Məhkəmə qərarları › İş №1(051)-71/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-71/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-71/2022 27.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Yevlax rayon Havarlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər Liftlərin quraşdırılması, təmiri və xidməti İdarəsində çilingər işləyən, məhkumluğu olmayan, Yevlax rayon Havarlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış və 22 dekabr 2021-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti istiqamətində Kür çayının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 13:45 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, onun əynindəki gödəkçənin sol içəri cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,625 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xeyli müddətdir ki, narkotik vasitə və psixotrop maddədən istifadə edir. 22 dekabr 2021-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi Vaz-2106 markalı ** BC *** dövlət nömrə nişanlı avtomobil ilə işlədiyi Mingəçevir şəhəri Lift idarəsinə gedən zaman şəhərin Samux küçəsində təbii ehtiyacını ödəmək üçün maşınını saxlayıb aşağı düşmüşdür. Şəhərin Samux küçəsində yol kənarına çəkilib təbii ehtiyacını ödəyən zaman orada bir ədəd şəffaf sellofana bükülmüş bükümü görüb götürmüşdür. Həmin vaxt şəffaf sellofana bükülmüş bükümün içərisinə açıb baxan zaman bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metafetaminə bənzər kütlə və bir ədəd içərisinə yumrulanaraq kağız salınmış lampa olmasını görmüşdür. Bir ədəd ağ kağıza bükülmüş bükümün içərisində olan psixotrop maddə olan metafetaminə bənzər kütləni rəngindən və spesifik iyindən tanıdığı üçün daha sonra istifadə etmək məqsədilə bükümü götürüb əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra geri qayıdıb özünə məxsus avtomobilə minərək işlədiyi Mingəçevir şəhər N.Rəfibəyli küçəsində yerləşən Lift idarəsinə getmişdir. Həmin gün saat 13:00 radələrində işlədiyi Lift idarəsindən nahara çıxıb şəhərin N.Rəfibəyli küçəsində yerləşən 13 saylı binanın qarşısında dayan zaman şalvarının sol yan cibində olan bir ədəd ağ kağıza bükülmüş içərisində psixotrop maddə olan metafetaminə bənzər kütlə və bir ədəd içərisində yumrulanmış kağız olan lampanı çıxarıb əynindəki gödəkçənin içəri sol cibinə qoymuşdur. Həmin gün saat 13:30 radələrində iki nəfər polis işçisi ona yaxınlaşıb, özlərini təqdim etmişlər, daha sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini söyləmişlər. O da, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində ona müdafiəçi kimi X1 hüquqlarını müdafiə edəcəyi bildirilmiş və həmin vəkil ona təqdim edilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki dəri gödəkçənin sol yan cibindən iki ədəd boz rəngli “Magna” siqaret qutusu, iki ədəd alışqan, bir ədəd avtomobilin pultu, bir ədəd içərisində barıt olmayan istifadə edilmiş 5.45 çaplı boş giliz, 3 ədəd işlədiyi lift idarəsinə aid açar, gödəkçənin sağ yan cibindən isə bir ədəd “Xiaomi redmi not 10” markalı mobil telefon, iki ədəd mobil nömrə, gödəkçəsinin içəri sol cibindən isə bir ədəd kiçik həcmli içərisinə yumrulanmış kağız olan lampa və bir ədəd ağ kağız parçasına bükülmüş büküm, əynindəki qara rəngli şalvarın sol yan cibindən isə bir ədəd beş manatlıq və 7 ədəd bir manatlıq kağız pul əskinazları aşkar edilmiş və həmin 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümlər zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o və vəkili imza etmişdir. Xeyli müddətdir narkotik vasitə istifadə edir, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metafetaminə oxşar kütləni tapmış, həmin kütləni heç kim ona satmamış, nə də metafetaminə oxşar kütləni kimsəyə satmaq məqsədi olmamışdır. Həmin psixotrop maddəni özü tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddəni tapandan sonra istifadə etməmiş, ancaq bir neçə gün əvvəl özü psixotrop maddə olan metafetaminə bənzər kütlə istifadə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 22.12.2021- ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhər H.Əliyev prospekti istiqamətində, Kür çayı sahilində PPXB-nün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən saat 13:30 radələrində əvvəllər tanımadığı adını sonradan bildiyi bir nəfər şəxsin “Kürün Dairəsi” adlanan ərazidə əlində metamfetamindən istifadə etmək məqsədilə şüşə olduğunu görmüşlər. Bu zaman Şahid2 və o həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişlər ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və daşınmasında şübhəlidir. Buna görə də onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Barəsində araşdırma aparılması üçün raportla müraciət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və vəkil bürosunun növbədə olan vəkili X4 dövlət hesabına müdafiəçi təyin olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Daha sonra Mingəçevir ŞPŞ-nin inzibati binasında növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı Şahid3 tərəfindən şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə videoçəkilişlə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində lampa şüşəsi, kağız bükümdə içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuş, həmçinin onun üzərindən bir ədəd 5,45 çaplı avtomat patronu aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini yol kənarından tapmasını və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin PPXB-in polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində TB-nin baş təhqiqatçısı vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 22 dekabr 2021-ci il tarixdə növbə qrafikinə uyğun olaraq əməliyyat-istintaq qrupunun üzvü olaraq növbədə olan təhqiqatçı olmuşdur. Həmin gün saat 13 radələrində PPXB-nün polis nəfərləri Şahid1 və Şahid2 xidmətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasına gətirərək raportla aidiyyatı üzrə təhvil vermişlər. Həmin raport icraatına daxil olduqdan sonra tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələrinə dair bildirişi təqdim etmiş, Təqsirləndirilən şəxs maddi imkanı olmadığını və dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra vəkil bürosunda növbədə olan vəkil X4 dövlət hesabına müdafiəçi təyin olunmuş və şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkilə, təhqiqatçıya və prokurora etirazı olmamasını bildirdikdən sonra Mingəçevir ŞPŞ-nin inzibati binasında NH-nin qarşısında onun üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Lakin elektron tərəzi ilə bağlı kifayət qədər təcrübəyə malik olmadığından, həmin vaxt tərəzinin ölçü meyarı olaraq “qram” təyin etmək əvəzinə başqa ölçü meyarı “OZ” unsiya meyarı qoyaraq içərisində psixotrop maddə metamfetamin olan bükümü elektron tərəzidə çəkmişdir. Həmin vaxt bükümün ümumi çəksi 0,029 unsiya müəyyən olunduğu halda texniki səhvə yol verərək 0,029 qram olması barədə protokolda qeydlər etmişdir. Daha sonra boş zərfdə qablaşdırılaraq ekspertizaya təqdim edilmişdir. Daha sonra ekspert rəyində kağız büküm çıxıldıqdan sonra psixotrop maddənin təmiz çəkisi 0,625 qram müəyyən olunduqdan sonra ona məlum olmuşdur ki, elektron tərəzidə ölçü meyarı olaraq “g ” qram meyarını quraşdırmadan “OZ” unsiya meyarı üzrə çəkmişdir. Şəxsi axtarış və götürmə videoçəkilişlə aparıldığından maddi sübut çəkilərkən tərəzi yaxından çəkildikdə də görünür ki, tərəzinin ölçü meyarı qram üzrə “g” rejimində deyil unsiya üzrə “OZ” rejimində çəkilmişdir. 1 unsiya 28,35 qrama bərabər olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin kağız büküm ilə birlikdə 0,029 unsiya olmuş, unsiyanı qrama çevirdikdə isə 0,029 ilə 28,35 hasil etdikdə 0,82 qrama bərabər olmuşdur. Yəni Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin kağız büküm ilə birlikdə təxminən 0,82 qram olmuşdur Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə tərtib edilmiş 22.12.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetamin və psixotrop maddə metamfetamin istifadə etmək üçün nəzərdə tutulan lampa aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. İş üzrə tərtib edilmiş 23.12.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2021ci il tarixli 17/867 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə oxşar kütlə ...” sözləri və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,625 qram olan maddə Azərbaycan Respublikası ərazisndə dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 11.03.2022-ci il tarixli 316 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji disponserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 16.01.2022-ci il tarixli baxış protkolundan da aydın olur ki, beynəlxalq ölçü vahidlərinin bir-birilərinə nisbət cədvəlinə əsasən 1 unsiya = 28,35 qram təşkil edir. Cinayət işinin materiallarında olan istintaq ekspermenti keçirilməsi barədə 09.01.2022-ci il tarixli protokolundan da görünür ki, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərdə maddi sübut kağız büküm ilə birlikdə çəkildiyi tərəzi üzərində “Capasity : 200g” sözləri yazılmış elektron tərəzidir. Həmin görüntülərdən də aydın olur ki, tərəzinin ekranında üç rəqəmli (misal 0,00) “g” qram rejimi deyil dörd rəqəmli (misal 0,000) “OZ” unsiya rejimi ilə çəkilmiş və ümumi çəki 0,029 unsiya müəyyən edilmişdir. 1 ədəd 20 qəpiklik metal pul həmin tərəzidə həm qramla həm unsiya vahidi üzrə çəkisi çəkilmiş və çəkisi 6,64 qram və 0,235 unsiya təşkil etmişdir. Eksperiment zamanı “Rosai” markalı elektron tərəzidə 1 ədəd 20 qəpiklik metal pul qramla çəkilmiş və çəkisi 6,63 qram olmuşdur. Ümumi standartlara əsasən 1 ədəd 20 qəpiklik Azərbaycan pul vahidinin ümumi çəkisi 6,6 qramdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisinə iş üzrə maddi sübut ekspertizadan sonra qalıq 0,575 qram psixotrop maddə metamfetamin qablaşdırması açılaraq şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş tərəzi vasitəsilə həm qramla həm unsiya ilə müqayisəli çəkilməsi təklif olunsa da lakin Təqsirləndirilən şəxs və müdafiəçisi etiraz və ya vəsatətləri olmadığını bildirirərək maddi sübutun açılaraq müqayisəli çəkilməsindən imtina etmişlər. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” 15.03.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin tədqiqat üçün 0.05 qramı istifadə edildikdən sonra qalan qalıq 0.575 qram psixotrop maddə metamfetamin və həmin psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş bir ədəd lampa iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-ballistik ekspertizasının 28.02.2022-ci il tarixli 17/167 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd patron 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə hazırlanmışdır, istifadəyə yararsız olduğundan döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə (atəşə) yararsızdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış və 22 dekabr 2021-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospekti istiqamətində Kür çayının yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 13:45 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sol içəri cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,625 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq ilk dəfə az ağır cinayət törətməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə edilməsini, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 29.12.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu özünü imtizamlı aparmış və kəndin ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə hər hansı yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Liftlərin quraşdırılması, təmiri və xidməti idarəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu 13.08.2013-cü il tarixdən Liftlərin quraşdırılması, təmiri və xidməti idarəsində çilingər vəzifəsində işləyir. Bu müddət ərzində o, idarə tərəfindən ona verilən işləri tam yerinə yetirmiş və kollektiv arasında hörmət qazanmışdır. Cinayət işinin materiallarında olan hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 07.11.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək hərbi səfərbərliyə cəlb edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 22.12.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 24.12.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.575 qram olan psixotrop maddə matemfetamin və həmin psixotrop maddəni istifadə etmək üçün nəzərdə tutulmuş lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 132 manat 72 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0,575 qram olan psixotrop maddə metamfetamin və psixotrop maddə metamfetamini istifadə etmək üçün nəzərdə tutulan lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 132 (yüz otuz iki) manat 72 (yetmiş iki) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar