Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-67/2025 15.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə – qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 (beş) qram, külli miqdarının aşağı həddi isə 500 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 5,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:52-də Mingəçevir ŞPŞnin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, Zümrüd şadlıq sarayının yaxınlığında saxlanılaraq həmin tarixdə saat 17:53-dən 18:00-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 17-18 radələrində, bərbər işləyən dostu Nicatla birlikdə Mingəçevir şəhəri, Sahil parkına gedib orada bir qədər çay içib piyada gəzdikdən sonra evə geri döndüyü zaman Samux küçəsi istiqamətində hərəkət etmiş, Samux küçəsində Zümrüd şadlıq sarayının yaxınlığından piyada keçən zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinin yoxlanılacağını demişlər. O isə etiraz etməmiş və üzərinin yoxlanılması videoçəkilişlə keçirilməyə başlanmışdır. Üzəri yoxlanılarkən əynindəki boz rəngli şalvarın sol yan cibində olan bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman o, polis əməkdaşlarının sorğusuna cavab olaraq üzərindən aşkar edilmiş kibrit qutusunda olan maddənin qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş və həmin kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə çəkisi 9,17 qram olmuşdur. Bundan sonra o, Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmiş və qanunsuz olaraq narkotik vasitə saxladığına görə Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitəni Narkotik vasitəni tutulmamışdan 5-10 dəqiqə əvvəl əldə etmişdir. Belə ki, tanımadığı şəxslə vatsap vasitəsilə əlaqə saxlayıb, onun kart hesabına pul köçürərək «konum» göndərdiyi yerdən götürmüşdür. Narkotik vasitəni əvvəl o, daha sonra Nicat konum verilən yerdən gedib götürmüşdür. Narkotik vasitəni əldə etmək üçün Nicat və o, hər biri ayrı-ayrılıqda tanımadıqları şəxsin kart hesabına 50 manat pul köçürməklə əldə etmişlər. İstintaqda yerdən tapdığını demişdir, çünki narkotik vasitəni əldə etdiyi şəxsi tanımamış və nömrəsini də bilməmişdir. Narkotik vasitəni isə həqiqətən, verilmiş konum üzrə yerdən götürmüşdür. Üzərində isə həmin narkotik vasitəni istifadə üçün saxlamışdı. Bacısı həkimdir, Türkiyədə təhsilini davam etdirmək üçün getmişdir, o da bacısı ilə birlikdə getmişdi, elə orada birinci dəfə narkotik vasitə istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Mustafayev X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Samux küçəsi Zümrüd şadlıq sarayının qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və üzərinə video çəkiliş aparılmaqla yoxlanış keçiriləcəyini, videoçəkilişdən istifadə edilməklə keçirildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinə yoxlanış keçirilməsinə etiraz etməmiş və üzərinə yoxlanış keçirilməzdən öncə Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd kibrit qutusunu açıb içərisinə baxış keçirilən zaman spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra proses iştirakçılarının yanında həmin bir ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,17 qram olmuşdur. Daha sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlənin (“nəyşə”) narkotik vasitə olan qudurulmuş marixuana olduğunu və narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivi, “poçt” küçəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra İbrahimli X1 ŞPŞ-nə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 9,17 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Üstü yoxlanan zamanı video çəkiliş aparılmışdır. Bir ədəd DVD protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/800 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 5,85 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığından və xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi və narkotik və psixotrop maddələrin satışı ilə məşğul olub olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş, Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi və onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub olmaması barədə məlumat əldə edilməsinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 5,85 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 5,83 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/800 nömrəli rəyində göstərilmiş 5,85 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana əldə edib saxlayaraq daşıması ilə bağlı ittiham elan edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 5,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 5,85 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:52-də Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, Zümrüd şadlıq sarayının yaxınlığında saxlanılaraq həmin tarixdə saat 17:53-dən 18:00-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024–cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ–nin MSY– dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1677 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilmədiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 5,83 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Konsensus Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 5,83 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Konsensus Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-67/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-67/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver