Məhkəmə qərarları › İş №1(051)-62/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-62/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-62/2025 01.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, xx.xx.2024-cü il tarixdə saat 23:45də ayıq vəziyyətdə idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində «AtaBank»ın qarşısında yerləşən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmadan qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndini pozaraq həmin maddənin tələblərinə əsasən 1.1- 1.3 xətlərini kəsib keçmək qadağan olduğu halda sürücülük vəsiqəsi olmadan, həmçinin manevri təhlükəsiz etmədən, hərəkətin digər iştirakçıları üçün maneə yaratmaqla 1.3 nişanlama xəttini kəsib geri istiqamətdə hərəkət edərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsinin toqquşmasına səbəb olaraq ehtiyatsızlıqdan «X10» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs alt çənə sümüyünün cisminin sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2015-ci ildən sağlamlığında olan problemlərə görə İ qrup əlil kimi qeydiyyata alınmışdır. «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil əlil olduğu üçün dövlət tərəfindən 2019-cu ilin dekabr ayında ona təqdim olunmuşdur. Həmin vaxt onun qeyd olunan avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatmışdır. Sürücülük hüququnu almaq üçün yenidən müraciət etsə də, sağlamlığında olan problemlərə görə ona İ qrup əlillik dərəcəsi verildiyindən ona sürücülük hüququ verilməmişdir. Həmin vaxtdan sonra o, həmin avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Belə ki, o, qeyd olunan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ata Bank’hn qarşısında dayanaraq müştəri gözləsə də, heç kim gəlmədiyindən, təxminən saat 23:45 radələrində avtomobili işə salıb asfalt yolda geri istiqamətə hərəkət edərək yaşadığı evə getmək istəmişdir. Hərəkətə başlayan zaman H.Əliyev prospektində işıqforun qırmızı işığının yanmasını görmüş və avtomobil gəlməyəcəyini güman edərək yolun hərəkət hissələrini ayıran qoşa düz xətti kəsib geri istiqamətdə hərəkət etmək istəmişdir. Təxminən 10 km/saat surətlə avtomobili hərəkət etdirmişdir. Həmin vaxt H.Əliyev prospektində Zərərçəkmiş şəxs idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil H.Əliyev prospektində işıqforun qadağanedici qırmızı işığına məhəl qoymadan hərəkətini davam etdirərək yolun ortasında olan qoşa düz xəttin üzərində idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onun idarə etdiym avtomobilin sol yan hissəsindən vurmuşdur. Həmin vaxt o, avtomobilin gəlməsini görməmişdir. Belə ki, işıqforun qırmızı işığı yandığından o, arxa tərəfədən onun hərəkəti ilə eyni istiqamətdə olan hissədə hər hansı avtomobilin gələ biləcəyini düşünməmişdir. Hadisədən sonra idarə etdiyi avtomobil zərbənin təsirindən yolun sağ tərəfi istiqamətində hərəkət edərək yolun kənarındakı bardürün üzərinə çıxmışdır. Sonra keçirilmiş tibbi müayinə zamanı ayıq vəziyyətdə olması məlum olmuşdur. Verilən suallara cavab olaraq o, yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni xx.xx.2024-cü il tarixdə sürücülük hüququnun olmadığını qeyd etmişdir. Belə ki, ona avtomobil idarə etmə hüququ verən BC kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Sonradan da hüquq əldə etmək üçün müraciət etsə də, sağlamlığına görə ona sürücülük hüququ verilməmiş və o, həmin vaxtdan etibarən avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman geriyə dönmə əməliyyatını icra etdiyindən hərəkət surəti təxminən 10 km/saat olduğunu, hadisə baş verən zaman avtomobildə sərnişin və ya hadisəyə səbəb ola biləcək başqa yük olmadığını və hadisə baş verən zaman spirtli içki qəbul etmədiyini bildirmişdir. Həmçinin o, «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs işıqforun qırmızı işığında hərəkətini dayandırmalı olmasına baxmayaraq avtomobilin hərəkətini davam etdirdiyindən yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona bəraət verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, özü və atası Qarabağ Müharibəsi veteranıdırlar. Qardaşı isə İİ Qarabağ Müharibəsində şəhid olmuşdur. Hadisə ilə əlaqədar olaraq qeyd etmişdir ki, «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil anası X3 adına olsa da, həmin avtomobili o və atası X9 idarə etmişdir. Lakin onun həmin avtomobili idarə etmək üçün sürücülük hüququ olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə şəhərin mərkəzindən, yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi istiqamətində hərəkət etmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospektində “Atabank”-ın yaxınlığında olan işıqfora çatanda artıq işıqforun sarı işığı sönüb qırmızı işığı yanırmış və o, yolun hərəkət hissəsində başqa avtomobil olmadığını görərək işıqforun qırmızı işığında keçərək hərəkətini davam etdirmişdir. Həmin vaxt onun hərəkəti istiqamətində yolun sağında Təqsirləndirilən şəxs idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Lakin həmin avtomobil qəflətən yolun hərəkət hissəsinə onun qarşısına çıxaraq geriyə doğru dönmə əməliyyatını icra etmək istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əks hərəkət zolaqlarını ayıran qoşa düz xətti kəsib keçən zaman o, avtomobilini sola doğru çəkərək hadisənin qarşısını almağa çalışasa da bu mümkün olmamış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq hissəsi toqquşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil yolun sağ tərəfində olan bardürə dəyərək dayanmışdır. Bundan sonra hadisə yerinə Mingəçevir ŞPŞ- nin DYPB-nin əməkdaşları gələrək müvafq sənədləşmələr aparmışlar. Hadisə baş verən zaman zərbənin təsirindən onun çənəsi avtomobilin sükanına dəysə də, xəsarət yeni olduğundan bunu anlaya bilməmişdir. Həmçinin müalicəsi ilə əlaqədar olaraq Bakı şəhərinə getdiyindən çənəsinə görə müayinələrdən keçməmişdir. Lakin hadisədən bir müddət sonra çənəsində şiddətli ağrılar hiss etməyə başlamışdır. Buna görə də müayinə olunmaq üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmiş və nəticədə çənəsində qırığın olmasım bilmişdir. Verilən suallara cavab olaraq o, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili təxminən 60- 70 km/ saat surətlə hərəkət etdirdiyini bildirmişdir. O, «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi barədə həm anası Gülnarə Orucovanm, həm də atası Əmir Orucovun məlumatı olduğunu bildirmişdir. O, hadisənin baş verməsinə səbəb kimi Mingəçevir şəhəri, H.Əliyev prospektində şəhərin çıxışı istiqamətində hərəkət edərkən “Atabank”-ın yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə əks hərəkət istiqamətlərini ayıran qoşa düz xətti kəsib keçərək geriyə dönmə əməliyyatını icra etməsi olduğunu qeyd etmişdir. Eyni zamanda o, hadisə zamanı spirtli içki qəbul etmədiyini, hadisə baş verən zaman avtomobili idarə etmək üçün sürücülük hüququnun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin DYPB-nın axtarış üzrə inspektoru X5 ifadəsində göstərdi ki, o, 1998-ci ildən DİO-da xidmət edir və 2020-ci ildən Mingəçevir Şəhər Polis X14 Polisi Bölməsinin axtarış üzrə inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 23:45 radələrində xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin H.Əliyev prospektində yerləşən “Ata Bank”ın qarşısındakı asfalt yolda 2 avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rzaqulu oğlu idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsində sağ tərəfdən H.Əliyev prospektində qarşı hərəkət zolaqlarını ayırmaq üçün çəkilmiş qoşa xətti kəsib geri dönmə əməliyyatını icra edən zaman H.Əliyev prospekti ilə şəhərin mərkəzindən şəhərin çıxışı Xaldan şossesi istiqamətində hərəkət edən işıqforun qırmızı işığının yanmasına baxmayaraq hərəkətini davam etdirən Zərərçəkmiş şəxs idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Bundan sonra «X10» markalı avtomobilin qabaq hissəsi ilə «KHAZAR LX» markalı avtomobilin sol yan hissəsi toqquşmuş və zərbənin təsirindən «KHAZAR LX» markalı avtomobil yolun sağ tərəfindən olan bardürün üzərinə çıxaraq dayanmışdır. Həmin vaxt baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücülər xəsarət almadıqlarını bildirdiklərindən, onların barəsində qanunvericliyə uyğun olaraq tədbirin görülməsi üçün baş vermiş yol- nəqliyyat hadisəsinə dair müvafiq sənədləşmələri həyata keçirmişdir. Bundan sonra sürücülər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji dispanserinin həkimləri tərəfindən müayinə edilmişlər və müayinə zamanı sürücülərin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmaları aşkar edilmişdir. Həmin həmin vaxt hər iki sürücü Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs avtomobil idarə etmək üçün sürücülük vəsiqələrinin olmadığı müəyyən edilmişdir. Lakin sonradan hadisə zamanı sürücülərin xəsarət almaları müəyyən edildiyindən, aşkar olunmuş yeni faktla bağlı olaraq onların barəsində qanuni tədbir görülməsi üçün materialın aidiyyəti üzrə verilməsi üçün raportla müraciət etmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahidlər Şahid2 Namiq oğlu, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin inspektoru vəzifəsində işləyən X5 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilən zaman tərtib edilmiş sxem və fotocədvəldən görünür ki, xx.xx.2024cü il tarixdə saat 23:45 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində “Ata Bank’hn qarşısında olan asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. (i.v.11-14). Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2024-cü il tarixli, 1192 №-li aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. (i.v.15). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 424 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - alt çənə sümüyünün cisminin sınığı, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v.55). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/2456 №-li rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, X13 markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Khazar LX markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin etibarlılıq müddəti quratardığı vəziyyətdə avtomobili idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v.57-60). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, diskdə 2 ədəd videoçəkiliş qeyd olunmuşdur. Həmin çəkilişlərdən biri 5 saniyədən, 2-ci videoçəkiliş isə 31 saniyədən ibarətdir. Birinci videoçəkilişə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 23:45-də idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcında quraşdırılmış işıqforun qırmızı işığında H.Əliyev prospektində şəhərin çıxışı istiqamətində hərəktini davam etdirir. Digər videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs hərəkətini davam etdirən zaman H.Əliyev prospektində yolun hərəkət hissəsində sağ tərəfdə olan Təqsirləndirilən şəxs Rzaqulu oğlu idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə dönmək üçün yolun hərəkət hissəsində çəkilmiş əks hərəkət zolaqlarını ayıran qoşa düz xətti kəsib geriyə dönmə əməliyyatını icra edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi toqquşmuşdur. (i.v.64). Cinayət işinin materiallarında olanxx.xx.2024-cü il tarixli 1-33691/2024 saylı məktubda göstərilmişdir ki, daxil olmuş sorğu əsasında DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində əldə olunmuş məlumat görə xx.xx.1981 -ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus AB 607443 seriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. (i.v.218). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda qismən təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263-1.1–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə saat 23:45-də ayıq vəziyyətdə idarə etdiyi «KHAZAR LX» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində « AtaBank »m qarşısında yerləşən asfalt yolda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmadan qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıqsiqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmin Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndini pozaraq həmin maddənin tələblərinə əsasən 1.1- 1.3 xətlərini kəsib keçmək qadağan olduğu halda sürücülük vəsiqəsi olmadan, həmçinin manevri təhlükəsiz etmədən, hərəkətin digər iştirakçıları üçün maneə yaratmaqla 1.3 nişanlama xəttini kəsib geri istiqamətdə hərəkət edərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «X10» markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmaqla idarə etdiyi avtomobilin sol qabaq hissəsi ilə, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsinin toqquşmasına səbəb olaraq ehtiyatsızlıqdan «X10» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs alt çənə sümüyünün cisminin sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Həmin Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsaslanaraq, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsaslanaraq, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin İ qrup əlil olmasını, psixi xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X2 adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materialında olan AZEMİS-dən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018 təvəllüdlü X4 adlı uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, hadisə nəticəsində aldığı xəsarətlərlə bağlı onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 12 saylı MİS-ə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 810 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU, DAVAMLİ KOMPENSASİYA MƏRHƏLƏSİ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab verə bilmək, onlara rəhbərlik edə bilmək qabiliyyətinəmalikdir. Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU, DAVAMLİ KOMPENSASİYA MƏRHƏLƏSİ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o qeyd olunan cinayəti törədən vaxt ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.1–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdən xx.xx.2024-cü il tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “KHAZAR LX” markalı ** BM *** dövlət qeydiyyat nişanlı, “X10” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçilərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış tanınmış “KHAZAR LX” markalı ** BM *** dövlət qeydiyyat nişanlı, “X10” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətçilərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar