Məhkəmə qərarları › İş №1(051)-61/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-61/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-61/2023 12.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Konsensus vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə: növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, həmçinin məlum olmayan şəraitdə və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,495 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan əynindəki qırmızı rəngli jaketin sol yan cibində gizlədib saxlayaraq üzərində daşımış və həmin gün saat 13:40 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən binanın yaxınlığında yerləşən fərdi yaşayış evlərinin qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14:05 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki qırmızı rəngli jaketin sol yan cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər «marixuana» adlanan narkotik vasitəsindən istifadə etmişdir. 26 yanvar 2023-cü il tarixdə şəhər xəstəxanasında yatan anasının yanına gedərkən, polis əməkdaşları ona yaxınlaşmış və onu Mingəçevir ŞPŞ-nin inzibati binasına aparmışlar. Həmin vaxt polis əmkdaşı Şahid2 onun cibimə narkotik vasitəsi qoyaraq, onlarla razılaşmasını, əks halda külli miqdarda narkotik vasitə ilə həbs olunacağını bildirmişlər. O da anasının xəstə olduğuna və ondan başqa kimsəsi olmadığına görə məcburiyyət qarşısında razılaşmışdır. Həmin vaxt Fariz ona narkotik vasitə hesab olunan «marixuana»nı göstərmiş, lakin üzərinə video çəkilişlə baxış keçirilərkən, ona verilən bükümün içərisindən «kokos», yəni «heroin» çıxarılmışdır. O, söz verdiyinə görə etiraz etməmişdir. Bununla belə o, avtomaşında olan vaxt polis əməkdaşı Şahid2 etiraz etmiş, lakin sonuncu ona qarşı qərəzli olmuşdur. Ondan başqa Şahid2 o, polsin nəzarətində olan, hətta iş məhkəmədə baxılan vaxtlarda da onun yenidən həbs edəcəyi ilə bağlı hədələmişdir. Hesab edir ki, o, narkotik vasitə istifadəçisi olsa da, həmin vaxt onun üzərində heroin olmamışdır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Bununla belə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində hazırda yaşadığı ünvan 5 ünvanından çıxıb öz işi ilə əlaqədar şəhərin 20 Yanvar küçəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında piyada gəzəgəzə gedərkən səkinin kənarından bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü görüb dayanmış, əyilib həmin qutunu yerdən götürərək açıb içərisinə baxanda içərisindəkinin 1 (bir) ədəd kağıza bükülmüş bükümdə olan narkotik vasitə olan heroin olmasını anlamışdır. O, heroindən istifadə etdiyinə görə bükülünün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükülünü özü ilə götürmüşdür. Həmin narkotik vasitəni daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi qırmızı rəngli jaketin sol yan cibinə qoyaraq gizlətmişdir. İçərisində narkotik vasitə heroin olan bükülüdən az miqdarda istifadə etməyə fürsət tapmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində mən ünvan 2 ünvanında yerləşən binanın arxasında gəzişən zaman xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında piyada gəzərkən səkinin kənarından tapdığı narkotik vasitə olan heroin də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X4 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2023-cü il tarixdə saat 14:05 radələrində vəkil X1 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, bir ədəd alışqan və cib dəsmalı, gödəkçənin içəri sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qırmızı rəngli jaketin sol yan cibindən isə 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə, içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd heroin kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 0,72 ( sıfır tam yüzdə yetmiş iki) qram olmuşdur. Hamin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 26 yanvar 2023-cü il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2023-cü il tarixdə saat 13:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, V.Abdullayev 2 ünvanında yerləşən binanın qarşısında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Rzayev X3 ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X4 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, bir ədəd alışqan və cib dəsmalı, gödəkçənin içəri sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qırmızı rəngli jaketin sol yan cibindən isə 1 ədəd gümüşü ağ rəngli kağız bükümdə, içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə aşkar olunmuşdur. Aşkar edilən kağız bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin çəkisi 0,72 ( sıfır tam yüzdə yetmiş iki) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində hazırda yaşadığı şəhərin V.Abdullayev küçəsi 8 mənzil 40 ünvanından çıxıb öz işi ilə əlaqədar şəhərin 20 Yanvar küçəsi ilə şəhər mərkəzi xəstəxanasının yaxınlığında piyada gəzərkən səkinin kənarından bükülünün içərisində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi qırmızı rəngli jaketin sol yan cibinə qoyub gizlədərək üstündə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin polis nəfəri Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə heroinin üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsində polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşı Şahid2 tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və üzərindən heroin aşkar edilməsini etiraf etməsini ondan tələb etdiyini, bununla da o, pis rəftara məruz qaldığını bildirmişdir. Belə ki, onun üzərində video çəkilişlə şəxsi axtarış keçirilən vaxt əynindəki qırmızı rəngli jaketin sol yan cibindən 1 ədəd gümüşü ağ rəngli kağız büküm aşkar olunarkən, həmin narkotik vasitənin özünə məxsus olduğunu çəkiliş zamanı müdafiəçinin yanında etiraf etmiş, hətta müdafiəçi soruşduqda da döyülmədiyini və hər hansı bir zorakılığa məruz qalmadığını, həmçinin üzərindən çıxan narkotik vasitə olan heroinin ona məxsus olduğunu təkrarən bildirmişdir. Bununla belə zorakılığa məruz qalması ilə bağlı aidiyyatı orqanlara müraciət etməmişdir. Bütün bu xüsusatlar o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla, yəni CD diskdə olan vedo çəkilişlə, həmçinin çarpaz dindirmə zamanı şahid ifadələri ilə təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 26 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında və baxış haqqında protokollardan görünür ki, qeyd edilən gün saat 14:05 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “Arqo” adda siqaret qutusu, bir ədəd alışqan və cib dəsmalı, gödəkçənin içəri sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, əynindəki qırmızı rəngli jaketin sol yan cibindən isə 1 ədəd gümüşü ağ rəngli bükümdə içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli, 0,72 ( sıfır tam yüzdə yetmiş iki) çəkidə olan narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17\103 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ....kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi - 0.495 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 293 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə ilkin təmiz çəkisi 0,495 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroindən məhkəmə-kimyəvi ekpertizasımn tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,445 qram olan narkotik vasitə - heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə hesab edilən “heroin”i əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, o, istintaqa məlum olmayan mənbədən, həmçinin məlum olmayan şəraitdə və vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,495 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan əynindəki qırmızı rəngli jaketin sol yan cibində gizlədib saxlayaraq üzərində daşımış və həmin gün saat 13:40 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən binanın yaxınlığında yerləşən fərdi yaşayış evlərinin qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 14:05 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki qırmızı rəngli jaketin sol yan cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il tarixdə doğulmuş Aysu adlı yetkinlik yaşına çatmayan və xx.xx.2015-ci il tarixdə doğulmuş Ramal adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər 12 saylı MİS tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mingəçevir şəhər 12 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mİngəçevir və Yevlax rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi–0,495 qram olan, müəyyən hissəsi ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 0,445 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz qalıq çəkisi 0,445 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 ( doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar