Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-55/2025 24.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, anasının istifadəsində olan "xxxx" MMC-dən verilmiş mobil nömrədən pul vəsaitinin çıxılması səbəbini aydınlaşdarmaqdan ötrü xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti, 47/2 ünvanında yerləşən "xxxx" MMC-nin Mingəçevir filialının inzibati binasına gedib, orada müştəri xidmətlərində «satış meneceri» işləyən Şahid1 yaxınlaşaraq, anasına məxsus mobil nömrədən pul vəsaitinin əsassız olaraq çıxılmasını, bunun səbəbinin dərhal açıqlanmasını kobud şəkildə tələb etdikdə, Şahid1 ona başqa tarifə qoşula biləcəyini bildirmiş, lakin Şahid1 cavabı onu qane etmədiyi üçün, onunla əsassız olaraq mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlayıb, getdikcə aqressivləşərək, hər hansı bir əsaslı səbəb olmadan insanların gediş-gəlişlərinin gur olduğu üçün ictimai yer hesab olunan "xxxx" MMC-nin Mingəçevir filialının inzibati binasında özünü ətrafda olan şəxslərin fövqündə qoyaraq, orada azyaşlı uşaqların olmasına belə məhəl qoymadan, onlara və ətrafda olan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə nalayiq ifadələr işlətməyə davam edib, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər edərək, inzibati binada masanın üzərində olan "xxxx" MMC-nin Mingəçevir filialının müdiri Zərərçəkmiş şəxs məxsus «Canon» markalı printer aparatını və «X2 7» markalı planşeti əli ilə masanın üzərindən vurub, yerə ataraq, onların zədələnməsinə və bununla da Zərərçəkmiş şəxs məxsus həmin əmlaka 90 manat məbləğdə ziyanın vurulmasına səbəb olan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 055-897- 11-74 mobil nömrəsini istifadə edir. Bir müddətdir ki, onun əsassız yerə "xxxx" müştəri xidmətlərində nömrəsinin balansında olan pul vəsaitinin silindiyi üçün "xxxx" MMC-yə şikayət etmək qərarına gəlmiş və bu səbəbdən də xx.xx.2024-cü il tarixdə saat 15 radələrində ”Bakcell” MMC-nin Mingəçevir filialına getmişdir. Orada olarkən müştəri xidmətlərində əyləşən xanım ona hesabına pul vurmalı olduğunu deyib, telefonunda həmin tarifi dəyişmiş, bundan sonra evə getmişdir. Evdə olarkən anasının da telefonunda istifadə olunan "xxxx" nömrəsindən də pul vəsaitinin çıxdığını aşkarlamış və həmin gün saat 18 radələrində yenidən "xxxx" MMCnin Mingəçevir filialına getmişdir ki, anasının da balansından pul silinməsinin qarşısı alınsın. Həmin vaxt o, acıqlı şəkildə anasının da nömrəsindən konturun çıxıldığını dedikdə, həmin xanım ona öz telefonunda edilən eyni əməliyyatın anasının telefonunda da aparıldığını, anasının da telefonunu həmin tarifə qoşacağını, lakin buna görə də balansa pul vurmalı olduğunu demişdir. Buna etiraz etdikdə, müştəri xidmətlərində işləyən xanım bu məsələnin ona aid olmadığını demiş, o da əsəbləşərək, xanımdan müdiriyyəti çağırmasını tələb etmişdir. Lakin həmin xanım artıq onun telefonuna baxmayacağını dedikdə, əsəblərini cilovlaya bilməyib, müştəri xidmətlərində olan monitoru, printeri əli ilə vurub, yerə atmış, elektron əşyaları isə dağıtmışdır. Həmin vaxt işçi qorxudan geri çəkilmiş, o isə masanın üzərində olan "xxxx" nömrələri yazılı dəftəri də divarda olan monitora vurmuşdur. Həmin vaxt orada olan tanımadığı bir nəfər onu sakitləşdirdikdə, o, kənarda bir neçə şəxsin olduğunu, habelə onların arasında azyaşlı uşaqların olduğunu görmüşdür. Həmin vaxt bir qadın «ay bala uşaqlar var, özünü ələ al» sözlərini demiş, o da ətrafda olan uşaqların ağladığını görüb, üzr istəyərək oradan çıxıb getmişdir. O, əməlindən peşman olduğunu, həmin an anidən əsəbləşdiyi üçün elə hərəkətlərə yol verdiyini, videogörüntüdə olan şəxsin özü olduğunu, orada heç kimə xəsarət yetirmədiyini, hadisə vaxtı əsəbi olduğunu, həmin vaxt ünvansız nalayiq ifadələr işlətdiyini, elektron əşyaları dağıtdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" şirkətinin Mingəçevir filialında müdir işləyir. Orada müdir kimi işləmək üçün bəzi əşyaları şəxsi hesabına istifadə edilməsi üçün həmin filiala qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işçisi Şahid1 ona zəng edərək, bir nəfər şəxsin orada narahatçılıq yaratdığını, oraları dağıdacağını deməsini bildirdikdə, o, ona 102 xidmətinə müraciət etməli olduğunu bildirmişdir. Bildiyinə görə Günay həmin şəxsə xəbərdarlıq etdikdən sonra həmin şəxs çıxıb getmişdir. Bundan sonra saat 18 radələrində Günay ona yenidən zəng edərək günorta barəsində danışdığı şəxsin yenə də mağazaya gəldiyini, orada səs-küy salıb, nalayiq ifadələr işlədərək, orada olan elektron əşyaları yerə atdığını, nəticədə həmin əşyaların bir qisminin zədələndiyini görmüş, bu barədə Mingəçevir ŞPŞ-yə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra hadisə yerinə baxış keçirilmiş və o, ərizə yazmışdır. Həmin günün ertəsi gün isə işçisi Günay ona məlumat verərək, işdə istifadə etdiyi, onun almış olduğu “X2 7” markalı planşetin işləmədiyini, ekranının yanmadığını bildirmiş, o da həmin planşeti aparıb Arif adlı tanıdığı ustaya göstərmiş, sonuncu ona planşet yerə düşdüyü üçün içərisində hansısa detalın zədələndiyini bildirib, 50 manat dəyərində həmin detal alındıqdan sonra 20 manat da əziyyət haqqı almış, bundan sonra planşet təmir edilmişdir. Həmçinin o, izahatında orada baş verən hadisənin də videogörüntüsünün mövcud olduğunu, ona məxsus 1 il əvvəl yeni halda 470 manata aldığı “X2 7” markalı planşetin zədələndiyini, sensoru işləmədiyi üçün onu yetmiş manata təmir etdirdiyini, həmçinin üç il əvvəl yeni halda 350 manata alınmış “Canon” markalı printerin kağız saxlayıcısının da sındığını, “LG” markalı monitoru vurub yerə salsa da onun işlək vəziyyətdə olduğunu, həmin şəxsi əvvəllər tanımadığını, aralarında ədavət və düşmənçiliklərinin olmadığını, hadisə ilə əlaqədar şikayətçi olduğunu və ona dəymiş maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərdi ki, "xxxx" şirkətinin Mingəçevir filialında satış meneceri işləyir. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində bir nəfər iş yerinə daxil olaraq əsəbi halda ondan «nə üçün pul çıxılır, tarifi dəyişin» sözlərini dedikdə, həmin şəxsə qanuni şəkildə izah etdikdən sonra telefonuna baxmış və tarifi dəyişmişdir, əsəbi halda olan həmin şəxs «buraları dağıdacağam» sözlərini dedikdə o, qorxduğu üçün müdiri Rövşən müəllimə zəng etmiş və bu barədə ona demişdir. Sonuncu isə ona Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat verməli olduğunu demiş, bundan sonra o, səs-küy salan şəxsə «102-ni» yığacam sözlərini dedikdə həmin şəxs qapını bərk çırpıb, müştəri xidmətini tərk etmişdir. Bundan sonra isə həmin şəxs saat 18 radələrində yenidən acıqlı şəkildə müştəri xidmətlərinə gəlmiş və anasının telefonundan da konturun çıxıldığını demişdir. O isə ona, müəllim, başqa variantımız yoxdur, sizin nörmənizi necə etmişəmsə, ananınızın da nömrəsini o tarifə qoşa biləcəyəm» sözlərini demiş, lakin həmin şəxs, kənarda başqa tanımadığı şəxslər olduğu halda hirsli şəkildə nalayiq ifadələr işlətməyə başlamış, buna cavab olaraq, həmin şəxsə danışığına diqqət yetirməli olduğunu demişdir. Lakin həmin şəxs yenə də ucadan nalayiq ifadələr işlətdiyi və tənqidlər etdiyi üçün ondan müştəri xidmətlərini tərk etməsini, habelə telefonuna baxmayacağını bildirmişdir. Həmin vaxt qeyd olunan şəxs «bunlar hamısı şirkətin deyilmi? mən buraları dağıdacam» sözlərini deyib, orada olan kompyuter ekranın yerə vurmuş, sonra kopiya aparatını aşırmış, orada olan planşeti yerə atmış və "xxxx" yazılı nömrələr olan kağızı divarda olan monitora atmışdır. Həmin vaxt orada olan tanımadığı oğlan onu sakitləşdirməyə çalışmış, həmçinin orada olan bir qadın ona etdiyi hərəkətlərin ayıb olduğunu, ətrafda uşaqların olduğunu demişdir. Bundan sonra həmin şəxs müştəri xidmətlərini tərk etmişdir. Baş verənləri müdiri Rövşənə zəng edib məlumat vermiş, o da daha sonra polis şöbəsinə məlumat verib ərizə yazmışdır. Ertəsi gün polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmiş, o, işdə istifadə etdiyi «X2 7» markalı planşeti açmaq istədikdə ekranı işləməmiş və hadisə vaxtı yerə düşdüyü üçün zədələndiyini bilib, Rövşənə məlumat vermiş, sonuncu isə planşeti Arif adlı ustanın yanında təmir etdirmişdir. Həmçinin o, həmin şəxsin ona xəsarət yetirmədiyini, orada olan Rövşənə məxsus istifadə etdikləri elektron əşyalara ziyan vurduğunu, hadisə vaxtı orada həmin şəxsdən başqa bir qadının iki azyaşlı övladı ilə birlikdə, habelə bir nəfər tanımadığı kişinin olduğunu, hətta həmin şəxsin hərəkətlərindən orada olan azyaşlı uşaqların da qorxub ağladıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərdi ki, o, elektron cihazların təmiri ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə tanıdığı Zərərçəkmiş şəxs işlədiyi yerə özünə məxsus olmasını dediyi «X2 7» markalı planşet gətirərək, onun ekranının yanmadığını, bir gün əvvəl bir nəfər şəxsin "xxxx" mağazasına daxil olub, orada olan elektron əşyaları yerə atdığını, habelə planşeti də həmin vaxt zədələdiyini, nəticədə planşetin hadisədən sonra işləmədiyini demişdir. Həmin vaxt planşetin ekranını açıb baxdıqda, onun ekrana birləşən “zamokunun” çatladığını, bu səbəbdən də planşetin işləmədiyini müəyyən etmiş, sonra isə həmin detalı tapıb 50 manata almış və onu yerinə qoyduqdan sonra 20 manat da zəhmət haqqı almışdır. Həmin planşetin təmiri üçün Zərərçəkmiş şəxs 70 manat xərci çıxdığını bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında yerləşən "xxxx" mağazasında baş vermişdir.(i.v.3-4). “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, müşahidə kamerasından götürülmüş 01 ədəd diskə baxış keçirilmiş və diskdə olan 22 saniyəlik videodan Təqsirləndirilən şəxs masanın üzərində olan monitoru aşırdığı, nömrələr olan dəftəri götürüb divarda yuxarıda olan ekrana atması, başqa hansısa əşyaları yerə atması, qadın və uşaqların da qorxub geri çəkildiyi və sonra onun çıxıb getməsi görünür.(i.v.16). Mingəçevir şəhər "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 101 saylı rəyindən görünür ki, 1 il əvvəl yeni halda 470 manata alınmış “X3 7” markalı planşetin ekran işığının yanmaması, sensorunun işləməməsi nəticəsində onun təmiri usta haqqı ilə birlikdə 70 manat, 3 il əvvəl yeni halda 350 manata alınmış “Canon” markalı printerin kağız saxlayıcısının qırılması nəticəsində dəymiş ziyan usta haqqı ilə birgə 20 manat dəyərində qiymətləndirilmişdir. (i.v.36). xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs verdiyi şikayət ərizəsi ilə bağlı araşdırmanın məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına etiraz etməmişdir. (i.v.21). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.38). xx.xx.2024-cü il tarixli 1564 nömrəli arayışa əsasən Hüseynov X1 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir. (i.v.39). xx.xx.2024-cü il tarixli 373 saylı 14 №li MİS tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs həqiqətən də ünvan 5 ünvanında yaşayır. (i.v.40) 14 №li MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.104) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə alınmış müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını (CM-59.2), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 10 (on) faiz dövlət nəfinə pul tutulmaqla 05 (beş) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk məhkəməyədək sadələşdirilmiş icraat materialında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-55/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-55/2025
24.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver