Məhkəmə qərarları › İş №1(051)-6/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-6/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-6/2020 16.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X1, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbacan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 3- A mənzil 15-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 23.37 qram olan narkotik vasitə-həşişi və 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.840 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “5+” supermarketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis şöbəsinin əməkdaşları tərəfindən təmiz çəkisi 23,37 qram olan narkotik vasitə olan həşiş əynindəki tünd göy rəngli cins şalvarın sol arxa cibindən, təmiz çəkisi 0,840 qram heroin isə əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx xxx 2019-cu il tarixdə saat 13:00 radələrində Nizami küçəsində “5+” supermarketin yanından keçən zaman polis əməkdaşları ona yaxınlaşaraq fiziki təsir göstərməklə polis şöbəsinə gətirdilər. Ona bildirildi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat vardı. O, etiraz etsə də, yenə də polis şöbəsində ona fiziki təsir edilərək cibinə narkotik vasitə qoyuldu və ona deyildi ki, indi kamera qarşısına çıxarılacaq, etiraf etsin ki, həmin narkotik vasitələr ona məxsusdur. Bir neçə saatdan sonra şöbəyə vəkil dəvət olundu. Vəkilin iştirakı və kamera çəkilişi ilə üstünə baxış keçirilməyə başlandı. Ona göstərilmiş hədə-qorxu və psixoloji təsir nəticəsində, üstünə qoyulmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdi. Ancaq götürülmüş kütlələrin çəkilməsi və qablaşdırılmasının video-çəkilisi aparılmadı. Narkotik vasitənin götürülməsi barədə protokol tərtib edildi. O da protokola imza etdi. Lakin üzərinə qoyulmuş narkotik vasitələrin çəkilməsi, bükülməsi onun iştirakı ilə aparılmamışdı. Bükümün üzərindəki imza da ona məxsus deyil. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdi ki, xx.xx.2019cu il tarixdə saat 14:00 radələrində Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin sanitar qovşağında yerdən 1 ədəd sellofana bükülmüş büküm və 1 ədəd qara rəngli kağıza bükülmüş büküm görüb götürdü. Həmin bükümləri götürüb baxarkən sellofan bükümün içindəkinin narkotik vasitə olan həşiş və qara rəngli kağız bükümün içindəkinin narkotik vasitə olan heroin olduğunu tanıdı. Çünki özü narkotik vasitələrdən istifadə etmişdi. Sonra özü istifadə etmək məqsədi ilə həmin bükümləri əynində olan tünd göy rəngli şalvarın cibinə qoyaraq gizlətdi. xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhəri Nizami küçəsində “5+” supermarketin yaxınlığında piyada gedirdi. Tapdığı narkotik vasitə də cibində idi. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirdilər. Üzərinə baxış keçirilərkən tapdığı bükümlər əynindəki şalvarın cibindən aşkar olunub götürüldü. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2019-cu il tarixdə saat təxminən 16:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşıları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Nizami küçəsində “5+” supermarketin yaxınlığında olarkən görüb ona yaxınlaşdılar. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə vəkil də dəvət olundu. Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Bundan sonra vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1ədəd sellofan büküm və şalvarın sol yan çibindən 1 (bir) ədəd qara rəngli kağız büküm aşkar olundu. Həmin bükümlər açılarkən qara rəngli kağız bükümünün içərisində heroinə oxşar kütlə, sellofan bükümün içərisində isə həşişə oxşar kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükümlərin içərisindəkinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2019-cu il tarixdə saat 14:00 radələrində Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin sanitar qovşağında yerdən taparaq özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirdi. Şahidlər Şahid2 və Şahid3 da məhkəmə iclasında Şahid1 ifadəsinə uyğun ifadə verdilər. Mingəçevir şəhər PŞ-nin TB-nin baş təhqiqatçısı Vaqif Əliyev məhkəmə iclasında bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında şübhə doğurduğu üçün polis şöbəsinin əməkdaşları tərəfindən xx xxx 2019-cu ildə saat 16:00 radələrində Nizami küçəsində yerləşən “5+” supermarketin yanında saxlanılaraq polis şöbəsinə gətirilmişdi. Dərhal vəkil dəvət olunaraq vəkilin və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə baxış keçirildi. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs həm o, həm də vəkili ona kənardan kimsə tərəfində təsir olunması, hədə-qorxu olunub-olunmaması soruşuldu, Təqsirləndirilən şəxs da ona heç bir təsir olmadığını bildirdi. Baxış keçirilib qurtardıqdan sonra baxış keçirilmə və aşkar olunmuş narkotik vasitəyə oxşar kütlənin götürülməsi ilə bağlı protokol yazıldı, protokol Təqsirləndirilən şəxs, vəkili Kamil Yunusov və digər iştirak edən şəxslər tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlələr zərfə qoyularaq möhürləndi. Hesab edir ki, zərfin üzərindəki imza Seymurun öz imzasıdır, ancaq qəsdən başqa formada imza etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib qurtardıqdan sonra mübahisə olmadığına görə həmçinin, işin çoxluğu ilə əlaqədar götürülmüş sübutların qablaşdırılması, zərfə qoyulması, möhürlənməsinin video çəkilsi aparılmamışdır. İşin 24-25-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd 50 manat, 5 ədəd 10 manat, 3 ədəd 5 manat və 6 ədəd 1 manatlıq əskinaz, əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd açılmamış Rothmans markalı siqaret paketi, qara rəngli gödəkcənin sol yan cibindən içərisində siqaret olan Rothmans markalı siqaret paketi və bir ədəd göy rəngli alışqan, əynindəki tünd göy rəngli cins şalvarın sağ arxa cibindən cib dəsmalı, əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd qara kağıza bükülmüş büküm, əynindəki tünd göy rəngli cins şalvarın sol arxa cibindən içərisində narkotik vasitə həşişə oxşar kütlə olan bir ədəd sellofan büküm aşkar olundu. Sellofan bükümü açdıqda bükümün içərisində narkotik vasitə həşişə oxşar kütlə, bir ədəd qara kağıza bükülmüş bükümü açdıqda isə içərisində heroinə oxşar kütlə olması aşkar olundu. İşin 36-37-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 287 №li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara rəngli kağız bükümdə, təmiz çəkisi -0.840 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərisindəki 01 (ədəd) şəffaf sellofan bükümdə, təmiz çəkisi 23.37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişdir. Təhqiqata heroinə sərf edildi 0.05 qram, qalıq 0.790 qram. Həşişdən təhqiqata sərf edildi 0.10 qram, qalıq 23.27 qram. İşin 107-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 521 saylı xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə verilmiş sorğuya cavab olaraq Mingəçevir şəhər polis şöbəsinin 11 sentyabr 2019-cu il tarixli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs “Səməd” təxəllüslü məxfi əməkdaşın xx.xx.2019-cu il tarixdə verilmiş olduğu “Məxfi əməkdaşlardan alınan agentura məlumatlarının uçotu jurnalı”nda qeydiyyata alınmış məlumatına əsasən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə Mingəçevir şəhər polis şöbəsinə və Mingəçevir şəhər “5+” supermarketlər şəbəkəsi” MMC-yə müşahidə kamerasının yaddaşında olan görüntülərin məhkəməyə təqdim edilməsi barədə məktuba cavab olaraq MMC-nin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, müşahidə kameralarının yaddaş həcmi kiçik olduğuna görə görüntüləri 7 gün müddətində yaddaşda saxlayır. Bu səbəbdən xx xxx 2019-cu il tarixdə olan görüntülər hal-hazırda müşahidə kameralarının yaddaşında mövcud deyil. Mingəçevir şəhər polis şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli cavab məktubunda göstərilir ki, xx xxx 2019-cu il tarixdə müşahidə kameraları işlək vəziyyətdə olsa da hal-hazırki tarixədək kameranın yaddaşında həmin görüntülər qalmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə xx xxx 2019-cu il tarixdə təqsirləndirilən şəxsin saxlanılmasında və polis şöbəsinə gətirlməsində iştirak etmiş Cinayət Axtarış bölməsinin əməliyyatçıları Şahid1 Məhyəddin oğlu, Şahid2 və Kərimov Fərid İbrahim oğlunun hansı saatda hadisə yerində olmalarını istifadələrində olan mobil telefon nömrələri vasitəsi ilə müəyyən etmək məqsədilə qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qərarın icrası ilə əlaqədar “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli və “xxxx” TElekom MMC-nin xx xxxxxx 2019-cu il tarixli cavab məktublarına əlavə edilmiş məlumatlarla əməliyyatçılarların qeyd edilən gün olduqları yeri dəqiqləşdirmək mümkün olmadı. Təqsirləndirilən şəxsin vəsatəti əsasında məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxx 28699 №li rəyində göstərilir ki, Azərbaycan Respublikası DİN-nin 76 №li möhürü ilə möhürlənmiş zərf üzərində “Təqsirləndirilən şəxs” adı və soyadı qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Dövlət ittihamçısının vəsatətilə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının 5054№ li xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilir ki, video çəkiliş zamanı Təqsirləndirilən şəxs özünü normal şəkildə aparmaqla verilən suallara sərbəst və rahat şəkildə cavablar verir. Təqsirləndirilən şəxs Eldar oğlunun həmin vaxt emosional halında hər hansı ekstremal dəyişikliklər-emosional gərginlik və affekt (güclü ruhi həyəcan vəziyyəti) halında olması müşahidə olunmur. Təqsirləndirilən şəxs vizual görünüşündə və davranışında kənar psixoloji təsir əlamətləri üzə çıxmır. Təqsirləndirilən şəxs video çəkiliş zamanı dindirilərkən ona verilən suallarda psixoloji təsir (hədə-qorxu, şantaj, təhdid, manipulyasiya) əlamətləri müşahidə olunmur. Azərbaycan Respublikası DİN-nin76 №li möhürü ilə möhürləmiş zərf üzərindəki müdafiəçinin imzasına baxış keçirilməsi ilə bağlı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti ilə məhkəmə iclasına dəvət olunmuş, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Mingəçevir şəhər vəkil bürosunun vəkili Kamil Yunusovun xx xxxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilir ki, Mingəçevir şəhər polis şöbəsində Təqsirləndirilən şəxs haqqında araşdırma aparılarkən şübhəli şəxs qismində tutulduğu vaxtdan istintaq dövründə onun müdafiəçisi olmuşdur və Azərbaycan Respublikası CPMnin müəyyən etdiyi normalar daxilində hüquqlarını müdafiə etmişdir. İştirak etdiyi istintaq hərəkətlərində, yaxud cinayət işinin materiallarında cinayət-prosessual qanun vericiliyin tələblərinin pozulması hallarını müşahidə etməmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsi onun müdafiəçi kimi dindirilməsini qadağan edir. Məhkəmənin soğusuna əsasən Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin rəisinin 20№ li xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan, maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair baş əməliyyat müvəkkili Emir Cavadov və ekspert Ənvər Əsədullayevin iştirakı ilə tərtib edilmiş xx xxx 2019-cu il tarixli aktın surətindən və Qeydiyyat kitabının müvafiq vərəqinin surətindən görünür ki, HK-1/735 №li material, narkotik maddə - 01 ədəd kağız bükümdə, bitki mənşəli kütlə -01 ədəd sellofan bükümdə xx xxx 2019-cu ildə saat 20:20-də qəbul edilmiş, xx xxx 2019-cu ildə saat 21:05-də qaytarılmışdır. Sorğu əsasında məhkəməyə göndərilmiş Mingəçevir şəhər PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın təsdiq olunmuş müvafiq vərəqlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdə saat 16:10-da polis şöbəsinə gətirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 23.37 qram olan narkotik vasitə-həşişi və 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.840 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2019-cu il tarixdə saat 16:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Nizami küçəsində yerləşən “5+” supermarketin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis şöbəsinin əməkdaşları tərəfindən təmiz çəkisi 23,37 qram olan narkotik vasitə olan həşiş əynindəki tünd göy rəngli cins şalvarın sol arxa cibindən və təmiz çəkisi 0,840 qram heroin isə əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünümüdafiə xarakteri daşıyır, şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri və işdə olan digər sübutlarla təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs Seymur Rüstəmovun şübhəli şəxs kimi saxlanılaraq müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman üstündən götürülmüş bükümlərdəkinin narkotik vasitə olduğunu, onları tapdığını, özü istifadə etmək üçün saxladığını etiraf etmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılması və eləcə də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətə baxılması üçün məhkəməyə çıxarılması zamanı keçirilən məhkəmə iclaslarında da ona elan olunmuş ittihamla razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində şübhəli şəxs kimi saxlanılan zaman və üzərində baxış keçirilməmişdən əvvəl ona fiziki təsir edilməsi, hədəqorxu gəlinməsi, psixoloji təsir göstərilməsi səbəbindən üzərinə qoyulmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirməsini göstərdi. Lakin iş üzrə keçirilmiş məhkəmə psixoloji ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs video çəkiliş zamanı özünü normal şəkildə aparmaqla verilən suallara rahat və sərbəst şəkildə cavablar verir, ona verilən suallarda psixoloji təsir(hədə-qorxu, şantaj, təhdid) əlamətləri müşahidə olunmur. Bundan əlavə təqsirləndirilən tərəf şübhəli şəxs kimi üzərinə baxış keçirilərkən video çəkiliş sona qədər aparılmadığına, yəni narkotik vasitəyə bənzər kütlələrin qablaşdırılmasının video-çəkilişi aparılmadığına və eləcə də kütlələrin qablaşdırıldığı zərfin üzərində olan imzanın təqsirləndirilən şəxsə məxsus olmadığına görə həmin kütlələrin sübut kimi qəbul olunmasına etiraz etmişdir. Şübhəli şəxs kimi üzərinə baxış keçirilən zaman təqsirləndirilən şəxsin üzərindən içərisində narkotik vasitəyə bənzər kütlələr olan bükümlərin götürülməsi video-çəkilişlə aparılmış, sonra təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakı ilə həmin vaxt şəxsi axtarış və götürmə protokolu tərtib edilmiş, götürülmüş kütlələrin zərfə qoyulub qablaşdırılması barədə həmin protokol onlar tərəfindən imzalanmışdır. İş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, həmin kütlələr narkotik vasitətələrdir. Bundan əlavə təqsirləndirilən şəxs əvvəl ifadəsində video-çəkiliş zamanı üstündən götürülən bükümlərin əvvəldən onun cibinə qoyulmasını, həmin bükümlərin ona məxsus olmadığına bildirmiş, sonradan isə həmin bükümlərdən olan kütlələrin narkotik vasitə olubolmamasını müəyyən etmək üçün götürmənin düzgün aparılmamasına görə həmin kütlələrin sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi, etirazı əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 84-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşin 111-ci vərəqində olan Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2016-cıil tarixli, 1(044)-30/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 104-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 71-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx xxx 2019-cu ildən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İşin 87-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, müdafiəçi X2 vəsatəti təmin olunmuş, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 153-cü vərəqində olan məhkəmənin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Seymur Rüstəmova azadlıqdan məhrum etmə cəzası təyin edilən zaman onun həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 23,27 qram narkotik vasitə olan həşiş və 0,790 qram narkotik vasitə heroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərcləri olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat və 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 98 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixə kimi həbsdə olduğu və xx xxxx 2019-cu ildən xx xxxxxx 2020-ci il tarixə kimi ev dustaqlığında olduğu 1 (bir) il 6 (altı) ay müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərcləri olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat və 60 (altmış) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 23,27 qram narkotik vasitə olan həşiş və 0,790 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 98 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar