Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-63/2022 10.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan qəsəbəsi AAF Park yaşayış massivində yaşayan, barəsində Mingəçevir Şəhər Məhkəməsinin 24.02.2022-ci il tarixli 4(051)-17/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümündə içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 20.01.2022-ci il tarixdə Mingəçevir şəhər X3 Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin həyətində saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13N-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, onun əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisindən təmiz çəkisi 0,235 qram olan psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 20.01.2022-ci il tarixdə Mingəçevir şəhərində Narkoloji Dispanserdə müalicə alan tanışına baş çəkmək üçün gələn zaman Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılmamışdan təxminən 5 gün əvvəl yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində piyada hərəkətdə olan zaman 1 ədəd siqaretin gümüşü rəngli bükümünü yerdə görüb götürmüşdür. Həmin bükümün içərisinə baxan zaman bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Özü əvvəllər bir neçə dəfə psixotrop maddə olan metamfetamindən istifadə etdiyindən, həmin psixotrop maddəni tanımışdır. Sonra həmin psixotrop maddəni gələcəkdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 20.01.2022-ci il tarixdə Mingəçevir şəhərində narkoloji dispanserə tanışına baş çəkmək üçün gələn zaman həmin tapdığı büküm də üzərində olmuşdur. Dispaserin həyətində olan zaman polis əməkdaşları onun özünü şübhəli aparmasına görə polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt onun üzərindən 5 gün əvvəl tapdığı büküm aşkar olunaraq götürülmüşdür. Polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin bükümü ona şəxsi istifadəsi üçün Masallı rayonu Təklə kəndində yaşayan əmisi oğlu Bəhruzun tanımadığı şəxsdən alaraq ona verdiyini bildirmişdir. Lakin həqiqətdə isə hadisə bu şəkildə baş verməmişdir. Belə ki, o, ilk dəfə idi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış və həmin vaxta qədər onun heç bir məhkumluğu olmamışdır. Ona görə də polis əməkdaşlarının ona qarşı psixi və fiziki zor tətbiq edərək həmin psixotrop maddəni haradan əldə etməsi ilə bağlı məlumatları əldə edəcəklərindən qorxaraq, yalan məlumat verərək əmisi oğlu Bəhruzun həmin psixotrop maddəni şəxsi istifadəsi üçün verdiyini bildirmişdir. Ona görə də onun həm polis əməkdaşları tərəfindən saxlanılarkən videoçəkiliş zamanı və həm də ilkin olaraq verdiyi ifadəsində qeyd etdiyi məlumatlar yalandır. Üzərindən aşkar olunmuş 1 ədəd psixotrop maddə metamfetamini Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı evin yaxınlığında olarkən yerdən tapmışdır. Həmin psixotop maddəni üzərində gəzdirməsi ilə bağlı əmisi oğlu Bəhruzun heç bir məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində PPXB-nün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 20.01.2022-ci il tarixdə Mingəçevir şəhəri 20 Yanvar küçəsində PPXB-nün əməkdaşı polis serjantı Şahid2 ilə birlikdə piyada müəyyən edilmiş marşrut üzrə hərəkət edərkən, Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən Mingəçevir şəhəri Rayonlararası Narkoloji Dispanserin həyətində bir nəfər şəxsin “Hundai Sonata” markalı **-UO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında olarkən onları görərək əlində olan narkotik vasitəyə oxşar kütləni cibindən çıxararaq pul qabının içərisinə qoyduğunu görmüşlər. Bundan sonra həmin şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnərək ona yaxınlaşıb Mingəçevir ŞPŞ-nin inzibati binasına dəvət etmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Bakı şəhər sakini Təqsirləndirilən şəxsdur. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirak ilə üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyildir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisindən psixotrop maddə metamfetamin olan bir ədəd siqaretin gümüşü bükümünü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd siqaretin gümüşü rəngli bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisindən aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli bükümünün içərisində psixotrop maddə-metamfetaminə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin bükümün içərisində psixotrop maddəyə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilmişdir. Psixotrop maddə-metamfetaminə oxşar kütlənin olduğu bükümün çəkisi 0,4 qram olmuşdur. Həmin psixotrop maddə-metamfetaminə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 20.01.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisindən bir ədəd siqaretin gümüşü rəngli bükümünün içərisində çəkisi 0,235 qram psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 21.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən pul qabının içərisindən 1 ədəd siqaretin gümüşü rəngli bükümdə içərisində psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 21.01.2022-ci il tarixli 17/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi - 0,235 qram olan maddə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına”(İ siyahı, İİ bənd, sıra N°27) - metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 0.235 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0.185 qram. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02.03.2022-ci il tarixli 259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 12.03.2022-ci il tarixli qərardan görünür ki, məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunduqdan sonra yerdə qalan ümumi qalıq çəkisi 0.185 qram olan psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında 23.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0.185 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin gümüşü rəngli bükümündə içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, 20.01.2022-ci il tarixdə Mingəçevir şəhər X3 Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Mingəçevir şəhəri, Ərəş küçəsində yerləşən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin həyətində saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13N-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə psixotrop maddə “metamfetamin” əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibində olan qara rəngli pul qabının içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 28.01.2022–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.06.2018-ci il tarixdə doğulmuş Sara adlı uşağı vardır Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 20.01.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22.01.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 24.02.2022-ci il tarixli 4(051)-17/2022 saylı qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 22.02.2022-ci il tarixdən hesablanmışdır. Hazırki hökmün çıxarıldığı 10.05.2022–ci il tarixədək Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 ay 21 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 05 ay 12 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, Abşeron rayonu, Xırdalan qəsəbəsi AAF Park yaşayış massivində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi – 0.235 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.185 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdən 22.01.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün və 22.02.2022-ci il tarixdən 10.05.2022-ci il tarixədək həbsdə saxlanıldığı 2(iki) ay 18 (on səkkiz) gün, 2 ay 21 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq 5 ay 12 gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, Abşeron rayonu, Xırdalan qəsəbəsi AAF Park yaşayış massivində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi – 0.235 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.185 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-63/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-63/2022
10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver