Məhkəmə qərarları › İş №1(051)-56/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-56/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-56/2021 31.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər– Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxx 1989-cu ildə Kəlbəcər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Ağdam rayonu, Eyvazxanbəyli kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri H.Hüseynov küçəsində yerləşən yarımçıq mehmanxanada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində yerləşən ətrafı dəmir torla hasarlanmış bağ sahəsinə tanışı Şahid1 məxsus “Qazel” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yaxınlaşaraq, avtomobildən bayıra çıxıb yerdən götürdüyü daşla bağ sahəsin giriş qapısının üzərində olan qıfılı vurub sındırıb qapını açdıqdan sonra avtomobilə əyləşib həmin avtomobili idarə edib giriş qapısından başqa saxlanc yeri hesab olunan bağ sahəsinə qanunsuz olaraq daxil olub bağ sahəsində otlayan Zərərçəkmiş şəxs2 məxsus 1 başın qiyməti 1000 (min) manat olan, cəmi 2000 (iki min) manat dəyərində 2 (iki) baş inəkləri və Zərərçəkmiş şəxs1 məxsus 1350 (min üç yüz əlli) manat dəyərində 1 (bir) baş inəyi avtomobilin yük yerinə yükləyib Şahid1 yaşadığı Ağcabədi rayonu Xocavənd kəndinə apararaq özgənin, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslərə ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Ağcabədi rayonunda yerləşən mal bazarında gözətçi işləmiş, həmin müddət ərzində bazarda özünə Məxsus “Qazel” markalı avtomaşını ilə işləyən, Ağcabədi rayonu Xocavənd kənd sakini Etibar adlı şəxslə dostluq münasibəti olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlanan ərazisinə Kür çayının sahilinə balıq tutmaq üçün getmiş, balıq tutub geri qayıdarkən həmin ərazidə yerləşən kənarı dəmir “setka” ilə hasarlanmış bağ sahəsində inəklərin otladığını görmüşdür. Həmin vaxt ətrafda da heç kəs olmadığından, o həmin inəkləri oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, dostu Etibara zəng edib ondan özünə məxsus əşyaları Bərdə rayonuna daşımaq üçün yük avtomobilini istəmiş, sonuncu da buna etiraz etməmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Ağcabədi rayonuna gedib oradan Etibara məxsus avtomobili götürüb Mingəçevir şəhərinə qayıtmışdır. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində avtomobili idarə edib oğurluq edəcəyi əraziyə yəni, Mingəçevir şəhərinin "Mingəçevir kəndi” adlanan ərazisinə gedərək, əvvəlcədən müəyyən etdiyi həmin ərazidə yerləşən bağ sahəsinə yaxınlaşıb avtomobili kənarda saxlayıb bağ sahəsinin hasarına yaxınlaşdıqda giriş qapısının üzərində dəmir qıfıl olduğunu və inəklərin bağ sahəsində otladığını görmüşdür. O, yerdən daş götürüb giriş qapısının üzərində olan qıfılı daşla vurub sındıraraq qapını açmış və avtomobili idarə edib bağ sahəsinə daxil etmişdir. Bağ sahəsində açıq sahədə otlayan 3 baş inəyə yaxınlaşıb həmin inəkləri sahədə tikilmiş tikiliyə salmış, avtomobilin arxasını həmin tikilinin giriş qapısının qarşısına sürüb inəkləri tikilinin içərisində iplə bağlayıb dartaraq avtomobilin yük yerinə qaldırıb avtomobili sürüb bağ sahəsindən çıxarmışdır. Yerdən tapdığı məftillə bağ sahəsinin giriş qapısını bağladıqdan sonra avtomobili sürüb Ağcabədi rayonunda yerləşən ət kombinatına gedib, inəkləri ət kombinatına satmaq fikrində olsa da, ət kombinatı bağlı olmuşdur. Ona görə inəkləri həmin kombinata sata bilməmişdir. Ondan sonra Etibara zəng edib guya əmisinə məxsus olan inəkləri müvəqqəti olaraq onun yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki pəyədə saxlamağı xahiş etmiş, sonuncu da onunla razılaşmışdır. O, Etibara inəklərin əmisinə məxsus olduğunu bildirmişdir. O, inəkləri aparıb Etibarın yaşadığı evin həyətindəki pəyəyə saldıqdan sonra taksi ilə Mingəçevir şəhərinə geri qayıtmışdır. Sonradan polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində törətdiyi cinayət əməlini etiraf etmişdir. O, Etibara həmin inəkləri cinayət yolu ilə əldə etməsi barədə məlumat verməmiş, inəklərin əmisinə məxsus olduğunu bildirmişdir. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. O, zərərçəkmiş şəxslərlə barışmağa cəhd etsə də, zərərçəkmiş şəxslər ondan əlavə vəsait tələb etdiklərinə görə razılıq əldə edə bilməmişdir. Belə ki, onun oğurladığı inəklər sağlam vəziyyətdə zərərçəkmiş şəxslərə təhvil verilmişdir. Onun zərərçəkmiş şəxslərə əlavə vəsait ödəməyə imkanı yoxdur. Evdə yeganə qazanc gətirən odur, himayəsində isə iki azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, özünə məxsus 1 (bir) baş inəyi olmuş, həmin inək qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhərinin "'Mingəçevir kəndi” adlanan ərazidə yerləşən bağ sahəsində sonuncunun 2 (iki) inəyi ilə birlikdə otlamışdır. Həmin bağ sahəsində heyvanların saxlanılması üçün tikili olmuş, sahənin ətrafı dəmir barmaqlıqlarla əhatələnmiş, giriş qapısı isə daima qıfılla bağlı olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Rizaya və özünə məxsus inəkləri aparıb bağ sahəsinə bağlamışdır. Təqribən saat 12 radələrində bağ sahəsinin yaxınlığından keçərkən, bağın giriş qapısının qıfılının sındırıldığını, qapının isə açıq vəziyətdə olduğunu gördükdə, dərhal bağ sahəsinə daxil olub inəklərin orada olmadığını görmüş və inəklərin oğurladığını başa düşmüşdür. Bundan sonra o, polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində inəkləri oğurlayan şəxs aşkar olunduqdan sonra, ona məxsus 1 (bir) baş inək saxlanması üçün özünə təhvil verilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Belə ki, təqsirləndirilən şəxs ona məxsus inəyi oğurlamaqla, onu əlverişsiz vəziyyətə salmışdır. Hesab edir ki, təqsirləndirilən şəxs layiqli cəzasını almalıdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, özünə məxsus 2 (iki) baş inəyi olmuş, həmin inəkləri qonşusu Zərərçəkmiş şəxs1 1 (bir) baş inəyi ilə birlikdə hər gün özünə məxsus Mingəçevir şəhərinin "'Mingəçevir kəndi” adlanan ərazidə yerləşən bağ sahəsində otlamışdır. Həmin bağ sahəsində heyvanların saxlanılması üçün tikili olmuş, sahənin ətrafı dəmir barmaqlıqlarla əhatələnmiş, giriş qapısı isə həmişə qıfıla bağlıolmuşdur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Ayaz inəkləri aparıb bağ sahəsinə bağlamışdır. Saat təqribən 12 radələrində Ayaz bağ sahəsinin yaxınlığından keçərkən bağın giriş qapısının qıfılının sındırıldığını, qapının isə açıq vəziyətdə olduğunu görərək dərhal bağ sahəsinə daxil olub inəklərin orada olmadığını görmüş və inəklərin oğurladığını başa düşmüşdür. Daha sonra Ayaz onun yaşadığı ünvana gələrək ona bu barədə məlumat vermişdir. Bundan sonra onlar polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişlər. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində inəkləri oğurlayan şəxs aşkar olunduqdan sonra, ona məxsus 2 (iki) baş inək saxlanması üçün təhvil verilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Belə ki, təqsirləndirilən şəxs ona məxsus inəyi oğurlamaqla, onu əlverişsiz vəziyyətə salmışdır. Hesab edir ki, təqsirləndirilən şəxs layiqli cəzasını almalıdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, özünə məxsus “Qazel” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonunda yerləşən mal bazarında vətəndaşların alıb və ya satdıqları mal- qaranı daşımaqla məşğuldur. Təqsirləndirilən şəxs da mal bazarından tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə günortadan sonra Səbuhi ona zəng edərək ölkə ərazisində karantin vəziyyəti elan olunduğu üçün əmisinə məxsus mal-qaranı bazara gətirməsi üçün ona məxsus avtomobili istifadə etmək istəmiş, o da buna etiraz etməmiş, həmin gün axşam saatlarında Ağcabədi rayonunun giriş hissəsində Səbuhi ilə görüşərərk avtomobili Səbuhiyə vermişdir. Ertəsi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Səbuhi Ağcabədi rayonuna qayıtdıqda, avtomobilin yük yerində 3 baş inək olmuşdur. Səbuhi ona inəkləri yaşlı olduğu üçün ət kombinatına satmaq istədiyini bildirmiş, o, ət kombinatında işləyən tanışı ilə əlaqə saxlasa da, həmin şəxs telefona cavab verməmişdir. Buna görə də Səbuhi ona inəkləri onun yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki pəyədə saxlamağı təklif etmiş, o da Səbuhi ilə razılaşmışdır. Səbuhi ona həmin inəkləri cinayət yolu ilə əldə etməsi barədə məlumat verməmiş, inəklərin əmisinə məxsus olduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə Ağcabədi rayonunda yerləşən mal bazarında olarkən polis əməkdaşları ona yaxınlaşıb özünə məxsus avtomobillə oğurlanmış inəklərin daşındığını bildirmişlər. O da polis əməkdaşlarının sorğusuna cavab olaraq həqiqətən də xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus avtomobili tanışı Mingəçevir şəhər sakini Səbuhi adlı şəxsə verdiyini, Səbuhinin də həmin avtomobillə yaşadığı kəndə 3 (üç) baş inək gətirdiyini və inəklərin yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki pəyədə olduğunu polis əməkdaşlarına demişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı evə gələrək həmin 3 (üç) baş inəyi polis əməkdaşlarına göstərmişdir. Həmin inəklər protokol tərtib edilərək götürülmüş, protokolun doğruluğunu o, da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin "Mingəçevir kəndi'’ adlandırılan ərazisində yerləşən bağ sahəsindən özünə məxsus 1 baş, qonşusu X4 məxsus 2 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus inəklərin xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Şahid1 məxsus "Qazel” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Xocavənd kəndinə aparıldığı müəyyən edilmişdir. Daha sonra həmin inəklərin Şahid1 yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki tövlədə saxlanıldığı da müəyyən edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Ağcabədi rayonu Xocavənd kəndinə gedərək Şahid1 yaşadığı evin həyətinə baxış keçirilərkən, 3 baş inək həmin evin həyətindəki tövlədə aşkar edilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin "Mingəçevir kəndi'’ adlandırılan ərazisində yerləşən bağ sahəsindən özünə məxsus 1 baş, qonşusu X4 məxsus 2 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus inəklərin xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Şahid1 məxsus "Qazel” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonu Xocavənd kəndinə aparıldığı müəyyən edilmişdir. Daha sonra həmin inəklərin Şahid1 yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki tövlədə saxlanıldığı da müəyyən edilmişdir. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Ağcabədi rayonu Xocavənd kəndinə gedərək Şahid1 yaşadığı evin həyətinə baxış keçirilərkən 3 baş inək həmin evin həyətindəki tövlədə aşkar edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərə məxsus inəklərin oğurlandığı hadisə yeri Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində yerləşən kənarı dəmir barmaqlıqlarla hasarlanmış, qapısı qıfılla bğlı olan bağ sahəsidir. Həmin istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünürü ki, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş, Zərərçəkmiş şəxs2 məxsus 2 (iki) baş inək Şahid1 yaşadığı Ağcabədi rayonu Xocavənd kəndində yerləşən evin həyətindəki tövlədən aşkar edilərək götürülmnüşdür. Həmin 3 (üç) baş inək iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020ci il tarixli 9/5392 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən inəklərin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təqribən 3350 manat müəyyən edilir. O cümlədən: 1 (bir) baş dişi cinsli, diri halda 300 kq çəkiyə malik, 8 yaşlı, 5 qarın doğmuş, heç bir xəstəlik keçirməmiş sağmal inək-1350 manat; 2 (iki) baş dişi cinsli, diri halda 150 kq çəkiyə malik, 7 yaşlı, 5 qarın doğmuş, heç bir xəstəlik keçirməmiş boğaz inək-2000, 00 (2x1000) manat. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində yerləşən ətrafı dəmir torla hasarlanmış bağ sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərə məxsus ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslərə ziyan vurmaqla gizli olaraq talayıb oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Əhliyyət oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs2 məxsus Mingəçevir şəhərinin “Mingəçevir kəndi” adlandırılan ərazisində yerləşən ətrafı dəmir torla hasarlanmış bağ sahəsinə tanışı Şahid1 məxsus “Qazel” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib yaxınlaşaraq, avtomobildən bayıra çıxıb yerdən götürdüyü daşla bağ sahəsin giriş qapısının üzərində olan qıfılı vurub sındırıb qapını açdıqdan sonra avtomobilə əyləşib həmin avtomobili idarə edib giriş qapısından başqa saxlanc yeri hesab olunan bağ sahəsinə qanunsuz olaraq daxil olub bağ sahəsində otlayan Zərərçəkmiş şəxs2 məxsus 1 başın qiyməti 1000 (min) manat olan 2000 (iki min) manat dəyərində 2 (iki) baş inəkləri və Zərərçəkmiş şəxs1 məxsus 1350 (min üç yüz əlli) manat dəyərində 1 (bir) baş inəyi avtomobilin yük yerinə yükləyib Şahid1 yaşadığı Ağcabədi rayonu Xocavənd kəndinə apararaq özgənin, yəni Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 3350 (üç min üç yüz əlli) manat məbləğdə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxslərə ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə təqsirləndirilən şəxsin, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini CM-nin 59.1-ci maddəsinə əsasən eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan AZ-T 154888 və AZ-İV 082476 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş Mircahid və xx.xx.2018-ci il doğulmuş Etibar adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, oğurlanmış inəklər zərərçəkmiş şəxslərə saxlanması üçün təhvil verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan tutma protokolundan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020–ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 06 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan 3 (üç) baş inəklərin saxlanması üçün zərərçəkmiş şəxslərə təhvil verilməsi qanuni hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Bundan başqa vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22.11. 2020–ci il tarixdən 24.11. 2020–ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan, ümumi dəyəri 3350 (üç min üç yüz əlli) manat təşkil edən, 3 (üç) baş iribuynuzlu mal-qaranın (inəklərin) saxlanması üçün ibtidai araşdırma zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X5 təhvil verilməsi qanuni hesab edilsin. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar