Məhkəmə qərarları › İş №1(051)-73/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-73/2021

24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-73/2021 24.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1963-cu il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Varvara kəndində qeydiyyatda olan və həmin Balakən rayonu Qabaqçöl kəndində yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 244-1.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə tanışları, Şahid1, Şahid2 və Şahid3 0,2 manat (iyirmi qəpik) müqabilində kart vasitəsi ilə qumar, yəni pul vəsaitləri barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamalarına şərait yaradıb özü də onlarla birlikdə kart vasitəsi ilə pul müqabilində qumar oynayaraq Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə qumar oyunlarının oynanılması üçün yer - qumarxana təşkil etmişdir. Qeyd edilən əmələ görə elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1–ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək verdiyi ifadəsindən qismən imtina edərək, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında meyvə satışı ilə məşğul olur. Meyvələri küçədə yerləşən piştaxtaların üzərinə düzüb satır. Həmin piştaxtanın arxasında isə qəssabxana yerləşir. Həmin qəssabxana işləmədiyi üçün o, həmin qəssabxananı icarəyə götürüb həmin qəssabxanadan anbar, yəni saxlanc yeri kimi istifadə edir. 06.11.2020-ci il tarixdə saat təxminən 18 radələrində yağış yağdığına görə Şahin və Araz onun işlətdiyi obyektdə gəlib çay sifariş verərək çay içmişlər. Həmin vaxt digər tanışları Zaur da oraya gəlmiş və onlardan nə etdiklərini soruşmuşdur. Onlar isə yağış yağdığına görə bekarçılıq olduğunu bildirmişlər. Ondan sonra Zaur onlara kart vasitəsi ilə puldan qumar oynamağı təklif etmiş, onlar da razılaşmışlar. Aralarında olan razılığa əsasən birlikdə puldan, 20 qəpikdən qəssab kötüyünün üstündə qumar oynamağa başlamışlar. Obyektin hər tərəfi şüşədən olduğundan çöldən içəri aydın şəkildə görünmüşdür. Ona görə də qısa müddət ərzində bazarda xidmət aparan polis əməkdaşları obyektə daxil olmuşlar. Həmin zaman kartlar və qəpik pullar kötüyün üzərində olmuşdur. Polis əməkdaşları içəri daxil olduqdan sonra onlardan nə işlə məğul olduqlarını soruşmuşlar, onlar da pulla kart oynadıqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları kötüyün üzərində olan pulları və kartları götürüb birlikdə polis şöbəsinə getmişlər. Polis Şöbəsində pulla kart oynadıqlarını etiraf etmişlər. O, qeyd olunan obyektdən anbar kimi istifadə etmiş, çünki həmin obyektin qarşısında o, meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Onun heç vaxt qumarxana və yaxud qumar oyunları üçün yer təşkil fikri olmamış, çünki o, bazarda meyvə-tərəvəz satışı ilə məşğul olduğundan, həmin obyekti içərisinə satılmayan mallarını yığmaq üçün icarəyə götürmüşdür. Həmin obyekt isə hər tərəfi şüşədən olan qəssabxana olmuşdur. Orada yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Başqa stul və stol olmamışdır. İçərisi isə təmirsiz və səliqəsiz vəziyyətdə olmuşdur. Həmin vaxt onun qeyd etdiyi tanışları ilə kart oynaması isə sırf təsadüf nəticəsində, yağışın yağmasından irəli gəlmişdir. Həmin obyekin qumarxana kimi fəaliyyət göstərməsi mümkün deyil, çünki həmin obyekt yol kənarında yerləşdiyinə görə bazara gələn şəxslərin əksəriyyəti oradan keçir. Ona görə də onun elə bir yerdə qumarxana və yaxud mütəmadi olaraq qumar oyunları təşkil etməsi ağlabatan deyildir. Hesab edir ki, onun tanışları ilə qumar oynaması cinayət məsuliyyəti yaratmır. Ona görə də özünü verilmiş ittiham üzrə təqsirli bilmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs, Şahid2, Şahid3 qısa müddətdir ki, tanıyır. Münasibətləri normaldır. 06.11.2020- ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən içəridə Zaur, Araz və Salmanın ət kəsimi yerində olduqlarını görüb o da qəssabxanaya daxil olmuşdur. Həmin zaman Salman, Zaur və Araz kartla pul müqabilində qumar oynamışlar. Həmin şəxslərin 20 qəpik müqabilində qumar oynadıqlarını görüb o da həmin şəxslərlə kartla qumar oynamağa başlamışdır. Oyunun qaydalarına görə əlində olan kartlardakı sayı kimdə çoxdursa o da ortalığa yığılmış pulu götürməliymiş. Birlikdə təxminən 3 dəfə qumar oynamışlar. Yəni 3 dəfə pulları aralarından biri udmuşdur. Salman özü də obyekt sahibi kimi onlarla birlikdə qumar oynamışdır. Bir qədər oynadıqdan sonra polis əməkdaşları obyektə daxil olmuşlar. Zaur polis əməkdaşlarının içəri daxil olduqlarını görüb kartı masanın üzərindən götürüb cibinə qoymuşdur. Pullar isə masanın üzərində qalmışdır. Polis əməkdaşları onlardan nə etdiklərini soruşduqda, onlar da kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, polis şöbəsində törətdikləri əməli etiraf etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs, Şahid2, Şahid1 qısa müddətdir ki, tanıyır. Münasibətləri normaldır. 06.11. 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən içəridə Araz və Şahinin ət kəsimi yerində olduqlarını görüb o da qəssabxanaya daxil olmuşdur. Həmin vaxt Salman bayırda dayanmış obyektin içərisindəki masanın üzərində qəpiklər, bir qədər kənarda isə kart olmuşdur. O da Araz və Şahindən nə etdiklərini soruşduqda ona bekarçılıq olduğunu bildirmişlər. O da həmin şəxslərə 20 qəpik pul müqabilində kart oynamağı təklif etmişdir. Onların kartla qumar oynamalarından Salmanın da məlumatı olmuşdur. Belə ki, Salman özü o, obyektə gələnədək Araz və Şahinlə qumar oynamış, obyekin bayırında səs-küy gəldiyini eşidib bayıra çıxmışdır. Onlar bir qədər oynadıqdan sonra polis əməkdaşları obyektə daxil olmuşlar. O, polis əməkdaşlarının içəri daxil olduqlarını görüb kartı masanın üzərindən götürüb cibinə qoymuşdur. Pullar isə masanın üzərində qalmışdır. Polis əməkdaşları onlardan nə etdiyiklərini soruşduqda onlar da kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, polis şöbəsində törətdikləri əməli etiraf etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs,Şahid3 və Şahid1 qısa müddətdir tanıyır. Münasibətləri normaldır. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən tanışı Salmanın qəssabxanasının yaxınlığından keçərkən hava çiskinli olmuşdur. Yağışdan islanmamaq üçün o, içəri obyektə daxil olmuşdur. Görmüş ki, içəridə Zaur, Salman və Şahin ət kəsimi yerində əyləşib qumar oynayırlar. Maraqlanıb öryəndikdən sonra ona məlum olmuş ki, həmin şəxslər 20 qəpik müqabilində kartla qumar oynayırlar. O da həmin şəxslərlə qumar oynamağa başlamışdır. Lakin birinci oyunu bitirməmiş içəri bir nəfər daxil olmuş, həmin şəxsin Salmanla mübahisəsi yaranmışdır. Buna görə də Zaur masanın üzərində olan kartları götürüb cibinə qoymuşdur. Elə həmin vaxt da içəri polis əməkdaşları daxil olmuşlar. Onların kartla qumar oynamaqlarından Salmanın da məlumatı olmuşdur. Belə ki, Salman özü də o, obyektə daxil olanadək Zaur və Şahinlə qumar oynamışdır. Polis əməkdaşları onlardan nə etdiklərini soruşduqda kart oynadıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər, orada törətdikləri əməli etiraf etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarı xidməti ərazisində yerləşir. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid5lə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında Təqsirləndirilən şəxs meyvə satışı ilə məşğul olduğu piştaxtaların qarşısından keçərkən, piştaxtanın arxasında yerləşən qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə bir neçə nəfərin toplaşdığını görüb həmin obyektə daxil olmuşlar. Obyektə daxil olarkən görmüşlər ki, bir neçə nəfər pul müqabilində kartla qumar oynayır. Həmin vaxt qumar oyununda istifadə edilən kart və pullar masanın üzərində olmuşdur. Həmin şəxslərə oyunu dayandırmasını bildirmişlər. Sorğu zamanı müəyyən edilmiş ki, həmin şəxlər Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3dur. Həmçinin həmin şəxslər Təqsirləndirilən şəxs istifadə etdiyi obyektdə 20 qəpikdən kart vasitəsi ilə qumar oynadıqlarını etiraf etmişlər. Bundan sonra həmin şəxslər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxslər qumar oynadılan kartları və 4,2 (dörd manat iyirmi qəpik) manat pulu təqdim etmiş, həmin kart və pullar onlardan götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna prosessdə iştirak edən şəxslər imza etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 iş yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid5 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, uzun müddətdir Mingəçevir şəhərində yerləşən “Orxan” bazarında işləyir o, Təqsirləndirilən şəxs bazarda meyvə tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Çünki o, Təqsirləndirilən şəxsla qonşu piştaxtada alver edir. O, hər gün səhər saat 08:00-dan axşam saat 17:00-dək bazarda göyərti və sair kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. O, işlədiyi müddətdə əvvəllər ət dükanı kimi fəliyyət göstərmiş, sonradan Təqsirləndirilən şəxs istifadəsində olan dəmir köşkdə qumar oyunlarının oynanılmasını görməmişdir. Həmin köşk onun alver etdiyi piştaxtanın sol yan hissəsində yerləşir. Təqsirləndirilən şəxs həmin köşkü icarəyə götürdükdən sonra heç bir təmir və abadlıq işləri aparmamış, yalnız anbar kimi istifadə etmişdir. O, tezdən işə gələndə Təqsirləndirilən şəxs orada alver edən görmüşdür. Onun qumar oynamasını nə görməmiş, nə də eşitməmişdir. Eləcə də, qeyd olunan dəmir köşkdə içərisində həmin vaxt yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Təqsirləndirilən şəxs həmin köşkü icarəyə götürdükdən sonra heç bir təmir və abadlıq işləri aparmamış, yalnız anbar kimi istifadə etmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 5-6 ildir Mingəçevir şəhərində yerləşən “Orxan” bazarında işləyir. O, hər gün səhər saat 08:00-dan axşam saat 17-18 radələrinədək alver edir. Təqsirləndirilən şəxs onun işlədiyi obyektin sağ yan hissəsində meyvə tərəvəz satışı ilə məşğuldur. O, hər gün Təqsirləndirilən şəxs alver etməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi obyekt isə əvvəllər ət dükanı kimi fəaliyyət göstərmişdir. Sonradan onun sahibi xəstələndiyinə görə Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs isə həmin obyektin qarşısına piştaxta qoyub alver etmişdir. Axşamlar isə qalıq mallarını həmin obyektin içərisinə yığmışdır. Obyektin içərisində yalnız bir ədəd böyük diametrli ət kötüyü olmuşdur. Onun işlətdiyi mağaza ilə qeyd olunan obyektin arasında gediş-gəliş yolu vardır. Bazara gələn şəxslərin əksər hissəsi həmin yoldan istifadə edir. 06.11.2020-ci il tarixdə olan hadisə isə qısa müddət ərzində baş verdiyindən, o, Təqsirləndirilən şəxs və digər şəslərin qumar oynamasını görməmiş, yalnız sonradan eşitmişdir. Ondan başqa Təqsirləndirilən şəxs işlədiyi müddətdə və yaxud ondan sonra və əvvəl o, həmin obyektə kimlərinsə qumar oynamasını görməmiş və eşitməmişdir. Çünki qeyd olunan obyektin aşağı hissəsi dəmir olsa da, qalan bütün hissəsi şüşədəndir. Ona görə də həmin obyektin içərisində nə varsa, ətrafdan aydın şəkildə görünür. Həmin obyekt əvvəllər sahibi tərəfindən ət dükanı kimi fəliyyət göstərmiş, Təqsirləndirilən şəxs vaxtında isə anbar kimi istifadə olunub. Hazırda isə gah dönərxana, gah da anbar kimi istifadə olunur. Bununla yanaşı, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 06.11.2020-ci il tarixdə tərtib edilmiş baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qumar oynadıqları kartlar və qumar oynanılması zamanı istifadə edikləri 4,2 (dörd manat iyirmi qəpik) məbləğdə pul onlardan götürülmüşdür. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən 24.02.2021-ci il tarixdə verilmiş “sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, Şahid1, Şahid2 və Şahid3 barələrində cinayət təqibi rədd edilmiş, lakin onların əməllərində Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğuna görə barələrində həmin Məcəllənin 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İTB-yə göndərilmişdir. Eləcə də 06.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Şahid3 qumar oynadıqları vaxt götürülmüş 1 qutu kart və 4,2 (dörd manat iyirmi qəpk) manat məbləğdə pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı otağına verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir ŞPŞ-dən 19.04.2021-ci il və 20.04.2021-ci il tarixlərdə daxil olmuş cavab məktubundan görünür ki, Şahid1, Şahid3 və Şahid2 barələrində İXM-də nəzərdə tutulmuş qaydada tədbir görülməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 14.12.2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəflərin iştirakı ilə hadisə yerinə keçirilmiş yerli baxış zamanımüəyyən etdi ki, hadisə Mingəçevir şəhərində yerləşən “Orxan” bazarının giriş yolunun üstündə qoyulmuş dəmir köşkdə baş vermişdir. Köşkün təxmini ölçüsü 3x3 kv.metr olmaqla aşağı yan hissələri dəmirdən, yuxarı yan hissələri şüşədən, yuxarı tavan hissəsi isə lambrin materiualından hazırlanmışdır. Köşk yol ayrıcında yerləşdiyi üçün qarşı tərəfi bazarın giriş-çıxış yoludur. Hazırda dönərxana kimi istifadə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi, əvvəllər qəssabxana kimi fəaliyyət göstərmiş obyektdə tanışları, Şahid1, Şahid2 və Şahid3 ilə 0,2 manat (iyirmi qəpik) müqabilində kart vasitəsi ilə qumar, yəni pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamaları sübut olunsa da, orada Təqsirləndirilən şəxs tərəfindən qumar oyunlarının oynanılması üçün yerqumarxana təşkil edilməsi sübut olunmadığından, ponun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin yaranması üçün-şəxsin hərkəti qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmalıdır. Göstərilən normanın mənasına görə qumar oyunlarının keçirilməsi üçün şəraitin yaradılmasının iki kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək, ikincisi isə həmin yeri saxlamaqdan ibarətdir. Məhkəmə hesab edir ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə- qumar oyunlarının oynanılması üçün istifadə etmək məqsədi ilə ev, bina və sair yer axtarma (alma, icarəyə götürmə), əldə etmə, onu yararlı vəziyyətə gətirmə və uyğunlaşdırma (təmir etmə, mebel, məişət avadanlığı və sair ilə təchiz etmə), oyun iştirakçılarını seçmə hərəkətlərinin yerinə yetirilməsində ifadə olunmalıdır. Qumar oyunlarının keçirilməsi üçün yer saxlama isə təşkil edilmiş yerin fəaliyyət göstərməsi üçün xidmətçilərin işə cəlb edilməsi, qumarxananın işləməsini təmin etmək məqsədilə xərclərin ödənilməsi, oyun iştirakçılarına müxtəlif məzmunlu sosial-məişət xidmətlərinin göstərilməsi, yerin mühafizəsinin təmin edilməsi və sair hərəkətlərin edilməsini ehtiva edir. Qeyd olunan hərəkətlərin edilməsi, qumarxananın fəaliyyətə başlayıb-başlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən edimişdir. Belə ki, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır. Göründüyü kimi bu kriminal (qanunazidd) hərəkətlərin məqsədi qumar oyunlarını keçirilməsi üçün yer təşkil etməkdən, qumar oyunlarına cəlb etməkdən, bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Qeyd etmək lazımdır ki, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya onları saxlamaq əməllərinə görə cinayət məsuliyyəti yalnız belə hərəkətlərin qumar oyunlarının keçirilməsi üçün yer təşkil olunmasının sübuta yetirilməsindən sonra yarana bilər. Bununla belə, göstərilən hər iki kriminal əməldə ayrı-ayrılıqda (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, həmçinin qeyd edir ki, qumar oyunları yaşayış və qeyri-yaşayış sahələrində (evlərdə, mənzillərdə, xidməti otaqlarda, ofislərdə, mehmanxana otaqlarında, sosial və mədəni-məişət xidməti göstərən idarə, müəssisə və təşkilatların binalarında, qazanxanada, qarajda,anbarda, zirzəmidə və sair yerlərdə) təşkil edilə və keçirilə bilər. Qumarxanalar təkcə qapalı məkanlarda deyil, açıq sahələrdə də təşkil edilə və keçirilə bilər. Qumarxananın təşkil edildiyi və keçirildiyi yerin əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Bu cinayətin törədilməsində subyektiv cəhətin zəruri əlaməti kimi təqsirkar şəxsdə qabaqcadan qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama niyyətinin olmasıvə qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılmasıdır. Belə ki, Qanunverici CM-in 244-1.1-ci maddəsində qumarxananın fəaliyyətə başlayıbbaşlamamasından asılı olmayaraq, onun təşkil edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılır, yəni qumarxana təşkil edən şəxs qumar oyularının keçirilməsini arzulamalı, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirməli, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil etməlidir. Qumarxana təşkil etmədə mütləq cinayətə hazırlıq mərhələsi olmalı, onun hazırlığı qumar oyunlarının keçirilməsinə hesablanmalıdır. Həmin yerdə qumar oyunlarının keçirilib-keçirilməməsindən asılı olmayaraq, yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması ilə cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Şəxs qumarxananı təşkil etməklə ictimai mənəviyyata zidd hərəkət etdiyini dərk edir, orada qumar oynayanları və onların ailələrini çətin maddi vəziyyətə sala biləcəyini qabaqcadan görür və şəxsi mənafeyi naminə qumara meylli şəxslərin qumarxanaya gəlməsi və orada qumar oynamalarını arzulayır. Göründüyü kimi qumarxana təşkil edən şəxsin əməlində cinayət tərkibinin yaranması üçün onun məhz qumar oynamağa meylli şəxslərin istirahəti, əyləncəsi üçün lazımi şəraiti yaratmaqdan, yəni, istifadəsində olan yeri qumar oyunlarının həyata keçirilməsi üçün uyğunlaşdırmaqdan, lazımi avadanlıqlarla təchiz etməkdən ibarətdir. Bununla da şəxs ictimai mənəviyyat əleyhinə olan -qumarxana, qumar oyunlarının keçirildiyi yeri təşkil etmə və ya saxlama cinayət əməlini törətmiş olur. Beləliklə, cinayət törədən şəxsin hərəkətləri nəticəsində təyinatı başqa cür istifadə olan yer qumarxanaya çevrilir. Həmin vaxt qumarxana təşkil etmə gəlir əldə etmək və ya digər məqsədlə törədilə bilər. Hər bir halda cinayəti törədənin əməli zəif iradəli qumara meylli şəxsləri qumar oynamağa həvəsləndirmə, sövq etmə, qumar oynayanlara dəstək olma və.s hərəkətlərdə özünü göstərməlidir. Bu cür ictimai mənəviyyat əleyhinə olan hərəkətlər şəxsin əməlinin ictimai təhlükəli olduğunun, şəxsin kriminala meylli xarakterinin göstəricisidir. Bu da onu deməyə əsas verir ki, bu kriminal hərəkətlərin məqsədi qumarxananı təşkil etməkdən, qumar oynamağa sövq etməkdən və bu məqsədlər üçün şəraitin yaradılmasından ibarətdir. Məhkəmə qeyd edilən hallara uyğun olaraq hesab edir ki, Cinayət Məcəlləsinin 244- 1-ci madəsinin nəzərdə tutulmuş cinayət əməlinə düzgün hüquqi qiymət vermək üçün qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsini, şəxslərin öz aralarında qumar oyunu keçirməsindən fərqləndirmək lazımdır. Belə ki, birinci halda, yəni qumarxana təşkil etməklə qumar oyunlarının keçirilməsi zamanı təqsirkar şəxs fəal surətdə öz niyyətini həyata keçirmək üçün qumar oyularının keçirilməsini arzulayır, iştirakçıları seçmə hərəkətlərini yerinə yetirir, məqsədinə nail olmaq üçün buna uyğun yer təşkil edir. İkinici halda isə qumar oynamağa meyilli olan şəxslərin təsadüfən toplaşması, istirahət və əyləncəyə olan tələbatlarını qarşılamaq məqsədilə öz aralarında qumar oyunlarının keçirilməsini təmin edirlər. Birinci halda təqsirkarın əməlində qumarxana təşkil etmə və ya saxlama cinayətinin, ikinci halda isə qumar oynayan şəxslərin əməllərində qumar oynamaya görə inzibati tərkibi yaranır. Bununla belə hazırda Mingəçevir ŞPŞ tərəfindən Şahid1, Şahid2 və Şahid3 barələrində İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə dair inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işində təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyektiv cəhəti olan qumarxana təşkil etməsi öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs əsas məşğuliyyəti bazarda meyvə alveri ilə məşğul olmaqdır. O, hazırki cinayət işi üzrə şahid qismində dindirilmiş tanışları ilə qumar oynadığı yeri də məhz anbar kimi istifadə etmək üçün icarəyə götürmüşdür. Məhkəmə istintaqı zamanı onun qumar oyunlarının keçirilməsi üçün təşkilatçılığı, yəni həmin yerin qumar oyunlarının keçirilməsi üçün hazırlanması, uyğunlaşdırılması, qumara meylli şəxslərin dəvət edilməsi, ora yığışan şəxslərin istirahəti-əyləncəsi üçün digər tədbirlərin görülməsində ifadə olunan hərəkətləri etməsi müəyyən edilməmişdir. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında saxlanc yeri kimi istifadə etdiyi yerdə yağışdan qorunmaq üçün ora yığışmış tanışları, Şahid1, Şahid2 və Şahid3 ilə söhbət edərkən, onlardan Şahid3 cibindən çıxardığı kart vasitəsilə 0,2 manat (iyirmi qəpik) müqabilində qumar, yəni, pul vəsaitləri barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun oynamağı təklif etmiş, o da həmin şəxslərin qumar oynamalarına icazə verib özü də onlarla birlikdə kart vasitəsi ilə pul müqabilində qumar oynamışdır. Beləliklə, cinayət işinin materiallarında olan sübutlar təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs istifadəsində olan saxlanc kimi istifadə etdiyi yerdə tanışları ilə birlikdə qumar oynamasını sübut edir. Halbuki, AR Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət obyektiv cəhətdən qumar oyunlarının oynanılması və ya keçirilməsində deyil, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamada ifadə olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda da göstərilmişdir ki, təqsirləndirilən şəxs həmin yeri saxlanc yeri kimi istifadə edir. Cinayət işinə əlavə edilmiş videoyazı və şəkillərdən, hətta tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış protokolundan da görünür ki, həmin yer saxlanc kimi istifadə edilmiş və həmin təyinata da uyğundur. Məhkəmə hesab edir ki, saxlanc yerində qumarxana təşkil etmə təqsirləndirilən şəxsin həmin yeri saxlanc görüntüsü yaratmaqla qumar oyunlarının keçirilməsinə uyğunlaşdırılmış yerə çevirməsi halında mümkün olardı. Odur ki, Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda onun tanışları ilə birlikdə istifadəsində olan saxlanc yerində qumar oynamalarına icazə verməsinin qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə kimi qiymətləndirilməsi ilə razılaşmır. Məhkəmə, həmçinin Şahid3 ifadəsində qumar oynanılan vasitə-kartın ona məxsus olmaması və qumar oynamağı təklif etmədiyi ilə bağlı bildirdikləri ilə bağlı qeyd edir ki, Şahid3 ifadəsində bidirdikləri digər şahidlər Şahid1 və Şahid2 ifadələri ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs və digər iki nəfər şahid kartın Şahid3 məxsus olduğunu, məhz onun da qumar oynamağı təklif etdiyini, hətta polislər gələn zaman Zaurun qumar oynadıqları kartı da masanın üzərindən götürüb cibinə qoyduğunu bildirmişlər. Ona görə də məhkəmə Şahid3 ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması sübuta yetirilmədiyindən, ona həmin maddə ilə elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna əsasən qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin faktla əlaqədar həmin maddə üzrə onun barəsində ittiham hökmünün çıxarılması maddi və prosessual hüquq normalarının tələbləri baxımından birmənalı olaraq istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsində məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edildiyi halda, məhkəmənin ittiham hökmü çıxarması nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin istifadəsində olan saxlanc yerində qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsi ilə bağlı istintaq orqanının mövqeyi ilə ona görə razılaşmır ki, hadisələrin təsadüfi axarı zəminində bir yerə toplaşmış tanışlar arasında qəflətən edilmiş təklifə əsasən, öz aralarında qumar oynamağa yer sahibi tərəfindən icazə verilməsi, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə hesab oluna bilməz. Belə ki, qumarxana təşkil etmədə qumar oynayanlara şərait yaradılması qumarxana təşkil edənin təşkilatçılığını-hazırlığını ehtiva etdiyindən, qumarxana təşkil etmə niyyəti olmadan istifadəsində olan yerdə özünün iştirakı ilə qumar oynanılmasına icazə vermə təşkilatçılıq hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, kartla oynanılan qumar oyunu təkbaşına oynanılmır və oyunun növündən asılı olaraq müxtəlif sayda iştirakçının olmasını şərtləndirir. Eləcə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs niyyəti tanışları ilə birlikdə əylənmək məqsədilə qumar oynamaqdan ibarət olduğu müəyyən edilmiş, lakin onun istifadəsində olan saxlanc yerində qumarxana təşkil etmə niyyətinin olmasıməhkə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiq tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun əməlində CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmadığından, həmin cinayət əməlini törətməsi ilə bağl təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmamış, toplanmış sübutlar isə onun həmin maddə ilə təqsirsizliyini təsdiq edir (CPM-in 42.2.4-cü maddəsi). Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin əməlində CM-in 244-1.1-ci maddəsinin tərkibi olmadığından, o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş 1(bir) qutu kart dəyəri olmadığına görə məhv edilməli, 4 (dörd manat) manat 20 qəpik məbləğində pul vəsaiti isə Dövlət bübcəsinə müsadirə edilməlidir. Məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda Cinayət Prosessual Məcəlləsinin 353.5.2-ci naddəsinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin . Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs onun qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin zərərin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş 1(bir) qutu kart dəyəri olmadığına görə məhv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, hadisə yerindən götürülmüş 4 (dörd manat) manat 20 qəpik məbləğində pul vəsaiti isə Dövlət büdcəsinə müsadirə edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 (altımış) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar