə Təqsirləndirilən şəxs onun əməllərinin qanusuz olması barədə məlumat verələr də Təqsirləndirilən şəxs ona edilmiş xəbərdarlıqlara məhəl qoymadan işlərini davam etdirir. Bir neçə dəfə Təqsirləndirilən şəxs zəbt etdiyi əraziyə gedərək onunla profilaktiki söhbətlər etməyə çalışsalar da Təqsirləndirilən şəxs hər dəfə mübahisə etmiş, müxtəlif bəhanələr gətirərək zəbt etdiyi ərazini boşaltmayacağını bildirmişdir. Təqsirləndirilən şəxsla aralarında yalnız sözlə mübahisələr olmuşdur. Sonuncu dəfə 11 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəbt etdiyi ərazidə qanunsuz tikdiyi evin dam örtüyünü vurması barədə məlumat daxil olduqdan sonra aidiyyatı əməkdaşlarla birlikdə həmin yerdə gedərək yenə də Təqsirləndirilən şəxs tikintini dayandırmasını bildirsələr də Təqsirləndirilən şəxs iradlara məhəl qoymadan evin dam örtüyünü vuraraq başa çatdırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3, Şahid4 Əfqan oğlu, Şahid5 və Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid7 və Ələkbərov X6 Tufan Əli oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 öz ifadəsində göstərdi ki, X23 onlar Mingəçevir şəhərinə məcburi köçkün kimi gələn vaxtdan tanıyır. Belə ki, həmin vaxtdan Tufanın atası Əlini tanımış, onu zəhmətkeş insan kimi görmüşdür. Onlar Mingəçevir şəhərinə məcburi köçkün kimi gələn zaman Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən binanın zirzəmisində məskunlaşmışlar. Mingəçevir şəhəri, Naxçıvan küçəsində «Azenco» zavodunun yaxınlığında yerləşən ərazidə digər ailələr kimi Tufan və ailəsi müxtəlif meyvə ağacları və tərəvəz əkib, kiçik təsərrüfatla məşğul olmuşlar. Sonradan Tufan həmin ərazidə tikinti işləri aparmışdır. Həmin ərazidə digər insanların da tikili evləri var. Onlar da orada meyvə ağacları və tərəvəz əkib becərir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərdi ki, 1997-ci il tarixdən Mingəçevir şəhəri, Ət kombinatının yanında yaşayır. Həmin vaxtdan təxminən 1-2 il sonra Tufan və ailəsi həmin ərazilərdə ağac və tərəvəz əkmiş, hissə-hissə daş tökərək tikinti işləri aparmağa başlamışdır. Bir müddət oraya vaqon qoyub yaşamışlar. Ora köçdükləri vaxtdan Qızılgül və ailəsi əkin işləri ilə məşğul olmuş, daha sonra torpağa dair çıxarış almış və orada ev tikmişlər. Həmin yerdə Tufandan başqa ailələr də ev tikmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X24 öz ifadəsində göstərdi ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, Mingəçevir şəhəri, JB/1-də müvəqqəti məskunlaşmışdır. Həmin vaxt Mingəçevir şəhərinə Tufanın atası Əli birlikdə məcburi köçkün kimi gəlmişlər. Onlar Mingəçevir şəhərində məskunlaşmağa yer tapsalar da, Tufanın atası Əli və ailəsi özlərinə yer tapa bilməmişdir. Bir müddət zirzəmidə, daha sonra vaqonda yaşamışlar. Mingəçevir şəhəri “Azenco” yaxınlığındakı ərazidəki qamışlığı quruduraq Təqsirləndirilən şəxs hissə-hissə orada tikinti işləri aparmış, evləndikdən sonra oraya köçmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciət əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanması və istintaqı aparılması qərara alınmışdır (i.v. 01). Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-3/2-282/2023 saylı müraciətdən görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində Tibb kollecinin qarşısındakı 9 mərtəbəli binanın həyətində məskunlaşmış Kəlbəcər rayon, Zar kəndindən məcburi köçkün Təqsirləndirilən şəxs “Azenco” zavodunun ətrafında 10 sot torpaq sahəsi zəbt etməsi və heç bir icazə sənədi olmadan tikinti aparması barədə akt və fotoşəkillər tədbir görülməsi və özbaşına tikintinin dayandırılması üçün aidiyyəti üzrə göndərilmişdir (i.v. 09-14). “Hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhəri Naxçıvan küçəsində «Azenco» zavodunun yaxınlığında torpaq sahəsinin kənarını beton və dəmir dirəklərə bərkidilmiş məftil torla hasarlayaraq tutub orada tikinti və quraşdırma işləri apardığı müəyyən edilmişdir (i.v.18-20). xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Mingəçevir şəhəri Naxçıvan küçəsində Təqsirləndirilən şəxs zəbt etdiyi 0,10 ha dan artıq torpaq sahəsində tikinti işləri aparması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanusuz olaraq hasarlayaraq zəbt etdiyi ərazidə uzunluğu 10 metr, eni 8 metr hündürlüyü 4 metr (80m2) ölçüdə, uzunluğu 12 metr, eni 10 metr, hündürlüyü 2,4 metr (120m2) ölçüdə yaşayış evləri, uzunluğu 6 metr eni 4 metr hündürlüyü 3,5 metr (24m2) ölçüdə və eni 3 metr uzunluğu 4 metr (12m2) ölçüdə yardımçı tikillər tikilmişdir. Sahəsi 80m2 olan tikili pəncərəbaşınadək mişar daşı və beton sütunlardan hörülmüş, sahəsi 12m2 olan tikili tikilib başa çatdırılmış, sahəsi 24m2 olan tikili tikilib başa çatdırılmış, sahəsi 3x4 metr ölçüdə 12m2 olan yardımçı tikili də tikilib başa çatdırılmışdır (i.v. 59). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X25 Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2971/2024№-li məktubdan görünür ki, Çöl-ölçü işləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində istifadəsində 0,2339 ha ölçüdə torpaq sahəsinin olması müəyyən edilmişdir. “X9 X16”dəki xəritəsinə əsasən Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Naxçıvan küçəsində istifadəsində olan 0.2339 ha torpaq sahəsinin təyinatı (kateqoriyası) – yaşayış məntəqələrinin torpaqları, mülkiyyətçisi – Mingəçevir şəhəri, Mingəçevir Bələdiyyəsidir. Vətəndaş Təqsirləndirilən şəxs istifadəsində olan 0.2339 ha torpaq sahəsi ilə bağlı elektron məlumat bazasında məlumatlar mövcud olmadığından, həmçinin sözügedən torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüququ qeydə alınmadığından onun tərəfindən ətrafı hasarlanaraq tikinti işləri aparıldığı ərazinin ona icarəyə verilmiş torpaq sahəsinin hüdudları çərçivəsində yerləşib yerləşməməsi barədə məlumatların verilməsi mümkün olmadı (i.v.72-73). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Mingəçevir Bələdiyyəsi ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 74). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 77). Mingəçevir Bələdiyyəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 1214№-li məktubdan görünür ki, Süleymanov X15 şəhəri Naxçıvan küçəsində özbaşına tutduğu torpaq sahəsini mülkiyyətinə almaq üçün Mingəçevir Bələdiyyəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs cavab verilmişdir ki, o, Mingəçevir şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkündür. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunun 25-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyələrin İdarə edilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır (i.v. 86). xx.xx.2024-cü il tarixli “zərərçəkmiş hüquqi şəxsə nümayəndə təyin edilməsi barədə” qərardan görünür ki, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Nümayəndə zərərçəkmiş hüquqi şəxs Mingəçevir Bələdiyyəsinin nümayəndəsi təyin edilməsi qərara alınmışdır (i.v. 94). xx.xx.2024-cü il tarixli 771 №li Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Təqsirləndirilən şəxs ailə tərkibi X7 arvadı, X8 və X4 qızları, X11 və X12 oğullarından ibarət ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır (i.v. 133). Dövlətqaçqınkomunun Mingəçevir şəhər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, 1993-cü il tarixdə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Süleymanov X15 şəhəri, Azdres Naxçıvan küçəsi, 36 ünvanında məskunlaşmış, yaşadığı müddət ərzində yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (i.v. 134). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsindən həmin Məcəllənin 188.1 və 188.2-ci maddələrinə tövsif edilərək onun Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, aidiyyəti qurumlardan daxil olan sorğulara cavabların sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 135-143). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə ittiham elan edilməsi və həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir (i.v. 146-147). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 162-163). “Vəsatətin təmin olunmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsini göstərməsi barədə xüsusatlar vəsatət kimi qiymətləndirilərək əsasız hesab edilərək təmin olunmasının rədd edilməsi qərara alınmışdır (i.v. 167-168, 174-175). Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-3836/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, X5 Mingəçevir şəhəri, Naxçıvan küçəsi, “Azenco” zavodunun yaxınlığındakı 10 sot torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə qoyulmuş vaqonun götürülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)- 2495/2017 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-2495/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(051)-136/2018 saylı qərardadından görünür ki, X1 şəhər İcra və Probasiya şöbəsinin “İcra sənədinin qaytarılmasına dair” xx.xx.2018-ci il tarixli qərarından şikayətin təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 8(107)- 124/2018 saylı qərardadından görünür ki, şikayətin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(051)-136/2018 saylı qərarının tam, xx.xx.2018-ci il tarixli qərardadının isə qismən ləğv edilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2293/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Naxçıvan küçəsi “Azenco” zavodunun yaxınlığında yerləşən torpaq sahəsində yaşayış hüquqularının təmin edilməsi barədə iddiası rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-501/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs və X3 ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, Naxçıvan küçəsi, “Azenco” zavodunun yaxınlığındakı 10 sot torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə qoyulmuş vaqonun götürülməsi və torpaq sahəsinin boşaldılması qət edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 188.1. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətlərin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərinə qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar