Məhkəmə qərarları › İş №1(051)-64/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-64/2021

24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-64/2021 24.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 3A№-li evin 10№-li mənzilində qeydiyyatda olmaqla yaşayan, barəsində 10.02.2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Sadıqov Vasif Niyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Fransa Respublikasına getməsi üçün işçi vizası hazırlanmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 01 iyul 2018-ci il tarixdə Bakı-Mingəçevir marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs2 göndərdiyi 1200 ABŞ dollarını qeyd olunan valyutanın 01.07.2018-ci il tarixə Azərbaycan manatına olan məzənnəsi ilə 2040 (iki min qırx) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 2040 manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Fransa Respublikasına getməsi üçün işçi vizası hazırlanmasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 01 iyul 2018-ci il tarixdə Bakı-Mingəçevir marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərdiyi 1000 ABŞ dolları, 2018-ci ilin oktyabr ayında isə Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “ASAN” xidmət mərkəzinin kafesində 1000 ABŞ dollarını qeyd olunan valyutanın 01.07.2018-ci il tarixə və 15.10.2018-ci il tarixə Azərbaycan manatına olan məzənnəsi ilə 3400 (üç min dörd yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3400 (üç min dörd yüz) manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən başlayaraq şəxsi əlaqələri vasitəsi ilə müxtəlif şəxslərə avropa ölkələrinə getmələri üçün işçi vizası hazırlanmasına köməklik göstərmişdir. Həmin işlə bağlı şəxslərdən aldığı pulları viza, bilet pulu və digər xərclərə sərf etmişdir. Özünə isə hər şəxsdən təxminən 200-300 manat məbləğdə gəliri olmuşdur. Mingəçevir şəhər sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da digər Mingəçevir şəhər sakini X3 görə tanımışdır. Belə ki, Bəhram Mustafayevi uzun müddətdir ki, tanıyır. Bəhramla bir neçə dəfə müxtəlif şəxslərə avropa ölkələrinə işçi vizası hazırlanmasına köməklik göstərmişdir. 2018-ci ilin yay aylarında Bəhram ona müraciət edərək tanışları Mingəçevir şəhər sakinlərinə Fransa Respublikasına getmələri üçün işçi vizası hazlanmasında köməklik göstərməsini bildirmişdir. O da bu işdə həmin şəxslərə köməklik edə biləcəyini bildirmişdir. Daha sonra o, Bəhrama həmin şəxslərin hansı sənədləri göndərməsi və nə qədər pul lazım olması barədə məlumat vermişdir. Bəhram da həmin şəxslərlə danışıb razılaşdıqdan sonra Mingəçevir şəhər sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona zəng edərək Fransa Respublikasına getməklərinə köməklik etməyini, yəni işçi vizasının hazırlanması, təyyarə biletin alınması üçün pul göndərəcəklərini bildirmişlər. Aralarında olan razılığa əsasən Şiraz ona 2000 ABŞ dolları, Afiq isə 1200 ABŞ dolları məbləğdə pul göndərməliymiş. Qalan pulu isə sənədlər tam hazırlandıqdan sonra Afiq verməliymiş. 2018-ci ilin iyul ayında Şiraz və Afiq onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq qeyd olunan məbləğdə pulu Mingəçevir şəhərindən Bakı şəhərinə işləyən avtobus vasitəsi ilə göndərdiklərini bildirmişlər. O da həmin avtobusu Bakı şəhəri Binəqədi rayonunda yerləşən Mərkəzi avtovağzalda qarşılamış və sürücüdən qeyd olunan məbləği, yəni 3200 ABŞ dolları məbləğdə pulu götürmüşdür. Sonra Şiraz və Afiqlə telefon vasitəsi ilə əlaqə saxlayıb pulu avtobusdan götürdüyünü bildirmişdir. Bundan sonra Şiraz və Afiq üçün Fransa Respublikasına getmələri üçün vizaların hazırlanması və digər hərəkətlərin yerinə yetirilməsinə başlamışdır. Belə ki, ilkin olaraq vizanın hazırlanması, biletin alınması, otel nömrələrinin öncədən sifariş edilməsinə müəyyən məbləğdə pul sərf etmişdir. Lakin, sonradan işçi vizasının verilməsinə problemlər yaranmağa başlamışdır. Belə ki, artıq Fransa Respublikası həmin ölkəyə gedəcək şəxslərlə bağlı daha ciddi tələblər irəli sürmüşdür. Buna görə də o, Şiraz və Afiqə vizaların hazırlanmasına tam şəkildə köməklik edə bilməmişdir. Pulun müəyyən məbləğini də şəxsi xərcləri üçün sərf etmişdir. Lakin sonradan Şiraz və və Afiq ondan pullarını tələb etməyə başlamışlar. O isə hələ də Afiq və Şiraza viza hazırlanmasına köməklik etmək ümidində olduğu üçün pulu qaytarmamışdır. Sonradan isə daha da dəqiq bilmiş ki, artıq viza hazırlanmasına heç bir köməklik göstərə bilməyəcək. Bundan sonra o, Afiq və Şirazdan aldığı pulu geri qaytarmağa başlamışdır. Belə ki, o, Şirazdan aldığı puldan 1500 manatını Afiqdən aldığı puldan isə 1400 manatını qaytarmışdır. Həmçinin o, ifadəsində hər hansı turizm şirkətində və ya vətəndaşların xarici ölkələrə getməsi üçün xidmət göstər digər şirkətdə işləmədiyini, Afiq və Şiraza işçi vizasının alınmasında yalnız şəxsi əlaqələri vasitəsi ilə köməklik etməli olduğunu bildirmişdir. Ailəlidir. Himayəsində 2 azyaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Həmçinin bildirir ki, hadisədən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışlar. Ona görə də məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla tanışı Mingəçevir şəhər sakini X2 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 isə uzun müddətdir ki, şəhər sakini kimi tanıyır. Afiq əvvəllər bir müddət Almaniya Federativ Respublikasında yaşayıbdır. Mingəçevir şəhər ərazisində Afiq və Muradla görüşüb söhbət edərəkən birlikdə işçi vizası alıb Fransa Respublikasına getməyi planlaşdırmışlar. Bəhramla da Mingəçevir şəhər ərazisində görüşüb söhbət edən zaman ona da fikirlərini bildirmişlər. Bəhram da onları Bakı şəhərində yaşayan Vasif adlı tanışının vətəndaşlara avropa respublikalarına getmək üçün işçi vizası alınmasına köməklik etdiyini bildirmişdir. Onlar da Bəhrama həmin şəxslə danışıb avropa ölkələrinə, yəni konkret olaraq Fransa Respublikasına getmək üçün işçi vizası hazırlanmasına köməklik edib edə bilməyəcəyi barədə maraqlanmasını xahiş etmişlər. Bəhram da onların yanında mobil telefon vasitəsi ilə zəng edib Vasiflə bu barədə maraqlandıqdan sonra Vasifin onlara köməklik edə biləcəyini demişdir. Həmçinin, onlara bildirmişdir ki, ilkin olaraq pul ödənişi etmək lazımdır. Həmin zaman razılaşmışlar ki, ilkin olaraq o, 1000 ABŞ dolları, Afiq isə 1200 ABŞ dolları verə bilərlər. Təxminən 2-3 gün sonra, yəni 01.07.2018-ci il tarixdə o, 1000 ABŞ dolları, Afiq isə 1200 ABŞ doları məbləğdə pulu birlikdə Mingəçevir şəhərindən Bakı şəhərinə sərnişin daşımaqla məşğul olan avtobus sürücüsü vasitəsi ilə Vasifə göndərmişlər. Sonradan avtobus Bakı şəhərinə çatdıqda onlar Vasiflə telefon vasitəsi ilə əlaqə saxlayaraq pulu götürməsi ilə maraqlandıqda Vasif onlara avtobusdan göndərdikləri pulu götürdüyünü bildirmişdir. Həmçinin, onları əmin etmiş ki, qısa müddətdə Afiq və ona Fransa Respublikasına getmək üçün işçi vizası verəcəkdir. Bundan sonra 2018-ci ilin oktyabr ayında Vasif Mingəçevir şəhərinə gəlmiş o, Bəhram və Afiq Mingəçevir şəhəri Gəncə şossesində yerləşən “ASAN” xidmət mərkəzinin kafesində görüşmüşlər. Görüş zamanı Vasif ona digər sənədlərin hazırlanmasına əlavə olaraq 1000 ABŞ dolları məbləğdə pul verməli olduğunu bildirdiyi üçün o da həmin zaman Vasifə 1000 ABŞ dolları məbləğdə pulu vermişdir. Lakin bir müddət keçdikdən sonra onlar Vasiflə viza ilə bağlı maraqlandıqda Vasif hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir müddət keçdikdən sonra yenə də Vasif müxtəlif bəhanələr gətirməkdə davam edərək, nə pulu qaytarmış nə də ki, işçi vizası alınmasında köməklik göstərmişdir. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyıram. Belə ki, onunla tanışı Mingəçevir şəhər sakini X2 vasitəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1 isə uzun müddətdir ki, şəhər sakini kimi tanıyır. Əvvəllər də bir müddət Almaniya Federativ Respublikasında yaşamışdır. Mingəçevir şəhər ərazisində Şiraz və Muradla görüşüb söhbət edərəkən birlikdə işçi vizası alıb Fransa Respublikasına getməyi planlaşdırmışlar. Bəhramla da Mingəçevir şəhər ərazisində görüşüb söhbət edən zaman ona da fikirlərini bildirmişlər. Bəhram da onlara Bakı şəhərində yaşayan Vasif adlı tanışının vətəndaşlara avropa respublikalarına getmək üçün işçi vizası alınmasına köməklik etdiyini bildirmişdir. Onlar da Bəhrama həmin şəxslə danışıb ona, Şiraza və Murada da avropa ölkələrinə, yəni konkret olaraq Fransa Respublikasına getmək üçün işçi vizası hazırlanmasına köməklik edib edə bilməyəcəyi barədə maraqlanmasını xahiş etmişlər. Bəhramda onların yanında mobil telefon vasitəsi ilə zəng edib Vasiflə bu barədə maraqlandıqdan sonra Vasifin köməklik edə biləcəyini demişdir. Həmçinin, onlara ilkin olaraq pul ödənişi etmək lazım olduğunu da bildirmişdir. Həmin zaman razılaşmışlar ki, ilkin olaraq o, 1200 ABŞ dolları, Şiraz 1000 ABŞ dolları versinlər. Təxminən 2-3 gün sonra, yəni 01.07.2018-ci il tarixdə o, 1200 ABŞ dolları, Şiraz isə 1000 ABŞ doları məbləğdə pulu birlikdə Mingəçevir şəhərindən Bakı şəhərinə sərnişin daşımaqla məşğul olan avtobus sürücüsü vasitəsi ilə Vasifə göndərmişlər. Sonradan avtobus Bakı şəhərinə çatdıqda onlar Vasiflə telefon vasitəsi ilə əlaqə saxlayaraq pulu götürməsi ilə maraqlandıqda Vasif onlara avtobusdan göndərdikləri pulu götürdüyünü bildirmişdir. Həmçinin onları əmin etmiş ki, qısa müddətə Şiraz və ona Fransa Respublikasına getmək üçün işçi vizası verəcəkdir. Bundan bir müddət sonra, yəni 2018-ci ilin oktyabr ayında Vasif Mingəçevir şəhərinə gəlmişdir. O, Şiraz və X7 şəhəri Gəncə şossesində yerləşən “ASAN” xidmət mərkəzinin kafesində görüşmüşlər. Söhbət zamanı Vasif onlara tezliklə sənədlərin hazır olacağını da demişdir. Həmçinin əlavə pula da ehtiyac olduğunu dediyi üçün Şiraz onun yanında əlavə olaraq 1000 ABŞ dolları məbləğdə pulu da Vasifə vermişdir. Vasif yenə də qısa müddətə sənədlərin hazır olacağını da demişdir. Lakin, həmin müddət keçdikdən sonra onlar Vasiflə viza ilə bağlı maraqlandıqda Vasif hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir müddət keçdikdən sonra yenə də Vasif müxtəlif bəhanələr gətirməkdə davam edərək, nə pulu qaytarmış nə də ki, işçi vizası alınmasında köməklik göstərmişdir. Onlar da aldadıldıqlarını başa düşüb hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişlər. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən qanunauyğun qərar çıxarılmasını xahiş edir. Şahid məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Bununla belə məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclası zamanı ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvələr müxtəlif banklarda işləmişdir. Təqsirləndirilən şəxs 2018-ci ilin payız aylarından tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da Mingəçevir şəhər sakinləri kimi tanıyır. 2018-ci ilin oktyabr ayında o, Avropa öklərindən birinə işləmək məqəsdi ilə getmək istəmişdir. Bunun üçün ona viza acdırmaq lazım olmuşdur. Bu məqsədlə müxtəlif şəxslərdən köməklik göstərmələrini xahiş etmişdir. Həmin vaxt o, Mingəçevir şəhər sakini əvvələr tanıdığı Bəhram Mustafayev adlı şəxs ilə görüşmüş söhbət zamanı o, Bəhrama avropa ölkələrinə işləmək üçün getmək istədiyini bildirmişdir. Bəhram ona tanışı Vasif adlı şəxsin bu işlərlə məşğul olduğunu və Vasifin ona koməklik edə biləcəyini demişdir. Bundan sonra o, Bakı şəhərinə getmişdir. Bakı şəhərində Bəhram ilə birlikdə H.Cavid adına istirahət parkında Vasif adlı şəxslə görüşmüşlər. Bəhram Vasiflə onu tanış etmişdir. Həmin zaman birlikdə oturub çay içmişlər. Söhbət zamanı Vasif ondan hər bir şəxsin avropaya viza alıb keçirmək məqsədi ilə 2200 manat pul istəmişdir. Söhbət edərkən Vasif ona bu işi o, özü həll edəcəyini bildirmişdir. Həmin zaman, yəni 2018-ci ilin oktyabr ayının 6da Bakı şəhərində yerləşən H.Cavid adına parkda o, 2000 manat pulu sayaraq Vasifə vermişdir. Vasif ona bildirmişdir ki, 2018-ci ilin noyabr ayının əvvələrinədək o, viza ala biləcəkdir. Bundan bir neçə gün sonra, yəni 2018-ci ilin oktyabr ayının ortalarında Vasif Bəhrama zəng edib əlavə olaraq 3400 manat məbləğdə pul göndərməyini bildirmişdir. Lakin, o, pulu göndərməyərək Vasifin Mingəçevir şəhərinə gəlməsini Mingəçevir şəhərində söhbət edib əlavə pulu ondan alma səbəbini dəqiqləşdirdikdən sonra verə biləcəyini demişdir. 2018-ci ilin oktyabr ayının ortalarında Vasif Mingəçevir şəhərinə gəlmişdir. Birlikdə onun yaşadığı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 13 saylı yaşayış binasının qarşısında görüşmüşlər. Həmin zaman Vasif ona viza sənədlərinin hazırlanması üçün əlavə 3400 manat pula da ehtiyac olduğunu bildirmişdir. O da yaşadığı binanın qarşısında Vasifə 3400 manat pulu vermişdir. Vasif ondan pulu aldıqdan sonra çıxıb getmişdir. Həmin vaxtdan sonra Bəhram ilə Vasif ona müxtəlif bəhanələr edərək bu gün sabah deyərək dekabr ayınadək yalan vədlər vermişlər. 2018-ci ilin dekabr ayında o, Vasifdən konkret olaraq vermiş olduğu pulları geri istəmişdir 03.04.2019-cu il tarixdə Vasif ona Bank vasitəsi ilə almış olduğu 6000 manat pulun 3000 manatını geri qaytarsa da qalan hissəsini geri qaytarmamışdır. Buna görə də o, şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin bildirmişdir ki, Vasiflə tanış olan zaman Vasif və Bəhram ondan başqa Mingəçevir şəhər sakinləri Şiraz və Afiqin də Vasifə avropa ölkələrinə getmək üçün işçi vizası almalarına kömək etmək məqsədi ilə pul verdiklərinidə bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet saytından götürülmüş məlumatdan görünür ki, 1 ABŞ dollarının 01.07.2018-ci il və 15.10.2018-ci il tarixlərə olan məzənnəsi 1,700 manat olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin 14.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhlumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlundan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qanuna müvafiq qaydada qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlundan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qanuna müvafiq qaydada qərar çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 22 iyul 2014-cü il təvəllüdlü X9 və 12.02.2018-ci il təvəllüdlü X8 adlı uşaqların ataları Təqsirləndirilən şəxs oğludur. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin 1(051)-3/2021 saylı Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə açılmış cinayət işi onun zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəticəsində o, cinayət məsuliyyətindən azad edilmiş və barəsində açılmış cinayət işinə xitam verilmişdir. CM-in müqavif hissəsində də qeyd edilmişdir ki, CM-in 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4-cü bölməsinin 11-ci fəslinin Qeyd hissəsindən görünür ki, 1. Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən və törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı var, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və onlarla barışıq əldə etməsini, etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Bakı şəhər Probasiya İdarəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Sadıqov Vasif Niyaz oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Sadıqov Vasif Niyaz oğlu Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Sadıqov Vasif Niyaz oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sadıqov Vasif Niyaz oğlu cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar