Məhkəmə qərarları › İş №1(051)-58/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-58/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-58/2021 18.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Yevlax rayonu Qaroğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84/1, mənzil 58 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2nvanında yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarın daxilində işlədiyi Şahid1 məxsus qəssabxanada 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ucadan danışdığına görə həmin qəssabxanaya Şahid1 borcunu almaq üçün gələn Zərərçəkmiş şəxs ona nalayiq formada irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı qəssabxanadan götürdüyü istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol tərəf kürək nahiyəsindən bir zərbə vurub, onunla əlbəyaxa olaraq onu qəssabxananın içərisində olan vitrinin üzərinə yıxaraq Zərərçəkmiş şəxs təpə və kürək nahiyəsinin kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, o, 13 yaşından Mingəçevir şəhəri Mərkəzi Bazarında İxtiyar adlı şəxsin yanında qəssablıq öyrənmiş, sonra isə İxtiyarın yanında sərbəst olaraq qəssab kimi işləməyə başlamışdır. Hər gün səhər saat 07 radələrindən saat 18-19 radələrinə kimi qəssabxanada işləyirdi. 06.11.2020-ci il tarixdə saat 18 radələrində qəssab kimi tanıdığı Şamo adlı şəxs onların işlədikləri qəssabxanaya gəlmişdir. Bu zaman o və qəssabxananın sahibi İxtiyarla qəssabxananın qarşısında dayanıb söhbət edirdi. Şamo onlara yaxınlaşıb görüşdükdən sonra bazara daxil olmuşdur. Həmin vaxt Şamo hiss olunacaq dərəcədə içkili olmuşdur. Bir neçə dəqiqə sonra Şamo yenidən onların yanına qayıtmışdır. Bu zaman İxtiyar qəssabxananın qarşısında stulda əyləşmişdir. O isə yemək yedikləri boşqabları yığışdırıb qəssabxanaya aparırmış. O, boşqabları və orada olan bıçağı qəssabxanaya aparan zaman İxtiyar ilə alış verişin zəif olması ilə bağlı bir-biri ilə söyüşlə zarafat sözlə mübahisə edirdi. Boşqabları qəssabxananın girişdə olan masanın üzərinə qoyan zaman Şamo ona söyüş söymədən düzgün danışmağını bildirmişdir. O, isə Şamoya onun danışığının Şamoya aidiyyatı olmadığını bildirmişdir. Bu zaman o, boşqabları qoysa da, bıçaq əlində qalmışdır. O, Şamoya bu sözləri dedikdən sonra Şamo ona nalayiq formada “sən kimsənki belə danışırsan” sözlərini demişdir. Şamo ona bu sözləri deyən zaman o, Şamoya düzgün danışmağı və uzaqlaşmağı bildirmişdir. Şamo yenidən onun ünvanına ”sən kimsənki belə tərzdə danışırsan” deyərək, onun ünvanına ağır söyüş söymüşdür. O, isə Şamonun bu sözlərindən qəzəblənib əlindəki bıçaqla Şamonun üzərinə hücum çəkmiş və ilk olaraq sol əli ilə Şamonu itələmiş və daha sonra sağ əlində olan bıçaqla Şamoya tərəf bıçaq zərbəsi vurarkən Şamo sol tərəf üstə çevrilmiş və onun Şamoya bıçaqla vurduğu zərbə Şamonun sol tərəf kürək hissəsindən dəymişdir. Bundan sonra o, Şamo ilə əlbəyaxa olmuşdur. O, Şamo ilə əlbəyaxa olan zaman bıçaq əlindən yerə düşmüşdür. Daha sonra o, Şamonu qucaqlayıb qəssabxananın qarşısında olan vitrinlərin üstünə yıxmışdır. Onlar vitrinlərin üstünə yıxıldıqdan sonra orada olan İxtiyar onları aralamışdır. Sonra Şamo durub getmiş, Şamo getdikdən bir neçə dəqiqə sonra o, bazardan çıxmış və yaşadığı ev tərəfə getmişdir.Yaşadıqları binanın yaxınlığında olan mağazadan su və siqaret aldıqdan sonra evə getməmiş və qorxduğu üçün parklarda qalmışdır. Bu müddət ərzində valdeyinləri onu yığıb harada olduğunu soruşan zaman o, şəhərdə olmadığını Mingəçevir şəhərindən kənarda olduğunu bildirmişdir. Daha sonra özü könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək təslim olmuşdur. Bundan başqa, o, bazarda söyüş söyməmiş, yalnız İxtiyar ilə işlə bağlı öz aralarında söyüşlə zarafat edən zaman, Şamonun ona kobud formada irad tutmasından və ünvanına ağır söyüş söyməsindən qəzəbləndiyi üçün Şamoya bir dəfə bıçaqla xəsarət yetrdiyini, Şamonu öldürmək fikri olmadığını, Şamonun dediyi sözdən qəzəblənib ona bir dəfə bıçaqla xəsarət yetirdiyini ikinci dəfə Şamoya bıçaqla xəsarət yetirmək fikri olmadığını bildirmişdir. Həmin vaxt orada kənar şəxslər olmamış, yalnız İxtiyar olmuşdur. Çünki hadisə baş verən vaxt artıq bazarda heç kim olmamışdır. Alver edən şəxslərin çoxu piştaxtalarını bağlayıb evlərinə getmişdir. Hadisədən sonra o, zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 7 saylı tam orta məktəbin yaxınlığında yerləşən qəssabxanada qəssab işləyirdi. 03.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, Mərkəzi bazarda qəssabxana sahibi olan İxtiyar adlı şəxs onun yanına gəlmişdir. İxtiyarı qəssab kimi tanıyırmış. Münasibətləri normal olmuşdur. Həmin günü o, İxtiyara 310 manat dəyərində 30 kiloqram mal ətini nisyə vermişdir. İxtiyar bir neçə gün sonra ona 310 manat pulu verəcəyini bildirmişdir. Həmin günü yəni, 06.11.2020-ci il tarixdə saat 18 radələrində o, İxtiyarın işlədiyi Mingəçevir şəhəri, mərkəzi bazarda olan qəssabxanasına 3 gün öncə İxtiyara nisyə verdiyi 30 kiloqram mal ətinin pulunu almağa getmişdir. O, qəssabxananın qarşısına çatan zaman İxtiyarın qəssabxananın qarşısında stulda əyləşdiyini, İxtiyarın yanında qəssab işləyən Kərəmin isə ayaqüstə əlində olan qabqacaqları qəssabxanaya qoyduğunu görmüşdür. O, İxtiyar və Kərəm ilə görüşdükdən sonra İxtiyara 3 gün öncə nisyə verdiyi mal ətinin pulunu istəmişdir. İxtiyar 310 manat pulu sayıb ona vermişdir. O, İxtiyardan pulu alıb getmək istəyərkən, Kərəmin qəssabxananın qarşısında İxtiyarla sözlə mübahisə etdiyini eşitmişdir. Həmin vaxtı hava qaranlıq olsa da, bazarda alış veriş etmək üçün az sayda insanlar olmuşdur. O, Kərəmə bazarda insanlar olduğu üçün ucadan danışdığı üçün öz iradını bildirmişdir. Kərəm isə ona bu söhbətin ona aidiyyatı olmadığını bildirmişdir. Bundan sonra o, Kərəmə yenidən irad bildirən zaman, Kərəm əlində bıçaq anidən onun üzərinə hücum etmişdir. Bu zaman Kərəmlə onlar əlbəyaxa olmuş və qəssabxananın qarşısında olan vitrinlərin üzərinə yıxılmış və bazarda olan şəxslər onları ayırmışlar. Bundan sonra o mərkəzi bazardan çıxmış bir qədər piyada getdikdən sonra kürək nahiyyəsində ağrı hiss etdiyi üçün tanımadığı taksiyə əyləşib, Mingəçevir şəhər, Mərkəzi xəstəxanasına getmişdir. Mərkəzi xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, yaşadığı evə getmişdir. Evdə əynini dəyişmiş bıçaqlanan zaman əynində olan paltarlar qan olduğu üçün o həmin paltarları Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən zibil qutusuna atmışdır. O, bazarda olan zaman içkili olmamış, lakin xəstəxanadan qayıtdıqdan sonra evdə spirtli içki qəbul etmişdir. O, istintaq zamanı da hazırkı eyni qaydada ifadə vermişdir. Həmin vaxt bazarda çox sayda adam olmamışdır. Onların davası isə 2-3 dəqiqə çəkmişdir. Davaya səbəb isə onun Kərəmə irad tutması olmuşdur. O, Kərəmi yaxından tanıdığı və ondan yaşda böyük olduğuna görə ərk edib irad tutmuşdur. Görünür Kərəm cavan olduğuna görə onu düzgün başa düşməmişdir. Bununla belə o, Kərəmi bağışlamış və hazırda onlar arasında heç bir anlaşılmazlıq və ədavət yoxdur. Hadisədən sonra təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınmasını və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən bazarda özünə məxsus qəssabxana işlədir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, onun yanında qəssab işləyirdi. Təxminən 3-4 gün öncə Mingəçevir şəhəri, D.Əliyeva küçəsində qəssab işləyən Şamo adlı şəxsə zəng vurub ona ət lazım olduğunu bildirmişdir. Həmin günü o, Şamodan 310 manat dəyərində mal əti almış və 310 manat pulu Şamoya 2-3 gün sonra verəcəyini bildirmişdir. Şamo isə razılaşmışdır. 06.11.2020-ci il tarixdə səhər saat 10 radələrində Şamo ona zəng vurub nisyə verdiyi 310 manat dəyərində ətin pulunu istəmiş, o isə səhər olduğunu və Şamoya axşam saatlarında gəlib pulu ondan götürməsini bildirmişdir. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Şamo onun icarə əsasında işlətdiyi qəssabxanaya gəlmişdir. Şamo qəssabxanaya gələn zaman hava tam işıqlı deyildi. Bu zaman o, qəssabxananın qarşısında stulda əyləşib gündəlik hesabını edirdi. Şamo gəlib Kərəm və onunla görüşüb, daha sonra o, 310 manat pulu sayıb Şamoya vermişdir. Bu zaman Kərəm qəssabxananın qarşısında dayanıb özü-özünə deyinirdi. O, Kərəmin nə danışdığını eşitmirdi. Bu zaman Şamo Kərəmə bazarda insanların olduğu üçün söyüş ilə danışdığı üçün nalayiq formada irad bildirmişdir. Bundan sonra Kərəm ilə Şamo bir-birinin üzərinə hücum edib dalaşmağa başlamışlar. Bu zaman o, Şamo və Kərəmi ayırmışdır. O, Şamo və Kərəmi ayırdıqdan sonra onlar bazardan çıxıb getmişlər. Belə ki, ilk olaraq Şamo bazardan uzaqlaşmış, daha sonra o, qəssabxananını bağlayıb çıxıb getmişdir. Həmin günü axşam saatlarında ona Mingəçevir ŞPŞ-nin əməkdaşları zəng vurub ona məxsus qəssabxanın qarşısında Kərəmin Şamonu bıçaqla vurduğunu bildirmişlər. Kərəm və Şamo arasında mübahisəyə səbəb Şamonun Kərəmə nalayiq formada irad bildirməsi olmuşdur. Çünki həmin vaxt Şamo içkili vəziyyətdə olmuşdur. Doğrudur, Kərəm qəssabxananın içərisində öz-özünə deyinirdi, lakin onun sözləri diqqəti cəl etmirdi. Şamonun ona nalayiq formada irad bildirməsi isə Kərəmi əsəsbləşdirmişdir. Ona görə də onlar arasında əlbəyaxa davaya səbəb olmuşdur. Kərəm Şamonun üzərinə hücum edən zaman onun bıçaq əlində olmuş, məhz Şamonu vurmaq üçün götürməmişdir. Çünki, Kərəm qabları yuyan zaman bıçağı da yumaq üçün götürmüşdür. Hadisə ani vəziyyətdə baş verdiyinə görə Kərəm Şamonun üzərinə əlində tutduğu bıçaqla getmişdir. Həmin vaxt bazarda çox sayda adam olmamışdır. Hadisəni ondan başqa görən olmamış, digər şəxslər isə sonradan gəlmişdir. Kərəm və Şamo arasında mübahisə 3-4 dəqiqə davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarın girişində çörək satışı ilə məşğul olur. Onun işlədiyi çörək vitrinin arxasında bazarın daxilində İxtiyar adlı şəxsin qəssabxanası vardır. İxtiyarın qəssabxanasında Kərəm adlı qəssab işləyir. 06.11.2020-ci il tarixdə saat 17:30 radələrində çörək satdığı vitrinin arxasında duran zaman onlara yaxınlıqda yerləşən, yəni bazara girişdə sağ tərəfdə İxtiyar adlı şəxsə məxsus qəssabxananın qarşısından ucadan nalayiq ifadələrlə səs-küy gəldiyini eşitmişdir. O, işlədiyi yerdən çıxıb dərhal İxtiyar adlı şəxsin qəssabxanasının qarşısına gələn zaman qəssabxananın sahibi İxtiyarın və orada toplaşan 8-10 nəfər şəxslərin İxtiyarın yanında qəssab işləyən Kərəmin adını sonradan bildiyi Mingəçevir şəhər sakini qəssab işləyən Şamo adlı şəxsdən ayırdığını görmüşdür. Həmin vaxtı oraya təxminən 8-10 nəfər şəxslərin yığışdığını görmüşdür. İxtiyarın yanında qəssab işləyən Kərəmin dalaşdığı Şamoya bıçaqla xəsarət yetirdiyini bildirdilər. O, hadisə yerinə gələndə, Kərəm və Şamo oradan artıq çıxıb getmişdilər. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə yerində olan şəxslər Kərəm və Şamonun arasında baş vermiş mübahisə təxminən 3-4 dəqiqə davam etdiyini bildirdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 06.11,2020-ci il tarixdə o, yaşadığı Yevlax rayonu Ərəş kəndindən Mingəçevir şəhərinə gəlmişdir. Həmin günü Mingəçevir şəhərində bəzi işlərini həll etdikdən sonra yaşadığı Yevlax rayonu Ərəş kəndində getməli idi. Lakin Mingəçevir şəhərindən Yevlax rayonu Ərəş kəndinə gedən avtobusa çatmamışdır. O, təxminən 6-7 il bundan öncə Mingəçevir şəhəri Mərkəzi bazarda İxtiyar adlı şəxsin yanında qəssab işləmişdir. İxtiyarın Yevlax rayonu Xaldan qəsəbəsində yaşadığını bildiyi üçün həmin günü saat 18 radələrində İxtiyarın yanına İxtiyarla birgə Yevlax rayonu Xaldan qəsəbəsinə getmək üçün getmişdir. O, İxtiyarın yanına gedən zaman İxtiyar gündəlik hesabat edirmiş və ona bir qədər gözləməyini hesabatı apardıqdan sonra birgə gedəcəklərini bildirmişdir. İxtiyarın yanında qəssab işləyən Kərəm isə qəssabxananın qarşısını təmizləyirdi. Bu zaman İxtiyarın yanına qəssab kimi tanıdığı Şamo adlı şəxs gəlmişdir. Şamo İxtiyardan borcunu istəmiş, İxtiyar isə Şamoya olan borcunu vermişdir. Bu zaman Kərəm İxtiyar ilə ucadan danışırdı. Şamo isə Kərəmə bazarda çoxlu sayda insanların olduğunu və Kərəmə söyüşlə danışmamağı bildirdi. Bu zaman Kərəm Şamoya danışığınının Şamoya aidiyyatı olmadığını bildirmişdir. Şamo isə Kərəmə nalayiq formada “sən nə kimsən ki, mənlə bu tərzdə’’ danışırsan demişdir. Bu sözdən sonra Kərəm anidən, Şamonun üzərinə hücum etmiş və əlində olan bıçaqla Şamonun kürək nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Daha sonra onlar qəssabxananın qarşısında olan vitrinlərin üzərinə yıxılmışdır. Həmin vaxt İxtiyar Kərəm və Şamonu ayırmışdır. Bundan sonra onlar Kərəm və Şamonu sakitləşdirdilər. Daha sonra Şamo və Kərəm çıxıb getmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəldilər. Həmçinin o verilən suallara cavab olaraq Kərəm və Şamo arasında mübahisənin 3-4 dəqiqə davam etdiyini, onların arasında mübahisənin Kərəmin bazarın daxilində söyüş söyən zaman Şamonun Kərəmə söyüş söyməməyi üçün irad bildirməsi səbəbindən yaranmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 06.11.2020-ci il tarixdə saat 18 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid5 və Şahid4 Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarda xidmətdə olan zaman bazarın giriş qapısı tərəfdən ucadan səs-küy gəldiyini eşitmişlər. Onlar dərhal səs-küy gələn tərəfə getmişlər. Həmin yerə çatan zaman İxtiyar adlı şəxsə məxsus qəssabxananın qarşısında 8-10 nəfər şəxslərin toplaşdığını görmüşlər. Onlar həmin şəxslərdən nə baş verdiyini soruşan zaman orada olan şəxslər, İxtiyar adlı şəxsin yanında işləyən Kərəm adlı şəxsin tanımadıqları şəxslə dava-dalaş etdiyini və Kərəmin həmin şəxsə bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Onlar həmin şəxsin kim olması barədə maraqlandıqda, həmin şəxsin Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 7 saylı tam orta məktəbin yaxınlığında yerləşən qəssabxanada qəssab işlədiyini və adının Şamo olduğunu öyrənmişlər. Onlar hadisə yerinə çatan zaman Kərəm və Şamo hadisə yerində olmamışlar. Hadisə yerinə baxan zaman qəssabxananın qarşısında yerləşən bağlı vitrinlərin üzərində və yerdə qan izləri olduğunu görmüşlər. Bundan sonra onlar dərhal Mingəçevir ŞPŞ-nə məlumat vermişlər. Aidiyyatı üzrə polis əməkdaşları hadisə yerinə gələnə qədər onlar hadisə yerinin mühafizəsini təşkil etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşları, Şahid4 və Şahid5 Şahid6 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 06.11.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi bazarın daxilində qəssabxananın qarşısında yerləşir. Mərkəzi bazara aptek tərəfdən giriş qapısından daxil olan zaman sağ tərəfdə qəssabxana yerləşir. Qəssabxana yerdən 1 metr hündürlükdə qırmızı rəngli kafel örtüklə örtülmüşdür. Həmin qırmızı örtüklü kafelin üzərindən qəssabxana boyu şüşə aynəbətdir. Qəsabxananın yuxarı hissəsində “mal əti, qoyun əti” reklamı vardır. Qəsabxananın qarşısında yerdə qan izləri vardır. Qəsabxananın qarşısında və sağ tərəfdə bazarda gündəlik tələbatların satışı ilə məşğul olan şəxslərə aid piştaxtalar vardır. Həmin piştaxtaların üzəri örtüklə bağlanmışdır. Qəssabxananın qarşısında olan üzəri örtüklə bağlanmış piştaxtanın üzərində qan ləkələri vardır. Bazara giriş qapısından daxil olanda sol tərəfdə isə qapılar bağlı olan obyektlər vardır. Hadisə yerinə baxış zamanı və piştaxda üzərində qan ləkələri aşkar olunmamışdır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq yerdə aşkar olunmamışdır. Hadisə yerinə baxış qaranlıq hava şəraitində keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunub götürülməmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12.11.2020-ci il tarixli 773 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər təpə və kürək nahiyyələrində yaralar kəsici deşici əşyanın, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 06.11.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan 12.12.2020-ci il tarixli, könüllü gəlib cinayəti etiraf etmə barədə protokoldan görünür ki, Adgözəlov X4 ŞPŞ nə gələrək 06.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda X1 aralarında yaranmış mübahisə zamanı qəssabxanada olan bıçaqla bir dəfə xəsarət yetirdiyini bildirərək törətmiş olduğu cinayət əməlini könüllü etiraf etmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12 noyabr 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 12 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 14 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14.11.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan 06.11.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri,H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi zamanı hadisəni görən şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə 15.11.2020-ci il tarixdə verilmiş əməliyyat tapşırığına 27.11.2020-ci il tarixdə verilmiş cavabdan görünür ki, 06.11.2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxsun Mingəçevir şəhəri H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman hadisəni görən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan 01.02.2021-ci il tarixli, “sübutların qitmətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması, həmçinin Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması, tam sübuta yetirildiyindən, onun əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaq orqanın mövqeyi ilə ona görə razılaşmır ki, hazırkı işin faktiki hallarına görə Təqsirləndirilən şəxs oğlu ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nalayiq formada irad bildirməsi olmuşdur. Belə ki, hadisə baş verən gün zərərçəkmiş şəxs İxtiyar adlı şəxsin işlədiyi Mingəçevir şəhəri, Mərkəzi bazarda yerləşən qəssabxanadan 3 gün öncə nisyə verdiyi 30 kiloqram mal ətinin pulunu almağa getmişdir. O, qəssabxananın qarşısına çatan zaman İxtiyarın qəssabxananın qarşısında stulda əyləşdiyini, İxtiyarın yanında qəssab işləyən Təqsirləndirilən şəxs isə ayaqüstə əlində olan qab-qacaqları qəssabxanaya qoyduğunu görmüşdür. Zərərçəkmiş şəxs qəssabxananın sahibi İxtiyar adlı şəxsdən 3 gün öncə nisyə verdiyi mal ətinin pulunu istəmişdir. İxtiyar da 310 manat pulu sayıb zərərçəkmiş şəxsə vermişdir. Zərərçəkmiş şəxs İxtiyardan pulu alıb getmək istərkən, təqsirləndirilən şəxsin qəssabxananın qarşısında İxtiyarla sözlə mübahisə etdiyini eşitmişdir. Həmin vaxt zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə bazarda ucadan danışdığına görə öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs isə bu söhbətin ona aidiyyatı olmadığını bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs yenidən təqsirləndirilən şəxsə daha nalayiq formada irad bidirmiş və bu zəmində onlar arasında mübahisə və dava-dalaş baş vermişdir. Nəticədə, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilmişdir. Göründüyü kimi münaqişə şəxsi münasibətlər zəminində baş verməsə də, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Həmin vaxt təqsirləndirilən şəxsin hərəkətləri yalnız zərərçəkmiş şəxsin onun ünvanına söylədiyi nalayiq ifadəyə görə yalnız zərərəçəkmiş şəxsə qarşı yönəlmişdir. Həmin vaxt təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların, hətta Mingəçevir şəhər Mərkəzi bazarının normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi əsassızdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Belə olan halda təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, onun əməli xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında xuliqanlıq cinayət əməlinin əlamətlərini açıqlayaraq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda formalaşmış hüquqi mövqelərə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərədə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və sonrakı əlbəyaxa dalaşma zamanı Zərərçəkmiş şəxs İsmayıl oğlunun sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsi, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarın daxilində işlədiyi Şahid1 məxsus qəssabxanada 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ucadan danışdığına görə həmin qəssabxanaya Şahid1 borcunu almaq üçün gələn Zərərçəkmiş şəxs ona nalayiq formada irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı qəssabxanadan götürdüyü istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol tərəf kürək nahiyəsindən bir zərbə vurub, onunla əlbəyaxa olaraq onu qəssabxananın içərisində olan vitrinin üzərinə yıxaraq Zərərçəkmiş şəxs təpə və kürək nahiyəsinin kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128–ci maddəsinə tövsif edilməli və o, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, təqsirləndirilən şəxsin CM-in 128-ci maddəsi ilə təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilsə də, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs oğlu 17.02.2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-2827 nömrəli reyetrdə qeydə alınmış ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, ondan heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 18.11.2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Mənzil X3 tərəfindən 11.12.2020-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Yataqxana komendantlığına heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, Təqsirləndirilən şəxs oğlu isə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarını, cinayət prosesi tərəflərinin barışmasını əsas tutaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinin və onun barəsində olan cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsaəsən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla cinayət işi üzrə işin icraata xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması mümkün sayılır. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin xarakterini dərk edərək ictimai təhlükəli əmələ yol verdiyini bilmiş, zərərçəkmiş şəxsə vurduğu əmələ görə peşman olduğunu bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə edərək barışmışdır. Bununla da Təqsirləndirilən şəxs oğlu törətdiyi cinayətin zərərli nəticələrini aradan qaldırmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar