Məhkəmə qərarları › İş №1(051)-64/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-64/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-64/2024 16.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx xxxxxx 1981-ci ildə Ağcabədi rayonunda anadan doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə tamah niyyəti ilə Mingəçevir şəhəri, X8, ev 58A ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialında özünü X4 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edərək kredit götürülməsi ilə bağlı müraciət etdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan Fərid adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən və vəzifədən azad edən 023765 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmə üsulu ilə hazırlanan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək məqsədilə "xxxx" ASC-nin Mingəçevir şəhər filialına təqdim edərək istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir və gündəlik dolanışığı sadəcə fəhləlik etməkdən çıxır. O, Şahid1 bir neçə ildir ki, tanıyır. Onlar birlikdə fəhləlik etmişidirlər. Belə ki, 2023-cü ilin iyun ayının ortalarında Hüseynlə birlikdə Zərdab rayonuna maşınlara ot yükləməyə gedəndə söhbət əsasında ona evini təmir etmək istədiyini, buna görə də pula ehtiyacının olduğunu demişdir. Lakin heç bir yerdə rəsmi olaraq işləmədiyi üçün kredit də götürə bilmədiyini, bu səbəbdən də çarəsiz qaldığını demişdir. Hüseyn ona demişdir ki, tanışlarından eşitmişdir ki, Fərid adlı bir şəxs bankdan kredit götürülməsi üçün bütün qaydaları bilir və rayonda bir neçə adama bankdan kredit götürülməsində köməklik etmişdir. Belə ki, Hüseyn tanışları vasitəsilə həmin şəxsin mobil nömrəsini tapmışdır. Onun nömrəsi xarici nömrə imiş. Həmin şəxslə whatsapp proqramı vasitəsilə danışmışdır və ilk öncə ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir ki, digər zəruri sənədləri özü hazırlasın. O da şəxsiyyət vəsiqəsinin şəklini həmin şəxsə göndərmişdir. Belə ki, 2023-cü ilin 14 iyul tarixində Hüseynlə Mingəçevir şəhərinə gedib çayxanaların birində Fəridi gözləmişdir. Hüseyn demişdir ki, Fərid adlı şəxs gələcək, ona sənədlər gəticəcək və o da həmin sənədlər əsasında gedib kredit götürə biləcəkmiş. Belə ki, bir müddət sonra arıq bədən quruluşlu, təxminən 1.70 boylarında, təxminən 23-25 yaş arası, üzündə bir az saqqal olan şəxs gəlmişdir. Özünü Fərid kimi təqdim edən şəxs ona bir ədəd qırmızı rəngdə pensiya vəsiqəsi vermişdir. Həmin vəsiqənin içərisində onun adı yazılmışdı və həmin vəsiqədən görünürmüş ki, guya o, Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş və təqaüdə çıxmışdır. Daha sonra ona bir ədəd Kapital Bank kartından hesab çıxarışı vermişdir. Fərid adlı şəxs onu təlimatlandırmışdır ki, banka bu sənədləri təqdim edərək 10.000 manat kredit götürəcəkmiş. Belə ki, 14 iyul 2023-cü il tarixdə o, Fəridlə birlikdə Bank Respublikanın Mingəçevir filialına getmişdir. O, ilk əvvəl orada çayxanada gözləmişdir. Fərid ilk öncə banka girmiş və 5 dəqiqədən sonra geri qayıdıb ona demişdir ki, həmin saxta sənədlərlə içəri keçsin, əməkdaşların birinə yaxınlaşsın, sənədləri təqdim etsin və desin ki, kredit götürməyə gəlmişdir. Fərid onu bərk-bərk tənbehləmişdir ki, oradakı işçiyə sənədləri təqdim edəndə desin ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı olmuşdur, hal-hazırda təqaüddədir və 923 manat pensiya alır. Belə ki, o, saxta pensiya vəqisəsi və bank çıxarışı ilə banka daxil olmuşdur. İkinci masadakı xanım əməkdaşa yaxınlaşmış və həmin saxta sənədləri təqdim edərək 10.000 manat pul krediti götürmək istədiyini demişdir. Xanım əməkdaş saxta vəsiqənin və bank kartından çıxarışın surətlərini çıxarmış və əsllərini ona qaytarmışdır. Demişdir ki, qeyd edildi, bir qədər gözləyin. O da çölə çıxmış və Fəridin yanına getmişdir. Fərid yerindəcə həmin vəsiqənin və bank kartının hesabından çıxarışı ondan geri istəmişdir. Bundan bir neçə dəqiqə sonra o, yenidən banka daxil olmuş və həmin xanım əməkdaş ona demişdir ki, bu gün 5-ci gündür, kredit verilməyəcəkmiş. O da çıxıb bu sözləri Fəridə demişdir. Fərid əsəbləşmiş və demişdir ki, qayıdıb həmin saxta sənədləri geri istəsin. O da yenidən içəri daxil olmuş və xanım əməkdaşdan təqdim etdiyi saxta sənədləri geri istəmişdir. Lakin o demişdir ki, artıq sənədlərin surəti yoxlama üçün Bakı şəhərinə baş ofisə göndərilmişdir. O, bunu Fəridə demiş və Fərid bu sözdən sonra çox əsəbləşmiş və demişdir ki, yoxlamaya göndəriblərsə, deməli şübhələniblər. 21 iyul 2023-cü il tarixdə ona bankdan zəng gəlmiş və demişlər ki, gəlin kreditinizi götürün. O, bundan sonra Hüseynə demişdir ki, Fəridlə əlaqə saxlasın və desin ki, o, pulu götürməyə gedir. Bir müddət sonra Hüseyn ona demişdir ki, Fəridlə əlaqə saxlamaq mümkün deyil, zənglərə cavab verməyir. O düşünmüşdür ki, yəqin bank əməkdaşları həmin sənədlərin saxta olmasını aşkar etmişdirlər. Bu səbəbdən də banka getməmiş və bundan sonra Fəridlə nə qədər əlaqə saxlamağa çalışsalar da, ona zəng çatmamışdır. O, başa düşürmüş ki, həmin sənədlər saxtadır. Fərid ona DİN-in pensiya vəsiqəsi və Kapital Bank kartının hesabından çıxarış vermişdir. Həmin sənədlərin heç biri ona aid deyilmiş. Çünki o, nə DİN-in BDYPİ-nin keçmiş əməkdaşı olmuş, nə də aylıq 923 manat pensiya almışdır. Himayəsində 2 nəfər azyaşlı uşağı var. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Bank Respublika ASCnin Mingəçevir filialında pərkakəndə bankçılıq üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. 14 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və digər sənədlərlə banka daxil olaraq onun xidməti masasına yaxınlaşmış və 10.000 manat kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs özü ilə DİN-in əməkdaşı olmasını göstərən pensiya vəsiqəsini və Kapital Bankdan hər ay 923 manat pensiya almasını təsdiq edən bank kartının hesabından çıxarışı təqdim etmişdir. Əksər hallarda vətəndaşlar bankdan kredit götürmək istəyəndə bank əməkdaşları onlara hansı sənədlərin lazım olduğunu deyirmişlər. Amma Təqsirləndirilən şəxs özü hazır vəziyyətdə gəlmişdir. O, ilk öncə Təqsirləndirilən şəxs əvvəllər kredit götürüb- götürmədiyini soruşmuş, o isə götürmədiyini demişdir. Bu hal onda şühbə yaratmışdır ki, əgər əvvəllər heç vaxt kredit götürməmişdirsə, hansı sənədlərin lazım olduğunu haradan bilir? Bundan sonra Təqsirləndirilən şəxs demişdir ki, o, DİN-in əməkdaşı olmuşdur, hazırda təqaüdə çıxıb və hər ay da 923 manat pensiya alır. O, Təqsirləndirilən şəxs bank kartının hesabından olan çıxarışa baxmış və görmüşdür ki, o həqiqətən də, ayda 923 manat pensiya alır. Lakin görmüşdür ki, o hər dəfə pulları ayrı-ayrı rayonlardakı bankomatlardan məxaric etmişdir. Bu hal da onda müəyyən şübhələr doğurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs həmin pensiya kartını istəmiş, lakin o, kartının həyat yoldaşında olduğunu demişdir. O, Təqsirləndirilən şəxs harada yaşadığını soruşmuş və o da Ağcabədidə yaşadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs soruşmuşdur ki, bəs nə üçün bankın Ağcəbədi filialından kredit götürməyir? O da demişdir ki, Mingəçevirə xeyir iş üçün gəlmişdir və pul lazım olduğu üçün kredit götürmək qərarına gəlmişdir. Bütün bu hallar onda böyük şübhələr yaratmış və düşünmüşdür ki, həmin şəxs yalan danışır. Ona görə də Təqsirləndirilən şəxs bütün sənədləri qəbul etmiş, zəruri sənədləri imzalatdırmış, daha sonra ona demişdir ki, sənədlərini Bankın Baş Ofisinə göndərəcəklər, oradan təsdiq gələndən sonra ona cavab veriləcəkdir. Bundan sonra o, həmin sənədləri aidiyyəti əməkdaşlara təqdim etmiş və onlar da həmin sənədləri müəyyən yoxlamalar aparılması üçün Baş Ofisə göndərmişdirlər. Belə ki, onlara məlumat verilmişdir ki, həmin sənədlər saxta imiş. Bundan sonra həmin şəxsi ifşa etmək məqsədilə banka dəvət etmək üçün ona dəfələrlə zəng etsələr də, o, zənglərə cavab verməmişdir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir və gündəlik olaraq fəhləlik etməklə dolanır. O, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır. Onlar birlikdə müxtəlif yerlərdə fəhləlik etmişdirlər. 2023-cü ilin iyun ayının ortalarında Samirlə birlikdə Zərdab rayonuna maşınlara ot yükləməyə gedəndə söhbət əsasında Samir evini təmir etmək istədiyini və buna görə də pula ehtiyacı olduğunu ona demişdir. Samir demişdir ki, bankdan kredit götürüb işlərini həll etmək istəyir, amma rəsmi iş yeri olmadığı üçün heç bir bank ona kredit verməyir. Belə ki, o, həmin hadisədən təxminən 4-5 ay əvvəl, yəni 2023-cü ilin əvvəllərində Ağcabədi rayonunda avtoyuma obyektində işləyirmiş. Həmin obyektin yanında çay evi də var imiş. İş olmayanda çox vaxt orada otururmuş. Həmin çay evinə tez-tez Səməd adlı şəxs də gəlirmiş. Onunla aralarında münasibət yaranmışdır. Səməd dediyinə görə, əvvəllər uzun müddət Rusiyada yaşamışdır. Bir dəfə Səməd telefonla danışanda eşitmişdir ki, bankdan kredit götürülməsi ilə bağlı kiminləsə danışır. Söhbət əsasında Səməd ona demişdir ki, Mingəçevirdən olan bir şəxs var ki, hər kəsə asan yolla bankdan kredit götürməyə köməklik edir. Lakin onun kredit götürməyə ehtiyacı olmadığı üçün həmin şəxs barəsində çox da maraqlanmamışdır. O, həmin yerdə 1-2 ay işləmiş, daha sonra işdən ayrılmışdır. O, mobil telefon işlətmirmiş. Qeyd etdiyi mobil nömrə də evlərində ailə üzvlərinin istifadəsində imiş. Ona görə də nə Səmədin, nə də onun dediyi adamın əlaqə nömrələri onda yox imiş. Belə ki, Samir ona kredit götürmək istədiyini deyəndə ağlına Səmədin dediyi adam gəlmişdir. Onda Səmədin nömrəsi olmadığı üçün əvvəl işlədiyi yerə getmiş, lakin orada demişlər ki, Səməd artıq ora gəlib-getmir, deyəsən, yenidən Rusiyaya getmişdir. Belə ki, orada olan başqa şəxslər vasitəsilə Səmədlə əlaqə saxlamış və Səməd artıq Azərbaycanda olmadığını demişdir. Belə ki, Səməddən kredit düzəldən adamın nömrəsini istəmiş, Səməd isə həmin şəxsin nömrəsini bilmədiyini, lakin öyrənə biləcəyini demişdir. Belə ki, o, Səmədə ailə üzvlərinin istifadəsində olan mobil nömrəni vermiş və demişdir ki, həmin şəxsi tapsa, həmin nömrəni versin və onunla əlaqə saxlasın. Belə ki, bir neçə gündən sonra ***-***-**-** saylı mobil telefon nömrəsinə Whatsapp proqramında xarici nömrədən zəng gəlmişdir. Həmin şəxs özünü Fərid adı ilə təqdim etmiş və kredit işlərində onlara kömək edə biləcəyini demişdir. O, Fəridə məsələni danışmış və bir nəfər dostunun kredit götürmək istədiyini demişdir. Fərid isə həll edə biləcəyini demiş və ilk öncə ondan dostunun şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. O da bunu Samirə demiş və Samirin şəxsiyyət vəsiqəsinin şəklini Whatsapp vasitəsilə Fərid adlı şəxsin xarici nömrəsinə göndərmişlər. Samir ona demişdir ki, o, götürəcəyi krediti banka geri qaytaracaqmış. Çünki həmin pulu banka geri qaytarmasa, böyük problem yaşayacağını bilirmiş. Həmçinin Samir onun tanışı olduğu üçün ona bu işdə təmənnasız kömək etmişdir, yəni ondan hər hansı bir gözləntisi yox imiş. 2023-cü ilin iyul ayının ortalarında Fərid adlı şəxs zəng edib demişdir ki, sənədlər kredit götürmək üçün hazırdır və Mingəçevir şəhərinə gəlməli olduqlarını demişdir. O da bunu Samirə demiş və onlar səhər saatlarında Mingəçevir şəhərinə getmiş və şəhərin mərkəzində çay evlərinin birində əyləşərək Fəridi gözləmişdirlər. Bir müddət sonra Fərid gəlmiş və Samirə bir neçə sənəd verərək izah etmişdir ki, bu sənədləri banka təqdim etməklə kredit götürə bilər. Özünü Fərid kimi təqdim edən şəxs ilk öncə banka daxil olmuş və bir neçə dəqiqədən sonra qayıdaraq Samiri göndərmişdir. Samir də bir neçə müddətdən sonra gəlib demişdir ki, bu gün 5-ci gün olduğu üçün kredit verilmir. Fərid bundan əsəbləşmiş və Samirə demişdir ki, həmin sənədləri geri götürsün, lakin bankın əməkdaşları sənədi geri verməmiş və həmin sənədləri yoxlamadan keçirmək üçün Bakı şəhərinə bankın baş ofisinə göndərdiklərini demişlər. Bunu eşidəndən sonra Fərid daha çox əsəbləşmişdir. Bundan bir neçə gün sonra Samir ona demişdir ki, bankdan ona zəng ediblər ki, gəlib kreditini götürsün. Onlar nə qədər Fəridlə əlaqə saxlamağa çalışsalar da, onun nömrəsinə zəng çatmamışdır. Samir də qorxusundan banka getməmişdir. Şahid X3 məhkəməyə teleqram ünvanlayaraq, Təqsirləndirilən şəxs 1(051)-64/2024 saylı cinayət işi ilə bağlı müstəntiqə verdiyi ifadəni təsdiq edir və üzrlü səbəbə görə onun iştirakı olmadan məhkəmə prosesinə baxılmasını xahiş edir. Məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin daxili təhqiqat işləri üzrə nümayəndəsi qismində çalışır. 2023-cü ilin iyul ayının ortalarında ölkə üzrə "xxxx" ASC-nin filiallarından verilən istehlak kreditləri ilə əlaqədar kredit əldə etmək istəyən şəxslərin təqdim etdikləri sənədlərin həqiqiliyi yoxlanılmışdır. Həmin ayda "xxxx" ASC-nin Mingəçevir şəhərindəki filialından verilən istehlak kreditləri ilə əlaqədar araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin filialda bir neçə şəxs, o cümlədən də Təqsirləndirilən şəxs kredit əldə etmək üçün təqdim etdiyi sənədlər saxta imiş. Belə ki, həmin şəxs "xxxx" ASC-dən təqaüd aldığını təsdiq edən bank çıxarışı təqdim etmişdir. Həmin çıxarışın həqiqiliyi ilə bağlı Kapital Bank ASC ilə dəqiqləşdirmə aparılmış və müəyyən edilmişdir ki, həmin çıxarış saxtadır. Bununla bağlı rəsmi qaydada "xxxx" ASC-ə məktub ünvanlanmış və həmin sənədlərin saxta olması, yəni "xxxx" ASC tərəfindən verilməməsi ilə bağlı cavab alınmışdır. İşdə olan "xxxx" ASC-nin Mingəçevir şəhər filialından daxil olmuş məktubdan görünür ki, "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən araşdırma üçün təqdim edilən kart üzrə çıxarış saxtadır və "xxxx" ASC-nin Mingəçevir şəhər filialı tərəfindən təqdim edilməmişdir. İşdə olan Sənədlərin texniki ekspertizasının 17 avqust 2023-cü il tarixli 5/1159 nömrəli rəyindən görünür ki, təqdiqat üçün təqdim edilmiş Təqsirləndirilən şəxs adına yazılmış ödəniş kartı üzrə çıxarışın mətni axınlı çap qurğusunda (printerdə) çap edilmişdir. Ödəniş kartı üzrə çıxarışda olan imzalar birbaşa qələmlə icra olunmuşdur. Həmin sənəddə olan ştamp əksinin təsviri başqa sənəddən rəqəmsal qurğu (skaner, fotoaparat, çoxaldıcı qurğu) vasitəsilə köçürülərək axınlı çap üsulu ilə çap olunmuşdur. Ödəniş kartı üzrə çıxarışda hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında pensiyaçı kimi qeydiyyatda deyildir və ona hər hansı növ əmək pensiyası ödənilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəyini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Cinayət işi materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 08 yanvar 2024-cü il tarixli qərarından görünür ki, saxta sənədlərin Təqsirləndirilən şəxs tərəfindən hazırlanması istintaq tərəfindən təsdiqini tapmadığından ********* nömrəli cinayət işi üzrə onun barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində CM-in 320-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir şəhər filialına kredit götürmək üçün müraciət edən zaman təqdim etdiyi saxta sənədləri hazırlayan şəxsiyyəti istintaqa məlum olmayan Fərid adlı şəxs barəsində, həmçinin Səməd adlı şəxsin də şəxsiyyəti müəyyən edilərək əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılaraq DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Mingəçevir şəhər filialına təqdim etdiyi, məhkəmə-sənədlərin texniki ekspertizasının 17 avqust 2023cü il tarixli 5/1159 nömrəli rəyi ilə saxta olması müəyyən edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. İşdə olan DİN BƏSİİ-nin xx.xx.2023-cü tarixli tələbnaməsindən görünür ki, Məmmədov X6 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan 10 saylı X9 Müəssisəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Məmmədov X6 rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(017)-41/2011 saylı hökmünə əsasən cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixli 15/11 Ağcabədi rayon İcra şöbəsinin göndərişinə əsasən əsas cəzasını çəkmək üçün 10 saylı X9 müəssisəsinə göndərilmiş və xx.xx.2011-ci il tarixdə müəssisənin qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə əsas cəza müddəti başa çatması ilə əlaqədar müəssisənin qeydiyyatından çıxarılmışdır. Əlavə cəzasının icra edilməsi üçün müəssisədən xx.xx.2015-ci il tarixdə 17/50-2 saylı məktub və hökmün surəti Ağcabədi rayon İcra qrupuna göndərilmişdir. İşdə olan Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 16 aprel 2024-cü il tarixli cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssəsində çəkmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasına aid hissədə cəzaçəkmə müəssisəsindən məktub Ağcabədi rayon İcra Qrupunun icraatına daxil olmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü Məmmədov Zahid Samir oğlu adlı uşaqları vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə sadalanan sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 iyul 2023-cü il tarixdə tamah niyyəti ilə Mingəçevir şəhəri, X8, ev 58A ünvanında yerləşən "xxxx" ASC-nin Mingəçevir şəhər filialında özünü X4 təqaüdə çıxmış sabiq polis əməkdaşı kimi təqdim edərək kredit götürülməsi ilə bağlı müraciət etdikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan Fərid adlı şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə və yerdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun adından istifadə etmək məqsədilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış hüquq verən və vəzifədən azad edən 023765 nömrəli saxta pensiya vəsiqəsini və "xxxx" ASC-nin Mingəçevir şəhər filialının adından axınlı printerdə çap edilmə üsulu ilə hazırlanan ödəniş kartı üzrə hüquq verən rəsmi sənəd hesab olunan saxta çıxarışı saxta olduğunu bilə-bilə istehlak krediti əldə etmək məqsədilə "xxxx" ASC-nin Mingəçevir şəhər filialına təqdim edərək istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 1(017)- 41/2011 saylı hökmünə əsasən əlavə cəza kimi təyin edilmiş 02 il müddətinə nəqliyyət vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilib bitməsi ilə bağlı hər hansı məlumat mövcud deyil. Bununla belə məhkəmə hesab edir ki, əlavə cəza kimi 02 il müddətinə nəqliyyət vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkilməsi müddəti keçdiyindən hökmlərin məcmusu qaydasında cəzaların birləşdirilməsinə ehtiyac yoxdur. Belə ki, CM-nin 80.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilərkən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış cinayət işi materiallarında saxlanmalıdır. İş üzrə 80 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Hökmün icrasına nəzarət Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş 02 vərəq ödəniş kartı üzrə çıxarış cinayət işi materiallarında saxlansın. İş üzrə 80 (səksən) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar