Məhkəmə qərarları › İş №1(051)-70/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-70/2021

19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-70/2021 19.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi–Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1959-cu ildə Ağdaş rayonu Pirəzə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, Bozdağ QOSTSİİ-də baş mexanik vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ağayev Fevral Nurməmməd oğlu Azərbaycan Respublikası ərazisində yayılmış yeni növ «Koronavirus COVİD-19» infeksiyasına yoluxmasının müəyyən edilməsi ilə əlaqədar olaraq, 10.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 11.11.2020-ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 20.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək özünə məxsus Hundai İX 35 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Mingəçevir şəhəri, Gəncə şossesində qurulmuş karantin postunda saxlanılmış, özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» ətrafda qarşılaşacağı və üz-üzə gələ biləcəyi şəxslərlə arasında yayılması üçün real təhlükə yaratmışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Ağayev Fevral Nurməmməd oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 10.11.2020-ci il tarixdə arvadı Tünzalə Ağayeva ilə birlikdə özlərini narahat hiss etmiş və yaşadıqları mənzildə özlərinin hərarətlərini ölçən zaman ikisinin də hərarətlərininin olduğunu görmüş və ölkə ərazisində yayılan Covid-19 xəstəliyinə yoluxmaqdan ehtiyyat etdikləri üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına gedərək Covid-19 infeksiyasına yoluxub-yoluxmamaqları ilə bağlı test vermişlər. 11.11.2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə və arvadı Tünzalə Ağayevanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə mesaj gəlmiş və həmin mesajda onun və arvadı X10-19 infeksiyası ilə bağlı verdikləri analizin cavabının pozitiv olması və 14 gün müddətində ev şəraitində müalicə almaqları göstərilmişdir. O, kardioloji xəstə olduğu üçün 20.11.2020-ci il tarixdə X11 Mərkəzində müayinədən keçmək üçün özünə məxsus Hundai İX35 markalı **-BJ-*** dövlət qeydiyytat nişanlı avtomobillə arvadı Tünzalə ilə birlikdə Gəncə şəhərinə getmək qərarına gəlmişlər. Onun ürəyində narahatçılıq olduğu üçün arvadı Tünzalə onunla birgə gələcəyini bildirmişdir. 20.11.2020-ci il tarixdə saat 12 radələrində özünə məxsus avtomobillə arvadı Tünzalə Ağayeva ilə Mingəçevir şəhərindən Gəncə şəhərinə getmək istəyərkən Mingəçevir şəhərinin çıxacağında qurulmuş karantin postunda polis əməkdaşları tərəfindən yoxlanılarkən o və arvadı X10-19 infeksiyasına yoluxmaları aşkar olunmuş və postda saxlanılmışlar. Onlara orada ilkin suallar verildikdən sonra yaşadıqları mənzilə geri qayıtmışlar. Hazırda əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirəndir. Hazırda Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC-nin Bozdağ QOSTSİİ-də baş mexanik vəzifəsində işləyir. Onun vəzifəsi idarənin balansında olan, Gəncə şəhəri, Goranboy rayonu, Samux və Ağdaş rayonu ərazilərində yerləşən subartezian quyularının və maşın mexanizmlərin istisimarından ibarətdir. Ona görə də ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin İTB-nin YYÇPİÜQ-nin baş inspektoru vəzifəsində işləyir. Həmin vaxt “Covid-19” infeksiyasına yoluxmuş xəstələrlə telefon vasitəsilə əlaqə yaradaraq onların testin nəticəsi pozitiv çıxdıqdan 14 gün müddətində özünütəcrid rejimi qaydalarına riayət edib karantinə alındıqları ünvanları tərk etməmələrinə nəzarət edirmiş. 20.11.2020-ci il tarixdə Mingəçevir şəhəri Gəncə şosessində karantin postunda Mingəçevir ŞPŞ-nin əməkdaşları ilə birgə xidmətdə olan zaman 11.11.2020-ci il tarixdə Covid 19 infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs və X1 Ağayevin idarə etdiyi Hundai markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs və arvadı X1 Ağayevə məxsus avtomobildə əyləşmişlər. O, Covid 19 infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs və Tünzalə Ağayevadan onların istifadəsində olan mobil telefona Covd 19 infeksiyasına yoluxmaq ilə bağlı mesaj gəldiyini soruşan zaman həmin şəxslər onlara Covid 19 infeksiyasına yoluxmaları ilə bağlı mesaj gəldiyini və 14 gün müddətinə ev şəraitində karantinə alındıqlarını bildirmişlər. Həmçinin o, həmin şəxslərdən Covid 19 infeksiyasına yoluxmaları ilə bağlı mesaj gəldiyi halda hansı səbəbdən karantin rejim qaydalarını pozaraq yaşadıqları evi tərk etdiklərini soruşduqda Təqsirləndirilən şəxs Gəncə şəhərinə müyainə olunmaq üçün getmək istədiyini bildirmişdir. Daha sonra əraziyə cəlb olunmuş Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım stansiyasının, gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs və Tünzalə Ağayeva yaşadığı ünvana aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin ƏRQ-nin operatoru vəzifəsində işləyən Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Səadəddin qızı öz ifadəsində göstərdi ki, 2017-ci il tarixdən poliklinikanın ailə sağlamlıq mərkəzində ailə həkimi işləyir. O, Mingəçevir şəhəri, Naxçıvan küçəsi və Təbriz küçələri üzrə olan yaşayış binalara ailə həkimi kimi nəzarət edir.11.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, 2 saylı poliklinikanın ailə-sağlamlıq mərkəzinə Mingəçevir şəhəri, Təbriz küçəsi ev 7, mənzil 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs və onun arvadı X7mın yeni növ “Covid- 19” infeksiyasına yoluxması barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs və arvadı X4 qeydiyyatda olduğu ünvan onun ərazisinə daxil olduğundan, o, 11.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs və onun arvadı Tünzalə Ağayevə hər birinə ayrı-ayrılıqda mobil telefon vasitəsi ilə zəng edərək onlara “Covid-19” infeksiyasına yoluxduqlarını, 14 gün müddətinə yaşadığı mənzili tərk etməmələrini, əgər ağrıları olarsa, ona məlumat vermələrini bildirmişdir. O, bundan sonra mütəmadi olaraq Təqsirləndirilən şəxs və arvadı Tünzalə Ağayevlə hər biri ilə ayrı-ayrılıqda əlaqə saxlamış və onların vəziyyəti barədə maraqlanmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 22.11.2020-ci il tarixli diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və 11.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuş, buna baxmayaraq, Təqsirləndirilən şəxs karantin rejiminin tələblərini pozaraq 20.11.2020-ci il tarixdə küçəyə çıxıb xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Cinayət işinin materiallarında olan 16.02.2021 -ci il tarixli diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 12.11.2020-ci il tarixdə İTS.GOV.AZ -dan xəbərdarlıq sms-i gəlmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından daxil olmuş 08.01.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdə “COVİD-19” virusu ilə əlaqədar olaraq labarator müayinə (yaxma) olunmuş və 11.11.2020-ci il tarixdə müayinənin nəticəsi pozitiv olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs 20.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək özünə məxsus Hundai İX 35 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman Mingəçevir şəhəri, Gəncə şossesində qurulmuş karantin postunda saxlanılmışdır. Bununla da özündə aşkar olunan yeni növ «Koronavirus COVİD- 19» ətrafda qarşılaşacağı və üz-üzə gələ biləcəyi şəxslərlə arasında yayılması üçün real təhlükə yaratmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 10.11.2020-ci il tarixdə verdiyi laboratoriya müayinələri nəticəsində koronavirus infeksiyasına yoluxma faktının təsdiq edilməsi barədə 11.11.2020- ci il tarixdə olduğu yerdə təcrid olunma haqqında məlumat aldıqdan sonra yaşadığı ünvan 2 ünvanında karantinə alınmasına və Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarının 4.5.5 və 4-1-ci maddələrinin tələbinə əsasən 14 gün müddətinə yaşadığı mənzili tərk etməməli olduğu halda 20.11.2020-ci il tarixdə saat 12 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı mənzili tərk edərək özünə məxsus Hundai ix 35 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Mingəçevir şəhəri, Gəncə şossesində qurulmuş karantin postunda saxlanılmış, özündə aşkar olunan yeni növ «Koronavirus COVİD-19» ətrafda qarşılaşacağı və üz-üzə gələ biləcəyi şəxslərlə arasında yayılması üçün real təhlükə yaratmışdır. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 139-1.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.05.2020-ci il tarixli qərarının 4.1-ci bəndinə əsasən Təmasda olmuş şəxslərin dairəsi Nazirliyin gigiyena və epidemiologiya mərkəzlərinin mütəxəssisləri tərəfindən 12 (on iki) saat ərzində müəyyən edilir və onlar barədə tibbi müşahidənin aparılması üçün ərazi ambulator-poliklinika müəssisəsinə, yaxud tabeliyində sanitariya nəzarətini həyata keçirən tibb müəssisələri olan orqanlara məlumat verilir. Həmin qərarın 4.2-ci bəndinə əsasən Bu Qaydaların 4.1-ci bəndində göstərilən şəxslərin dairəsinin müəyyən edilməsinə daxili işlər orqanları da cəlb olunurlar. Həmin qərarın 4.3-ci bəndinə əsasən Yoluxucu xəstəliyə yoluxmuş şəxslə təmasda olan şəxslər son təmasdan sonra bu Qaydaların 3.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülürlər. Həmin qərarın 4.5-ci bəndinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. Həmin qərarın 4-1.2-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir. Həmin qərarın 4-1.3-ci bəndinə əsasən yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılması səbəb olan və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəmində ilk dəfə az ağır cinayət törətməsini, eləcə də Həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını, ürəyin işemik xəstəliyinin olmasını barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 10.02.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı Komitəyə heç bir şikayət narazılıq daxil olmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Bozdağ QOSTSİİ-də tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs baş mexanik vəzifəsində işləyir. Kollektivdə özünü bacarıqlı və işgüzar işçi kimi göstərmiş və rəhbər tərəfindən təşəkkürnamələrlə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan X6 tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs 23.08.2018-ci il tarixdə ürək nahiyyəsindəki ağrıları ilə bağlı X3 müraciət etmiş və ürək işemik diaqozu qoyulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1.-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, vəkil X13 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir və Gəncə şəhərlərinin, həmçinin Goranboy, Samux və Ağdaş rayonlarının hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar